Yaşar Qarayev fenomeni  

 

 XX əsr bizdən uzaqlaşdıqca, bu mürəkkəb və ziddiyyətli epoxada yetişən, milli-mənəvi tərəqqidə yeri və sanbalı olan şəxsiyyətləri dəyərləndirməyin meyarları bəzi məqamlarda subyektiv müdaxilə ilə müşayiət olunan süni şişirtmə, yersiz və əsassız, ironiya doğuran mübaliğəli qiymətlərlə "zəngin" olsa da, həqiqi elmin və onun təmsilçilərinin yeri daha çox görünməkdədir. Xüsusən, humanitar fikrin son iyirmi ildə yenidən qurulma uğrunda təşəbbüsləri çox hallarda "şüardan", populist mülahizələrdən uzağa getmədiyi elmi mühitdə Yaşar Qarayev kimi nadir istedada malik mütəfəkkir alimin elm və əxlaq dərslərinə qayıtmaq, öyrənmək, bu sərvətin ənənələrini qorumaq zərurətə çevrilir.

Yaşar müəllim haqqında çoxsaylı məqalələri, Qurban Bayramov və Tehran Əlişanoğlunun kitablarını minnətdarlıqla yada salır və sizlərə tanış olan məruzə və məqalələrimdə deyilmişlərlə vaxtınızı almamaq üçün bu gün humanitar elmimizin bu sərvətdən ilk növbədə nələri öyrənməyi önə çəkmək istərdim.

Yaşar müəllim XX əsr Azərbaycan tənqidi, ədəbiyyatşünaslığı və estetik fikrini, daha dəqiq desək, humanitar düşüncəsini yeni istiqamətə yönəltdi, yeni mərhələnin əsasını qoydu və bu mərhələni özü və çoxsaylı yetirmələri tarixi reallığa çevirdilər. Milli ictimai fikrimizdə, elmi vicdan və əxlaqımızda, yüksək ziyalı ünsiyyətində bənzərsiz intellekti ilə dərhal seçilən Yaşar Qarayev fenomeni hələ uzun illər öyrəniləcək, adı özünə layiq əbədiləşdiriləcəkdir.

Öz erudisiyası, elmi fəhmi, nadir təhlil üsulu ilə seçilən, respublikada humanitar fikrə istiqamət verən bir alim və ictimai xadim kimi Yaşar müəllim təvazökarlıq mücəssəməsi idi. XX əsrin ikinci yarısı, başqa sözlə, yarım əsrdən artıq bir vaxtda humanitar fikrin elmi-metodoloji sərhədlərini müəyyən edən Yaşar Qarayevin ilk və həyatdan vidalaşdığı rəsmi ünvanı keçmiş Vaqif küçəsindəki 29 kvadrat metrlik mənzil oldu. Onun əbədi ünvanı isə Azərbaycanda yaratdığı elm, əxlaq və saflıq məktəbidir.

Yaşar Qarayev imzası humanitar fikrimizin əsas istiqamətlərini əhatə edir. Ədəbiyyatşünaslıq, ədəbi tənqid, ədəbiyyat tarixçiliyi, teatrşünaslıq, estetika və nəhayət, humanitar elmlərin nəzəri-metodoloji problemləri.

Yaşar Qarayev XX əsrin ən görkəmli teatr tənqidçisi və dramaturgiya mütəxəssisidir. O, dramaturgiya və teatr nəzəriyyəsini mükəmməl bilirdi və "Azərbaycan ədəbiyyatında faciə janrı" monoqrafiyası yeni tipli tədqiqat idi. Bu monoqrafiya bizim elmi fikrimizə faciə haqqında mövcud nəzəri konsepsiyaları gətirdi, bu janrın yaranmasını şərtləndirən ictimai, fəlsəfi və ədəbi-bədii amillər, həmçinin faciənin quruluşu və tipologiyası araşdırıldı. Azərbaycan teatrı və dramaturgiyasının məktəblər statusunda formalaşması, varis-irs əlaqələri Y.Qarayevin teatr və dramaturgiya haqqındakı məqalələrində reallaşdırılan konsepsiya idi.

Yaşar Qarayevin XX əsr ədəbiyyatşünaslığında böyük xidməti onun nəzəriyyə sahəsindəki araşdırmaları, xüsusən yaradıcılıq metodu kateqoriyasının tədqiqindəki fundamental əsərləridir. Yaşar müəllimin bədii metod sahəsindəki araşdırmaları yeni dövr ədəbiyyatımızı şərtləndirən ictimai, bədii-fəlsəfi amillər fonunda aparılır, bir növ XIX-XX əsrlər ədəbiyyatı universal bir kateqoriyanın tarixi inkişaf prosesi fonunda təhlil edilir. Realizmin daxili tipologiyası və tarixi təkamül prosesi, bir metoddan digərinə keçidin bədii materialda reallaşması onun ədəbiyyat tarixini ədəbiyyatın nəzəri tarixi kimi öyrənməyin başlanğıcına çevrilirdi. Realizmin hər tipində dünya və şəxsiyyət konsepsiyasının fərdiliyini izah edərkən Yaşar müəllimin heyrətamiz təhlil üslubu onun opponentlərinə yer qoymurdu.

"Mirzə Cəlilin Novruzəlisi" adlı məqaləsi realist sənətdə qəhrəman və cəmiyyət probleminin tədqiqinə həsr edilib və bu fonda müəllif realizmi romantizmdən ayıran estetik prinsipləri açmağa nail olur, realizmin milli bədii fikrin hazırladığı bir mərhələ olduğunu sübut edir.

Yaşar müəllim milli müstəqillik illərində və bu ərəfədə humanitar fikrin həll etməli problemlərini dövriyyəyə gətirdi. "Azərbaycan mühacirət ədəbiyyatı" simpoziumunun təşkili, onun milli maraqlarımız axarında keçirilməsi üçün Yaşar müəllimin müdrik elmi siyasəti və fəaliyyəti indi də öz tarixi əhəmiyyətini saxlamaqdadır. Bu illərdə Azərbaycanda keçirilən hər bir tədbirdə yaxın ölkələrin maraqları toqquşurdu və bu xaricdən gələn natiqlərin çıxışlarında da aydın görünürdü. Yaşar müəllimin üz-üzə gələn, toqquşan maraqlarda əsas hədəfi Azərbaycanın itirdiklərinin itkisiz qayıdışı idi. O vaxt keçirilən tədbirin təşkilatçılarından olan mərhum Əhməd Qaracanın ötən yay evindəki arxivində Nikpur Cabbarlı ilə işləyərkən Yaşar müəllimin imzasını, məktublarını, tərtib etdiyi onlarca sənədlərlə tanış olduqca, onun gördüyü işlərin vətəndaşlıq tutumu, bu işə sərf etdiyi vaxt və enerjinin hüdudları bəlli olurdu.

90-cı illərdə milli müstəqillik, iqtisadi-sosial həqiqət və tərəqqiyə doğru cəmiyyətin axtarışları milli-mənəvi sərvətlərin yeni elmi prinsiplərlə qiymətləndirilməsini ortaya qoydu. Nədən imtina etməli, nəyi yaşatmalı, təshih etməli, inkişaf etdirməli? Belə mürəkkəb seçim qarşısında humanitar fikrin metodoloji, praktik və təşkilati tərəfləri olan kompleks problemlərin həlli baxımından hansı rasional, nəzəri tutumlu tədqiqatlar yarandı? Şübhəsiz, bu məqamda lokal çərçivəyə qapanmaq təhlükəsi yarandı və xeyli vaxtdır ki, davam etməkdədir. XX əsr ədəbi-nəzəri fikrimizin aparıcı siması kimi Yaşar Qarayev elmi araşdırmaların tarixi təcrübəsi zəminində ilk təşəbbüslərlə çıxış etdi. "XXI əsr: qlobal sivilizasiya və Şərq dəyərləri" forumu ilk növbədə metodoloji axtarışlar məqsədi güdürdü. "Ədəbi-nəzəri fikir iki əsrin qovşağında" konfransı isə müstəqillik illərində ortaya çıxan metodoloji problemlərə cavab axtarırdı. "…texnogen kəşflər, sosial inqilablar, tayfa, məzhəb, sinif, irq ideologiyası (faşizm, bolşevizm, sionizm, daşnakçılıq…) bunlar hamısı əbədi gərdişi, tarixi hərəkətə gətirən passionar güc, ideoloji stimul, qlobal kontekst rolunu və missiyasını itirir. Tərəqqinin təkcə strukturu, enerji mənbəyi, hərəkət orbiti yox, konsepsiyası dəyişir".

XX əsr ədəbiyyatşünaslığında mövcud olan nəzəri istiqamətləri milli ədəbiyyatşünaslığa gətirən, onu milli ədəbi təcrübə ilə uyuşan və fərqli cəhətlərini ayırd edən Yaşar Qarayev marksist-leninçi ədəbiyyatşünaslığın, xüsusən ədəbi fikri dövrləşdirmədə dominant olan formasiyalar nəzəriyyəsinin böhran keçirdiyi, iflasa uğradığı məqamda milli ədəbiyyat tarixi konsepsiyası ətrafında düşünən, orijinal tezislərini irəli sürən müəlliflərdən idi. XX əsr ədəbi-nəzəri fikrimizin yekunu kimi yaranmış "Tarix: yaxından və uzaqdan" əsəri ümumən humanitar fikrin ciddi metodoloji problemlər qarşısında dayandığını ortaya qoydu. Kitabın "Ədəbiyyat tarixi konsepsiyası (dövrləşdirmənin meyarı və prinsipləri)" bölməsi problemə ümumi nəzəri baxışdır. Burada milli ədəbiyyat tarixi konsepsiyası ilə bağlı ilk sxem irəli sürülür. Yaşar müəllimin təhlillərinin bu gün yaşayan və davam etdiriləsi tərəfləri onun öz sələfi Səməd Vurğun kimi ədəbiyyatın öz daxili inkişaf qanunauyğunluqlarına əsaslanmasıdır: "Bədii tərəqqi özünün tarixi hərəkətində ədəbiyyatın qanunauyğunluqlarını da, mərhələlərini də yaradır, sabitləşdirir, yaxud yeniləşdirir. Meyar - bu yeniləşmə olmalıdır. Daha doğrusu, vəzifə - həmin obyektiv qanunauyğunluqların öz meyarını meydana çıxarmaq və onu elmi təsnifin də əsasına qoymaqdan ibarətdir."

"Tarix: yaxından və uzaqdan" əsərini yeni metodoloji prinsiplərlə yazılmış ədəbiyyat tarixi də adlandırmaq olar. Kitabda yeni ədəbiyyat tarixi yaratmağın nəzəri eskizləri ilə yanaşı, bu tarixi, onun ədəbi-estetik və ictimai-fəlsəfi mərhələlərini, bədii-poetik keçidlərini izləməyə imkan verən məqamlar, müşahidələr və ümumiləşdirmələr buna əsas verir. Elmi ədəbiyyatda yüksək dəyərləndirilmiş bu konsepsiya praktik tədqiqatlarda davam etdirilmədi, əksinə, tarixilik prinsipini abstrakt mülahizə və bölgülər əvəz etdi.

Yaşar Qarayev ədəbi-bədii sərvətləri yeni əsrin başlanğıcında, ötən minilliklərin təcrübəsi müstəvisində dəyərləndirməyə çalışır, əxlaqi-mənəvi dəyərlərin yeni - qlobal sivilizasiya ilə uyuşmasının sərhədlərini müəyyən edirdi. Bu məqamda Şərq və Qərb ədəbi-tarixi tərəqqisinin spesifikliyini nəzərə alır, onların müasir planetar düşüncədə daxili zənginləşmə sxemini təklif edirdi: "Bəşəriyyətin xilas axtarışları bu vaxta qədər əsasən iki istiqamətdə olub: daha çox siyasi-sinfi, ictimai-sosial strukturların təkmilləşməsi üsulu - Avropa yolu və ideal harmoniyaya, ahəngə, sahmana qlobal sosial strukturda yox, daha çox fərdi-mənəvi "mən"də, cəmiyyətin ailə özülü səviyyəsində nail olmaq üsulu - Şərq yolu. Şərqin ən böyük fəlsəfələri XX əsrdən hələ çox-çox qabaqkı yüzillərdə dünyada vüsət tapıb və həqiqi, əsl işığı və harmoniyanı həmişə daxili-mənəvi gözəllikdə, saflıq, mükəmməllik, halallıq yaşayan səmada və torpaqda tanıyıb. Tarix də sübut etdi ki, dünyada qeyri-mükəmməl "mən"lərdən yaradılan tam "mükəmməl" strukturlar meydana çıxa və mövcud ola bilmir, olmadı da."

80-ci illərin ikinci yarısından başlayaraq nəzəri fikirdə yeniləşmə dəyərlərini şərtləndirən siyasi və elmi reallıqlar müstəvisində ədəbi fikri dövrləşdirmə prinsipinin ciddiliyini, yeni "tarix"lərin yazılışı üçün aktuallığını irəli sürən və bunu reallaşdırmağa çalışan Yaşar Qarayev oldu. "Tarix: yaxından və uzaqdan" kitabında bu problemi xüsusi başlığa çıxardan müəllif ömrünün sonlarında ona yenidən qayıtdı və "ədəbiyyat tarixi" anlamına milli müəyyənlik, milli-mənəvi yaddaş zəminində yanaşdı.

Azərbaycan bədii fikrinin ilk inkişaf mərhələsini ortaq türk dəyərləri kontekstində müəyyən etmək, daha doğrusu, qədim türk sivilizasiyasının Azərbaycan ədəbi düşüncəsinin də beşiyi olduğu, sonrakı epoxalarda bunu ədəbi fikrin poetik daşıyıcıları ilə sübut etmək mövqeyində duran konsepsiyanın tərəfdarları çoxalmaqdadır. Bu Azərbaycanda ərəb və farsdilli ədəbiyyatın bir mərhələ kimi varlığını inkar etmir (hərçənd ki, belə meyllər də vardır), əksinə, qədim türk bədii düşüncəsinin ərəb və fars dilində yaranmış mədəniyyətə transformasiyasının təhlili ilə reallaşdırılır.

Elmi-nəzəri fikrin yaxın müddətdəki başlıca tədqiq istiqaməti və onun milli məzmununu əks etdirən konsepsiya doğru müəyyənləşdirilir: "Səkkiz əsrlik ən mükəmməl yazılı irsin və azı on üç əsrlik ən mükəmməl şifahi ədəbi ənənənin özündən əvvəlki neçə min illik gen və qan yaddaşı ilə əlaqələrini sözün geniş mənasında vahid, qlobal, fasiləsiz dövriyyəyə cəlb etmək vəzifəsi - Həsənoğludan əvvəlki Azərbaycan-türk ədəbiyyatı problemi indi qarşımızda heç vaxt durmadığı bir kəskinliklə durur".

Yaşar müəllimin son tədqiqatları milli tarixi dəyərləri yenidən qiymətləndirməyin mövcud metodoloji çətinliklərinə cavab kimi yazılmışdı. O, milli tərəqqini ənənənin davamı və inkişafında görür və haqlı olaraq yazırdı: "Ədəbiyyat tarixini yenidən yazmağı - onu hər yeni dövrün ideologiyası ilə və hər dəfə yenidən təftiş kimi başa düşmək olmaz".

90-cı illərdə ədəbi-nəzəri fikirdə bədii fikrin dövrləşdirilməsi, ədəbiyyat tarixində islami dəyərlərin yeri, Şərq, o cümlədən Azərbaycan renessansı barədə mübahisələr kəskinləşdi, bəzən də ifratçılığa yönəldi. "Ədəbi-nəzəri fikir iki əsrin qovşağında" konfransında Azadə xanımın narahatlıqla toxunduğu məsələlərə, xüsusən renessans probleminə Yaşar müəllimin də tədqiqatlarında bu gün üçün xüsusi əhəmiyyəti olan məqamlar vardır.

Azərbaycan renessansı, onu şərtləndirən tarixi, sosial, ədəbi-fəlsəfi qaynaqlar, Şərqdə fərdilik qazanan estetik kateqoriyaların mahiyyəti haqqında ədəbi-fəlsəfi traktat kimi yazılmış məqaləsində Yaşar Qarayev yazırdı: "Gəlin əvvəlcə aydınlaşdıraq və görək ki, axı hardadır intibah, yalnız "Xəmsə"ni yaradan bir sənətkarın xəyal və arzularında, yoxsa həm də Nizaminin özünü yetirən bir gerçəkliyin həqiqətlərində, yaxud kimdir füzuli? İntibah gerçəkliyinin simvolu, yoxsa "zülmətdə nur?" Hansı təşbeh daha həqiqidir: odlu səhrada "qəm karvanı", yoxsa bahar və səhər qabağı durna qatarı?..

…"İntibah" ifadəsini işlətməyin özünün nə dərəcədə məqsədəuyğun olmasını mübahisəli hesab etməklə yanaşı (bizcə, "Şərq intibahı" ifadəsini işlətmək daha doğru və məqsədəuyğundur), həmin istilah altında nəzərdə tutulan əsas məzmunun bir sıra ən səciyyəvi xüsusiyyətlərini erkən orta əsrlərin Şərq mədəniyyətində müşahidə edənlərlə biz tamamilə şərik oluruq."

İntibah haqqında füzuli poetik vüsəti və ehtirası, Nizami dühasının dərinliyi tutumunda yazılmış bu elm və sənət nümunəsini eyni səpkidə şərh etmək zorunda qalırkən və elmi mübahisələrə meydan oxuyan sonuncu tezis bizə bir daha haqq verir ki, "mübahisələrin davamı" gərəklidir.

Renessans konsepsiyasının əleyhdarları göstərilən tarixi hüdudların bədii düşüncəsində realizmin hakim olmamasını əsas arqumentlərdən hesab edirlər. Digərləri isə iddia edirlər ki, Azərbaycanda intibah ideyaları Qərbdə olduğu kimi, realist metod çərçivəsində əyaniləşir. Y.Qarayev Avropa intibahından fərqli olaraq bizdə intibah ideyalarının romantik poetikanın prinsipləri əsasında reallaşdığını, Azərbaycanda renessansın "renessans romantizmi"ni şərtləndirməsinin ictimai səbəblərini aydınlaşdırır və milli romantizmin ilk inkişaf sxemini göstərir: İntibah romantizmi və maarifçiliyin doğurduğu XX əsr romantizmi. Azərbaycan renessansının yaradıcılıq metodu haqqında elmi mübahisələr göstərir ki, Avropa renessansının estetik kateqoriyalarına Şərqdə adekvat axtarmaq "olmayanı sübut etmək" inadkarlığıdır.

Şərqdə bədii fikrin inkişafını Avropa modeli ilə konseptual şəkildə müqayisə edən Yaşar Qarayev klassik poeziyada romantizmin ideya-fəlsəfi əsaslarını Orta əsrlər Azərbaycanının üstqurumu "hakim idealist təsisatlar sistemi ilə şərtlənən insan və cəmiyyət konsepsiyaları" ilə bağlı ideal harmoniya uğrunda ali həqiqət axtarışlarının mövcudluğunda axtarır: "Ümumiyyətlə, mütləqləşdirilən həqiqət kultları, normaları, doqmaları olan yerdə əsl müasir anlayışda realizm olmur".

"Tipoloji fərqlərdən daha çox tipoloji uyğunluqlar axtarmaq" meyli bu problemin çözülməsində əngələ çevrilən əsas metodoloji qüsurlardandır. Bu mənada istər 70-80-ci illərin araşdırmalarında, istərsə də son onillikdə renessansı təkzib və təqdir zamanı onun yaradıcılıq metodunun tipi ətrafında mübahisələr gedir. Bu mübahisələrə hələ ki, ən tutarlı cavab Y.Qarayevin göstərilən mövqeyi və 60-cı illərdə akademik N.Konradın qəti elmi qənaətidir: "…Mənə elə gəlir ki, renessans ədəbiyyatında xüsusi romantik xəttin - renessans romantizminin varlığından danışmaq olar. Şübhəsiz, bu XIX əsrin əvvəllərində Avropa ədəbiyyatlarında mövcud olan romantizmlə eyni deyil". (N.Konrad)

Azərbaycan ədəbiyyatşünaslığında renessans haqqında ilk mülahizələr hələ XX əsrin 30-cu illərindən mövcud idi. N.Konrad, Jirmunski, İ.Braginski, Ş.Nutsubudze və A.Çaloyanın nəşr olunan məqalə və monoqrafiyaları ilə yanaşı, M.Rəfilinin rasional mülahizələri ortaya çıxdı. N.Konrad kimi geniş erudisiyaya məxsus bir alimin mülahizələrində daha uzaqgörən məqamlar var idi. O, 1968-ci ildə dünya tarixi prosesini bütöv ("Qərb"ə və "Şərq"ə ayırmadan) öyrənməyin nəzəri-metodoloji başlanğıcını yaratdı.

70-80-ci illərdə Azərbaycan ədəbiyyatşünaslığındakı renessans mübahisələrindəki qüsurlar yuxarıda göstərilən metodoloji yanlışlıqlarla bağlı idi. M.İbrahimov, M.Cəfər, A.Hacıyev, Ə.Ağayev, A.Rüstəmova, X.Yusifov və digər müəlliflərin araşdırmalarındakı mübahisəli məqamları kənara qoyaraq onların "Azərbaycanın renessansının" həqiqət olduğu" faktını XX əsrin böyük filosofu, intibahın dahi tədqiqatçısı A.Losevin Şərq renessansını qəbul və təqdir etməsi ilə yekunlaşdırmaq istəyirik.

A.Losev "Renessans estetikası" kimi fundamental əsərində intibahın Avropa tipinin tarixi sərhədlərini XII əsrə qədər aparır, Orta əsrlər və intibah keçidindəki təsdiqin və inkarın ənənəvi şərhinə yeni məzmun aşılayır. Renessans, o cümlədən Şərq renessansı haqqında dünya estetik fikrinin mötəbər tədqiqatlarını ümumiləşdirən A.F.Losev yazırdı ki, "…Qərb mədəniyyətlərindən başqa digər mədəniyyətlərdə də renessans hadisəsini nəzərə almalıyıq. Doğrudur, qədim Şərq mədəniyyətlərinin bütün renessanslarının öz spesifikası olmuşdur."

Avropa fəlsəfi-estetik fikrinin ən görkəmli tədqiqatçısı renessans haqqında da XX əsr elmi fikrinin yekun sözünü deyib və göstərilən fundamental monoqrafiyaya əsaslanmağı, Azərbaycan nəzəri fikrindəki mübahisələri də bu müstəvidə təhlil etməyi səmərəli hesab edirik.

Renessans hadisəsinin tədqiqindəki durğunluq əslində nəzəri-estetik fikrin vəziyyətini əks etdirir, 70-80-ci illərdəki araşdırmaların bir çoxunun "dəbdə olan mövzu" kimi işlənməsinin bəhrəsidir. Ən nüfuzlu müəlliflər Şərq renessansının varlığını təsdiq edirlər və bu hadisəni ehtiva edən ədəbi-mədəni gerçəklikdə antik özüllə yanaşı, milli ənənələrin transformasiyasını üzə çıxartmaq ciddi, uzunmüddətli elmi araşdırmalar tələb edir.

Yaşar müəllim "Tarix: yaxından və uzaqdan" kitabında mövcud tədqiqatlarını yeni metodoloji axtarışlar kontekstində birləşdirir. Ortaq İslam və türk dəyərləri, onların şərtləndirdiyi bədii-estetik amillər fonunda ədəbiyyat tarixinə nəzər salır. O, Füzuli irsinin müasir mənasını onun İslam, türk dəyərləri fonunda qiymətləndirərkən yazırdı: "Metodologiyada və nəzəri düşüncədə bəşəri meyarlara doğru dəyişmələrin layihəsini gərək Füzuli səviyyəsində klassiklərin bədii təcrübəsinin nümunəsində (materialında) hazırlamağa başlayaq. Yaxın tarixi mərhələdə ədəbi-nəzəri düşüncənin hərəkətində böyük sintez perspektivi özünü məhz bu axtarışlarda realizə edə biləcək və məhz Füzuli orta əsrlərin İslam sxolastikasından xilas olmaqda elmimizə kömək edəcəkdir." Klassik irsi yenidən dəyərləndirməyin onun sözü ilə desək, ilk layihəsi, eskizi elmi-fəlsəfi bir ehtirasla şərh olunan bu kitab yeni tipli ədəbiyyatşünaslığa keçidin əsasını qoymuşdur.

Yaşar müəllimin nəzəri qənaətləri tarixi və müasir ədəbi prosesin aparıcı yaradıcılıq istiqamətləri, tapıntı və ədəbi kəşfləri zəminində meydana çıxırdı.

Y.Qarayev 60-cı illərdə teatr tənqidçisi kimi etiraf və təsdiq olunursa, 70-ci illərdə ədəbi tənqidin və ümumilikdə ədəbi prosesin səlahiyyətli söz sahibi kimi çıxış edir. Onun 1976-cı ildə yaratdığı "Ədəbi proses" qrupu, sonra şöbə kimi fəaliyyət göstərdiyi müddətdə cari ədəbiyyat haqqında ən sanballı müşavirə, müzakirə və nəşrlər meydana çıxdı və ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. "Ədəbi proses" silsiləsindən nəşr edilmiş kitablar müəyyən sosioloji vərdişlərinə baxmayaraq o illərin ədəbi prosesi haqqında ən mötəbər elmi söz və mənbədir.

Müxtəlif  istiqamətli, daha çox eksperimentlərlə zəngin olan son onilliklərin ədəbi prosesini buna bənzər formada təhlil etməyə ehtiyac duyulur və təəssüf ki, bu ənənə neçə illərdir ki, bərpa oluna bilmir.

Tənqid tariximizi ardıcıl tədqiq etmiş, ədəbiyyatşünaslığımızın və tənqidimizin nəzəri-metodoloji inkişaf mərhələlərini dərindən öyrənib, onun ümumi problemləri ilə yanaşı, böyük simaları haqqında monoqrafiya və ya portret məqalələr yazmış Yaşar Qarayevdə parlaq tənqidçilik istedadı var idi. Onun estetik zövqü, ədəbi faktı, nümunəni bədii fikir tarixi fonunda qiymətləndirmək istedadı ancaq heyrət doğurur. Ədəbiyyatımızın elə sanballı nümunəsi yoxdur ki, Yaşar Qarayevin diqqətindən kənarda qalsın. Onun tənqidçi-estetik tipi adətən ideoloq tipinə üstün gəlirdi.

Yaşar müəllim xarakter etibarı ilə romantik idi və onun iş üslubunda da bunu görürdük. Bu romantikanın böyük bəhrələrinin şahidiyik. folklorumuzun toplanması, tədqiqi və nəşri ilə bağlı 80-ci illərdə keçirdiyi elmi şura və sessiyalar bu gün folklor İnstitutu kimi bir qurumun yaranması ilə nəticələndi. Bu institutun yerləşdiyi binanın alınmasından, onun elmi strukturunun və perspektiv planlarının tərtibinə qədər hər şey məhz mütəfəkkir Yaşar Qarayevin inadlı vətəndaş fəaliyyətinin bəhrəsidir.

Yasaq edilmiş milli-mənəvi dəyərlərimizin nəşrində xüsusi xidmətləri olmuş və bu gün də fəaliyyətlərini davam etdirən "Sabah" və "Ozan" nəşriyyatlarının da yaranmasında, fəaliyyətində Yaşar müəllimin təmənnasız xidmətlərini unutmaq olmaz.

Yaşar müəllim mənim tanıdığım nadir şəxsiyyətlərdən idi ki, elmi və həyati vərdişləri eyni üslubda, eyni biçimdə idi. O necə düşünürdüsə elə də yazırdı, elə də danışırdı. Həyatın, məişətin adiliklərində də gözəllik, zəriflik görürdü. Hamımızın müşahidə etdiyimiz görüntülərdə heç kimin gözləmədiyi bir məna, əxlaqi-ictimai tutum tapırdı. Onun şifahi və yazılı nitqi fərqlənmədiyi kimi yerişi, duruşu da heç kimə bənzəmirdi.

Yaşar müəllimin bənzərsiz təfəkkür tərzi onun rəsmi görüşlərdə, qəbullarda və dost məclislərindəki çıxışlarına, avtoqraflarının məzmununa heyrətamiz bir fərdilik bəxş edirdi. "Elm və həyat" jurnalının 40 illiyi münasibəti ilə yazdığı təbrikdən bir fraqment: "Sellər-sular axdı, tarixlər, zamanlar bir-birinə qarışdı, qəzanın qatarı, Marksın, Leninin karvanı dayandı, əkinçi proletardan, oraq çəkicdən ayrı düşdü, amma körpü çaydan - elm həyatdan, "Elm və həyat" oxucudan ayrı düşmədi".

Belə nümunələrin sayını istənilən qədər artırmaq olar. Yalnız 1978-ci ildə mənə yazdığı məktubun məzmunu, üslubu onun öz dostlarına və tələbələrinə münasibətindəki böyük humanizmin təcəssümüdür.

 

Məktubdan bir parça

 

"Əzizim Şirindil!

Salam!

Dörd ay nə tez keçdi?! Elə bil ki, dünən səninlə birgə qantəpərli, sarıçiçəkli talada oturub Əhmədlini qucaqlayan zirvələrin ən yaxınından kəndə nəzər salır, Həsən kişinin at qovub şir ağzından qaçmasından, əlinə yaylıq alıb yallıya elbaşılıq etməsindən, Əmir əminin aclıq illərində gecəyarısı kənddən Laçına - ac uşaqlara ruzu çatdırmasından, Bakının "Fantaziya" hamamı yerləşən binanın ikinci mərtəbəsindəki evin sakinlərindən, həm müdrik, ibrətli, həm də qüssəli hadisələrindən danışırdıq; Hüseynin bir vaxt indiki qənşərimizdən yuvarlatdığı daşların Alışanlar talasından da keçərək, kəndin damlarına qədərki yolda cızdığı əyriyə (trayektoriyaya) tamaşa edir və qarşı zirvədəki tənha qəbri özü üçün səngərə, dörd yabançı yadelli üçün isə təzədən qəbrə çevirən əhmədlili cəngavəri xatırlayırdıq; Qırxbulaqdan su içir, Dilsuza payız görüşü vəd edirdik… Göy gurultusu və yaxınlaşan leysan qorxusu olmasaydı, xatirələrimiz hələ nə qədər uzanacaqdı və mənə elə gəlir ki, onlar hələ də bitməmişdir və mən səninlə son dəfə burada - Bakıda yox, o çiskinli dağ səhərindəki "Villis"lə Əhmədlidən, Ağoğlandan, Mərtəbil təpəsindən, Seyid Əmirağa körpüsündən ayrılanda ayrılmışam… Xatirə və ürək yaddaşı üçün təbiət və kənd hissiyyatı qat-qat güclü imiş, nəinki idarə və şəhər hadisələri (bunlar Şirindilin təzə bir ulduz kimi parlamasından, respublika miqyaslı mötəbər bir məclisdə ağıllı məruzə etməsi kimi ciddi ədəbi-ictimai əhəmiyyətli hadisələrdən ibarət olsalar belə). Və fikirləşəndə ki, indi sən o yerlərdə deyilsən, o yerlərdən indi sən məndən də uzaqdasan mənə qəribə gəlir…

Lirika bu qədər; realist məntiqə gələndə isə, əlbəttə, mən təəssüf etmirəm ki, bu məktubu kəndə, Əhmədliyə deyil, böyük paytaxta - Moskvaya yazıram…"

Yaşar müəllim son kitabları ilə XX əsr ədəbiyyatşünaslığına yekun vurdu və yeni milli ədəbiyyat elminin əsasını qoydu. "Tarix: yaxından və uzaqdan" kitabı ilə ədəbiyyatın nəzəri tarixini yaratmağın mükəmməl nümunəsini ortaya qoydu. "Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər" kitabının ilk nüsxəsi ilə ölüm yatağında tanış oldu, həcm və məzmun etibarı ilə bu sanballı kitabı əlində saxlamağa fiziki gücü çatmadı. Yaşar müəllimin sağlığında bu kitabı görməsi mənim və əməkdaşlarımızın mənəvi rahatlığı və təsəllisi oldu.

Yaşar müəllimin 75 illiyi, əsərlərinin nəşrə hazırlanması, Şəkidə keçirilən "Yaşar Qarayev" günlərinin unudulması ilə bağlı onun sevimli qardaşı Ənvərdən diqqət umur, özlüyümdə gileylənirdim. Sən demə, bu istedadlı rəssam və nadir ziyalı ömrünün son günlərini yaşayırmış. Həyatdan vaxtsız getmiş bu iki şəxsiyyəti dünyaya gətirmiş Xədicə ananı xatırladım, onun narahat ruhuna rəhmət dilədim, Qarayevlər ailəsinin nisgilini bir daha yaşadım.

Zaman keçdikcə Yaşar müəllimin yeri daha çox görünür. Bənzərsiz söz, bənzərsiz iş üslubu, bənzərsiz ünsiyyət fəlsəfəsi. Bunlar üçün çox darıxmışıq. Onun hər əsərini yenidən oxuduqca görmədiyimiz, duymadığımız elmi və əxlaqi kamillik çalarlarının şahidi oluruq. Nəşrə hazırladığım beş cildlik əsərlər toplusu, məqalələr və xatirələr məcmuəsi doğma İnstitutun ona dərin ehtiram əlamətidir. Yaşar Qarayevin xatirəsinin layiqincə əbədiləşdirilməsi isə daha səlahiyyətli qurumların işidir.

Yaşar müəllimin son kitabına müqəddimə yazmış, onu elmimizin möcüzəsi adlandırmış akademik Kamal Talıbzadənin aşağıdakı çox duyğulu sözləri hər bir namuslu Azərbaycan ziyalısının da hisslərini ifadə edir: "Ağlının, zəkasının bütün ruhunu yazdığı əsərlərinə köçürən Yaşar Qarayevin əbədiyyətə hicrəti, bütün xalqımız, xüsusən onu şəxsən tanıyanlar, şəxsiyyəti ilə təmasda olanlar üçün nə qədər ağır olsa da, əbədi ölümsüzlük səlahiyyətinin təsdiqidir. Böyük ağlın gücü və əbədi ruhun məsumluğunu özündə birləşdirən Yaşarın əsərləri bundan sonra da neçə-neçə alimlər nəslinə yol göstərəcəkdir."

 

 

Şirindil Alışanlı

 

Ədəbiyyat qəzeti.- 2011.- 18 mart.- S.3. 5