Xalqımızın
müstəsna xidməti
"Xalqların lap qədimlərdən gələn çox gözəl və maraqlı bayramları vardır. Bu bayramlarda insanlar həmişə həyatın çətinliklərini, dərd-qəmini unutmağa çalışıblar. Çalışıblar ki, bayramı ruh yüksəkliyi ilə və əməyə məhəbbətlə qeyd etsinlər.
Azərbaycanda Novruz ən qədim bayramlardan biridir.
… Bütün qadağanlara baxmayaraq, xalq Novruzla əlaqədar
bir-birindən zəngin, rəngarəng nəğmələrini,
adətlərini, oyun və tamaşalarını yaşada
bilmişdir. Tanınmış
folklorşünasımız, filologiya elmləri doktoru, professor Azad Nəbiyevin böyük zəhməti
nəticəsində müxtəlif illərdə yazıya
alınmış bu nümunələr qorunub saxlanmış
və bu gün oxuculara… təqdim edilir.
… Novruz bayramına layiqli hədiyyə olan bu kitab eyni
zamanda bayramın insanlara verdiyi sevinc və məhəbbəti
ifadə edir".
İyirmi ildən artıq bir müddət bundan əvvəl
(1989) nəfis şəkildə nəşr olunmuş
"Novruz" kitabı
böyük ədib və alim, ictimai xadim
Mirzə İbrahimovun qələmindən çıxan bu qiymətli
sətirlərlə başlayırdı. Mirzə müəllimin
mötəbər rəyi məqaləsinin
başlığına çıxardığı
üç kəlmədə dəqiq ifadə olunub:
"Novruza layiq hədiyyə…"
Novruza həqiqətən layiq həmin hədiyyəni
hörmətli qələm dostumuz, AMEA-nın müxbir
üzvü Azad Nəbiyev təkrar nəzərdən
keçirərək bəzi zəruri əlavələrlə
əziz oxuculara yenidən təqdim edir.
Burada əvvəlcə onu xatırlatmağa ehtiyac var ki,
kitabın birinci nəşrindən neçə illər əvvəl
ictimai-siyasi həyatımızda baş verən məlum hadisələr
ədəbi-mədəni həyatımıza -
xalqımızın, ümumən Şərq
dünyasının əbədiyaşar ənənələrinə
zamanın tələblərinə uyğun yüksək və
ədalətli mövqedən yanaşmağı zəruri
edirdi. Ancaq həqiqət budur ki, müstəqilliyə gedən
keşməkeşli və əzablı yolu unudulmaz qurbanlar
bahasına başa vurmadan, ümumən azadlığa nail
olmaq, eləcə də nəsil-nəsil yaşadılan və
inkişaf etdirilən müqəddəs milli-mənəvi dəyərləri
ürək dolusu yaşamaq arzusuna yetmək də söz olaraq
qalır.
Ancaq məşhur
fikirdir: "Can sözdür - əgər bilirsə insan; -
Sözdür ki, deyirlər özgədir can!".. (füzuli)
Həyat
göstərir ki, xalqın özü də, sözü də
haqdır və əbədidir; həmçinin onun iradəsini
ifadə etməli olan elm - söz-sənət adamları
yalnız övladı olduqları xalqın arzu və
ideallarına sadiq qalmaqla onun xeyir-duasına nail ola
bilərlər.
İndi mən
qeyri-ixtiyari olaraq böyük ədibimiz Süleyman Rəhimovun
bir zaman - 60-cı illərin əvvəllərində
özünün və bəzi qələm
yoldaşlarının doğum günlərinin pasport qeydindən
danışarkən bu sətirlərin müəllifinə
dediyi zahirən bəlkə zarafat ovqatlı, lakin əslində
adamı düşündürən və hətta bir az da kədərləndirən etirafını
xatırlayıram. Süleyman müəllim
özünün və səhv etmirəmsə Səməd
Vurğunun doğum günlərini Novruz bayramı həvəsilə
müvafiq surətdə 22-21 mart tarixlərinə
yazdırdıqlarını aşkar bir razılıqla deyirdi.
(Belə qələm adamlarımızın yenə də ola bildiklərinə şübhə etmirəm,
lakin dəqiq adlar da çəkə bilmirəm).
Dövlətimizin
başçısı cənab İlham Əliyev ötən il Novruz bayramı münasibətilə Azərbaycan
xalqına təbrikində haqlı olaraq xüsusi
vurğulayır ki, yüksək mənəviyyat xəzinəsi
sayılan Bahar bayramı milli-mədəni sərvətlərimizin
zənginliyini dolğun ifadə edir. O, böyük mənəvi
gücə malik olub, insanlar arasında
qarşılıqlı dostluq, səmimiyyət,
qayğıkeşlik və qardaşlıq
duyğularını gücləndirir, cəmiyyətdə əmin-amanlığın
və xoş münasibətlərin bərqərar olmasına
zəmin yaradır. Sürətlə dəyişən
dünyamızda qloballaşma proseslərinin geniş vüsət
aldığı bir zamanda Novruz bayramı
daşıdığı bütün məna və rəmzləri
ilə xalqımızın tarixi-mədəni irsə son dərəcə
bağlı olduğunu parlaq nümayiş etdirir. Ən ali keyfiyyətləri özündə cəmləşdirən
bayram kimi Novruzun YUNESKO tərəfindən bəşəriyyətin
mədəni irs nümunələri siyahısına daxil edilməsi
təqdirəlayiq haldır.
Burada eyni
zamanda onu qeyd etmək lazımdır ki,
xalqımızın-millətimizin ruhu olan ədəbiyyatımız,
eləcə də ədəbi-mədəni həyatımızın
mötəbər salnaməsi sayılan "Ədəbiyyat qəzeti"
mövcud olduğu dörddə üç əsrə bərabər
dövr ərzində ən ağır məqamlarda belə əbədiyaşar
milli-mənəvi dəyərlərimizə sadiq
qalmış, onu daha da zənginləşdirmiş və gələcək
nəsillərə əmanət vermişdir. Xalqın
taleyində həlledici əhəmiyyətə malik neçə-neçə
mənəvi-əxlaqi problemlər söz
ustalarımızın, elm-sənət adamlarımızın
ardıcıl səyi ilə illər keçdikcə nəhayət,
həllini tapa bilmişdir.
Doğma
qəzetimizin mötəbər müəlliflərindən
olan görkəmli şərqşünas alim, filologiya elmləri
doktoru, professor Aida İmanquliyeva iyirmi il
bundan əvvəl yazdığı "Novruz Şərq
ölkələrində" ("Ədəbiyyat qəzeti",
21 mart 1991-ci il) adlı geniş elmi məqaləsində
göstərirdi ki, Yeni il - Novruz bayrmı Mərkəzi
Asiyadan Balkanlara qədər uzanan böyük bir ərazidə
məskunlaşan bütün türk xalqları tərəfindən
sevinclə qarşılanır. Keçirilmə günü
müxtəlif olsa da, bunların hamısı Azərbaycanda
"bayram ayı" deyilən və 20 fevraldan 21 marta qədər
olan dövrü əhatə edən müddətə təsadüf
edir.
Qədim türklər arasında "Ərgənəkon"
kimi tanınan, ilin dəyişdiyini, baharın gəlməsini,
təbiətin qış yuxusundan ayıldığını
göstərən bu bayramın adı bu gün türk
xalqları arasında müxtəlif şəkildə səslənir.
Aida
xanım Şərq dünyası ədəbiyyatı və
tarixinin görkəmli tədqiqatçısı və
bilicisi kimi bu əziz günün türk xalqları
arasında hansı şəkildə səsləndiyini də
xatırladır: "nooruz" (qırğızlarda),
"novruz" (özbəklərdə), "novruz, nauruz"
(qazaxlarda) və s.
Müstəqilliyə gələn yolumuzda, qeyd etdiyim
kimi, sözün düzünü demək, xalqın müqəddəs
mənəvi dəyərlərini adı ilə ifadə etmək
elm-sənət adamlarımız üçün məşum
"olum ya ölüm" sualına öz həyatları
bahasına cavab vermək mahiyyətində idi.
Bu ağır və şərəfli yolda müxtəlif
nəslə mənsub ziyalılarımızın hər
birinin öz mənəvi borcunu imkanı daxilində necə,
hansı əsəb gərginliyi hesabına yerinə yetirdiyini
qeyd etmək, yada salmaq ədalətli münasibət
olardı.
Eyni
zamanda xalqın ruhu-mənəvi dünyası ilə
bağlı mübarizə yolunda əsrin neçə-neçə
çətin məqamlarını keçib gəlmiş
"Ədəbiyyat qəzeti"nin
mövqeyini, ardıcıllığını da
vurğulamağımız yerinə düşərdi.
Məsələ
bundadır ki, tale elə gətirib, belə demək
mümkünsə, bu müşkül prosesin 37-ci ili görmüş "Ədəbiyyat qəzeti"nin
60-cı illər səhifələrində necə nigaran,
ehtiyatlı addımlarla davam etdirildiyinin bir əməkdaş
kimi bilavasitə şahidi olmuşam.
Böyük folklorşunas alim, keçmiş sovet məkanında
mötəbər həmkarlarının şəksiz
etimadını qazanmış professor Məmmədhüseyn Təhmasib
1966-cı ilin Novruz bayramı ərəfəsində (12 mart)
"Adət, ənənə, mərasim, bayram…" adlı
geniş və çox qiymətli elmi faktlara əsaslanan məqaləsini
redaksiyaya təqdim etdi. Məqalənin "Müzakirə yolu ilə"
rubrikası altında çap olunması münasib bilindi.
Təhmasib
müəllim yazırdı: "Öz əcdadını sevməyən
həqiqi mənada özünü və övladını da
sevə bilməz. Keçmişinə xor baxan,
gələcəyinə kor baxar. Lakin
öz keçmişini sevmək, ona ehtiram bəsləmək
heç də onun hər nəyi olubsa qeyd-şərtsiz qəbul
etməyə haqq vermir. …Biz bunların
yaxşılarını yaşatmalı, inkişaf etdirməli,
hətta bir qədər daha gözəlləşdirməli; zərərlilərini,
bizi geriyə çəkənlərini, irəliləməyimizə
mane olanlarını isə doğma atamızın pis vərdişləri
kimi rədd etməli, həyatımızdan,
məişətimizdən silməliyik.
…Yüzlərlə… misallar…
sübut edir ki, təsəvvürlər, görüşlər,
qənaətlər, inamlar, ənənə, mərasim, adət
və bayramlar aləmi çox mürəkkəb bir aləmdir.
Buna görə də bunlara münasibət məsələsində
də ölçü-biçi ehtiyatlı, düz
olmalıdır".
Müəllif
daha sonra qeyd edirdi ki, yaşadılması lazım və vacib
olanlar dedikdə, məlum olduğu kimi, elə mərasimlər,
elə bayramlar nəzərdə tutulur ki, öz ictimai əhəmiyyətlərinə,
məna və məzmunlarına, estetik məziyyətlərinə,
hətta təsərrüfata xidmətlərinə görə
əsrlərdən bəri yaşamış, yaşayır və
yaşayacaqlar. Bizdə belə bayramlardan ən əsaslısı,
bəlkə də yeganəsi məşhur Novruz
bayramıdır. Bütün dünya
xalqları kimi, bizim xalqımızın da tarixində
saysız-hesabsız bayramlar olmuşdur. Lakin
bunların heç biri Novruz bayramı qədər geniş
yayılmamış, xalqın məişətində bu bayram
qədər dərin kök sala bilməmişdir.
Təhmasib
müəllim fikrini şəksiz təsdiqləyən kifayət
qədər təkzibolunmaz faktlar gətirərək belə əsaslı
bir nətiəcyə gəlirdi: "Bizcə, Novruz bayramı
xalqımızın həyata, təbiətə, torpağa, zəhmətə
məhəbbətinin təzahürüdür. Biz
bu bayramı qondarma əlavələrdən və sadəlövh
ünsürlərdən təmizləyərək, eləcə
də… vaxtı keçmiş mərasimlərini bir tərəfə
ataraq müasir, mədəni, ümumxalq bayramı səviyyəsinə
qaldırmalıyıq. Biz bu bayramdan yaz təsərrüfat
işlərimizə hazırlığın yoxlanılması
və başlanması günü, yaxud həftəsi, hətta
ayı kimi çox səmərəli şəkildə istifadə
edə bilərik".
Nəhayət:
"Adət və ənənələrlə, mərasim və
bayramlarla ciddi şəkildə məşğul olmaq
lazımdır. Bizcə, bunun üçün
respublika miqyasında xüsusi bir şura
yaradılmalıdır".
Yəqin
oxucu bilmək istər ki, həmin məqalənin
çapından sonra - yəni qəzetin Novruz bayramı qeyd
olunası növbəti sayında (19 mart
1966) bu mövzuda nə kimi materiallar verildi. Mənzərə
belədir: böyük formatda çıxan 4 səhifəlik
qəzetin 3-cü səhifəsində sol sütunda "Bahara
eşq olsun!" rubrikası altında "Çiçəklər"
foto-etüdü (çiçəkli budaqları sevincək
tutmuş qız uşağının şəkli)
verilmişdir. Ondan aşağıda "Gənclərin
bahar şeirləri" ümumi başlığı ilə Əlisa
Nicatın "Etüdlər" ("Yaz çəmənə
uzandı, - Dağları qucaqladı. -
Şəlalələrdə güldü, - Çeşmələrdə
çağladı…"), İskəndər Etibarlının
"Toyxanadır təbiət" ("Qış
qurtarıb, - Yer Günəşdən uzaqlaşır, - Bahar
yerlə qucaqlaşır…" və s.), Raqub Kərimovun
"Bənövşə" ("Torpağı ilk bahar
oyadan zaman, - Yuxulu gözünü ovuşdurmusan. - Tənhalıq qəlbini göynədən zaman, -
Baharı qış ilə qovuşdurmusan". ("Qışı bahar ilə qovuşdurmusan"
deyilsəydi daha münasib olardı. - A.V.)
Həmin səhifədə dolayısı ilə bayram
gününü xatırladan "S.Vurğuna həsr
edilmişdi…" (məlumdur ki, şairin anadan olduğu
gün pasporta görə Novruza təsadüf edirdi) adlı
imzasız kiçik bir xəbər də var. Belə başlayır:
"Martın 16-da Razin qəsəbəsindəki Mədəniyyət
sarayında böyük şairimiz Səməd Vurğunun
anadan olmasının 60 illiyinə həsr olunmuş ədəbi
gecə keçirilmişdir". Vəssalam… Hamısı
səhifənin təqribən beşdə birini tutur.
Göründüyü
kimi, az qala hər kəlmədə narahat
ölçü-biçi, ehtiyat aşkar duyulmaqdadır. Nəinki "Novruz bayramı", Novruz sözü,
heç "Bahar bayramı" ifadəsi də işlədilmir.
Sonrakı
ildə qəzetin bayram nömrəsində (18 mart 1967-ci il) bir az, necə deyrələr, "irəliləyiş"
hiss etmək mümkündür. Doğrudur ki,
üz səhifəsində Novruz bayramına dair heç nə
yoxdur. Burada "Hamı Azərbaycan SSR Ali
Sovetinə və yerli Sovetlərə seçkilərə!
Xalqımızın səadəti üçün!"
plakatı verilmişdir.
Ancaq bu dəfə kiçik formatda 16 səhifə həcmində
çıxan qəzetin 6-cı səhifəsi
bütünlüklə "Bahar bayramı" ümumi
başlığı altında verilmiş materiallardan ibarət
idi. Burada Nəbi
Xəzrinin "Yaz günü", Hüseyn Kürdoğlunun
"Mübarək!" şeirləri, bu sətirlərin
müəllifinin "Mənə anam öyrədib…" məqaləsi
(materialın gərgin yazılma şəraiti 42 il sonra -
"Bir Novruz yazısı, bir-iki söz" məqaləmizdə
qələmə alınıb.- "ƏQ",
20 mart 2009-cu il) və rəssam Adil Quliyevin "Bahar
bayramı" lövhələrindən Novruz bayramı tonqal
üstündən atılan başı papaqlı oğlan
uşağı və bayram şirniyyatı
düzülmüş xonçada yanan şamlar təsvir
edilmiş iki rəsm dərc olunmuşdur.
Beləliklə, "Bahar bayramı" sözü, mətbuatda
nəhayət dilə gətirilsə də, "Novruz
bayramı" şəklində deyilməsi hələ də
mümkün deyildi. Heç şübhə etmirəm, oxucu məni düz
başa düşər - qeyri-təvazökarlıqda
qınamaz desəm ki, "Mənə anam öyrədib…"
adlı yazımda "Novruz" sözünü
"bayramsız", "Novruzgülü" şerimdən
həmin çiçəyin adını çəkdiyim
misraları misal gətirməklə yada salmalı olmuşam.
Eyni
zamanda onu da qeyd edim ki, müstəqilliyimiz bərpa olunduqdan
sonra, Novruz bayramı həsrəti artıq keçmişdə
qaldığı bir vaxtda, əvvəldə
xatırlandığı kimi, Novruz indi daha YUNESKO tərəfindən
Şərq ölkələri xalqlarının əziz
bayramı olaraq mədəni irsimizin unudulmaz simvolu səviyyəsində
dünya miqyasında böyük məhəbbətlə
keçirilməkdədir.
Azərbaycan
Prezidenti cənab İlham Əliyev ötən il
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində
göstərir ki, xalqımız min illər ərzində təşəkkül
tapmış ənənələrə sadiq qalaraq hər il
Novruz gününü təntənə ilə bayram edir. Təbiətlə insanın sarsılmaz vəhdətinə
dair qədim təsəvvürləri əks etdirən Novruz
bayramı insanlarımızın yaddaşına əbədi
həkk olunmuşdur. Ulu əcdadlarımızın
indiki nəsillərə misilsiz ərməğanı olan
Novruz adət-ənənələrinin günümüzədək
layiqincə yaşadılması Azərbaycan xalqının
çoxəsrlik tariximiz qarşısında müstəsna
xidmətidir.
Bu müstəsna xidməti tarix özü də
heç şübhəsiz, nəsil-nəsil unutmayacaq.
Ayaz VƏFALI
Ədəbiyyat qəzeti.- 2011.- 18
mart.- S.1, 2.