Düşür

 

Eşitməz - yolundan saxlama karı,

Axı yayda yağmır zamanın qarı.

Bir əyri daş gözdən salır divarı,

Daş kimi qəlbə də dildən xal düşür.

 

Göz - ürək yananda bulağa dönür,

Doğma yad olanda qonağa dönür.

Pis əməl tüstüsüz ocağa dönür,

İnsafa ev yıxan əldən xal düşür.

 

Yar ömrü uzanır yar baxışından,

Təbiət sevinir yaz naxışından.

Qara buludların ağ yağışından

Torpağa çiçəkdən, güldən xal düşür.

 

Dolur fəsil-fəsil zamanın əli,

Xəstədən dərd alır, dərd vermir zəli.

Nəfsə qurban gedir yazıq dağ kəli,

Dağın sinəsinə küldən xal düşür.

 

Ömrün qənimidi canın mərəzi,

Şöhrətin mərəzi, şanın mərəzi.

Qanı zəhərləyir qanın mərəzi,

Nəslin aynasına beldən xal düşür!

 

 

Yaxşıdı

 

Elindi sinəmdə ürək,

Bəxtəvərəm bir övlad tək!

Böyük evim kimə gərək -

Qəlbim gen olsa, yaxşıdı.

 

Mərd də mərdə yazıb dərdi,

Kirpiyindən asıb dərdi…

Məni sıxdı kasıb dərdi,

Hamı tən olsa, yaxşıdı.

 

Çox rast gəldim yalan anda,

Dar məqamda, çətin anda,

Ağladım el ağlayanda,

Toy hər gün olsa, yaxşıdı.

 

Günüm bir şam, gecəm bir şam,

Nə şirinmiş yuxuda kam -

Gördüm ki, şair olmuşam,

Arzum çin olsa, yaxşıdı.

 

Həqiqətdir zaman-zaman,

Nuruyla sevilib cahan!

Yurda dayaq, elə qurban

Nurəddin olsa, yaxşıdı.

 

 

Sonra get

 

Sinəmi yandırdın yar, birdən-birə,

İnamın da yoxdu, and içim pirə.

Bir az da səbr elə, qar düşsün yerə,

Üşüyən izindən öpüm, sonra get!

 

Hələ gözlərim çox nəm qalacaq, nəm,

Sənsiz qənimimə dönəcək bu qəm!

Dönər dünənimə bir də görmərəm,

Qoy dönük üzündən öpüm, sonra get!

 

Od kimi yandırar dilimi adın,

Bəzəməz ayımı, ilimi adın!

Axır inadımı qırdı inadın,

Günahsız gözündən öpüm, sonra get!

 

Kövrək ürəyimdə daş oldun, gülüm,

Sevən gözlərimdə yaş oldun, gülüm!

De, nədən vədəsiz qış oldun gülüm? -

Aman ver, buzundan öpüm, sonra get!

 

Oduna çox yanıb dilim eşqimin,

Külünə qarışıb külüm eşqimin.

Nişan ver, səmtini bilim eşqimin,

Ünvan ver, sözündən öpüm, sonra get!

 

 

Heyif

 

Zaman verir, yaz gətirir çiçəyi,

Söz yaşadır, eşq tanıdır ürəyi.

Kar eşitmir, kor görməyir küləyi -

Sinəni göynədən dərd gördüm, heyif!

 

Sınandım həyatın çətin anında,

Qazandım ağıllı böyük yanında!

Ehtiyacın susuz dəyirmanında

Halal qurbanını mərd gördüm, heyif!

 

Həya üzdə olur, inci dərində,

Dayaz da görünür fikir, dərin də!

Nəfsin at oynadan məktəblərində

Kafiyə dəyməyən dörd gördüm, heyif!

 

Fikrin işığında mənzil etdim qət,

Çıxdım aydınlığa mən də nəhayət!

Qapıları bağlı dərdli imarət,

Kişisiz xərabə yurd gördüm, heyif!

 

 

Nurəddin Mirzəxanlı

 

Ədəbiyyat qəzeti.- 2011.- 13 may.- S.6.