Əli Kərim - 80

  

Bu günlərdə AYB-nin Natəvan klubunda cavan yaşlarında dünyasını dəyişmiş görkəmli Azərbaycan şairi Əli Kərimin 80 illik yubileyi keçirildi. Yubiley mərasimini giriş sözü ilə açan AYB sədri, xalq yazıçısı Anar qeyd etdi ki, Əli Kərim əsasən AYB-nin ədəbi orqanlarında - "Azərbaycan", "Ulduz" jurnallarında müxtəlif vəzifələrdə çalışıb. Bu gün onun 80 illik yubileyinin doğma məkanda keçirilməsi də təbiidir. AYB sədri vurğuladı ki, "mən Əli Kərim düşünəndə Lermontov, Müşfiq yadıma düşür. Əli onlardan bir qədər böyük olsa da, mənim nəzərimdə həmişə gənc şair kimi qalıb. Mən "gənc" ifadəsini onun yaradıcılığına yox, həyatına ünvanlayıram. Bəli, Əli Kərim dünyasını cavan yaşlarında dəyişdi. Az yaşadı, amma yaşarı əsərlər qoyub getdi".

AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca Əli Kərimin şəxsiyyəti və yaradıcılığı barədə danışaraq onu təkararsız, bənzərsiz, novator şair kimi xatırladı. F.Qoca çıxışının sonunda belə bir ümumiləşdirmə apardı: "Əli Kərim yaşayır, yaradır, - ölməz şeirləri və oğul-uşaqları, nəvələri ilə".

Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Əli Kərim yaradıcılığını təhlilə cəlb etməklə onun poeziyasını yüksək dəyərləndirdi və belə bir cümlə işlətdi ki, Ə.Kərimin Göyçay narı kimi öz şeirinə sıxıldı. S.Rüstəmxanlı sonda Əli Kərimin ev muzeyinə bir ehtiyac olduğunu da vurğuladı.

Şair Ramiz Rövşən çağdaş poeziyamızda Əli Kərimin özünəməxsus yeri, onun şeirlərindəki intellektual səviyyə, orijinal ifadə tərzi barədə danışdı, şairin xəstəxanada yazdığı şeirləri üzərində xüsusi dayandı və belə qənaətə gəldi ki, əslində şairlik özünüifadə istedadıdır, bu cəhət də Ə.Kərimi də çox güclü nəzərə çarpır.

AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev Ə.Kərimin bənzərsiz poeziyasından nümunələrə təhlili münasibətini bildirdi və belə bir ümumiləşdirmə apardı ki, əslində onun böyük şairliyi böyük insanlığından irəli gəlirdi. Tənqidçi-ədəbiyyatşünaslar - Vaqif Yusifli, Cavanşir Yusifli Əli Kərim poeziyasının əsl mahiyyəti, ideya-bədii istiqamətləri və aktuallığı barədə konkret arqumentlərə söykənən mülahizələrini iştirakçıların diqqətinə çatdırdılar.

Şairlərdən Oqtay Rza, Paşa Qəlbinur, Qəşəm Nəcəfzadə, Moskvada yaşayan professor Tofiq Məlikli də çıxışlarında özündən sonra ölməz poetik irs qoyub getmiş Əli Kərimlə bağlı ürək sözlərini söylədilər.

Ə.Kərimin övladlarından Paşa və Orxanın da iştirak etdiyi yubiley mərasimini şairin həyat yoldaşı Elza xanım Kərimova təsirli və unudulmaz xatirələri ilə yekunlaşdırdı, mərasimin təşkilinə görə AYB rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirdi.

 

 

A.Savalan

 

Ədəbiyyat qəzeti.- 2011.- 6 may.- S.4.