Abdulla Şaiq - 130
Folklor
mənə xalq dilini, xalq zövqünü,
xalq adət və ənənələrini öyrətdi,
xalqı və vətəni dərindən sevdirdi.
Abdulla Şaiq
Abdulla
Şaiqin insanpərvərlik təbliğ edən məşhur
şeirlərindən biri "Həpimiz bir günəşin
zərrəsiyiz" sərlövhəli, bir qədər
mahnı ruhunda, oynaq vəzn və müvəffəqiyyətli
ifadə vasitələri ilə yazılmış şeirdir.
1910-cu ildə yazılmış bu əsərdə
insanlığa səmimi bir xitab vardır. Şaiqin fikrincə,
bəşər əslən qardaş yaranmışdır.
İnsanlar hamısı bir günəşin
şüasından əmələ gəlmiş, bir
ananın, təbiətin qoynunda böyümüşlər.
Mir Cəlal
Abdulla
Şaiq yazıçı, maarif xadimi və insan olaraq bizim ədəbiyyat
tarixində nadir şəxsiyyətlərdən biridir. Onun
adı indi də işıq saçır, indi də
böyük hörmətlə yad edilir. Uşaqlarımız
onun əsərlərini indi də maraqla oxuyub fərəhli xəyallara
dalırlar.
Bu elə
belə də davam edəcək. Çünki onun nəcib həyatı
bir çıraq kimi həmişə xalq üçün
yanmışdır. Bu çırağın
işığında uşaqların da, böyüklərin
də qəlbində yalnız xeyirxah duyğular, xeyirxah arzular
baş qaldırmışdır. Onun yazdıqları, onun
şəxsiyyəti insanlara daim yaxşılıq təlqin
etmişdir. Çünki o, yazdıqlarında da, həyatda da
daim səmimi olmuşdur… Şaiqə sönməz maraq və
hörmətin də sirri bundadır.
İlyas Əfəndiyev
Şaiq
mahir bir sənətkar, mükafatını daima vicdanından
almaq istəyən gözəl bir insan, dərs verdiyi tələbələri
öz doğma balaları kimi sevən həqiqi bir xalq müəllimidir…
O, demokratik Azərbaycan ziyalılarının ən tipik və
ən görkəmli nümayəndələrindən biridir.
Mehdi Hüseyn
…Şaiq
öz biliyi, insani rəftarı, tələbələrə
göstərdiyi atalıq qayğısı ilə müəllimlər
içərisində xüsusi yer tuturdu. Bu gün belə tələbəlik
günlərinin sönməz bir xatirəsi olaraq Şaiqə
dərin ehtiram hissləri yaşayır və
yaşayacaqdır.
Bu
unudulmaz insan, böyük sənətkar və hörmətli
müəllimin xatirəsi qarşısında diz
çöküb təzim edirik.
Yusif Məmmədəliyev
Ədəbiyyat qəzeti.- 2011.- 4
mart.- S.3.