Ədibin mənzil muzeyində

     

Milli ictimai ədəbi və mədəni fikir tariximizdə şair, nasir, dramaturq, müəllim və pedaqoq, teatr xadimi, tənqidçi alim kimi şərəfli yer tutan Abdulla Şaiqin anadan olmasının 130 və onun mənzil muzeyinin 20 illiyi münasibətilə A.Şaiqin ev muzeyində təntənəli yubiley tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə muzeyin direktoru, A.Şaiqin nəvəsi, dosent Ülkər xanım Talıbzadə açaraq qonaqları salamladı, onları Şaiq ocağında görməkdən sevinc fərəh duyduğunu söylədi. O, Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevi, digər mənzil muzeylərinin (Ü.Hacıbəyli, C.Məmmədquluzadə, N.Nərimanov və b.) direktorlarının, A.Şaiqin təqdiqatçısı olan bəzi alimlərin adlarını xüsusi qeyd etdi. Sonra Ülkər xanım sözü muzeyin əməkdaşı Arzu Hacıyevaya verdi. A.Hacıyeva özünün "Şaiq ocağı" şerini oxudu. Filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu A.Şaiqin zəngin ədəbi irsinin mövzu dairəsi, obrazlar silsiləsi, ideya istiqaməti, üslubi xüsusiyyətləri s. haqda danışdı, ədibin əbədiyaşarlığını vurğuladı.

Fikrət Babayev çıxışını A.Şaiqin kuzəyə yazdığı şeirlə tamamladı. Muzeyin elmi əməkdaşı, fil.f.d. Minaxanım Əsədli A.Şaiq mənzil muzeyinin yaranması və fəaliyyət yolundan, burada görülən mədəniyyət işlərindən, A.Şaiqin oğlu akademik Kamal Talıbzadənin bu mədəniyyət ocağının yaradılması və təşkilində çəkdiyi şərəfli zəhmətdən söhbət açdı. Bakıdakı A.Şaiq adına 54 nömrəli orta məktəbin müəllimi Şəhla Günəşin çıxışı, həmin məktəbin şagirdlərinin ifasında "Güllər" kompozisiyası, Avropa liseyinin şagirdlərinin ifasında A.Şaiqin "Nüşabə" pyesindən bir səhnə Həbib bəy Mahmudbəyov adına Texniki Humanitar liseyin şagirdlərinin ifasında ədibin "Gözəl bahar" pyesindən bir səhnənin ifası da maraqla qarşılandı.

Bakıdakı 189 nömrəli orta məktəbin şagirdi Firdus Kərimli A.Şaiqin öz həyat yoldaşı Şahzadə xanıma yazdığı "Canlı Dərbənd çiçəyi" şerini, sonra isə məktəb yoldaşı Fuadla birgə "Yeni ay doğarkən" şerini xüsusi məharət coşqunluqla ifa etdi.

Badamdar Mədəniyyət evinin direktoru Fəridə xanım Babayevanın ifasında A.Şaiqin "İntizar qarşısında" şeri dərin təsir bağışladı.

Abdulla Şaiqin "Yad et" şerinə bəstəkar Zeynəb İsmayılzadənin yazdığı mahnını Opera Balet Teatrının solisti Tural Ağasıyev oxudu, Bakı Musiqi Kollecinin tələbələri A.Şaiqin qəzəlləri üstündə muğam ifa etdilər.

Sonda Abdulla Şaiq adına ev muzeyinin direktoru Ülkər xanım Talıbzadə "Şaiq ocağı" adından tədbir iştirakçılarına təşəkkür etdi

 

 

   Ədəbiyyat qəzeti.- 2011.- 4 mart.- S.3.