Qürbət rübailəri

 

Doğma vətən hara, qürbət el hara?

Vətəni hər zaman sən axtar, ara.

Baxıram həsrətlə, intizar ilə

Qürbətdən vətənə gedən yollara.

 

Ay külək, bahardır məhəbbətlə əs,

Verir lalə, nərgiz ürəyə həvəs.

Gətir gəl qürbətə vətən ətrini,

Başımın üstündə iftixarla gəz.

 

Düşsən qəribliyə qəribəm demə,

Taledən inciyib qəm-qüssə yemə.

Bilirəm, ağırdır qürbətin daşı,

Atılan hər daşa sən boyun əymə.

 

Dağların başına duman, qar gələr,

Güman var görüşə bu gün yar gələr.

Yer üzü qədər geniş olsa da,

Qürbətdə insana dünya dar gələr.

 

Qəlbimdə bəslərəm ana vətəni,

Səfalı Bakını, gözəl Gəncəni.

A qürbət, gəl mənə biganə baxma,

Vətən tək istəyə bilmərəm səni.

 

Bizim el-obaya bənzər bu yerlər,

Xaçmaza, Qubaya bənzər bu yerlər.

Sevdalı könlümdə, xəyallarımda

Qanadlı quş kimi gəzər bu yerlər.

 

Döysə yağış məni, döysə qar məni,

Qürbətdə incitsə intizar məni,

Vətən məhəbbəti, el məhəbbəti

Hər dərddən, bəladan saxlayar məni.

  

 

Simax Şeyda

 

Ədəbiyyat qəzeti.- 2011.- 13 may.- S.5.