Mühacirətşünaslıq:
problemlər, vəzifələr
Xəbər verildiyi kimi, Akademiyaların Beynəlxalq Assosiasiyasının kitab nəşri üzrə şurası ötən ilin noyabrında Moskvada ən yaxşı elmi nəşrlər layihəsi üzrə "Elmi kitab" adlı beynəlxalq müsabiqə keçirmişdir. Müsabiqədə Azərbaycan Milli Elmlər Akademiyasının "Elm" nəşriyyatı da iştirak etmiş və "İctimai elmlər" nominasiyası üzrə Məryəm Seyidbəylinin "Rusiyada Azərbaycan diasporu: formalaşması və inkişafının xüsusiyyətləri, istiqamətləri" kitabının hazırlanması və nəşrinə görə qalib elan olunmuşdur.
"Elm" nəşriyyatı bir sıra xarici ölkələrin müvafiq nəşriyyatları ilə əməkdaşlıq edir. Ötən il AMEA-nın müxbir üzvü Xəlil Hüseynovun fundamental monoqrafiyası "Nauka" nəşriyyatı ilə birgə nəşr edilmişdir. Akademiyaların Beynəlxalq Assosiasiyasının keçirdiyi elmi konfrans və sərgilərdə "Elm" nəşriyyatı ardıcıl iştirak edir, respublikamızda aparılan elmi tədqiqatların əyaniləşdiyi nəşrləri beynəlxalq miqyasa çıxarmaqda mövcud imkanlardan faydalanır.
Bununla əlaqədar AMEA-nın Rəyasət heyəti "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasından kitabların hazırlanması və nəşri haqqında" qərar qəbul etmişdir. Həmin qərara əsasən Beynəlxalq redaksiya heyəti yaradılmış, görüləcək elmi-təşkilatı işlər müəyyənləşdirilmişdir. "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası"nın Beynəlxalq redaksiya heyətinin baş redaktor müavini, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, "Elm" Nəşriyyat və Poliqrafiya Mərkəzinin direktoru Şirindil Alışanlı bu məsələ ilə bağlı AzərTAc-ın müxbiri ilə söhbətində demişdir:
- Belə bir qərarın hansı zərurətdən irəli gəldiyi və mahiyyətinin nədən ibarət olduğu barədə bir neçə söz demək istərdim. Çağdaş siyasi, mənəvi institutlarımız öz başlanğıcını mühacirlərimizin yaratdıqları siyasi-mənəvi qurumlardan götürür. Təkcə bizdə yox, Rusiya, Almaniya, Orta Asiya respublikaları, Polşa kimi ölkələrdə də mühacir irsinin yaşarılığını ehtiva edən tarixi-siyasi-mənəvi sərvətlər gündəmə gəlməkdədir. Mühacirətşünaslıq (emiqrantologiya) xüsusi elmi sahə kimi təşəkkül tapmaqdadır və hər bir ölkədə fərdi çalarlar kəsb edir.
Mühacirət irsimiz haqqında xeyli elmi və elmi populyar ədəbiyyat yaranmışdır. Mühacirlərin bir çoxunun əsərləri adda-budda olsa da nəşr edilmişdir. Mətbuatda çox sayda məlumat səpkili yazılar verilmişdir.
XX əsr mühacirət irsi dövriyyədə olmadan həmin yüzilliyin ədəbiyyatı, ictimai-siyasi tarixi haqqında bütöv, elmi obyektivliyə əsaslanan söz demək qeyri-mümkündür. Belə bir problemlə VI cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin XX əsri əhatə edən son cildi üzərindəki gərgin və mürəkkəb işin icrası prosesində üzləşməli olduq. Məhz müasir Azərbaycan humanitar fikrinin həll etməli olduğu problemlərdən biri mühacirət irsinin toplanması, tədqiqi və nəşridir. Siyasi qadağalar aradan götürüldükdən sonra Azərbaycan mühacirət ədəbiyyatının ayrı-ayrı şəxsiyyətləri haqqında xeyli tədqiqat işi aparılmış, elmi və elmi-kütləvi əsərlər nəşr edilmişdir. Mövcud tədqiqatların təcrübəsi dövlət quruculuğunda, onun siyasi və mənəvi institutlarının formalaşmasında, inkişafında böyük əhəmiyyəti olan mühacirət irsinin nəşri və tədqiqinin eklektik səciyyə daşıdığını, mühacirət ədəbiyyatına verilən elmi-nəzəri təhlillərin onun ehtiva etdiyi mündəricədə lazımi tələblərə heç də həmişə tam cavab vermədiyini göstərir.
Mühacirət ədəbiyyatını çağdaş elmi-nəzəri və tekstoloji prinsiplərə əsaslanan meyarlarla toplayıb nəşr etmək və bu əsasda fundamental tədqiqatlar aparmaq gərəkdir.
Eyni zamanda, müxtəlif ölkələrin arxivlərində səpələnmiş irsin toplanmasında hansı problemlər olduğu və bu istiqamətdə hansı təşkilati işlər görüldüyü xüsusi əhəmiyyət kəsb edir.
Xatırlatdığım qərarda təsdiq edilmiş Beynəlxalq redaksiya heyətinə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, akademik Bəkir Nəbiyev, professor Şirməmməd Hüseynov, İzmir Universitetinin professoru Yavuz Akpinar, Martin-Liter Universitetinin türkoloq alimi Volkner Adam, mühacirşünas alim Nikpur Cabbarlı daxildilər. Şübhəsiz, bu kitabxana seriyasından nəşr olunan kitabların hazırlanmasında indiyə qədər həmin sahədə xidmətləri olan tədqiqatçılar da iştirak edəcəklər. Ötən ilin may ayında Nikpur Cabbarlı ilə birlikdə Ankara, İzmir və İstanbul şəhərlərində olduq, mühacirət irsimizlə bağlı elmi qurumlara, kitabxana və müvafiq kafedralara baş çəkdik, bu irslə bağlı şəxsiyyətlər, onların varisləri ilə görüşdük. "Azərbaycan kültür mərkəzi"ndə dövriyyədə olmayan arxiv materialları və nəşrlər əldə etdik. Mərhum Əhməd Qaracanın evində olduq, oğlunun köməyi ilə onun arxivini araşdırdıq.
Məzarlarının yeri məlum olan mühacirlərimizi ziyarət etdik. Məmməd Sadiq Aran, Hüseyn Baykaranın məzarlarını tapmaq üçün bir neçə gün axtarış apardıq. Məmməd Sadiq Aranın məzarı "İranlılar" qəbiristanlığındadır və uzun axtarışdan sonra qarşıma çıxdı. Bu məzarıstanın ucqar bir yerində baş daşında "Laçın" sözü diqqətimi cəlb etdi. Bura əslində azərbaycanlıların qəbiristanlığıdır. Yüzlərcə məzarın başdaşında "Qarabağ", "Naxçıvan", "Gəncə" sözləri həkk olunub, bir çoxunda da "azərbaycanlı" sözü yazılıb.
Buradakı məzarlardan birinin başdaşı üzərində Hüseyn Baykaranın adını görərkən həyəcan məni boğdu və taleyimə minnətdar oldum ki, buradan "əliboş" qayıtmadım. Məmməd Sadiq Aranın məzarı isə "İpək köy" qəbiristanlığındadır, üzərində bu sözlər həkk olunub: "Azerbaycan istiklalçısı, türkçü cephenin yılmaz ateşli mücahidi Mehmet Sadik Aran. Ruhuna fatiha.ö. 28.05.1971".
Bu irsin müasir elmi əhəmiyyətinə gəldikdə qeyd etməliyəm ki, dediyim kimi, XX əsr Azərbaycan tarixi mühacirət irsindən kənar yarımçıq olar. Müstəqilliyin, müasir siyasi reallığın bizə yaratdığı imkan müqabilində bu irsi elmi, ictimai-siyasi dövriyyəyə gətirmək lazımdır. Burada mədəniyyətin, elmin bütün istiqamətlərində araşdırma üçün zəngin material vardır. Digər tərəfdən, XX əsrin siyasi tarixini, ədəbi-mədəni hadisələrini dəyərləndirməkdə bu irsin nəzəri-metodoloji tutumu diqqətəlayiqdir. Fərqli baxış, fərqli dəyərləndirmə, təhlillərdə daha çox obyektivliyə, Avropa dəyərlərinə əsaslanan meyarlar böyük mübahisələrə səbəb olan XX əsr dəyərlərimizi düzgün şərh etməkdə həm faktik, həm də nəzəri təcrübə kimi misilsiz əhəmiyyətə malikdir.
Mühacirət irsində tarixçilərimiz üçün öyrəniləsi, üzdə olmayan məsələlər vardır. Biz məzarlıqları gəzərkən həkim, hərbiçi, dövlət qulluqçusu və s. sahələrdə çalışmış neçə-neçə soydaşımızın qəbrini ziyarət etdik. Azərbaycanı məcburi tərk etmiş yüzlərlə, minlərlə ailənin övladları Türkiyənin iqtisadi, siyasi və mədəni tərəqqisində böyük xidmət göstərmişlər.
- Mühacirət
irsinin toplanmasında da çətinliklərin çox
olduğunu deyirlər.
- Bəli, ötən hər gün nəyisə itiririk. Dediyim dərgilərin bir çox sayları Türkiyənin kitabxanalarında da qalmayıb. Yavuz bəy bəzilərini kolleksionerlərdən əldə edib. Kitabxanalarda bir çox dərgilər ovulub tökülür. Surətini çıxarmaq xeyli çətinləşib. Nə mümkündürsə, türkiyəli həmkarlarımız kömək edirlər. Professor Cəfəroğlunun "Azadlıq" radiosundakı bütün çıxışlarının mətni vaxtilə işlədiyi kafedraya rəhbərlik edən professor Osman Sərtkayadadır. Onunla danışıq aparırıq. Materialı əldə edib bu seriyadan nəşrini həyata keçirəcəyik. Ümumiyyətlə, "Azadlıq" radiosunun arxivində Azərbaycanla bağlı zəngin materiallar mövcuddur. Bu arxivin alınması üçün müəyyən təşəbbüs göstərmişik.
- Türkiyədən
başqa digər ölkələrdə də mühacirlərimizin
fəaliyyəti ilə əlaqədar müəyyən
işlər nəzərdə tutulurmu?
- Almaniya, Polşa, fransa və Rusiyaya ezamiyyətə gedəcəyik. Redaksiya heyətimizin üzvü Adam Volkner hazırlıq işləri görür. Bizim xahişimizlə Almaniyanın müvafiq kitabxana və arxivləri ilə işləyir. May ayında bu ölkəyə gedərkən konkret ünvanlar üzrə işləyəcəyik.
Bu seriyanın baş redaktoru AMEA-nın prezidenti, akademik Mahmud Kərimovdur. M.Kərimov bu layihəni ilk gündən dəstəkləyir, onun tarixi və müasir mənasını yüksək qiymətləndirir. Bu məsələ ilə bağlı faktik materialla yaxından tanış olduqca işin miqyası, məsuliyyəti bir daha bəlli olur. Hər bir vətəndaşımız bu işə yardımçı olmalıdır. Nəhayət, mühacirət irsini öyrənən ayrıca elmi quruma böyük ehtiyac vardır. Nəşr və tədqiqat işləri paralel aparılmalı, tarixçi, ədəbiyyatşünas, etnoqraflardan ibarət araşdırıcılar bu zəngin sərvəti ardıcıl öyrənməlidilər.
Türk Dil Qurumu "Yurd bilgisi" (37-ci say istisna olmaqla) və "Türk aması" dərgilərini nəşr etmişdir. Bu dərgilər də təsis etdiyimiz seriyadan nəşr olunacaqdır.
Vaxt keçdikcə mühacirət irsimiz çağdaş Türkiyədə öz aktuallığını itirir və onun varisləri də dünyalarını dəyişirlər. Ona görə də bu irsin toplanmasını sonraya saxlamaq həm itkilərə yol verər, həm də mühacirət ədəbiyyatı haqqında bütöv təsəvvür yaratmağa imkan verməz.
İzmir kitabxanasında yeni material az olsa da, ədəbiyyatımızın, ümumiyyətlə, türk xalqları ədəbiyyatının fədakar tədqiqatçısı professor Yavuz Akpinarın şəxsi arxivində zəngin materiallar vardır.
Bu seriyanın hansı prinsiplərlə tərtib ediləcəyi də söhbət mövzusudur. Birinci növbədə mühacirət irsimizin çap olunduğu dərgiləri, qəzetlərin faksimilə nəşrlərini həyata keçirəcəyik. Dediyim kimi, "Yurd bilgisi" və "Türk aması" dərgiləri Türk Dil Qurumu tərəfindən 500 nüsxə tirajla nəşr edilib. "Yeni Kafkasiya" (1923-1927), "Azeri Türk" (1928-1930), "Yaşıl yarpaq" (1928), "Odlu yurt" (1929-1931), "Bildiriş" (1930-1931), "Müsahit" (1955-1960), "Türk Birligi" (1966-1970) adlı qəzet və jurnalları bizim xahişimizlə professor Yavuz Akpinar tərəfindən müqəddimə və nəşrlərlə hazırlanıb redaksiyaya təhvil verilib. Bir məsələni də qeyd edim ki, mühacirət irsi bütöv halda əldə edilməsə, aparılan tədqiqatlar birtərəfli olar, bu irsin tarixi missiyasının müasir tutumu tam aydın olmaz.
- Oxucular ilk nəşrlə nə
vaxt tanış ola bilər?
- Onu deyə
bilərəm ki, "Odlu yurt" bu ilin birinci yarısında
çapdan çıxacaq. "Yeni Kafkasiya"nın nəşri
isə 2012-ci il üçün nəzərdə tutulur.
Xatirə CƏFƏROVA
Ədəbiyyat qəzeti.- 2011.-
4 mart.- S.1, 2.