"Dədə Qorqud günü"
Bu
günlərdə Azərbaycan MEA-nın Folklor İnstitutu
"Dədə Qorqud" kitabının 1300 illik yubileyinin
ildönümü münasibətilə "Dədə Qorqud
günü" keçirdi. Tədbiri giriş sözü ilə
açan institutun direktoru, filologiya elmləri doktoru, professor
Hüseyn İsmayılov bildirdi ki, hər il aprelin səkkizini
bizim kollektiv "Dədə Qorqud günü" kimi qeyd edir
və bu tədbir artıq ənənə halına
keçib. H.İsmayılov onu da vurğuladı ki, əslində
mənəviyyat başlanğıcımız olan "Dədə
Qorqud" nəinki hər il, hər ay, hətta hər gün
xatırlanmalı, xalqımızın yaratdığı bu
möhtəşəm abidəyə yeni-yeni yanaşmalar, elmi
münasibət və mülahizələr, davam etməlidir.
AMEA-nın müxbir üzvü, f.e.d.,
professor Folklor İnstitutu "Dədə Qorqud"
şöbəsinin müdiri, "Dədə Qorqud" beynəlxalq
dərgisinin baş redaktoru və qurucularından biri Tofiq
Hacıyev "Dədə Qorqud"un poetik leksikonumuzun zənginləşməsində,
milli-mənəvi təkamül prosesində əvəzsiz
yerindən, özünəqayıdış yolunda fövqəl
dəyərindən danışdı. Sonra söz f.e.d.,
professor Qəzənfər Paşayevə verildi. "Dədə
Qorqud kitabı": Kərkük dialekti və ədəbi
dil" mövzusunda məruzə edən folklorşünas
alim İraqda yaşayan soydaşlarımızın dialekt və
ədəbi dil leksikonu ilə "Dədə Qorqud
kitabı"nın dilini müqayisəli təhlildən
keçirdi. Belə qənaətə gəldi ki, "Dədə
Qorqud"un dili həm də İraqdakı Azərbaycan türklərinin
(türkmanların) dilidir və bu dil birliyinin təsdiqi
dastanda öz dolğun ifadəsini tapıb. "Beyrəyin
qanlı köynəyi" mövzusunda məruzə edən
f.e.d., professor Kamran Əliyev dastanda yer alan "dəmir
don", "sarı don", "qanlı köynək",
"kaftan", "niqab" və s. geyim formalarının
simvolikasına elmi müstəvidə aydınlıq gətirdi,
həmçinin, "Dədə Qorqud" boylarından
tez-tez keçən "xəbər"in də təsnifatını
verdi.
F.e.n. Xaliyəddin Xəlilli "Dədə
Qorqud" oğuznamələrində Azərbaycan türklərinin
tarixi təfəkkür mərhələləri" adlı
məruzəsində xalqımızın keçdiyi tarixi yola
nəzər saldı, milli dövlətçilik ənənələrimizin
məhz "Kitabi-Dədə Qorqud"dan gəldiyini
vurğuladı.
F.e.n. Asif Hacıyev "Bədii mətnin
açıqlanmasında ilkin arxaizmlərin rolu"
mövzusunda məruzəsini "Dədə Qorqud" eposu əsasında
qurdu. Aparılan müqayisə və paralellər "Dədə
Qorqud" eposunun zəngin xəzinə və möhtəşəm
ümumtürk abidəsi olduğunu bir daha təsdiqlədi.
Sonra - bədii hissədə tədbir
iştirakçıları AMEA Folklor İnstitutunun
"İrs" ansamblının ifasında "Dədə
Qorqud kitabı"ndan örnəklərə qulaq asdılar.
A.Savalan
Ədəbiyyat
qəzeti.- 2011.- 6 may.- S.4.