Şeirdən şeir kimi...
2004-10-cu illər
Azərbaycan poeziyası haqqında qeydlər
Bu günlərdə dilim dinc durmadı,
"Ulduz" jurnalında başıma yığışan
şairlərdən üçmərtəbəli
Yazıçılar Birliyinin dördüncü mərtəbəsinə
qalxan pilləkənlərin təxmini sayını soruşdum.
Azarım başqaydı, əslində,
bu sualı verənə qədər təklikdən, tənhalıqdan
gileylənən bir topa qələm adamının
sızıltısı beynimə düşmüşdü.
Üstəlik, onların iş otağımda
ayaqlarının birini götürüb o birini qoymaqları, əl-qol
atmaları məndə əcaib vizual təəssürat
yaradırdı: axı, insan iki əl, iki ayaqla necə tək
ola bilər, - kimi axmaq sual da bir yandan! Elə bu sualı
başımdan qovmaq üçün pilləkənlərin
sayını xəbər aldım, qoy zəhmət çəkib
vurma cədvəlini xatırlasınlar, mən də sevinim ki,
filanıncı pilləkəndən aşağıda təklik
olmasa da, heç olmasa, rahatlıq var. Bax, mən bir azdan orda -
o rahatlığın içində olacam, bu şairlərsə,
"Ulduz"dan çıxıb bir yerdə pivə içəcəklər,
şeir oxuyacaqlar, "K" hərfini axtaracaqlar. Qoy onlar pilləkənləri
saysınlar, təxminən, yox, nə təxminən, lap dəqiq:
telefon nömrəsi kimi...
Sərbəstdə
yazanlar nala-mıxa vurdular, hecadakılar rəqəm dedilər,
səhv, ya düz, Allah bilir. Hə, onda ağlıma gəldi
ki, hecada yazanda pilləkənləri də sayırsan, sərbəst
şeirdə gözün ayağının altını
görmür, ən yaxşısı liftə minməkdi, bu
isə ağ şeirdi, məncə. Əruzdan qəsdən
danışmıram. Əruz son vaxtlar dəhşət pozulub.
Hamısı da əruzun içindəki "gül",
"ləb", "sinə", "yar",
"canan", "xəlvət" (hələ bunlar
abırlılarıdı) sözlərinin ucbatındandı;
bu sözləri hansı vəznə yoldaş eləsən, tərbiyəsi
pozular, əruz neyləsin?
Həmkarlarım
pilləkənləri saymaqda olsunlar, mən sizə 2004-cü
ildən üzü bəri imkan eləyib oxuya bildiyim poeziya
nümunələri haqqında danışım. Bu, əslində
bir məruzə olmalıdı. "Məruzə" ərəb
sözüdü, "ərz eləmək", "bildirmək"
anlamına gəlir. "Məruzə" sözünün
"məruz" sözündən yarandığını
təxmin eləmək üçünsə ərəbşünas
olmaq gərəkmir. Yəqin ona görə Azərbaycan
Yazıçılar Birliyinin bütün məruzələri
həmişə basqılara məruz qalıb və qalacaq da.
Məruzəni
hazırlayanda ədəbiyyat çap eləyən qəzet-jurnalları,
şeir kitablarını bir də oxudum, "lit.az",
"kultaz.com", "azadlıq.org" və başqa
saytları açıb təzədən gözdən
keçirdim, üç qisim: zəif, orta və gözəl
nümunələrlə rastlaşdım, sevindim, kədərləndim
və sonda yenidən sevindim. Əgər son altı ilin poetik
nümunələri insana toxunursa, buna necə sevinməmək
olar (hesab eləyin ki, sondakı qənaətimi tələsib
indidən sizinlə bölüşürəm)? Hərçənd
mən tənqidçi Vaqif Yusifli qədər optimist deyiləm.
Sitat: "Bilirik ki, poeziyaya maraq əvvəlki onilliklərdə
olduğu kimi, heç azalmayıb, bu xalqın damarlarından
hələ də poeziya deyilən bir işıq seli axır və
o işıq əsrlər keçdikcə öz nurunu əsirgəməyəcək".
Sitatın sonu. Amma mən şerin artıq
öldüyünü iddia eləyənlərlə də
razılaşmıram. Ona görə yox ki, şeir ölsə,
yəqin onun tabutuna bu sətirlərin müəllifi də girərdi.
Yox, şeir ölməyib, sadəcə, diri şeirlərin
sayı ölü şeirlərin nisbətində çox
azdı. Dünyaya gələnlərin sayı dünyadan gedənlərin
sayından az olduğu kimi. Mən bu məruzədə
özü də, sözü də sağ olan şairlərdən
danışmaq istəyirəm. Qoy özü sağ olmayıb
sözü sağ olan sələflərimiz, sözü
sağ olmayıb özü sağ olan müasirlərimiz məndən
inciməsinlər.
...Bilmirəm,
"Ulduz"a yığışan qələmdaşlarım
mənim sözümü eşidib pilləkənləri
sayır, ya yox, amma mən artıq 2004-10-cu illər Azərbaycan
poeziyasını orta və yaşlı nəsil üzrə təsnif
eləməyə başlayıram...
Mədəniyyət
və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar
Birliyinin birgə nəşri olan "Poeziya günü"
kitabında Balaş Azəroğlunun yeni şeirlərinə
rast gələndə düzü, təəccübləndim.
Nədənsə onun özünü də, sözünü
də unutmuşdum. Yalan deməyəcəm: son vaxtlar Arazdan
yazan şairlərlə mənim aramda bir Araz axmağa
başlayıb. Yəqin ona görə Balaş müəllimin
mərhum həyat yoldaşı Mədinə Gülgünə
yazdığı şeir mənə daha doğma gəldi:
Axır bir
gün
Səninlə
gedəcəyəm təzə evinə.
Daha nə sən tək qalarsan onda
Nə də mən...
Qoşulub bir-birimizə
Gecələr bir yerdə gəlib
Baş çəkərik köhnə
yuvamıza,
Köhnə evimizə.
Söhrab Tahir son illər ərzində də
öz poetik mövqeyini qoruyub saxlaya bildi. 80 yaşını
haqlayan Nəriman Həsənzadə haqda ən yaxşı
sözü onun yeni çapdan çıxan seçilmiş əsərləri
deyə bilər. Ramiz Məmmədzadə, Qaçay
Köçərli, Məmməd Aslan, Ağasəfa,Yusif Həsənbəy,
Səyavuş Məmmədzadə, İlyas Tapdıq, Oqtay Rza,
Kələntər Kələntərli kimi ağsaqqal şairlər
haqqında təzə fikir tapmadığım
üçün onların yaşıdı Fikrət
Sadıqdan iki örnək gətirmək istəyirəm.
Niyə tale zalım olsun,
Göylər mənə zamin olsun?
Bir dərə məzarım olsun,
Bir dağı örtsün üstümə.
Növbəti misal:
Bu key o keyə deyir: okey!
O key bu keyə deyir: okey!
Bir halda ki hamının fikri məndədi,
məruzə haqda qənaətimi xatırladıram. Məruzə
"kim nə etməlidi" yox, "kim nə edib"
sualına cavab verir. İsim "kim", "nə",
"hara" suallarından birinə cavab verən kimi. Əgər
məruzə birinci suala cavab versə, mən Fikrət müəllimdən
"birinci növ" şeirdən daha çox
yazmağı xahiş eləyərdim.
Üst-başından, təhər-tövründən
də çiçək, yarpaq, lələk tökülən
Musa Yaqubun ənənəvi şeirə bu günəcən
sadiq qalmağı hərdən adamı riqqətə gətirir:
Görəsən, tək durnam harada uyudu,
Kəkliyim yetdimi qaya daşına?
Sulanan zəminin artıq suyudu
Buraxdım ömrümü
başlı-başına...
...Dostlar pilləkənləri sayıb
qurtardılar, deyəsən, mənimsə onları dinləməyə
hələ vaxtım yoxdu...
Vaxt demişkən, ötən əyyamlar
olsa, məruzədə rus tənqidçisi V.Q.Belinskidən
mütləq sitat verilərdi. Təxminən belə:
"Poeziya - həyatı yaradıcı surətdə yenidən
yaratmaqdadı. O şey ki həyatda ola bilməz, o, poeziyada da
yalandı. Poeziyanın bu cür müəyyənləşdirilməsi
fantaziyanı üzvi surətdə ruhun digər xüsusiyyətləri
və daha çox ağılla bağlayır. Həyatı əks
etdirə bilmək üçün hətta
yaradıcılıq istedadı da azdı: həyatı anlamaq
üçün gərək ağlın da olsun. Kim istəsə
ki, kağız üzərində də, yazdığı
şeirlərdə də şairliyi görünsün, o gərək
əvvəlcə qəlbən şair olsun. Poeziya təkcə
kitablarda deyil, o, həyatın nəfəsindədi".
Belinskinin sözünə söykək
kimi "525-ci qəzet"dən bir şeir oxumaq istəyirəm:
Deyəsən, bahar
Növbədənkənar gələcək.
İnsanlar lətifədən əvvəl
güləcək,
Canlılar doğulmazdan əvvəl öləcək.
Belə getsə, gələcək
özü də
Çox tez gələcək.
Dünyada hər şair öz üslubunu
yaradır. Yuxarıdakı şeir Fikrət Qoca
üslubundadı. Onu gendən tanıyırsan. Amma
yaşıdı Abbas Abdullanı tanımaq üçün
mütləq yaxına gəlməlisən. Əvvəlki
vuran-tutan, dəli-dolu Kəpənəkçi balası indi dəyişib,
mülayimləşib. Bəlkə də qocalıqdandı:
Gözünə döndüyüm qoca
dünya,
Məni də udacaqsan bir gün.
Ürəyim qalacaq yer üzündə
Heyif gedənə, yazıq qalana.
Dostu Tofiq Abdinsə qocalıb-eləməyib.
Publisistika, şeir kitablarını nəşr elətdirir,
İnternetdən çıxmır və özünü hələ
də tələbə sayır: Rəsul Rzanın tələbəsi.
Məruzəni davam etdirmək
üçün sözü tənqidçi Arif Əmrahoğluna
vermək istəyirəm: "Yaxşı olmağa
çalışmayan, olduğu kimi yaşayan Füruzə
xanım əlindən gələni bacardığı dərəcədə
gerçəkləşdirməklə məşğuldu:
şeir yazır, ali məktəbdə dərs deyir.
Özünə bir dünya yaradıb. Fərqinə varsaq da,
varmasaq da, ətrafımızda qapısı həmişə
və hamının üzünə açıq bu
dünyanın ünvanı çox sadə və
yaddaqalandı: Füruzə Məmmədli dünyası!"
Arif müəllimə, mənə dəstəyinə
görə, təşəkkür eləyib ədəbi fokusu
çoxdan obyektivin gözündən qıraqda qalmış
Məmməd İsmayıla tuşlamaq istəyirəm.
Dilək diləmişəm illərdən
bəri
Deməsəm, bir günah, desəm, bir
günah!
Qoruya bilmədim mən sevənləri,
Məni sevənləri qorusun Allah!
Azərbaycanda Türkiyə, Türkiyədə
Turan həsrətilə yazıb-yaradan Məmməd
İsmayılı durğu işarələrindən daha
çox nidaya bənzətmək olar. Amma üç nöqtəyə
oxşayan ədiblərimiz də var: son illər millət,
dövlət zirvəsindən insana, real aləmdən virtual
aləmə adlayan Vaqif Səmədoğlu, hamı ona sarı
gəlsə də, öz yerindən tərpənməyən
Ramiz Rövşən, qanadlı uçmaqdan bezib, qanadsız
uçmağa qərar verən Vaqif Bayatlı Odər.
Polyak qızı, mən sənə
Nəfəs deyim, ah deyim?
Çıxar xaçı sinəndən
Mən bir "bismillah" deyim.
Bu şeir Vaqif Səmədoğlunundu. O
da, "Nəfəs" kitablar kitabını çap elətdirən
Ramiz Rövşən də, "Yupyumru bir eşq ilə"
şeirlər kitabında köhnə əşarlarını
yeni və gözlənilməz variasiyada təqdim eləyən
Vaqif Bayatlı Odər də ötən əsrdə bəs qədər
oxucuya "bismillah" dedirməyi bacarıb. Amma yeni əsrin
oxucusu şeir oxuyanda yox, şeir görəndə qorxur. Təəssüf.
Sonunda da üç nöqtə.
Bu günlərdə 70 yaşı
yaxınlaşan, heç vaxt ad günü keçirməyən,
iclaslara qatılmayan, bir siqaretə söykənib dünyaya
baxan Ələkbər Salahzadənin qapalı
yaradıcılığı sanki mötərizə
içindədi. Ələkbər müəllim poetik mətləbi
nəinki oxucudan, nəinki qələm-vərəqdən, hətta
özündən də gizlədə bilir:
Adam bir yol
vaxt içindən bir iz,
bir yol
açıb gedə gələcəyə...
Yer üzündən,
bir üzündə,
şər üzündən,
lap özündən
köçüb gedə gələcəyə...
Nəsrini daha çox izlədiyim Azər
Abdulla haqda danışmağı növbəti məruzəçi
İlqar Fəhminin, Camal Yusifzadədən yazmağı
zamanın öhdəsinə buraxıram. Ənvər Əhməd
və Vahid Əziz yaradıcılığı isə vətəndaş
poeziyasından dissertasiya yazan tədqiqatçı alimlər
üçün kifayət qədər material verə bilər.
..."Ulduz"dan yerəcən pilləkənləri
sayan dostlarım məni aldatdı, geri dönmədilər,
amma mən pilləkənlərin sayını sizə mütləq
deyəcəm, indi əlimdə ağır yük var,
yuxarıdan daşıyıb aşağıya,
yaşlıdan cavana çatdırmalıyam...
Yuxarıdan söz düşmüşkən:
ədəbiyyatın və hakimiyyətin ancaq yuxarı
qatlarında qərarlaşan professor, millət vəkili Nizami
Cəfərov da bir vaxtlar Azərbaycan
yazıçılarının qurultayında məruzə eləyib.
Nizami müəllimin təcrübəsini nəzərə
alıb "mikrafonu" məmnuniyyətlə ona uzadıram:
"Ədəbi aləmlə ilk
tanışlığımda üç adın adətən
yanaşı çəkildiyini gördüm: Nüsrət Kəsəmənli,
Sabir Rüstəmxanlı və Çingiz Əlioğlu...
Sonralar onları da, tale necə birləşdirmişdisə, o
cür də hərəsini bir yana atdı. Müxtəlif
üslublar, yaradıcılıq maneraları üzərində
kökləndilər. Ancaq bu bir həqiqətdir ki, hər
üçü müasir Azərbaycan poeziyasında ən
nihilist mövqedən belə danılması mümkün
olmayan iz qoydular.
Nüsrət Kəsəmənli
dünyadan, çox təəssüf ki, tez getdi, bununla belə
onun adamın iliyinə işləyən, həyatın
özü qədər təbii lirikası o qədər
canlıdır ki, müəllifin fiziki yoxluğuna bu günə
qədər inanmaq çətindir.
Sabir Rüstəmxanlı elə gəncliyindən
gələn xarakteri ilə nə qədər ictimai-siyasi,
ideoloji polemikalara qoşulsa da, bu sahədə nə qədər
parlaq görünsə də, özünəməxsus
şair obrazını yarada bildi... Və bu obraz onun
yaradıcı şəxsiyyətinin, genişmiqyaslı fəaliyyətinin,
elə bilirəm ki, mərkəzində dayanır.
Nüsrət Kəsəmənlinin
lirik-psixoloji, Sabir Rüstəmxanlının lirik-publisistik
üslubuna paralel olaraq üçlüyün
üçüncü nümayəndəsi Çingiz Əlioğlunun
lirik-metafizik üslubundan danışmaq olar. Hər
üç üslub eyni dərəcədə emosional, hətta
üsyankardır, ancaq üçüncü üslub həm də
eksperimentaldır... Nüsrət Kəsəmənli ilə
Sabir Rüstəmxanlının ilhamının obyekti,
fakturası həmişə çox konkret olduğu halda,
Çingiz Əlioğlunun şair ilhamı barədə bunu
demək olmaz; o, çox zaman tamamilə mücərrəd,
qeyri-müəyyən fakturadan - heç nədən şeir
yarada bilər (və bilir)!.. Çingiz Əlioğlunun
şeirlərində söz-leksikon o qədər güclü,
enerjilidir ki, qrammatikanı bütünlüklə
sıxışdırır, ikinci, hətta
üçüncü plana keçirir. O bunu edə bilər
(və edir)!.. "
Adətən, kitab və romanlara şifahi
xeyir-dua verən Nizami Cəfərov bu dəfə fikirlərini
özü qələmə almağa yaxşı ki, vaxt tapa bilib.
Azərbaycan ədəbiyyatının
az yazan, çox tanınan isimlərindən olan Zakir Fəxri nəhayət uzun illərdən
sonra kitab çıxardı. "Qalmaz belə, qalmaz
dünya" misrası Zakir müəllimin kimlik kartı,
eyniadlı kitab isə onun külliyyatıdı. Zakir müəllimin
yanında çox ləngiməyək, yoxsa başımı
qatıb məni də yazmağa qoymayacaq.
Zəlimxan
Yaqubun təkcə adını çəkmək insanın
üzündə ilıq təbəssüm yaradır. Poeziyada
da, vəzifədə də, həyatda da Hüseyn Arifi
xatırladan Zəlimxan müəllim şeirlərini sözlə
yox, səslə yazır. Onun "Peyğəmbər"
poemasını çətinliklə oxusan da,
yazdıqlarını öz dilindən məmnunluqla dinləyirsən.
Deyəsən, Çingiz Əlioğlu onu hardasa "Azərbaycan
poeziyasının imperatoru" adlandırmışdı.
Bilmirəm, ciddi, ya zarafatla...
Zarafat və
mübaliğəsiz deyərdim ki, artıq üzünü
saqqal basmış qəzəl janrının ən
yaxşı nümunəsi Ələmdar Mahirdir. Mahcamal,
İsgəndər Etibar, Rafiq Dağlı, Əvəz
Qurbanlı,"Şəms" ədəbi birliyinin əksər
üzvlərinin qəzəl janrına marağı da diqqət
çəkir.
Artıq
altmış yaşını haqlamaqda olan Adil Mirseyid hələ
də eksperiment axtarışları və Paris sevdasından
doymayıb - qənaətindəyəm.
fransız şərabında
cinayət qoxusu
var
divarların rəngində
intihar qorxusu var...
...mən talesiz adamam
müsyö baş qoşma mənə
rus ruleti oynamaq keçir
könlümdən yenə.
Aydın məsələdi ki, Adil Mirseyidi
Fransaya səfir də göndərsələr, o yenə
Ötən əsrin sonlarında
çıxardıqları "Yol" qəzetiylə ədəbi
mühitdə canlanmağı bacaranlardan biri də Rasətdi.
Azərbaycan Yazıçılar Birliyinin nəşrlərində
imzasına rast gəlmədiyim Rasətin portallardakı fəallığı
hələ də qəzet və jurnallara əlyazma
daşıyan yaşıdları üçün örnək
ola bilər.
Mədəniyyət və Turizm Nazirliyində
məsul vəzifədə çalışan, iş
otağından nadir hallarda çıxa bilən Vaqif Bəhmənli
entuziazmı hesabına hekayə, məqalə və əlbəttə,
şeir yazmağa vaxt tapır. "Poeziya" kitabına
yazdığım "on söz və yüzlərlə
işarə"dən bir neçəsini diqqətinizə
çatdırmaq istəyirəm:
"Mənə elə gəlir ki, Vaqif
müəllimin indiyəcən nə xətrinə dəyən
olub, nə də o, bir kimsənin ürəyini qırıb.
O, bu dünyada bu dünyayla hesabı açmadan
yaşayır: O:O. Amma şeirləri belə deyil, ürəyi
qırılanı da var, ürək qıranı da; sənə
toxunanı da tapa bilərsən, sənin toxunduğunu da!
Şeirlərində hesab çoxdan açılıb. Kimin
xeyrinə? Bax, bunu hesab sahibindən soruşmaq
lazımdı."
Ötən illər ərzində Rafiq
Yusifoğlu, Hamlet İsaxanlı, Paşa Qəlbinur və
Elçin İsgəndərzadə həm alim, həm də
şair kimi elmə və ədəbiyyata bacardıqları qədər
xeyir verməyə çalışdılar.
Bu günlərdə mənə redaktə
eləmək üçün son dərəcə maraqlı
bir xanım haqda material göndərmişdilər. Azərbaycan
əsilli madam Gübek şəkil çəkir, mahnı bəstələyir,
ssenari yazır, alpinizmlə məşğul olur. O, Monako
krallığında rəsmi nikaha girən ilk azərbaycanlı
kimi də diqqətimi çəkdi. Nədənsə, Mahirə
Abdullanı xatırladım: şeir yazan, psixoloq, rəsm
çəkən, proza və publisistika ilə məşğul
olan Mahirə xanımı. Onun çoxşaxəli
yaradıcılığı adamı - hansı Mahirə
Abdulladan danışasan - sualı ilə üz-üzə
qoyur.
İslam Sadıq, Şöhrət
Qaraoğlu, Rüstəm Behrudi, Xosrov Natil, Yalçın Qoca,
Samir Sədaqətoğlu, Şərif Ağayar, Zahir Əzəmət,
Nazim Əhmədli, İltifat Saleh, Ramiz Qusarçaylı,
Sabir Sarvan, Məmməd İlqar, Məmməd Dəmirçioğlu,
İnqilab Orxan, Məhəmməd Astanbəyli, Rafael İncəyurd,
Vüqar Əlisoy, Əlişirin Şükürlü, Rizvan
Nəsiboğlu, Elsevər Məsim, Qədiməli Əhməd,
İsmayıl İmanzadə, Əziz Musa, Namizəd
Xalidoğlu, Mübariz Məsimoğlu, Əhməd Qəşəmoğlu,
Qurban Cəbrayıl, Sevinc Arzulu, Elnarə Şəms, Simuzər
Nüsrətbəyli, Güləmayıl, Reyhan Kənan, Zərəngiz
Dəmirçi, Mənsurə Qaçayqızı, Esmira Məhiqızı,
Sevinc Nuruqızı, Gülşən Behbudqızı... Hələ
siyahıda şerin nə qədər oğlu, qızı var?
Amma onlar haqda az-çox yazılıb-deyildiyindən diqqətimizi
diqqətdən kənarda qalan bir imzaya yönəldək -
Xasay Mehdizadəyə. Şeirləri də özü kimi təvazökar
və utancaq.
Çətin ki, tapasan bu səs-soraqla,
Mən kirpik altında bir damla suyam.
Dindirmək istəsən,
ağzımı bağla;
Onda daha yaxşı danışasıyam.
Şeirlərini oxuduğum müəlliflərin
siyahısını bir də gözdən keçirirəm.
Taleh Həmid, Allahverdi Təhləli, Mehman Qaraxanlı, Kəmaləddin
Qədim, Vasif Qurbanzadə, Fəxri Müslüm, Kənan
Hacı, Sevil Gültən, Akif Əhmədgil, Adil
Şirin,Tofiq Qaraqaya, Fərəc Fərəcli, Mahmud Vəli,
Avdı Qoşqar, Adil Cəmil, Ağacəfər Həsənli,
Musa Ələkbərli, Barat Vüsal, Sabir Yusifoğlu, İsa
Sevər, İbrahim İlyaslı, Bəydadaş Cəfərli,
Yafəs Türksəs, Dayandur Sevgin, Elbariz Məmmədli,
Vasif Süleyman, Xatirə Rəhimbəyli, Eldar İsgəndərzadə,
Əbülfət Mədətoğlu, Kəramət, Əlirza
Həsrət, Valeh Bahaduroğlu, Sərvaz Hüseynoğlu, Əli
Nəcəfxanlı, Zakir Sadatlı, Ədalət Salman, Saday
Şəkərli, Fəxrəddin Əsəd, Tərlan, Tofiq
Nurəli, Fəxrəddin Ziya, Gülxani Pənah, Nazilə
Gultac, Namiq Hacıheydərli, "Pərvanə" və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvləri (yeri gəlmişkən:
yaradıcılığında bir sıra keyfiyyət dəyişikliyi
aparan Əkbər Qoşalı DGTYB başqanı kimi
türkdilli mədəniyyətlərin inteqrasiyasında da
xeyli iş görür). Hələ bu hamısı deyil: Zirəddin
Qafarlı, Vahid Aslan, İbrahimxəlil, Rafiq Hümbət, Nəsib
Nəbioğlu, Fəxrəddin Meydanlı, Rəşid
Faxralı, Səxavət Talıblı, Elbəyi Cəlaloğlu,
Mirdamət Əziz, Kəmalə Ağayeva, Şəfəq
Sahibli, Aləmzər Sadıqqızı, Mina Rəşid, Həyat
Şəmi, Rəsmiyyə Sabir. İmkanım olsa, onların
hər biri haqda danışardım.
Qeyd dəftərimdə Rafael Tağızadənin
bir misrasının altından xətt çəkmişəm.
Görək o nə xətdir elə? "Cəbhə bölgəsində
qoz qabıqdan elə çıxır ki, düşmən səs
eşidib atəş açmasın". Yox, Rafael dəqiq
belə yazmayıb, mən misranı bu şəklə
salmışam. Son illər həm proza, həm də poeziyada
özünəməxsus nümunələr yaradan Əjdər
Olun realist şeir tabloları ədəbi sərgimizin gözəgəlimli
yerində asılıb. Sağ qolunu Qarabağ müharibəsində
itirmiş döyüşçünün obrazına siz də
baxın:
Tək qol - təkcə qanaddı, yetməsə
də uçmağa
Amma ki, bəs eləyir tək balamı qucmağa.
Bircə şeyə yanıram, nə yara,
nə xəstəlik -
Əldən getdi Qarabağ, sağ qolum da
üstəlik...
Qarabağ mövzusunda Ədalət Əsgəroğlu
"Dərdimizin qan rəngi" adlı poema yazıb müxtəlif
dillərə tərcümə elətdirdi. Onun
"Soydaş" poeması isə, adından
göründüyü kimi, xaricdə yaşayan həmvətənlərimizə
həsr olunmaqla, mövzu aktuallığı ilə
seçilir. Bu mənzum hekayələrdə forma və məzmun
nə qədər yenidirsə, Əsgəroğlunun şeirlərindəki
ab-hava - nə az, nə çox - elə bir o qədər qədimdi:
Əsgəroğlu, aç
düyünü,
Gör Mövlamın gördüyünü.
Yoxsa sənin beş gününü
Qaraldar, bir gün eyləməz.
80-ci illərin dəyərli imzalarından
olan Şaiq Vəlinin yeni şeirlərinə rast gəlmədim;
Maarif Soltan, hərdən də olsa, şeirlərinin
altındakı tarixi təzələməyi bacardı; Zahid
Sarıtorpaq isə inanılmaz dərəcədə dəyişib:
Ömür bir ayin kimi bitər hərgah
Zikrinə qoşulmağa nəfəsi
çatmaz kimsənin
Gün yalamış qar kimi
Ləhləyər göyün
aydınlığına
Qaraçuxası yatmış ömür
Amma dibində üzüldüyü
Gül kolundan xəbəri olmaz.
Ənənəvi şeri modernizmə dəyişənlərdən
biri - son beş ildə Azərbaycanda beş, xaricdə beş
kitab basdıran Qəşəm Nəcəfzadənin məhsuldarlığı
diqqət çəkir. 2007-ci ildə Hollandiyada keçirilən
38-ci Beynəlxalq Poeziya festivalında iştirak eləyən Qəşəm
çoxumuzdan fərqli olaraq, öz saytını və xarici əlaqələrini
qurmağı bacardı. Onun yaradıcılığı da
müəllifin özü kimi qalmaqallıdı. Qəşəm
Nəcəfzadəni novator adlandıranlar da, ümumiyyətlə,
bəyənməyənlər də var. Maraqlısı budur
ki, Qəşəm öz şeirləriylə iki
qardaşın - Azərbaycanın tanınmış tənqidçiləri
Vaqif və Cavanşir Yusiflilərin arasında nifaq sala bilib.
Yenə şerimlə tək qaldım
Yenə sehr ilə bağlandım...
Yenə dünya o tərəfdə
Mən də...
Bu yandan saxlandım...
Aranda yaşayıb-yaradan Nisə Bəyimin
şeirləri təndirdən çıxan çörək
kimi istidir (təndir deyəndə fərqanənin eyniadlı
şeri yada düşür:
Əyninə özgə don geyməyən
anam
Təndir tüstüsündən yüz
don geyinib.
Başını bir kəsə əyməyən
anam
Təndirə çatanda min yol əyilib.)
Eyni hərarəti Məlahət
Yusifqızının, Bəsti Əlibəylinin şeirlərindən
də duymaq olar. Azərbaycan Milli Elmlər Akademiyası Nizami
adına Ədəbiyyat İnstitutunda 2009-cu ilin ədəbi
yekunlarına həsr olunmuş məruzədə adı
uğurlu imzalar içrə çəkilən
Narıngülün şeirləri isə, əksinə, buz
kimi soyuqdu:
Son vaxtlar oxuduğum fəlsəfə
kitabları və adamlar
Məni çıxılmaza aparır
Çəkilib bir küncdə
Adamlardan gizlənmək istəyirəm,
Utanıram
Adamların məni sevməməsindən.
80-ci illər poeziyasının az
tanınan imzalarından olan Baloğlan Cəlil İdrisi
ölkədən uzaq düşsə də, yaxşı ki, qələmdən
aralanmayıb. Hərdən uzaq başqırd ellərindən
onun namələrini alıram:
Mən böyük şair ola bilərdim
ən böyük!..
...İndi mən - Baloğlan Cəlil
İdrisi
Bir-iki söz yiyəsi
Yalnız və yalqız
Qürbətdə oğlanlarım
üçün yaşayır
O qız üçün yazır
Vətən üçün ölürəm...
Qürbətdə Azərbaycan
poeziyasını təmsil edənlərdən biri də bir
vaxtlar - mənim kimi - qonşu respublikaya oxumağa göndərilən
və hələ də Estoniyadan geri dönməyə macal
tapmayan Xaqani Qayıblıdı. Tartu Universiteti türk dili mərkəzinin
rəhbəri işləyən Xaqaninin (o, həm də
"Ulduz" jurnalı redaksiya heyətinin üzvüdü)
"40 yaşım, 40 sözüm" şeirlər
kitabı müəllifdən hələ çox şey
ummağa əsas verir. Sultan Mərzili son vaxtlar saytlardan
düşmədiyindən adama qərib gəlmir. Onun
moskvalı həmkarı Nəsib Nəbioğlu ədəbiyyatımızın
təbliğində gücü çatan işdən yapışır.
Məruzəmin üstünü
saysız-hesabsız sitat və elmi məqalələrdən
özəklərlə örtmək istəməzdim,
çünki onsuz da məruzənin içində adam
çoxluğundan hava çatmır. Bəzi imzaların
üzərində dayanmaq da olardı, amma arxadan gələn
siqnal səsləri vaxt tıxacından xəbər verir.
Odur ki, ənənəçi İlham Qəhrəmanın,
modernist Əlizadə Nurinin, sürrealist Xaqani Hasın,
postmodernist Həmid Herisçinin, Rasim Qaracanın, Murad
Köhnəqalanın yaradıcılığından
ayrıca danışa bilmirəm. Güney Azərbaycan,
Qarabağ, Naxçıvan, Borçalı, eləcə də
o biri yurd yerlərimizin ədəbi mühitini "Ulduz"da
işıqlandırmağı
planlaşdırdığımız üçün onlar
haqda sözüm sonraya qalsın!
Qeyd dəftərçəmdə Balayar
Sadiqin "Əzrayılın ayaq izləri xəcalətdən
yerə girmişdi" misrası, Azad Yaşarın "Cinayətkar"
şeri və faiq Balabəylinin "Zindan" silsiləsinin
altından yaşıl xətt çəkilib. Etimad
Başkeçidin folklor assosiasiyalı üslubundan "Nabran
novellası" kitabımda qənaətlərimi
bölüşmüşəm. "Notasiya" silsiləsi əslində
çoxdan tanıdığım Salamın hecada
darıxmağından başqa bir şey deyil: o, elə əvvəlki
Salamdı!
"Torqovı peyzajı" kitabı və
"Polonez" poemasını oxuduğum Elxan Zal Qaraxanlı əski
ozan təfəkkürü ilə modern düşüncəni
bir araya gətirmək amacındadı. Torqovı küçəsində
XXI əsrin adamını qəfil qədim əyyam mənzərələriylə
rastlaşdıran Elxanın şeirlərində nələrə,
kimlərə rast gəlmirsən: Misir sivilizasiyasına aid
olan Amon-Ra, Osiris, İzida; Şumer və Göytürk mədəniyyətinin
qəhrəmanları: İştar, Tan-Ra, İmay, Çulpan,
Ötügen, Alp Ər Tonqa; qədim yunan mifologiyasından:
Esxil, Helen, Paris, Orfey; eləcə də, Çe Gevara, Zəki
Müren, Elton Con.
Biz dollar yaşılının nəşəsindəyik
Daha Çe Gevara zamanı deyil
Marksı da unudub məktəblərdə
Tərli şüşələrdən
pivə çəkə-çəkə
Azadlığa heykəl qoyduq
ruslu-türklü.
Ötən beş-altı il ərzində
xaricdə ən çox çap olunan həmkarlarımızdan
biri də Səlim Babullaoğludu. Dünya ədəbiyyatından
nümunələri dilimizə çevirən Səlim öz
şeirlərini də əcnəbi dillərə tərcümə
elətdirməyə imkan tapıb və müsbət rəylər
qazanıb. Onun "İlyas Köçmənin şəkil dəftəri"
kitabı tərtibat, forma və üslubuna görə diqqəti
çəkir. "Maskalı adamların himni"ndə
oxuyuruq:
Kim oxuyur alnımızdakı
sətir-sətir qırışları
kim? Hansı dilçi, hansı xəttat,
Axı, bu yazılara baxan kimsə
bu xətti tanımaz...
...Kim bilir, bəlkə elə bizim
özümüz də
arada güzgüyə baxanda
çaşmalıyıq
bəlkə biz də özümüzə
arabir
özgə üzüylə
baxmalıyıq.
Həmişə başqalarının
şerindən yazan Əsəd Cahangir birdən-birə iki
poema - "O adam" və "Namaz" - qələmə
aldı. Əslində, bu heç də birdən-birə
olmadı. Əsəd hələ Cahangir yox, Əsədli
olanda şeir yazırdı. Qoy bu da məruzənin ilginc
açıqlaması olsun! Əsəd öz poemasında sufi ənənələrini
modern versiyada təqdim etməyə çalışır:
Baxma qanlı dişinə, yaquardı,
vaşaqdı,
Nə ki var dördayaqlı,
Ömrünün sonunacan iməkləyən
uşaqdı.
Ağzı süd iyi verir qanəmər vəhşilərin.
Azərbaycanda nadir hallarda rast gəlinən
şair cütlüyü: Dəyanət Osmanlı-Səhər,
Xanəmir-Ayişə isimləri nədənsə adamda
müqayisə marağı yaradır. "İlk və
son" modernist şeirlər kitabının müəllifi Dəyanət
ənənəçi Səhərlə tamam başqa ampluada
dayanır.
Xanəmirlə Ayişə xanımın
torpağısa bir yerdən götürülüb. Fərq
ondadır ki, Xanəmiri anlamaq üçün təkcə
şerin dilini bilmək bəs eləmir, gərək quş
dilindən də baş çıxarasan:
ey dili qafil fil faili
məchul fani f...
dili söz tutmayıb
gözü tütləyən
beyni fikir uçurtmayan
oğlumun başında
gün işığı qaynayır
gün şaxıyır can oynayır
Əkrəm Əylislinin Fikrət Qoca haqda
yazısında belə bir mesaj var: "Şeir ola bilər ki,
başa düşülməsin. Heç başa
düşülmədiyi də olur. Amma şeir əgər
şeirdisə, ola bilməz ki, heç vaxt başa
düşülməsin". Mən bu məruzədə nə
indi, nə də gələcəkdə anlaşılacaq
şeirlərdən danışmayacağam. Onlara hər yerdə
rast gəlmək olar (yaxşı şeir deyil ki,
çıraqla axtarasan): "Ulduz"da, "Azərbaycan"da,
"525"-də, "Ədəbiyyat qəzeti"ndə,
"Alatoran"da, "lit.az"da, "kultaz.com"da,
"azadlıq.org"da, "Bayatı" kitab
mağazasında, "Akademiya-kitab"da. Mən onlardan
nümunə gətirməklə yuxarıda adı çəkilən
şairlərə hörmətsizlik eləmiş olardım.
Onları toplayıb Anar müəllimin çoxdan yaratmaq istədiyi
"Küftə" mükafatına (AYB sədri "Əsli
ilə Kərəm çöllü-biyabanda kefdədilər,
Sarmaşıblar bir-birinə sanki küftədilər"
şerini oxuyandan sonra bu fikrə düşüb) təqdim eləməyəsə
bəhanə axtarmayacam.
Ey prus cavanı, sən gərək
müsəlman olasan,
Həsrətdən vüsala keç
sünnətin öldürdü məni...
Nuridə Atəşinin son şeriylə
bu mövzunu qapadaq. Həm də ayrılıq vaxtıdı.
"Bəs ayrılıq nədir ki, - bir addım, Nə fərqi
var, sən atdın, mən atdım" (İlqar Fəhmi). Hərəmiz
bir addım atıb 2004-10-cu illər Azərbaycan
poeziyasını gəzib-dolandıq. O ki qaldı söhbətin
əvvəlinə, yəni "Ulduz"dan yerə qədər
pilləkənlərin sayına, onu heç mən
özüm də dəqiq bilmirəm. Bildiyim odur ki, əruzda,
hecada, sərbəstdə yazılan bircə şeirlə də
yerdən "Ulduz"a, yəni səmaya çatmaq olar.
Məruzə, iclas adətən adamı yorur,
yatanlar, hətta yuxu görənlər də olur.
Əgər məruzəm sizi yatmağa
qoymadısa, lütfən, məni təbrik eləyin.
Yox, yatdınızsa, onda 2004-10-cu illər
Azərbaycan poeziyasını bir yuxu bilin...
Qulu AĞSƏS
Ədəbiyyat
qəzeti.- 2011.- 4 mart.- S.4, 6.