Poeziya üzrə müzakirələrdə…
Martın 2-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda poeziya üzrə müzakirə keçirildi. Xalq şairi, AYB-nin birinci katibi Fikrət Qoca tədbiri açaraq vurğuladı ki, müzakirələr davam edir: "Yanvarın 26-da burada Qismətin gənclərin yaradıcılığından bəhs edən maraqlı məruzəsini dinlədik. İndi isə poeziya üzrə məruzəçi Qulu Ağsəsi dinləyəcəyik. Əvvəlcə məruzəni dinləyək, sonra məruzə ətrafında fikirlərimizi bölüşərik".
Sonra şair Qulu Ağsəs "Şeirdən şeir kimi… (2004-2010-cu illər Azərbaycan poeziyası haqqında qeydlər)" mövzusunda məruzə etdi (məruzə qəzetimizin bu sayında olduğu kimi dərc edilir).
Məruzə ətrafında başlanan çıxışlar zamanı şair Balayar Sadiq qeyd etdi ki, məruzəçinin müxtəlif ədəbi nəsillərə yanaşma tərzi maraqlı və orijinaldı.
Şair Əjdər Ol da həmkarıyla həmrəy olduğunu önə çəkdi: "Son illər ədəbiyyata maraq daha da güclənib. Ədəbiyyata yeni nəfəslər gəlir, Azərbaycan poeziyasının mənzərəsi genişlənir. Bu yeniləşməyə marağı dinlədiyimiz məruzədə də görürük".
Tənqidçi Əsəd Cahangir məruzənin daha çox məruzə-reportaj çalarlı olmasından söz açdı: "Burada hekayə strukturu daha qabarıq görünür. Hesab edirəm ki, yaradıcı adamların ən həssası şairlərdi. Məhz bu faktoru nəzərə aldığından məruzəçinin pedaqoji meyarlar baxımından məsələyə münasibət bildirməsi başadüşüləndi. Fərqanənin "Təndir" şeiri məncə ötən qurultaydan əvvəlki dövrün məhsuludur. Eyni zamanda, Qulu İlham Qəhrəmandan ənənəvi üslubda yazan şair kimi bəhs etdi, ancaq İlhamın kifayət qədər istedadla yazılmış modern şeirləri də var… İstərdim ki, məruzədə Balayar Sadiqin maraqlı sonetlər silsiləsindən söz açılaydı…"
Şairlərdən Qəşəm Nəcəfzadə, Mahirə Abdulla, Narıngül, Abbas Abdulla, Ramiz Duyğun, Simuzər Nüsrətbəyli, Adil Mirseyid, yazıçı-kulturoloq Aydın Xan, tənqidçi Bəsti Əlibəyli çıxış edərək məruzə ilə bağlı fikirlərini bölüşdülər.
Filologiya üzrə fəlsəfə doktoru şair Adil Cəmil məruzədə müsbət məziyyətlərlə yanaşı bəzi kölgəli cəhətlər də olduğunu önə çəkdi: "Yalnız ətrafında olan yaradıcı insanlardan yazmaq meylindən xilas olmaq lazımdı." Məruzəçi burada Əsəd Cahangirdən şair kimi bəhs etdi. Əsəd istedadlı tənqidçidi. Ancaq onun şair olaraq söz sahibi olması inandırıcı deyil. Yaxşı olardı ki, Qulu Ağsəs poeziyada kifayət qədər yeri və haqqı olan simaların yaradıcılığı üzərində dayanaydı".
Tanınmış tənqidçi Vaqif Yusifli vurğuladı ki, məruzəçi daha çox esseist kimi çıxış etdi: "Çox istərdim məruzəçi o suallara cavab verməyə çalışaydı ki, bu ötən illər ərzində şeirimizin aparıcı xətti, istiqaməti nə olub? Ancaq məruzədə bu suallara cavab yoxdu, Qulu təhlildən qaçıb. Sözügedən illər ərzində poeziyamızın aparıcı qüvvələri haqqında ümumiləşdirilmələr aparılmayıb. Əvəzində statistika önə çıxıb. Poema janrı haqqında söhbət belə açılmayıb. Sadəcə olaraq adlar sadalanıb. Çox istərdim ki, növbəti məruzələrdə bu cəhətlərə diqqət yetirilsin".
AYB-nin poeziya seksiyasının rəhbəri, Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi, tanınmış şair Çingiz Əlioğlu çıxışında dedi: "Burada bir termin xoşuma gəldi ki, bu, essevari məruzədi. Doğrudan da belədi. Ancaq maraqlıdı. Tənqidçi Aydın Xanın çıxışıyla razılaşmıram. O, dedi ki, nəsr daha intellektualdı. Ancaq unutmaq olmaz ki, lap yaxın onilliklərə qədər İttifaq miqyasında Azərbaycan ədəbiyyatının intellektindən söhbət düşəndə Rəsul Rzanın adı çəkilir, poeziyası xatırlanırdı. Son vaxtlar dünyanın üç böyük ölkəsində keçirilən poeziya festivallarına rəsmən dəvət olunmuşam. Orada dinlədiyim poeziya nümunələri ilə müqayisədə yüz faiz əminəm ki, bu gün Azərbaycan poeziyası çağdaş dünya poeziyasından heç də geri qalmır. Son otuz ildə Nobel mükafatı alan şairlərin yaradıcılığını oxuyun, müqaisə edin. Bir çox şairlərimizin yaradıcılığı müəyyən məqamlarda həmin mükafatçıları kölgədə qoya bilər. Bizim sadəcə olaraq təbliğatımız zəifdir".
Müzakirəni xalq
yazıçısı, AYB-nin sədri Anar yekunlaşdıraraq dedi ki, bu
müzakirələr bir
növ ədəbi mühitin diqqətini qurultayqabağı məsələlərə
yönəltmək məqsədi güdür:
"Qulunun poeziya sahəsindəki
uğurları ilə yaxşı tanışıq. Bu dəfə onun tənqidçi keyfiyyətləri ilə
tanış olduq. Məruzədə
maraqlı, fərqli bir baxış
sərgilənib. Qismətin məruzəsi bu
müzakirələrə maraqlı
bir ton verdi.
Qulu da bu
istiqamətdə maraqlı bir məruzə etdi. Hesab edirəm ki, onun ötən
illər poeziyamıza fərqli
baxışı, sərbəst fikirləri orijinal
və maraqlıdı…"
Sərvaz
Ədəbiyyat qəzeti.- 2011.- 4
mart.- S.4.