Nigar Rəfibəyli
poeziya günü
Azərbaycan Yazıçılar Birliyi
Gəncə bölməsinin
təşkilatçılığı ilə hər il keçirilən Nigar Rəfibəyli Poeziya
günü öz zəngin
proqramı ilə yenə də fərqləndi. Xalq şairinin adını
daşıyan 43 nömrəli orta məktəbin həyətindəki
abidəsi önündə, Gəncənin sənətkar
qızının özünün şeirlərinin birində
"günəşdən gənclik istədiyi"
işıqlı iyun səhərində
doğum günü ilə üst-üstə
düşən tədbir
başlanğıcını təhsil ocağından götürdü. Poeziya gününü açan
məktəbin direktoru,
şair Xəzangül
bu təhsil ocağının N.Rəfibəylinin
adını daşıması ilə müəllim və şagird kollektivinin iftixar hissi keçirdiyini
bildirdi.
Azərbaycan
Yazıçılar Birliyi Gəncə bölməsinin
sədri, əməkdar incəsənət xadimi,
şair Məmməd Alim Nigar Rəfibəylinin
ədəbi irsindən, lirik poeziyasının bədii
dəyərindən, tərcümələrindən
danışdı, Rəfibəylilər nəslinin ləyaqətli
xanım-ana nümayəndəsinin
XX əsr ədəbiyyatımızın
inkişafındakı xidmətlərini açıqladı, yeni şeirini oxudu.
Şairlərdən
Aləmzər Əlizadə, Nadir Ovçu, müəllimlərdən Şəfiqə
Verdiyeva, Əsli Süleymanova, fazil
Kazımov, Çiçək Məmmədova Nigar
xanıma həsr
etdikləri şeirlərini, onun yaradıcılığı ilə
bağlı ürək sözlərini söylədilər.
Şagirdlərin ifasında
N.Rəfibəylinin şeirləri səsləndi.
Poeziya günü xalq şairinin Gəncənin Xan
bağındakı heykəli qarşısında böyük proqramla davam etdirildi. AYB-nin Gəncə Bölməsi, şəhər mədəniyyət
və turizm idarəsi
adından abidə önünə
gül-çiçək dəstələri qoyuldu.
Şair Məmməd Alim çıxışında
ənənəyə çevrilən Nigar Rəfibəyli poeziya gününün şəhərin ədəbi-mədəni
və mənəvi həyatına təsiri üzərində
dayandı, görkəmli söz ustasının ölməz
sənətinin incəliklərindən bəhs etdi.
Gəncə şəhər
Mədəniyyət və Turizm idarəsinin rəisi, əməkdar mədəniyyət
işçisi Mina Məlikova xalqımızın yetirdiyi
qadın sənətkarlar
sırasında N.Rəfibəylinin özünəməxsus yer tutduğunu, onun hər il keçirilən Poeziya gününün ən
çox sevilən tədbirlərdən olduğunu dilə gətirdi. Şair və yazıçılardan
Aləmzər Əlizadə, Xəzangül, Nadir
Ovçu, Fərruxə Pərişan, Ramiz Təmkin, Bəxtiyar Yunisoğlu,
Çiçək Məmmədova, Banu Qarayeva, Səadət Ələkbərova
N.Rəfibəyliyə ünvanladıqları şeirlərini söylədilər,
görkəmli sənətkarın xatirəsinə hörmət
və ehtiramlarını bildirdilər.
N.Rəfibəyli
adına 43 nömrəli orta məktəbin şagirdlərinin
ifasında Xalq şairinin
şeirləri səsləndi. Balaca məktəbli Hüseyn Həsənovun
oxuduğu "Lalə"
şeiri
rəğbətlə
qarşılandı. Aktyorlardan Günay Xanlarqızı, Mətləb Təhmazi
və Elvin Həsənov
N.Rəfibəylinin şeirlərini
söylədilər, müğənnilərdən Sənəm
Hüseynova, İlham Qasımov və Məhəmməd Mirzəyev
şairin sözlərinə
bəstələnmiş mahnılar oxudular.
Gəncədə ənənəvi
Nigar Rəfibəyli Poeziya günü əsl söz-sənət
bayramına çevrildi.
Yaşar Nəbiyev
Ədəbiyyat
qəzeti.- 2011.- 24 iyun.- S.2.