Nəriman Həsənzadə - 80

  

Xalq şairi Nəriman Həsənzadənin 80 illiyi ilə əlaqədar Ədəbiyyat muzeyi Naxçıvan Yazıçılar Birliyi ilə birlikdə "Şeirimizin Nəriman zirvəsi" poeziya saatı keçirmişdir.

Muzeyin direktoru Sübhi Kəngərli görkəmli şairin poeziyası haqqında fikir söyləmiş, Naxçıvan Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar, Naxçıvan MR əməkdar mədəniyyət işçisi, şair Vaqif Məmmədov və digər yazıçı-şairlər N.Həsənzadənin həyat və yaradıcılığından, onunla bağlı xatirələrindən danışmışlar. V.Məmmədov "Müjdə verin Nəriman Həsənzadəyə…" şeirini tədbir iştirakçılarına oxudu. Muzeyin əməkdaşları və Naxçıvan tibb kollecinin tələbələri şairin poeziyasından nümunələri bədii qiraət etdilər. Muzeyin şöbə müdiri İradə Məhərrəmova şairin 80 illiyi ilə əlaqədar ekspozisiyada hazırlanmış sərgi haqqında ətraflı məlumat verdi.

"Nəriman Həsənzadə - 80" sərgi-ekspozisiyada şairin avtoqraf etdiyi "Bir az möhlət istəyirəm ömürdən", "Mənim nigahımı pozdu təbiət", "Yadına düşəcəyəm", "Nəriman", "Zümrüd quşu" s. kitabları nümayiş olunur. Şairin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər - "N.Həsənzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə", "Naxçıvan Muxtar Respublikasının təşkil edilməsinin 60 illiyi ilə əlaqədar Naxçıvana gəlmiş ədəbiyyat və incəsənət xadimləri ilə birlikdə ədəbiyyat muzeyində", "N.Həsənzadə yazıçı və şair dostları arasında", Naxçıvan Dövlət Teatrında tamaşaya qoylumuş "Atabəylər" tamaşasının afişa proqramları, qəzet və jurnallarda yubilyarla bağlı dərc olunmuş yazılar sərgi-ekspozisiyada öz əksini tapmışdır.

Tədbir iştirakçıları sevimli şairimizin yubileyi ilə bağlı ona təbrik məktubu ünvanlamışlar.

 

 

İradəHƏRRƏMOVA

 

Ədəbiyyat qəzeti.- 2011.- 6 may.- S.3.