Azərbaycan poeziyası fransız dilində

 

  Nəfis şəkildə poeziyasevərlərə təqdim olunan "Azərbaycan poeziya antologiyası: XI-XX əsr" kitabı filologiya üzrə fəlsəfə doktoru Şamil Zamanın ön sözü ilə açılır. Görkəmli Azərbaycan şairləri Əfsələddin Xaqani, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Nəsimi, Füzuli, M.Ə.Sabir, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Nigar Rəfibəyli, Almas İldırım, Milvarid Dilbazi və başqalarının yaradıcılığı incələnən ön sözdə bütövlükdə çoxəsrlik tarixə malik Azərbaycan poeziyası haqqında dolğun məlumat verilib.

Antologiyada yuxarıda adları çəkilən böyük sənətkarlarla yanaşı şeirimizin görkəmli nümayəndələri Tofiq Bayram, Fikrət Qoca, Fikrət Sadıq, Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Ağa Laçınlı, Ayaz Vəfalı, Musa Yaqub, Məmməd İsmayılın şeirləri də yer alıb. Eyni zamanda, çağdaş poeziyamızın tanınmış nümayəndələri Hüseyn Razi, Əjdər Ol, Xanəli Kərimli, Vaqif Məmmədov, Elman Həbib, Adil Cəmil, Vaqif Nəsib, Sərvaz Hüseynoğlu, Ağacəfər Həsənli, Fərqanə, Tofiq Abdin, Müsrəddin Kövrək və başqalının şeirlərindən nümunələr verilib.

Kitaba daxil edilən şeirlər fransız dilinə şair-tərcüməçi Şamil Zaman tərəfindən çevrilib.

Gərgin zəhmətin məhsulu olan yeni nəşr fransızdilli oxuculara layiqli töhfədir.

 

 

S.Əsgərli

 

Ədəbiyyat qəzeti.- 2011.- 6 may.- S.4.