Sözü olan susa
bilməz, danışar…
Ümumiyyətlə, mən həmişə
əsl sənət adamlarının, elm xadimlərinin
gözünü özündən
diri görmüşəm.
Göz sözün diriliyinə aparan yoldu. Şamil Zamanın həm göz, həm də söz diriliyi, diribaşlığı var. Bu diri gözlər
və təbii ki, diri sözlər indiki durumda onun 75 illik
ömür-gün yolçuluğunu basmarlayıb altına
alıb. Bu diri gözlərin dibinin dibində
çevik, eyni zamanda çoxbilmiş bir uşaq obrazı
adamla lap gizlənpaç oyunu oynamaqdadı. Əziyyət
çəkib onu dəyirmanın yuxarı başına
çəkməyə ediləsi cəhdə heyif… Bilirsən ki, aşağıdan dipdiri
çıxacaq. Bu qovğada sadəliyi,
uşaq səmimiyyəti, zəhmətkeşliyi hayına yetəcək,
dayağı olacaq. Şamil müəllimin təhər-töhüründə
qəribə bir doğmalıq aurası var. Şeirdən,
elmdən də əfzəl, əzəl olan doğmalıq
aurası… Lap ilğım kimi.
Şamil Zaman ədəbiyyata ötən
əsrin 60-cı illərində gəlib. "Çay" adlı ilk şeiri
1964-cü ildə "Araz üzərində
şəfəq" almanaxında işıq üzü
görüb.
"Çay" axarlı olub. Ancaq Şamil müəllim bu axarlığın
cilovunu həmişə əlində möhkəm saxlayıb.
Baş alıb getməyə, bu çayı
boşuna axmağa qoymayıb. Damlada dəryanı əks
etdirməyə, az sözlə çox mətləb
deməyə çalışıb. Məsələn, erməni
vandallarının Qarabağa iddia savaşı
açdıqları ilk günlərdəcə o, şər
və kin-küdurət maşınının
sükançısı Mixail Qorbaçova şeirin
diliylə çox
ağlabatan bir mesaj göndərmişdi ki, a kişi, o iti
hürdürmə mənə, apar yenə bağla onu yerinə.
Ustad Cəfər Cabbarlının "atan kazaklardı!"
işarətinin XXI əsrin lap başlanğıcında yeni
yozumunu bundan da gözəl necə ifadə etmək olar?
O, gileylənməyi, "ah-uf
" etməyi sevməyən insandı. Ancaq
milli-mənəvi dəyərlərimizin, milli kimlik
simvollarımızın aşağılanmasına edilən hər
hansı kiçicik bir cəhd, unutqanlıq vərdişi
Şamil müəllimi ovum-ovum ovur. Nə yaxşı
ki, əlində qələmi, sinəsində sözü var.
Yazır və cəmiyyətə də çatdırır
ki:
Atalar sözü tək dürlü, hikmətli
Neçə deyilməmiş hekayəti
var.
Babam Koroğlunun dünyaya bəlli
Heykəli görünmür,
şikayətim var.
Bu şikayətin alt
yapısındakı üsyan, haray bizə daha əzizdi. Əslində müəllifin şikayəti səfərbəredici
şikayətdi. Və bu şikayəti etməyə
səlahiyyəti çatan söz adamıdı Şamil Zaman.
Nədənliyini özü hamıdan yaxşı ifadə
edib; yazıb, altından da imza qoyub:
Bu torpaq boynuma çox haq-say qoyub,
Kim deyər qəmini duymamışam mən.
Doğma Naxçıvanı,
Bakını qoyub,
Parisə, Londona uymamışam
mən.
Ş.Zamanın şeir dili yığcam, sadə və lakonikdi. O, poetik fikrini şeirin boyuna qəribə bir simiclik, ehtiyatkarlıqla biçir və düz edir:
Baxma dağlar
ucadı,
Dağların da dağı
var.
Və yaxud:
Hər təpə
dağ olmayır,
Dağ dağ
çəkib dağ olur -
misralarında olduğu kimi.
Hələ biz "Baş-baş kimi tanınar, başla versə baş-başa" misralarının
əvvəlindən sonunacan
varıb getmirik.
Anda zamanı,
zamanda külli-aləmi
yaşamağın sirrinə
vaqif olan insanlardandı o. Boşuna
demir ki, "Dünya beşgünlük
olar beş
gün yaşayan üçün". Təbii ki,
Şamil Zaman beşgünlük dünyanın
hər qətrəsində
əlli, yüz, yüz əlli illik ömür sürməyin fərqindədi
və bu düşüncə sənətkar
dünyabaxışının çevrəsinə mütənasibliyilə
tanışdı.
Şamil müəllimin ədəbi-bədii
fəaliyyəti onun tərcüməçilik fəaliyyətilə
qoşa qanad kimidi və hansı sahədə olur-olsun, o,
orijinallığı sevir. Qəlbinin
ən səmimi duyğuları ilə yazanda da orijinaldı,
dünya ədəbiyyatından tərcümələri də
orijinaldandı. Xalq şairləri Nigar Rəfibəylinin
"Qərənfillər", Məmməd Arazın
"Dünya sənin, dünya mənim...", Zəlimxan
Yaqubun "Şairin taleyi" əsərlərini fransız dilinə
hansı şövq və səmimiyyətlə çeviribsə,
Prosper Merimenin, Viktor Hüqonun seçilmiş əsərlərini,
Nostradamusun "Yüzilliklər"ini, Aleksandr Dümanın
(Ata) "Qafqaz"ını da eyni fikir, mövqe
ucalığından fransız
dilindən doğma dilimizə çevirib.
Və bu tərcümələrilə o, əslində
ən vacib olan işi görüb, ədəbiyyatımıza,
xalqlar arasında körpü salmaq amacına ləyaqətlə
xidmət edib. Şamil müəllimin elə
təkcə Düma Atanın "Qafqaz" əsərinin
dilimizə çevrilməsi üzərindəki zəhmətinin
enerji yükü ilə neçə-neçə şeir
toplusunu ortaya qoymaq mümkündü. Ancaq o yerdə ki,
Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasının bir yolu da "Qafqaz"dan
keçir, Şamil müəllim orijinal
yaradıcılığını tərcümə işinin
ayağına "uf" demədən verir, "yanmayır
ömrünün iki ilinə". Doğrudur, onun "Partizan
Nağı" sənədli povesti, "Hökm
oxumadı", "Qeyrət məsələsi",
"Düşmən", "Müttəhimin son
sözü", "Qisas", "Söz hakimindir",
"Oxlar", "Məslək dostları", "Haqqa qovuşan
ömür" hekayələri imkan verir ki, biz Şamil
Zamandan maraqlı öz sözü, üslubu olan nasir kimi də
söz açaq. Üstəgəl, uzun illər
boyunca yazıb-yaratdığı şeirləri fonunda
şair Şamil Zaman haqqında xoş ürək
sözümüzü dilə gətirə bilərdik. Ancaq təbii olaraq o fikrin üzərində
dayanmağa daha çox israrlıyıq ki, Şamil müəllim
yaradıcılığının bütöv istiqamətləri
ilə bir yerdə daha tam və bütövdü. Bu bütövlüyü onun zəhmətkeş alim
ömrünün gəlişmələri tamamlayır. Yaxın günlərdə onun çevirməsində
fransız dilində işıq üzü görəcək
"Azərbaycan poeziya antologiyasını da nəzərə
alsaq, Şamil müəllimin ağır, ancaq çox şərəfli
əməyinin mənzərəsini apaydın
görmüş olardıq. Bu antologiyaya 78
Azərbaycan şairinin seçilmiş şeir və
poemaları daxil edilib. Onun çevirməsində
Prosper Merimenin "IX Karl hakimiyyətinin salnaməsi", Qustav Floverin "Salambo" tarixi romanı isə nəşrini gözləyir".
Sərvaz
Ədəbiyyat
qəzeti.- 2011.- 6 may.- S.4.