"Məclis
yaraşığı"ndan sovqatlar
Nökər
- Nə verim, mənə nökər olasan?
- Ancaq çörəyimi ver.
- Mənə bir az təfavüt qoy.
- Şənbə və bazar günlərində oruc tutaram.
İkiarvadlı
Birisinin saqqalı çallanmışdı. Bunun biri qoca və biri cavanə iki övrəti var idi. Cavanə hər gecə bunun saqqalını, ağ tüklərini və qoca da qara tüklərini qoparırdılar. Axırda kişi saqqalsız qaldı.
Şəriətdə
Bir örvət
ərini qazının
yanına götürdü
ki, mənim çörəyimi və
suyumu verməyir.
- Yalan deyir. Ona su həme vəqt verirəm, amma çörəyə qüdrətim yoxdur, - deyib kişi cavab verdi.
Əcr
Birisi o birindən bir şey istədi. Verməyib
başladı söyməyə. Kişi dedi:
-
Canım, nə üçün söyürsən?
- İstəmirəm
əcrsiz gedəsən, - deyib cavab verdi.
Təvəqqe
Birisi
birisinə:
- Mənim
səndən bir balaca təvəqqem var, - dedi.
- Qoy
böyüsün, - deyib cavab verdi.
Ata və oğul
Birisi oğlunu
bazara göndərdi ki, bişmiş qoyun kəlləsi
alsın. Oğlan gedib alıb gətirəndə yolda
gözünü, qulağını və dilini yedi. Evə
gələndə atası ilə aralarında bir belə
söhbət oldu:
- Bunun
gözü necə olubdur?
- Kor idi.
- Bəs
qulağı?
- Kar idi.
- Bəs
dili?
- Lal idi.
Elə isə apar qaytar.
- Hər
eybilə almışam.
Müəllim və şagird
Birisi söyləyir
ki, gördüm bir müəllim şagirdə təlim verir. Şagird müəllimdən
sual eyləyir, müəllim də cavab verir:
-
İncili-Şərifi kim xəlq etdi?
- İmranın oğlu Musa.
- Adəmin
atası kim idi?
- Nuh.
Bu
sözü eşidib dedim:
- Nuh Adəmin övladından idi.
- Adəmi
mənə tanıdacaqsan? - deyib müəllim
əmr eylədi şagirdlər məni o qədər
döydülər ki, xəstə oldum.
Birisi bir
naxoşun əhvalını xəbər aldı. Naxoş dedi:
- Həm
qızdırıram və həm də boynum
ağrıyır. Amma dünən
qızdırmam sındı, boynum hələ
ağrıyır.
- Kişi
dedi:
- Qəm
çəkmə, inşallah, boynun da tezliklən sınar.
Ac
Bir kişi acından yolun bir kənarında
oturub ağlayırdı. Ayrı bir kişi
də əlində çörək gəlib keçəndə
bunu belə görüb o da oturub ağlamağa
başladı. Bu halda yol ilə gedən bir
üçüncü kişi bunları
görüb ağlamaqlarının səbəbini soruşanda
ikinci kişi dedi:
- Bu,
acından ağlayır, mən də onun əhvalına
ağlayıram.
- Niyə
əlindəki çörəkdən vermirsən ki, nə o
ağlasın və nə də sən?
-
Çünki çörəyi pul ilə verirlər, amma
ağlamaq müftədir, - deyib ikinci cavab verdi.
Dəllək
Bir dəllək
bir şəxsin başını qırxırdı. Ülgüc
kürüş olduğuna cəhət çox incidirdi.
Axırda bundan dəllək soruşdu:
- Siz
neçə qardaşsınız?
- Hərgah
sənin əlindən salamat qurtarsam, dörd qardaşıq, -
deyib kişi cavab verdi.
Yuxu görən
Birisi deyirdi
ki, bir yuxu görmüşəm, yarısı doğru,
yarısı yalandır.
- Bu necə
ola bilər? - deyib ondan
soruşanda cavab verdi:
-
Çünki yuxumda gördüm ki, bir çuval pul tapıb
belimə atıb aparıram və çuvalın
ağırlığından belim ağrıyırdı. İndi durmuşam, çuval yoxdur. Amma belimin ağrısı durur.
Oğru
Bir oğru
əlində bir nərdivan bağa girdi. Bağ sahibi bunu tutub dedi:
- Nəçisən?
- Nərdivan
satıram.
-
Bağda nərdivan satıldığını kim görmüş? - deyib
bağban oğrunu sarıdı.
Məsələ
Birisi birindən soruşdu:
- Qəlyə
"qaf"nandır, yoxsa "ğeyn" ilə?
- Nə
"qaf" ilədir və nə də "ğeyn" ilə.
Bəlkə ət və soğan ilədir, - deyib cavab verdi.
Üzr
Birisi birindən
əmanət at istədi. At sahibi dedi ki, atım qaradır.
- At qara
olanda nə eyib eylər? - deyib soruşanda:
-
Üzrdür, bu da bəsdir, - deyib at sahibi cavab verdi.
Üç övrətli
Bir qoca kişi bir həkimin
yanına gedib:
-
Üç övrətim var. Belim başım
ağrıyır, mənə əlac nədir? - deyib əlac istədi.
- Əlac
üç təlaqdır, - deyib cavab verdi.
Şər
Bir kişi hər vaxt hamama gedəndə
hamamçıya şər atırdı ki, mənim filan
şeyimi oğurlayıbsınız və bu vəsilə ilə
hamamın pulunu verməyib gedirdi. Axırda bunu
hamama qoymayırdılar. Bir gün bununla
şərt eyləyib hamama buraxdılar ki, deməsin mənim
filan şeyim oğurlanıbdır.
-
Özünüz insaf edin, mən hamama beləmi gəlmişdim?
- dedi:
Hamamçı
gülüb paltarlarını özünə verdi.
Zalım padşah
Bir padşahın
əmri ilə bir vilayəti qırıb adamlarını əsir
götürmüşdülər. Əsirlərin
içində bir övrət də var idi. Padşah bunu nə qədər dindirdisə, övrət
cavab verməyib, bunun üzünə baxmadı.
Axırda birisi övrətə dedi:
-
Padşah səninlə danışır, niyə onun
üzünə baxmayırsan?
- Necə
baxım bir adamın üzünə ki, Allahın
gözündən düşübdür, - deyib cavab verdi.
- Hardan
bilirsən ki, mən Allahın gözündən
düşmüşəm? - deyib padşah
soruşdu.
- Hərgah
padşah Allahın nəzərində olsaydı, bu zülmlə
onu qoymazdı, - deyib övrət cavab verdi.
Həsəd
- Qohumlarından kim sağdır? - deyib bir dövlətlidən soruşdular.
- Dövlətimə
paxıllığı tutan və ölümümü istəyənlər,
- deyib cavab verdi.
Hiylə
Birisi yəhudilərin yanına gəlib dedi:
- Mənə
qırx gün çörək verin, yəhudi olum.
Yəhudilər buna qırx gün çörək
verdilər.
Axırda buna "yəhudi ol" deyəndə, cavab verdi ki:
- Qəribə
axmaq adamlarsız, qırx ildir ki, mənə müsəlmanlar
çörək veribdilər, mən hələ müsəlman
olmamışam. İndi istəyirsiz qırx
gün sizin çörəyinizi yeməklə yəhudi olum?
Tamah
Özündən tamahda artıq adam
gördünmü? - deyib bir tamahkardan
soruşdular.
- İnsanlarda görmədim, amma heyvanlarda gördüm. Bir gün
saqqız çeynəyə-çeynəyə gedirdim. Bir zəif və arıq it mənim
ağzımın tərpənməyini görüb elə
bildi ki, mən bir şey yeyirəm. Beş
ağac mənim dalımca getdi. O it məndən tamahda
artıq idi.
Kar
Bir kar öz həmsöhbətinə dedi:
-
Keçmişdə inəklər mələrdilər. Amma indi ancaq ağızlarını
açıb-yumurlar.
- Bəli,
keçmişdə sən də eşidirdin, amma nə fayda
ki, indi eşitmirsən, - deyib cavab verdi.
Keçəl
Keçəlin hamamda papağını oğurladılar. Keçəl papağı
axtaranda buna dedilər:
- Sən
papaqsız gəlibsən.
Keçəl
dedi:
Ay camaat! Bu başın açıq olduğunu
görübsüz?
İki bədsurət
İki bədsurət
bir yerdə oturmuşdular. Bunların birisi güzgüyə
baxıb dedi:
- Bizi Allah qəribə bədsurət yaradıbdır.
- Bizi demə!
Deginən məni, - deyib o biri cavab verdi.
Əvvəlinci
kişi güzgünü yoldaşına
uzadıb dedi:
- İnanmırsan
al, sən də bax!
Cavab
Hakim otağından adam
çağırdı. Nökərin biri səs verib gələndə
hakim dedi:
- Mən
ağıllı bir adam istəyirdim.
- Hər
kəsin ki ağlı var idi, burada qalmayıb getdi, - nökər
cavab verdi.
Burun
Birinin burnu
çox yekə idi. Bu bir gün övrətinə dedi:
- Mən
çox səbirli adamam!
- Hərgah
səbrin olmasaydı, bu burunu qırx il gəzdirməzdin,
- deyib övrət cavab verdi.
Münəccim
Bir münəccimi
dar ağacından asırdılar. Bundan soruşdular:
- Bunu
öz taleyində görmüşdünmü?
- Öz
taleyimdə bir ucalıq görmüşdüm, amma burda
olacağımı güman etməzdim.
Yalançı
Birisi Allahlıq
iddiası edirdi, bunu tutub padşahın yanına gətirdilər. Padşah dedi:
-
Keçən il birisi də peyğəmbərlik
iddiası edirdi, onu öldürtdüm.
-
Yaxşı eylədin, çünki onu mən göndərməmişdim,
- dedi.
Hirsli
Birisi hirslənmişdi. Bundan bir
söz xəbər aldılar. Dedi:
- İndi mənim ağlım başımda yoxdur.
-
Ağlın əvvəldən də yoxdur, indi başında
olmayan nədir? Onu söylə, - dedilər.
Xidmətkar
Padşahın nədimlərindən birisi saqqalını
oynatmağı adət etmişdi. Bir gün padşah buna dedi:
- Əgər bir də saqqalını oynatsan əlini kəsdirrəm.
Yenə
bir gün padşah buna dedi:
- Məndən
bir şey istə ki, rəva edim.
-
Xahiş edirəm ki, mənim saqqalımın ixtiyarını
özümə verəsən!
Təlim
Bir övrət
oğlunu dəmirçinin yanına qoydu. İki
gündən sonra daha göndərmədi. Dəmirçi övrəti görüb oğlunun gəlməməyini
soruşdu.
-
Oğlum dəmirçiliyi öyrənibdir.
- Necə
öyrənibdir?
- Hərgah
istəsə şiş qayırsın, dəmiri uzun eyləyəcəkdir.
Bel qayıranda yastı və ucu ensiz eyləyəcəkdir,- dedi.
- Qurban
olum belə fərasətli övlada ki, iki gündə dəmirçiliyi
özü də öyrəndi, anasına da öyrətdi! - deyib dəmirçi getdi.
Hazırcavab
Bir səyyad
iki balıq tutub padşaha gətirdi. Padşah əmr eylədi
ki, ona dörd min dirhəm versinlər. Övrəti
padşaha məzəmmət eylədi ki, iki balıqdan
ötrü də dörd min dirhəmi vermək
olardımı? Padşah dedi:
-
Vermişəm keçib gedibdir. Daha qaytara bilmərəm.
- Əmr eylə onu qaytarsınlar. Ondan xəbər
al ki, balıq erkək idi, yoxsa dişi. Əgər
desə ki, dişi idi deyinən mənə erkək
lazımdır və əgər desə ki, erkəkdir, deginən
mənə dişi lazımdır. Bu vəsilə
ilə balığı qaytarıb pulu geri al.
Padşah əmr eylədi, kişini qaytardılar. Bundan xəbər alanda dedi:
- Mənim
balığım xonsa idi. Nə erkək idi, nə
dişi.
Padşahın cavab xoşuna gəldi, dörd min dirhəm
də bağışladı.
Gözü xarab olmuş
Birisinin gözü xarab olub su axırdı. Bunun belə nədən
olduğunu bir nəfər xəbər alanda dedi:
- Nahəmvar
və pis adamların üzünə baxmaqdan.
Möcüzə
Bir şəxs
peyğəmbərlik iddiası edib deyirdi ki, mən İbrahim
Xəliləm.
Padşah bundan İbrahim Xəlilin möcüzəsini
istədi. Kişi dedi:
- Bir az asanını istə.
Padşah həzrəti Musanın möcüzəsini istədi. Kişi dedi:
Bir az da asanını istə.
Padşah həzrəti İsanın möcüzəsini
istədi.
Kişi dedi:
- Bunu
bacararam. İzin ver, vəziri öldürüm
və təzədən dirildim.
-
Möcüzə o kəs üçün lazımdır ki, sənə
inanmaya, mən əvvəldən inanmışam! - deyib vəzir
cavab verdi.
Ədəbiyyat qəzeti.- 2011.-
18 mart.- S.8.