Seyid Məhəmmədhüseyn Şəhriyar

 

Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar fondunun layihəsi əsasında hazırlanan "Şəhriyar" kitab-albomu filologiya elmləri doktoru, professor Teymur Əhmədovun tərtibçiliyi və əhatəli ön sözü ilə işıq üzü görüb.

Yeni nəşrdə XX əsr Azərbaycan poeziyasının korifeylərindən olan Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması, Azərbaycan dilində yazdığı qəzəl və şeirləri, fars dilində yazdığı şeirlərdən nümunələr və görkəmli miniatür ustası Fəxrəddin Əlinin həmin əsərlərə çəkdiyi miniatürləri nəfis şəkildə təqdim olunmuşdur.

Kitaba ön sözü kiçik ixtisarla təqdim edirik.

  

 Seyid Məhəmmədhüseyn Şəhriyar XX əsr Azərbaycan və İran poeziyasının ən qüdrətli sənətkarlarından biri kimi Yaxın və Orta Şərq ölkələrində tanınmışdır. Hələ sağlığında onun əsərləri İran, Azərbaycan, Türkiyə, İraq, Türküstan və digər ölkələrdə geniş yayılmış, ədəbi prosesə dərin təsir etmişdir.

Şəhriyarın lirik şeirlərinə, "Heydərbabaya salam" poemasına saysız-hesabsız nəzirələr yazılması yalnız onun unikal ədəbi hadisə olmasında deyil, həm də xalqların tarixi taleyinə ustad şairin dərindən bələdliyində, onların taleyüklü, acılı-şirinli həyatını, arzu və istəklərini, gələcəyə dərin inamını əks etdirməsində idi.

Məlum olduğu kimi, klassik ədəbi irsin ənənələrindən bəhrələnən şair şeirə-sənətə öz sözü ilə gəlmiş, ölməz sənət nümunələri yaratmışdır. Ona görə də Şəhriyar poeziyası sərhəd tanımamış, zaman-zaman xalqlar arasında yayılmış, milyon-milyon ürəklərdə özünə yer tapmışdır.

Şəhriyar yaradıcılığı İranda olduğu kimi, bir çox Şərq ölkələrində, həmçinin Azərbaycanda ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş, dövri mətbuatda məqalələr, rəylər, elmi tədqiqat əsərləri yazılmış, şeirləri kütləvi tirajla nəşr olunmuşdur.

Şəhriyara yazıb-oxumağı atası Hacı Mirağa öyrətmişdi. İlk müəllimi kənd mollası İbrahim şəxsi məktəbində ona "Qunari-Kərim"i Sədi Şirazinin "Gülüstan"ını tədris etmişdi. Sonra Şəhriyar "Füyuzat" "Müttəhidə" mədrəsələrində ibtidai, "Firdovsi" "Məhəmmədiyyə" məktəblərində orta təhsil almışdır. Onun ilk mətbu şeiri Tehranda nəşr edilən "Ədəb" jurnalında çıxmışdır.

Milli-azadlıq hərəkatının irtica qüvvələrin təzyiqi ilə süqut etməsinə baxmayaraq, demokratik meyllər, milli özünüdərketmə və təəssübkeşlik ovqatı ilə ilhamı pərvəriş tapan şairlər öz şeirlərində xalqı zülmə, haqsızlığa, əsarətə qarşı barışmazlıq ruhunda tərbiyə edirdilər. Bunlar istər-istəməz Şəhriyarın dünyagörüşünə, onun ilham pərisinin romantik məhəbbət sehrindən uzaqlaşmasına, həyat hadisələrinə dərindən nüfuz etməsinə təsir göstərirdi. Qaynar gənclik dövrü öz şeirlərini "Behcət" təxəllüsü ilə yazan Şəhriyar ədəbi mühitdə ümidverici gənc şair kimi rəğbət qazanırdı. Onun bu zaman qələmə aldığı məhəbbət şeirlərində ictimai motivlər güclənirdi. Tehran mətbuatında, xüsusən "Ərməğan" jurnalında vaxtaşırı çap olunan şeirlərdə gənc şairin püxtələşməsi, ictimai hadisələrə ayıq, həssas münasibəti açıq-aşkar duyulurdu. Şəhriyarın istibdad rejiminə qarşı kütləvi iğtişaşlarda iştirakı, azadlıq mücahidlərini vəsf etməsi, cəsarətli çıxışları mürtəce hakim dairələri narahat edirdi. Odur ki, 1929-cu ildə Tehran Darülfünunun son kursunda, buraxılış imtahanları ərəfəsində Abbasabad məhəlləsindəki xəstəxanada təcrübə keçdiyi zaman həbs olunub Dəjban həbsxanasına salınmış, az sonra Nişapur şəhərinə sürgün edilib nəzarət altında saxlanmışdır.

Şəhriyarın ilk şeirlər toplusu - "Dibaçə" kitabı "Xəyyat" nəşriyyatında kütləvi tirajla buraxılır.

Şəhriyarın yaradıcılığının uğurlu dönüş mərhələsi onun ictimai-siyasi məzmunlu dəyərli şeirləri, eləcə də "Heydərbabaya salam" poeması ilə səciyyələnir. Bu əsərlər Cənubi Azərbaycan ədəbi aləmində böyük əks-səda doğurur, doğma ana dilində yeni ictimai-siyasi məzmunlu şeirlərin yaradılmasına təkan verir, ümumiyyətlə, Şəhriyar ədəbi məktəbinin təməlini qoyur.

 

***

 

"Heydərbabaya salam" poemasının heyrət və sevinclə qarşılanmasına səbəb əsərdə doğma ana dilində xalq məişətinin bədii lövhələrdə ustalıqla real təsviri idi. Şairlər, yeri gəldikcə öz əsərlərində Şəhriyarın mövqeyinə qiymət verir, onun sənətkarlıq qüdrətindən bəhs edirlər. Cabbar Bağçaban "Heydərbabanın dilincə Şəhriyara" mənzuməsində ustad şairin gecolsa doğma vətənə qayıdıb, doğma ana dilinə yeni rövnəq verməsini təqdir edir, bir el ağsaqqalı kimi "indi ki, dil açdın, susma" - deyə onu yazıb-yaratmağa ruhlandırır. Şəhriyarın qələm dostu Səhənd öz mənzum məktubunda ("Səhəndin Şəhriyara məktubu") onu "Heydərbaba" ənənələrini davam etdirməyə, doğma elin qayğısını çəkməyə çağırır:

 

Özgə çırağına yağ olmaq bəsdir,

Doğma ellərimiz qaranlıqdadır.

Yanıb-yandırmayaq yadın ocağın,

Evimiz soyuqdur, qışdır, şaxtadır.

 

Çəkək şeir topun, haydı, qardaşım,

Sən Heydərbabaya, mən də Səhəndə.

Şairin silahı nəğmədir, sözdür,

Nəğməmiz yayılsın şəhərə, kəndə.

 

Yazaq, hər misramız bir bayraq olsun,

Həqiqət bayrağı, zəfər bayrağı.

Parlasın mayaktək, yansın çıraqtək,

Gələcək mayağı, ümid çırağı…

 

Azərbaycan oxucuları Şəhriyarın əsərləri ilə keçən əsrin 60-cı illərindən tanış olmuşlar. Görkəmli yazıçı və ədəbiyyatşünas alimlər - M.İbrahimov, R.Sultanov, B.Azəroğlu, H.Məmmədzadə, M.Əlioğlu, Ə.Hüseyni, Q.Beqdeli, İ.Cəfərpur Şəhriyar poeziyasının tədqiqi və təbliğində müstəsna rol oynamışlar. Şəhriyarın Azərbaycan dilində yazdığı şeirləri, eləcə də farscadan edilən tərcümələri şairlərin böyük marağına səbəb olmuş, onların yaradıcılığında əks-səda doğurmuşdu. Süleyman Rüstəm "Şair qardaşıma məktub", "Ayrılıq", Məmməd Rahim "Şəhriyara açıq məktub", Bəxtiyar Vahabzadənin "Şəhriyara", Xəlil Rzanın "Təbrizim" və s. şeirləri - ithaf, cavab və nəzirələr ustad şairə böyük məhəbbətin ifadəsi idi.

 

***

 

"Heydərbabaya salam" poemasında bəşəri və milli duyğuları vəhdətlə, sənətkarlıq qüdrəti ilə sadə poetik dildə təsvir etməsi Şəhriyara şöhrət qazandırmışdır. Ədəbiyyatşünas Esmira Şükürova öz tədqiqatında "Heydərbabaya salam" əsərinə saysız-hesabsız nəzirə həsr edilməsini şairin poeziyasındakı xəlqiliklə əlaqələndirir. Bu səpkidə əsərlərin yazılmasının ənənəyə çevrilməsinin, beləliklə, Türk dünyasında Şəhriyar ədəbi məktəbinin yaranmasının təsadüfən olmadığını əsaslandırır.

Şəhriyarın Azərbaycan dilində qələmə aldığı şeirlər, xüsusən "Heydərbabaya salam" poeması İranda birmənalı qarşılanmamışdı. Xalq həyatının ensiklopediyası olan bu əsər zülmət qaranlıqda çaxan şimşək kimi İran hakim dairələrini sarsıtmışdı. 1951-ci ildə əlyazma şəklində yayılan poema böyük əks-səda doğurmuşdu. 1954-cü ildə "Heydərbabaya salam" poeması Şəhriyarın müqəddiməsi ilə nəşr olunmuş, geniş xalq kütlələrinin rəğbəti ilə qarşılanmışdı. Bu əsərin yenidən çapına icazə verilməmişdir. Mədəniyyət və incəsənət idarəsinin müdiri Ağaye Dövlətşahi narahatlıq və təşviş içərisində qəzəblə demişdir:

"… "Heydərbaba"nı yazmaqda Şəhriyar səhv etmişdir. Bilirsinizmi, əgər Şəhriyar bu əsərini yazmasaydı, indi hansı məqama yüksələrdi? Dövlət hər yerdə onu təbliğ edirdi, onun şöhrətini artırırdı, yüksək maaşla yaxşı bir iş verirdi. Bu pula o, ailəsini yaxşı təmin edər, həyatını istədiyi kimi qura bilərdi.

"Heydərbaba" Şəhriyara böyük zərər vurmuşdur. Şairi dövlətin nəzərindən, hörmətdən salmış və onun qəzəbinə səbəb olmuşdur. Siz əgər Şəhriyarın xətrini istəyirsinizsə, məsləhət görün ki, türk dilində daha şeir yazmasın" Ağaye Dövlətşahi əslən azərbaycanlı olsa da, "biz iranlıyıq, bizim dilimiz fars dilidir, türki monqolların dilidir" təsəvvürü ilə yaşayır. Onun fikrincə, Azərbaycan dili yad dildir, bu dildə söhbət etmək, şeir yazmaq və onu çap etmək olmaz. Odur ki, qətiyyətlə deyir: "Mən Şəhriyar ədəbi məclisinin məsuluyam, heç vaxt, hətta bir beyt belə olsun türk dilində şeir oxunmasına icazə vermərəm".

"Şəhriyarın divanı"nı "Əlhuda" nəşriyyatında çap etdirmiş Mirzə Rəsul İsmayılzadə "Ön söz"ündə ustad Şəhriyarı qəzəl, əhli-beyt, "Heydər baba", həsrət şairi kimi təqdim edir. Onun İran poeziyasında yerini müəyyən etməyə çalışır: "Şahlar, sərkərdələr ordu çəkməklə fəth edə bilmədikləri torpaqları, ölkələri Şəhriyar sözü ilə fəth edə bilmişdir. Onun "Sözü qılınc kimi kəsib keçir… O, sözü ilə bu şöhrəti qazana bilmişdir". Ağaye Dövlətşah kimiləri vahiməyə salan da ustad şairin Yaxın Şərq ölkələrinə yayılan səs-sədası, müstəbidliyə, əsarətə, zülmə, haqsızlığa qarşı çağırışı idi.

İran İslam Cümhuriyyətinin rəhbəri Ayətullah Xomeyninin Şəhriyarı İslam və inqilab şairi kimi səciyyələndirməsi təsadüf deyildi. O, Şəhriyarın İslam inqilabını "saf dini əhvali-ruhiyyə" ilə qarşılamasını, səkkizillik İran-İraq müharibəsi dövründə xidmətlərini xatırlayaraq demişdir: "…Bir vaxt gördük ki, Şəhriyarın inqilabı mədh etmə səsi Təbrizdən qovzanır. Gördük ki, bu kişi inqilabı yaxından izləyirmiş. O, inqilabın bütün həssas vaxtlarında öz təsirini qoydu. Bilirsiniz ki, səkkizillik qəbul etdirilmiş müharibə inqilabın qələbəsindən sonra ağır bir hadisə idi. Şəhriyarın müharibə üçün dediyi şeirləri, müharibə üçün qurulan yığıncaqlarda iştirak etməsi, ümumi səfərbərlik, silah və hərbi qüvvələr barədə mədhi, gözləmələri o dərəcədə çoxdur ki, əgər adam görməsəydi, eşitməsəydi, çətin inana bilərdi.

Səksən və ya səksəndən çox yaşı olan bir şairin şeir yığıncaqlarında iştirak edib hər bir mərasimə şeir söyləməsi təəccüb doğurur. Onun kimilərdən bu iş gözlənilməzdi".

Ayətullah Xomeyni Şəhriyarı həm fars, həm də türk dilində yazıb-yaradan müasir böyük şair adlandırmışdır. O, ustad şairin qəzəllərini "birinci dərəcəli" fars qəzəlləri sırasına daxil etsə də, onun doğma dildə yaradıcılığına daha çox üstünlük verirdi. O deyirdi: "…Şəhriyarı İran ədəbiyyat tarixində ən böyük şair hesab etmək olar. Bu isə "Heydərbabaya salam" şerinə görədir. "Heydərbabaya salam" xariqüladə bir şeirdir. Şəhriyarın şeirinin bütün müsbət xüsusiyyətləri onda cəm olmuşdur. Yəni axıcılıq, səfa, zövq, şirinlik və cazibədarlıq bütün "Heydərbabaya salam" şeirində özünü göstərir.

…Şairin həyatının göstəricisi olan bir bədii təsvirdə çoxlu hikmətli sözlər də özünə yer almışdır.

…Heydərbabanın şeiriyyət bədiilik xüsusiyyəti daha güclü, olduqca üstündür. Bu şeirdə hikmət, dil gözəlliyi və xariqüladə təsvirlər çox ecazkarlıqla və incəliklə yoğrulmuşdur".

Şəhriyar doğma ana dilində yazdığı şeirləri ilə, xüsusilə "Heydərbabaya salam" əsəri ilə fars şovinizminə, eləcə də öz dilini, milli mənşəyini unudanlara tutarlı cavab verdi, klassik Azərbaycan poeziyasının ənənələri, öz soykökü üzərində Azərbaycan milli poeziyasının həmişəyaşar, həmişəyaşıl və təravətli şah budağı kimi əbədiləşdi.

 

 

Teymur ƏHMƏDOV,

filologiya elmləri doktoru,

professor

 

Ədəbiyyat qəzeti.- 2011.- 24 iyun.- S.1, 2.