Şamil Zaman - 75
Hörmətli Şamil müəllim!
Sizi - istedadlı yazıçı-tərcüməçini
75 yaşınızın tamam olması münasibətilə
təbrik edirik.
Siz ədəbi fəaliyyətlə
ötən əsrin altmışıncı illərindən məşğulsunuz.
Tələbəlik illərindən "Bakı", "Azərbaycan
gəncləri", "Kommunist",
"Ədəbiyyat və
incəsənət" qəzetlərində, "Azərbaycan",
"Ulduz", "Literaturnı
Azərbaycan" jurnallarının səhifələrində
sizin imzanız görünməyə
başlamışdır. Fəaliyyətinizin ilk mərhələsi elmi tədqiqatla
bağlı olmuşdur. Siz fransızcadan Azərbaycan dilinə tərcümə
olunmuş şeir və nəsr əsərlərini tədqiq etmiş, maraqlı araşdırmalar aparmısınız. Böyük dramaturqumuz M.F.Axundovun oğlu
Rəşid bəyin
fransızcadan tərcümə etdiyi
"Bir balaca parislinin həyatı"
adlı romanın kimə məxsus olduğunu müəyyənləşdirmiş,
müəllif Alfred De
Breanın bütün
əsərlərinin kataloqunu,
əsərin orijinalını əldə etmiş,
bu əsəri şərhlərlə
ayrıca kitab halında
nəşr etdirmiş,
həmçinin elmi tədqiqatımızın
məhsulu kimi məqalə
dərc etdirmisiniz.
"Fransızcadan Azərbaycan dilinə bədii tərcümələr
(tarixi-bədii təhlil)" mövzusunda
namizədlik dissertasiyası
müdafiə etmisiniz. Elmi
işlə yanaşı, siz
tərcüməçi kimi
fəaliyyətinizi genişləndirmiş, fransız ədəbiyyatının
ən gözəl nümunələrini Azərbaycan oxucusuna çatdırmısınız. P.Merime Mevinin orijinaldan tərcümə
etdiyiniz "Məhəbbət
ilahəsi" adlı kitabında
yazıçının "Mateo Falkolne", "İstehkamın
alınması", novellaları, "Etrüsk
vazası", "Məhəbbət ilahəsi", "Tamanqo", "Karmen"
povestləri ilə tanış oluruq. V.Hüqonun "Seçilmiş əsərləri", Nostradamusun "Yüzilliklər",
A.Dümanın "Qafqaz" əsəri,
Q.Fuloberin "Salambo"
tarixi romanını, P.C.Berancenin,
E.Poyenin, P.Elüar onun yaradıcılığından
nümunələri dilimizə çevirmisiniz. Siz təkcə fransızcadan dilimizə deyil, Azərbaycan dilindən fransızcaya tərcümələr
edirsiniz. R.Rzanın
"Rənglər" silsilə şeirləri,
N.Rəfibəylinin "Qərənfillər", F.Qocanın "Ürək", Z.Yaqubun "Şairin taleyi" kitablarını fransız dilinə
çevirmisiniz. M.Arazın
"Dünya sənin, dünya
mənim…" şeirlər
toplusu bu yaxınlarda sizin çevirmənizdə fransız
dilində işıq üzü görəcək.
Sizin şeirlərinizdən ibarət
"Söyüd bilməsin", "Zamana sözüm"
kitabları, "Partizan Nağı"
povestiniz oxucular tərəfindən maraqla
qarşılanmışdır.
Hörmətli Şamil müəllim!
Bir daha sizi yubileyiniz münasibətilə
ürəkdən təbrik edir, sizə uzun ömür, cansağlığı,
yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan
Yazıçılar Birliyi
Ədəbiyyat
qəzeti.- 2011.- 6 may.- S.4.