Muğamlarımızın
elmi tədqiqi
Muğam xalqımızın
incisidir, xalqımızın genetik kodudur. Nəsillərdən-nəsillərə
keçərək muğam Azərbaycan xalqının qan
yaddaşında qalıb, xalqımızın ürəyində
əbədi iz buraxmışdır. YUNESKO-nun xoşməramlı
səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
yazdığı kimi: "Muğam bizim qəlbimizin xüsusi
məqamıdır… Muğam dəryasının sualtı cərəyanları
çoxdur, bu cərəyanlara daldıqca biz insan hisslərinin
sirli yelpazəsinin istiliyini hiss edə bilirik,
varlığı onun bütün müxtəlifliyində dərk
edirik. Elə buna görə də biz muğama dönə-dönə
qayıdırıq. O artıq bizim həyatımızın
hissəsi deyil, o bizim özümüzdür".
Dövlətimizin
muğama olan böyük qayğısı nəticəsində
bu sənət gündən-günə nəinki yeni zirvələri
fəth edir, həmçinin yeni layihələrin
yaranmasına təkan yaradır: muğam jurnalı, muğam
antologiyası, muğam-ensiklopediyası…
Və nəhayət,
Azərbaycanda qeyri-adi, gözəl, orijinal bina ucaldı -
Muğam mərkəzi. Bu möhtəşəm binada
muğama həsr olunmuş olduqca maraqlı konsertlər,
festivallar, yüksək səviyyəli gecələr
keçirilməyə başladı.
Muğamları
ilk dəfə Azərbaycanda görkəmli bəstəkarlar
T.Quliyev və Z.Bağırov nota köçürmüşlər.
Tofiq Quliyev "Rast" və "Zabul" dəstgahlarını
Mirzə Mansurovun ifasından yazmışdır (həmin əsər
1936-cı ildə çap olunmuşdur).
Eləcə də
həmin ildə, bəstəkar Zakir Bağırov
"Dügah" dəstgahını nota yazır və
çap etdirir (M.Mansurovun ifasında). Və nəhayət,
altmışıncı illərin əvvəlində
muğamları (həm instrumental və həmçinin
vokal-instrumental) bəstəkar və musiqişünas Nəriman
Məmmədov professional səviyyədə nota
salmışdır. Xalq artisti N.Məmmədovun nota
saldığı muğamlar həm Moskvada, həm də
Bakıda çap olunmuşdur.
Ümumiyyətlə,
şərti olaraq, Nəriman Məmmədovun
muğamlarını 3 qrupa bölmək olar. Birinci qrupa onun
instrumental muğamlarını aid edirik.
"Çahargah", "Hümayun",
"Bayatı-Şiraz", "Şur" və onu da qeyd
etməliyik, burada təsnif və rənglər dərc
olunmayıb.
İkinci qrupa biz "Rast" və
"Şahnaz"ı aid edirik. Bu instrumental
muğamlara N.Məmmədov təsnif və rəngləri
daxil edib.
Üçüncü qrupa isə N.Məmmədovun
yazdığı "Rast" və "Çahargah"
vokal-instrumental muğamları aiddir.
N.Məmmədovun muğamları
haqqında bu sətirlərin müəllifi vaxtilə Səmərqənddə
1983-cü ildə keçirilən
"Musiqişünasların ikinci Beynəlxalq
simpoziumunda" məruzə etmişdir. Sonralar bu məruzələr Moskvada çap
olunmuşdur.
Bu gün gözəl kaman ustadımız,
Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının xalq musiqisinin tarixi və nəzəriyyəsi
kafedrasının professoru Arif Əsədullayev də öz sələflərinin
ənənələrini layiqincə davam etdirir.
Bu yaxınlarda onun "İnstrumental
muğamlar" adlı gözəl məcmuəsi çap
olunmuşdur.
A.Əsədullayev bu sahə ilə məşğul
olan özündən əvvəlki bəstəkarlardan fərqli
olaraq, bəzi muğamların müxtəlif növlərini
ilk dəfə nota salmışdır. Ümumiyyətlə, muğam sənətinin qorunub
saxlanması olduqca əlamətdar işdir. Lakin diqqəti
çəkən əsas məsələ odur ki, Arif Əsədullayev
bu muğamları öz ifasında nota salıb,
özünün ifaçılıq "sirləri"ni bizim üçün açıb.
Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru
Fərhad Bədəlbəyli bu əsəri olduqca dəyərli
sözlərlə səciyyələndirmişdir: "…Mən
mübaliğəsiz deyirəm ki, Üzeyir bəyin
arzularının biri olan muğamlarımızın temperasiya
olunmuş səslərlə, 12 pilləli not sistemində
yazıya salınması ilə A.Əsədullayev ilk
ifaçıdır ki, öz təmənnasız zəhməti
ilə şifahi ənənəli Azərbaycan muğamları
üçün Avropaya pəncərə
açmışdır. Artıq Avropa və eləcə də
bütün dünya musiqiçiləri Azərbaycan
instrumental muğamlarının not yazısı ilə
Xalq artisti, professor Arif
Məlikov isə "İnstrumental muğam" kitabı ilə
bağlı fikirlərini belə səciyyələndirir:
"Arif Əsədullayevin gördüyü iş təkcə
sənətşünaslıq baxımından deyil, bir vətəndaşlıq
xidməti kimi də çox mühümdür. Muğamların nota alınaraq nəşr edilməsi,
onların milli mənsubluğu ilə bağlı sərvətimizə
uzanan qərəzli, xain əllərin birdəfəlik kəsilməsi
deməkdir".
Məcmuənin "Giriş"
bölməsində müəllif ətraflı olaraq muğam
sənətinin inkişaf yollarını izləyir. Muğam və bəstəkarlıq
yaradıcılığına toxunarkən, bu sahədə
görkəmli bəstəkarlarımızın
yaratdığı əsərləri qürurla bildirir,
Üzeyir bəy Hacıbəylinin bu sahədəki yüksək
nailiyyətlərini xüsusi vurğulayır.
A.Əsədullayevin fikrincə instrumental
muğamlar XIX-XX əsrlərdə inkişaf zirvəsinə
yüksəlmişdir. İnstrumental muğamları peşəkar,
böyük istedada malik tarzənlər Mirzə Sadıq Əsəd
oğlu, Mirzə Fərəc Rzayev, Qurban Primov, Mansur
Mansurov, Əhməd Bakıxanov, Hacı Məmmədov kimi sənətkarlar
ifa etmişlər. Sonralar bu mahir ifaçıların
davamçıları Əhsən Dadaşov, Bəhram
Mansurov, Ramil Əhmədov, Məmmədağa Muradov, Əliağa
Quliyev Həbib Bayramov, Sərvər İbrahimov, Ramiz Quliyev
onların sənətini layiqincə davam etmişlər.
Müəllif muğam
ifaçıları olan görkəmli kaman ustalarının
adlarını çəkməyi də unutmur. Biz onların arasında bu məcmuənin redaktoru,
xalq artisti, professor Şəfiqə Eyvazovanı xüsusi
olaraq qeyd etmək istərdik. Ümumiyyətlə,
bu iki qeyri-adi ifaçılarımız birgə maraqlı, dəyərli
və müxtəlif səpkili metodik tövsiyələr
hazırlayıblar.
"Giriş" bölməsindən
sonra müəllif dəstgahlar, bütün muğamlar
haqqında qısa məlumatlar verir. Burada
səslənən maraqlı tövsiyələr olduqca
faydalı və önəmlidir; ələlxüsus cavan
ifaçılar üçün.
Onu da qeyd etməliyik ki, kitab - məcmuədə
Azərbaycan muğam dəstgahlarında istifadə olunan
terminlərin də maraqlı və geniş izahatı diqqəti
çəkir (avaz, dəraməd, diringi, təsnif, şöbə,
guşə, gəzişmə və s. haqqında).
A.Əsədullayevin də
"Rast" muğamı haqqında dedikləri
maraqlıdır. "Digər
muğamlar yarandığı dövrlərdən bu günə
kimi müxtəlif Şərq ölkələrində
transformasiyaya uğrasalar da, "Rast" muğamı daha da
inkişaf edərək həm özünü qorumuş, həm
də böyük bir muğam ailəsi
yaratmışdır".
Məlum olduğu kimi,
"Şur" muğamı həqiqətən Azərbaycanda
ən geniş yayılan muğamdır. Burada
müəllif qeyd edir ki, hələ Mirmöhsün Nəvvabın
"Vüzuhil-ərqam" əsərində
"Şur" muğamı "Nəva" dəstgahının
bölməsi kimi qeyd olunmuşdur. Lakin onunla eyni dövrdə
yaşayan, gözəl ifaçı tarzən Mirzə Fərəc
Rzayev "Şur"u otuz şöbə və guşəni
özündə birləşdirən bir dəstgah kimi səciyyələndirmişdir.
Müəllif həmçinin qeyd edir ki,
XX əsrin 20-ci illərinin əvvəlində Ü.Hacıbəyli
və bir sıra muğam ustadlarının iştirakı ilə
"Şur" muğamının bir çox bölmə və
guşələri siyahıdan çıxarıldı. "Şur" muğamı 16 şöbə və
guşələrdən təşkil olundu. Və sonra
yenə "Şur" muğamı "təkmilləşərək",
nəticədə 11 şöbə və guşəni öz
daxilində cəmləşdirir.
Nəhayət, A.Əsədullayev
yaddaşlarda qorunub-saxlanılan "Şur" instrumental
muğamının şöbə və guşələrini
nota köçürərək musiqi aləminə çox
böyük töhfə vermişdir.
"Segah" muğamı Azərbaycanda
olduqca geniş yayılmış, dinamik şəkildə
inkişaf etdirilmişdir. Arif müəllimin
qeydinə görə, "Segah" bütün muğam dəstgahlarına
çox asanlıqla daxil ola bilər. Və həqiqətən də bu olduqca təbii səslənir,
təbii qəbul olunur.
Bildiyimiz kimi, Azərbaycanda
"Segah"ın müxtəlif növləri mövcuddur:
Kitabda "Zabul segah muğamı" haqqında məlumat
daha geniş şəkildə öz əksini
tapmışdır. Bu muğam da
ifaçılarımız tərəfindən təkmilləşdirilərək
nəhayət, öz ifadəsini səkkiz şöbə və
guşələrdə tapmışdır.
Arif müəllim qeyd edir ki, "təqdim
etdiyimiz not yazısı 12 pərdəli səs sistemində,
temperasiya olunmuş səslərlə
yazılmışdır".
"Çahargah" muğamı
müəllifin fikrincə vahid məzmuna tabe olan və eyni adlı
lad kökünə əsaslanan yeganə muğam dəstgahıdır. Maraqlıdır ki, M.M.Nəvvab
"Çahargah" muğamını göy gurultusu ilə
əlaqədar yaradıldığını göstərmişdir.
Biz "Çahargah" muğamı
haqqında danışarkən, ilk növbədə qüdrətli
tar ifaçımız Bəhram Mansurovun əməyini xüsusi
qeyd etməliyik. A.Əsədullayev yazır: "Məhz
onun (Bəhram Mansurov nəzərdə tutulur) xidmətlərinin
nəticəsidir ki, Seyid Şuşinski kimi peşəkar bir
muğam bilicisinin, ustad xanəndənin, ali
ifaçılıq xüsusiyyətlərinə malik olan
(sözün əsl mənasında) müəllimin
ifasında "Çahargah" muğamı lentə
yazılıb respublika radiosunun qızıl fondunda
saxlanılır.
Azərbaycan bəstəkarlarının
bir çox gözəl, yaddaqalan və məşhur
mahnıları məhz "Bayatı-Şiraz"
muğamında yazılmışdır. "Bayatı-Şiraz" muğamı ilə əlaqədar
Arif müəllim həmçinin maraqlı cədvəl də
təqdim edir.
Müəllif qeyd edir ki,
"Bayatı-Şiraz" dəstgahı on şöbə və
guşədən ibarətdir. Xüsusi
olaraq, görkəmli xanəndələrimizin adları
ehtiramla, fəxarətlə çəkilir. Müəllif
doğru olaraq qeyd edir ki, "Şüştər"
muğamı az ifa olunandır. Onun yazdığına görə, Ü.Hacıbəylinin
rəhbərliyilə 1925-ci ildə "Muğam
şurası" tərəfindən qəbul edilmiş
proqramda "Şüştər" səkkiz şöbə
və guşəni əhatə edir. Son
zamanlar "Şüştər" muğamı təkcə
musiqiçilər tərəfindən deyil, həm də xanəndələr
tərəfindən məharətlə, zövqlə, səmimiyyətlə
ifa olunan dəstgahdır.
"Hümayun" muğamı
haqqında da A.Əsədullayevin fikir və düşüncələri
olduqca önəmlidir: "Təqdim olunan "Hümayun"
instrumental muğamı tələbə və müəllimlər
üçün, bu günün tələbinə uyğun
şəkildə nota alınmışdır. Onu
da qeyd etməliyəm ki, bu muğamı ustadlarımdan öyrənib
öz ifamdan nota köçürmüşəm".
Muğam - bizim milli sərvətimizdir. Xalqımızın bəzər mədəniyyəti
xəzinəsinə bəxş etdiyi muğam Azərbaycan
musiqisinin aparıcı simvoluna çevrilib. Ulu öndər
Heydər Əliyev bütün əhatəliyilə qeyd edirdi:
"Bizim hamımızı - azərbaycanlıları birləşdirən
milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli mədəniyyətimizdir
- ədəbiyyatımız, incəsənətimiz, musiqimiz,
şeirlərimiz, mahnılarımızdır, xalqımıza
mənsub olan adət-ənənələrdir".
İmruz ƏFƏNDİYEVA
Ədəbiyyat
qəzeti.- 2011.- 6 may.- S.2.