Abdulla Şaiq
qayğıkeşliyi
Abdulla Şaiq görkəmli
romantik şair,
yazıçı, dramaturq, tənqidçi və ədəbiyyatşünas,
müəllim və pedaqoq olmaqla
yanaşı, həm də həssas qəlbli, incə duyğulu, qayğıkeş, çarəsizlərə
əl tutmağa çalışan
insanpərvər bir vətəndaş kimi də
diqqəti cəlb edir. "Açıq söz" qəzetinin
1916-cı ilin 30 may tarixli sayında onun dərc etdirdiyi "Açıq məktub"
başlıqlı müraciəti dediklərimizi bir daha təsdiq
edir.
Açıq məktubdan məlum
olur ki, A.Şaiq qonşuluqda ata və anadan
yetim qalıb qoca və kasıb
nənəsinin himayəsində yaşayan
7-8 yaşlı Ağabacı adlı bir qızın vərəm xəstəliyindən əziyyət
çəkdiyini görüb ona öz kömək əlini
uzatmış, uyğun xeyriyyə cəmiyyətinə və həkimlərə
müraciət etmişdir. Məlum
olmuşdur ki, Ağabacıya Bakının
havası düşmür. Ona görə başqa yerə
köçməlidir. Yoxsulluq və kimsəsizlik isə
onların Salyandakı qohumlarıgilə getmələrinə
imkan vermir. Ona görə
A.Şaiq "Açıq
söz" qəzetinin oxucularına
müraciət edib onlara
xatırladır ki, ömürlərini yaşamış
qoca seyidlərə, dilənçilərə
həvəslə hər gün yardım üçün
nəzir verərkən savab iş tutduqlarını
düşünərkən nəzərə alsınlar ki, hələ ömrünün baharını yaşamaqda olan 7-8
yaşlı yetim və
xəstə bir qıza əl tutmaq qat-qat savabdır.
Abdulla Şaiqin 130 illik yubileyi günlərində onun insanpərvərliyinin və
qayğıkeşliyinin əyani nümunəsi olan "Açıq məktub"unu "Ədəbiyyat
qəzeti"nin oxucularına da təqdim etməyi
lazım bildim.
Alxan BAYRAMOĞLU
Ədəbiyyat
qəzeti.- 2011.- 4 mart.- S.3.