Ədəbi tənqid
üzrə müzakirədə
Dünən Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda ədəbi tənqid üzrə müzakirə keçirildi. Yazıçılar Birliyinin katibi, ədəbiyyatşünas alim Arif Əmrahoğlu tədbiri açaraq vurğuladı ki, qurultayqabağı işgüzar müzakirələr davam edir. "Bu sıradan üçüncü məruzəni dinləyəcəyik. Tənqidlə bağlı məruzəni Bəsti Əlibəyli edəcək. Deməliyəm ki, bu gün Azərbaycan ədəbiyyatında tənqidin özünün də ayrıca müzakirəyə ehtiyacı var. Sovet dönəmində bu sahəyə çox adam gəlirdi. O dövrdə tənqidçinin əməyi kifayət qədər qiymətləndirilirdi. Bu gün məsələ bir ayrı cürdü. Reallıqdı ki, indi bu sahəyə gənc ədəbi qüvvələr gəlmir. Gənclər daha çox ədəbiyyatşünaslıq sahəsinə meyl edirlər - halbuki indi tənqidin öz imkanlarını genişləndirməyə daha çox imkanı var. Belə ki, müxtəlif jurnallar, dərgilər, qəzetlər nəşr olunur, internet saytları fəaliyyət göstərir".
Sonra Bəsti Əlibəylinin tənqidlə bağlı məruzəsi dinlənildi (məruzə qəzetimizin yaxın saylarında dərc ediləcək).
Məruzə ətrafında çıxış edən şair Qəşəm Nəcəfzadə vurğuladı ki, məruzə əhatəlidi: "Ancaq Bəsti xanımın konkret şairlərin simasında "Onlar bir şeri qalxan edib yadda qala bilərlər" fikrini doğru hesab etmirəm. Bu məruzədə tənqidin tənqidi yoxdu. Məruzəçi ən azından deməliydi ki, indi Azərbaycan ədəbiyyatının tənqid problemi var. Maraqlıdı, gənc yazıçı Kəramət Böyükçölün "Çöl" romanı haqqında Əkrəm Əylisli, Rafiq Tağı kimi tanınmış yazıçılar müsbət fikir söyləyir, roman bir çox mötəbər müzakirələrdə təqdir edilir, ancaq Bəsti xanım bu əsərin üzərindən sükutla keçir, əvəzində ötən məruzələrdəki adlar şəbəkəsini olduğu kimi məruzəsinə gətirir çox vaxt özünü təkrar edir…"
Şair-tərcüməçi Səlim Babullaoğlu da məruzənin əhatəli olduğundan söz açdı, uğurlu cəhətlərini qeyd etdi, eyni zamanda məruzədə tənqidçizliyin qabarıq göründüyünü dedi: "Bizim imkanımız bizə maddi stimul vermirsə, tənqidimiz də zəif olur. İndi sanki ştatlı tənqidçilər var. Burada Qəşəm Nəcəfzadə Kəramət Böyükçölün romanından danışdı. Ola bilsin ki, bu barədə bir başqası söz açmalıydı. Bu, deyilməliydi. Ancaq deyirikmi? Biz az qala bilirik ki, hansı tənqidçi nəyi yazır və niyə yazır…"
Yazıçı Nüşabə Məmmədli nəzərə çatdırdı ki, məruzəçi heç olmasa tədbirdə iştirak edən tanınmış tənqidçi Gülrux Əlibəylinin son illərdəki ədəbi-tənqidi məhsullarının üzərində dayanmalı, ona istinad etməli idi.
Tanınmış tənqidçi Gülrux Əlibəyli isə öz növbəsində məruzə ilə bağlı fikirlərini dilə gətirdi: "Məruzəçi böyük zəhmət çəkib, xeyli ədəbi təsərrüfatı nəzərdən keçirib. Bu yaxşı cəhətdi. İndi az qala heç kim heç kimin kitabını oxumur. Oxumaq mütləq vacibdi. Ancaq hesab edirəm ki, nəzəri söhbətlər bu məruzənin əsas mövzusu olmalı idi, təhlilə geniş yer verilməliydi. Məruzəçi "Nə üçün təhlil yoxdur?" sualının sosial-psixoloji əsaslarını açmalı idi. Bu, təkcə Yazıçılar Birliyinin işi deyil, zamanın, mühitin söhbətidi, məruzəçi bunları təhlil etməyə özündə cəsarət tapmalı idi.
Xalq şairi, AYB-nin birinci katibi Fikrət Qoca çıxış edərək dedi: "Tənqid onda yaranır ki, əsər olsun, o əsərə müxtəlif bucaqlardan baxılsın. Məruzə maraqlı və əhatəlidi. Hesab edirəm ki, buradakı çıxışlar məruzənin tamamlanmasına xidmət edir".
Gənc şair Şəhriyar məruzəçinin ədəbi mətndən çıxış etməməsini irad tutdu, şair Elxan Zal Qaraxanlı məruzənin geniş və əhatəliliyindən söz açdı.
Tanınmış şair İlyas Tapdıq vurğuladı ki, məruzə maraqlı idi, ancaq bəzi boşluqlar var: "Tənqid oxucunu yönəltməyi bacarmalıdı. Məsələn, mən xalq yazıçısı Anarın Elçin Hüseynbəylinin kitabına yazdığı ön sözü oxuduqdan sonra bu gənc və maraqlı yazıçının yaradıcılığını diqqətlə izləməyə başladım. Musa Ələkbərlinin Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi poeması nəşr edilib, istərdim məruzədə bu poemanın bədii məziyyətlərindən söz açılaydı. Və yaxud Nəriman Həsənzadənin "Nuru paşa" poemasından, Fikrət Qocanın Qarabağ şəhidi, telejurnalist Çingiz Mustafayevə həsr etdiyi poemalarından…"
"Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli, şair Səxavət Talıblı, Cümşüd Nuriyev, yazıçı-ədəbiyyatşünas alim Gülxani Pənah məruzə ətrafında fikirlərini bölüşdülər.
Tanınmış tənqidçi Vaqif Yusifli dedi: "Məruzənin birinci hissəsində maraqlı cizgilər var. Bu müşahidələr tənqidin içində olan bir adamın müşahidələridi. İkinci hissə isə bir tənqidçinin monoloqu kimi səsləndi. Mən belə gözləmirdim. Məruzəçi ötən yeddi-səkkiz ildə tənqidimizin, poeziya və nəsrimizin nədə haqlı, nədə haqsız olduğuna, uğurlu və uğursuz cəhətlərinə münasibət bildirməli idi. Edilən məruzənin dörddə üçünün mətləbə dəxili yox idi…"
Şair, ədəbiyyatşünas alim Adil Cəmil vurğuladı ki, indi ədəbi mühitdə meyarsızlıq əlaməti var və bu, məruzədə də vurğulanıb. Bəsti xanımın məruzəsi öz təyinatından çıxıb. Ancaq hər halda qoyulan məsələnin öhdəsindən gələ bilib.
Professor Allahverdi Eminov məruzəçinin ədəbi təsərrüfata etinasızlıq etdiyindən söz açdı. Yazıçı-kulturoloq Aydın Xan (Əbilov) dedi ki, AzərbaycanYazıçılarının XII qurultayı qarşısında təşkil olunan bu silsilə müzakirələri keçirməklə AYB zamanın tələblərinə uyğun olaraq ədəbi-estetik beyin mərkəzi kimi çıxış edir. Ədəbiyyatın müxtəlif sahələrinə həsr edilmiş müzakirələrdə dinlənilən məruzələrin hər birində özünəməxsus orijinal baxış, ədəbi prosesə müxtəlif baxış sərgilənir. Bugünkü müzakirədə də bunun əyani şahidi olduq, son beş-altı ilin ədəbi-tənqidi gedişatına nəzər saldıq və bir daha gördük ki, milli söz sənətinin digər qollarında olduğu kimi filoloji düşüncəmizdə də zəngin hadisələr baş verir, kulturoloji humanitar fikrimiz inkişaf mərhələsini yaşayır.
Müzakirələri yekunlaşdıran xalq
yazıçısı, AYB-nin sədri Anar dedi: "Uğurlu
məruzədi - Bəsti xanımın tanış olduğu
kitablar və ədəbi məhsulların
çoxçeşidliyi və onlara münasibətin
obyektivliyi baxımından. Bu tipli məruzələri cavan nəslə
etibar etməyimiz özünü doğruldur. Məruzə ənənəvi
və şablon deyil. Burada edilən məruzələri gələcəkdə
toplu halında nəşr etmək yaxşı olar".
Sərvaz
Ədəbiyyat qəzeti.- 2011.- 18
mart.- S.7.