O da Bakı həsrətilə yaşayırdı

  

İraq türkman yazarlarından ikisi Azərbaycan niskili ilə yaşayır, vətənimizə sevgi və məhəbbətlərini gizlətmirdilər.

 

Yaşar könlüm;

Çırpınar, yaşar könlüm.

Bağdadda bir ah çəkər,

Bakıda yaşar könlüm

 

- deyən rəhmətlik Əbdüllətif Bəndəroğlunu ölkəmizdə tanımayan az adam tapılardı. Onun səmimiyyətinə inanmayan isə demək olar ki, yox idi.

Azərbaycanı öz vətəni hesab edən və buna mənəvi haqqı olan Mövlud Taha Qayaçı isə hisslərini, isti münasibətini yazıları və məktubları vasitəsi ilə izhar edirdi. Onun xalq şairi Rəsul Rza, prof. Abbas Zamanov və bu sətirlərin müəllifinə yazdığı məktublarını həyəcansız oxumaq olmurdu. Təəssüflə deməli oluram ki, ədəbiyyatımızın dostu, yazıçı və folklorşünas Mövlud Taha 7 mart 2011-ci il tarixdə - ömrünün 70-ci baharında əbədiyyətə qovuşdu. Təsəllini onda tapıram ki, 1966-cı ilin aprel ayından dostluq etdiyim, Bakıya həsrətlə yaşayan qardaşımın arzusu ürəyində qalmadı. İki dəfə onu Azərbaycana dəvət etdim. Yazıçılar Birliyində, Nizami adına Ədəbiyyat İnstitutunda, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində, "Ədəbiyyat qəzeti"ndə yüksək səviyyəli görüşlər keçirdik. Oxucularımız onun yaradıcılığı ilə hələ keçən əsrdən - "Ədəbiyyat və incəsənət" qəzetində çap olunan (18.04.1980) maraqlı "Dayı Mehdi" hekayəsi vasitəsi ilə tanış olmuşdular.

Azərbaycanda yaradıcılığına yüksək qiymət verilən dostum Yazıçılar Birliyinin fəxri üzvü seçilmişdi. Yazıçılar Birliyinin sədri Anar müəllim üzvlük vəsiqəsini ona təqdim edəndə dostumun keçirdiyi sevinc və qürur hissləri indi də gözlərimin önündən getmir.

Mövlud Taha Qayaçı İraqda mənim yaradıcılığıma məqalə həsr edən ilk tədqiqatçıdır ("Qardaşlıq" dərgisi, ¹10-11, Bağdad - 1972, s. 30-31).

Haqqımda son yazısı "Sevməmək olmur onu" oldu ("Türkmanelı ədəbiyyat və sənət" dərgisi, sayı 30, Kərkük - Temmuz (iyul) 2010).

Mövludla ən azı ildə bir dəfə görüşərdik. Türkiyədə Kayseri şəhərində Erciyes Universitetində və İstanbulda konfranslarda görüşlərimiz şirin xatirətək yaddaşımdan silinməyəcək. Həddən artıq zarafatcıl və həyatsevər dostumla son görüşüm keçən ilin may ayında baş tutdu. Görkəmli folklorşünas alim Əta Tərzibaşı və başqa dostları görmək amacıyla təyyarə ilə İraqın şimal bölgəsinə - Ərbil şəhərinə gedərək oradan Kərkük şəhərinə yollandım. Kərkükün qırx km-də Altun Köprudə Mövlud Taha, Bəndəroğlunun kürəkəni Cəlal Polad və başqaları məni qarşıladılar, cəmi bir neçə ay əvvəl güclü partlayış olmuş restoranda çay və sərinlədici içkilər içərək birbaşa Əta Tərzibaşının evinə üz tutduq. Orada xeyli ziyalı toplaşmışdı. Qəzet, dərgi, radio və televiziyadan gələnlər də az deyildi. “Ya qismət, bir də nə vaxt görüşərik” - deyərək şəkil çəkdirdik. Bu, Mövludla son görüşümüz və çəkdirdiyimiz son şəkil oldu.

Ədəbi əlaqələrimiz yolunda yorulmadan çalışan, vuruşan dostum barədə oxucularda az-çox təsəvvür yaransın deyə, sovet dönəminin ağır vaxtlarında mənə ünvanladığı iki məktubunu və oxucular tərəfindən rəğbətlə qarşılanacağına əmin olduğum, adət-ənənənin bariz nümunəsini özündə əks etdirən, çox maraqlı "Dayı Mehdi" hekayəsini təqdim edirəm.

 

 

Qəzənfər Paşayev

 

Ədəbiyyat qəzeti.- 2011.- 6 may.- S.3.