Dayı Mehdi
Hekayə
Bayat əşirətinin Quraq kəndində belə hadisələr tez-tez olur. Dayı Mehdi qızı Bağdagülü İsmayıl Kəviyənin oğlu Həsənquluya verəcək, Kəviyənin qızı İncini isə oğlu Murtuzaya alacaqdı. Bu təhər qohumluq onun ağlına batmırdı. Həyatda azmı olur cürbəcür hadisələr? Amma başqa bir çıxış yolu da yox idi. Belə olsa, xərci çıxmazdı, baş-başa olardı. Kəviyə tez-tez toydan söz salır, Dayı Mehdini narahat edirdi. Lakin il pis gəlmiş, Dayı Mehdinin əlində bir şey yox idi. Bu yandan da gözlənilmədən Bağdagül qarayatalaq xəstəliyinə tutulmuşdu. Dayı Mehdi xəstə qızını həkimə göstərmək üçün illərdən bəri sirdaşı olduğu tüfəngindən başqa evdə satılacaq bir şey görmürdü. Oğrular, qurd-quş, qonşu kəndin bəzi nanəcib adamları gözünün qabağına gəlincə, fikrindən vaz keçdi. Ömründə ilk dəfə olaraq arvadının yanında kasıblıqdan şikayət etdi. Baqqal Məstəvinin namərdliyindən danışdı:
- Ay kişi, Bağdagülün xatirinə, bu qışı yağsız da keçirərik. O küpədəki kərə yağını apar, bazarda sat.
Dayı Mehdinin üzərindən elə bil ağır bir yük götürdülər. Minnətdarlıqla vaxtından əvvəl qocalmış arvadını süzdü. Ertəsi gün alaqaranlıqdan küpə yağı bir xurcuna qoyub boz eşşəyin tərkinə atdı və bazara yola düşdü. Sərin meh Mehdinin üzünə vurduqca kefi açılırdı. Bağdagülün toyunda Kəviyənin oğlunun gəlib camaatın gözü qarşısında əlini öpəcəyini düşündükcə fərəhlənirdi. Tütün qutusunu çıxardı. Bir papiros bükdü. Boz eşşəyi mahmızladı. Yenidən xəyala daldı. Barı yağı yaxşı pula sataydı... “Bağdagülə baxmağa yaxşı bir həkim çağıracağam. Ölsə də, bayatlı doktor Şahbazı çağırmaram. Özgə vaxt bizi adam yerinə qoymur. Bizim yanımızda başa düşmədiyimiz dildə danışır. Görüm kasıblığın üzü qara olsun. Kimdi kasıbı sayan. Nə qədər özümüzü oda-közə vursaq da, qurddan ac, yalandan çılpağıq.”
Xəyal Dayı Mehdini ağuşuna alıb o qədər uzaqlara aparmışdı ki, o hətta sabahın nə vaxt açıldığını belə duymamışdı.
- Ay Allah, mənə uğurlu bir gün qismət et, - deyərək əbədi yatan şəhidlərə bir fatihə verdi və əlini saqqalına çəkdi.
Şəhərə girən yola çatmışdı. Bu vaxt iki köpək ona hücum etdi. Yaxşı ki, əl ağacını özü ilə götürmüşdü. Özünü itlərdən zorla qoruyurdu.
- Ay it, çəkil…
Köpəklər aralandılar.
Dayı Mehdi dönüb baxdı. Baqqal Məstəvi idi. Köpək oğlu haradan çıxdı? Yaxşı deyiblər: "Obaşdan qabağına çıxan ya xerxız (oğru), ya da xeyirsiz olar".
Dur, baba, dur. Səninlə işimiz var. Dayı
Mehdi borcdan qaçan deyildi. Əldə bir şey yoxdu.
Utana-utana
dedi: "Bu qədər
gözləyibsən, Məstəvi.
Sənə minnətdaram. Rica edirəm, bir
az da gözlə".
- Kişi, boşboğazlıq
etmə. Mənə nə olub ki, səhər-səhər
yuxuma haram qatıb bazar yolunda duram. Altı aydır gözləyirəm.
Elə etmə məhkəməyə
verim.
Mehdini soyuq bir tər basdı. Məstəvinin namərdliyi hər şeyi alt-üst edə bilərdi. Kəviyə
qohumluqdan geri dura bilərdi. Onda Mehdi xalqın
üzünə necə
çıxardı? Mehdi
həm sıxılır,
həm də yalvarırdı.
- Balalarının başına
çevir, Məstəvi.
- Baba, zəkat ayı keçdi. Un üyütmək
vaxtı çatıb.
De görüm, bu il nə qədər
buğdan olub?
- Ağa, siz bilirsiniz
ki, bu il
görünməmiş quraqlıq
keçdi. Heç nə olmadı.
Məstəvi ucadan güldü:
"Bəs bu qış hava ilə dolanacaqsınız?"
- deyib Dayı Mehdinin üstünə gəldi. Mehdi bir addım geri çəkildi.
- Xurcundakı nədir?
Mehdi qorxdu ki, baqqal
yağı əlindən
alsın. Xurcundan bərk yapışdı.
Bu, Məstəvini daha
da hiddətləndirdi.
Əlini
atıb xurcunun o biri gözündən yapışdı. Elə zərblə dartdı ki, xurcun Dayı
Mehdinin əlindən çıxdı. Məstəvi
özünü saxlaya
bilməyib arxası üstə yıxıldı.
Xurcun əlindən çıxdı. Dayı
Mehdi zərblə yerə dəyən xurcunda yağ küpəsinin sındığını
eşitdi. Sanki qırılan
küpə deyil, Dayı Mehdinin ürək telləri idi. Elə bil
qeyb olan küp deyil, Dayı Mehdinin istək və arzuları idi.
Mövlud Taha Qayaçı
Azərbaycan Yazıçılar Birliyi, “Ədəbiyyat qəzeti”nin redaksiya şurası və redaksiya heyəti
MÖVLUD TAHA QAYAÇININ
vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı
verirlər.
Allah rəhmət
eləsin.
Ədəbiyyat qəzeti.- 2011.- 6
may.- S.3.