Vətən nisgilli şair

 

Uşaq şeirləri ilə ədəbi fəaliyyətə başlayan Simax Şeyda (Simax Yuşvayev) Azərbaycan oxucularına hələ 1950-ci illərin əvvəllərindən tanışdı. O, orta məktəbdə oxuyarkən ələ qələm almış, ilk şeirləri "Azərbaycan pioneri", "Azərbaycan gəncləri", "Ədəbiyyat qəzeti"nin səhifələrində, həmçinin "Azərbaycan pioneri", "Göyərçin" "Azərbaycan" jurnalında çap olunmağa başlamışdı. Şairin 1961-ci ildən başlayaraq "Təyyarə", "Mən balaca kosmonavtam", "Yaxşı qız", "Kimin belə qızı var", "Tülkü, tülkü tünbəki", "Nəğməli meşə" və "Yoxdur belə nənədən" kimi şeirlər kitabı balaca oxucular üçün çapdan çıxdı. Bu kitablardakı şeirlər, öz sadəliyi, oynaqlığı, dadlı-duzlu deyim tərzi ilə bir-birindən fərqlənirdi. Eyni zamanda bu şeirlərin əksəriyyətində uşaqların həyatından alınmış maraqlı süjet xətti vardı. Balaca oxucular onları oxuyarkən istər-istəməz fikirləşməyə başlayır, ürəyə yatımlı misraları bir-iki dəfə oxuyan kimi əzbərləyə bilirdilər. Simax Şeydanın uşaq şeirlərindən söhbət açarkən onlardakı orijinal poetik problemlərdən, uşaqlara təsir edəcək bədii ifadə vasitələrini axtarıb tapmaq sadə, səmimi, inandırıcı həyati mövzular seçmək bacarığından da yanaşmaq lazımdır.

Uşaq şairi kimi tanınmış Simax Şeyda böyüklərin də əzəli və əbədi duyğularının, qayğılarının, arzularının tərənnümçüsüdür. Bizə görə vətən və el məhəbbəti, saflıq və sədaqət onun yaradıcılığının ana xəttini təşkil edir. Oğuzda dünyaya göz açıb, uşaqlıq və gənclik illərini qədim Nizami yurdu Gəncədə keçirən, orta ali təhsilini Azərbaycan dilində alan şair öz şeirlərini Azərbaycan və dağ yəhudiləri dilində yazır. İndiyə kimi onun 18 kitabı işıq üzü görmüşdür. Bu kitabları oxuyan hər bir şeir, sənət fədaisi şairin yaradıcılığındakı aşağıdakı məsələlərlə səsləşən şeirlərlə üz-üzə gəlir: Balaca oxucular üçün yazılan şeirlərlə; vətən və el məhəbbətindən bəhs edən şeirlərlə; sevgi məhəbbət şeirləri ilə; Qarabağ məsələlərindən danışan şeir qəzəllər ilə.

Az da olsa biz əvvəldə Simax Şeydanın uşaq şeirləri haqqında danışdıq. İndi isə onun vətən və el məhəbbətindən bəhs edən şeirlərindən söhbət açmaq istəyirik.

Dediyimiz kimi, onun uşaqlıq və gənclik illəri Oğuzda Gəncə şəhərində keçmişdi. İlk duyğularını Gəncədə qələmə alan şair üçün bu torpağın hər guşəsi, hər neməti, hər sərvəti əzizdir. O, gəncliyinin oylağı qədim Gəncəyə, onun təbiətinə zəhmət adamlarına, xüsusilə gözəl-göyçək qızlarına onlarla şeir həsr etmişdir. Həssas şair qəlbinin tərənnümü olan "Gəncəli qız" şeirinə diqqət yetirək:

 

Sən bir bahar çiçəyisən.

Göyçəklərin göyçəyisən.

Bu işıqlı

yaraşıqlıı

Şəhərimin bəzəyisən.

Ay gün üzlü gəncəli qız,

Şirin sözlü gəncəli qız.

 

Günmü deyim, aymı sənə,

Hər gözəl qız taymı sənə?

Bu kamalı,

bu camalı

Tanrı verib paymı sənə?

Ay gül üzlü gəncəli qız,

Şirin sözlü gəncəli qız...

 

Əlli il bundan qabaq yazılan bu şeir qədər axıcı və rəvandır. "Gəncəli qız" təkcə şeir yox, həm də şən bir mahnıdır. O dövrdə Gəncə sözünü işlətmək yasaq idi. Yerli bəstəkar Enkibar Cəfərov bu şeirə musiqi bəstələmişdi. Gəncə filarmoniyasında müğənnilər bu mahnını ifa edirdilər.

Simax Şeydanın "Əlvida deməyin", "Bu yerlər", "Oğuz", "Məndən yaz deyir", "Çinarlı şəhərim", "Göy göl" bir sıra başqa şeirlərindən məlumdur ki, o, Azərbaycana qırılmaz tellərlə bağlıdır. Şair Şah dağı və Kəpəz dağlarının ətəklərindən axan sərin bulaqları, göz gördükcə uzanan qozlu, fındıqlı şabalıdlı meşələri, geniş düzləri böyük məhəbbətlə tərənnüm edir. Ona görə vətən eşqi, hər şeydən müqəddəs və ülvidir. İnsan çörək və havasız yaşaya bilmədiyi kimi, vətənsiz də yaşaya bilməz. Göz açdığı el-obaya bağlılıq Simaxın şeirlərindən bir qırmı xətt kimi keçir. "Əlvida deməyin" şeirini oxuyan oxucu özünü şairin dünyaya göz açdığı Oğuzda hiss edir. Elə bil ki, o da şairə qoşularaq qoynu gül-çiçəkli bağları dolaşır, laləli, nərgizli çöllərdən keçir başı çənli, dumanlı dağlara baxmaqdan riqqətə gəlir. Şeirdə oxuyuruq:

 

İlk dəfə gözümü Oğuzda açdım,

Xallı kəpənəklər dalınca qaçdım.

Yeridim, yüyürdüm, yıxılıb-durdum,

Baxıb ətrafıma sıxılıb durdum.

Bağladım qəlbimi uca dağlara.

O qozlu, fındıqlı yaşıl bağlara.

"Ana bulağı"nın gözündən içdim,

Xalxaldan, Bucaqdan, Padardan keçdim.

Uddum havasını gözəl qışlağın,

Dolandım başına ana torpağın.

Əlvida deməsin qoy Oğuz mənə,

Neçə oğul mənə, neçə qız mənə.

 

Onun şeirlərində Qarabağ dərdi də var, Təbriz həsrəti də. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsindən doğan sevinc duyğuları da. Simax Şeydanın İsrail həyatından bəhs edən şeirləri də çoxdur. Son vaxtlar Almaniya həyatından yazdığı bir sıra şeirləri də maraqlıdır.

Şair Prezident İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə Oğuzdan Bakıya çəkilən içməli suyun paytaxta gətirilməsi münasibəti ilə yazdığı şeiri ilhamla qələmə almışdı:

 

Baş götürüb dağlardan,

Meşələrdən, bağlardan,

Səfalı yaylaqlardan

Ax Bakıya buz suyum,

Ay mənim Oğuz suyum.

 

"Oğuz suyum" təkcə şeir yox, həm mahnıdır. 200 km-dən artıq bir yolu qət edən bu su bakılılara böyük sevinc bəxş etmişdi.

Ümumiyyətlə, Simaxın "Oynar-oynar", "Ceyranım mənim", "Bir gözaltım var", "Deyə-deyə", "Bircə nazın olmayaydı" və bir sıra şeirlərini həyəcansız oxumaq olmur. Yaşadığı dövrün nəbzini tuta bilən sənətinin müdriklik çağlarında şairin 2006-2008-ci illərdə "Qəzəllər", "Məndən istər hər gözəl yar qəzəllər" "Sevdalı gözlər" adlı 3 qəzəllər kitabı Bakının "Araz" nəşriyyatı tərəfindən nəşr olunub.

Bu kitablardakı 300-ə yaxın bir-birinə bənzərsiz qəzəlləri oxuyanda oxucu özündə bir rahatlıq hiss edir. Çünki onların hamısını xalis Azərbaycan dilində yazmışdı. Bir S.Şeyda bu qəzəlləri əruz vəznində yox, heca vəznində yazmağa çalışmışdı. Çünki indiyə qədər yazılan qəzəllərdə xeyli miqdarda ərəb-fars kəlmələri vardır. İndiki gənc nəsil isə bunları əzbərləmək və yadda saxlamağa çox vaxt çətinlik çəkirlər. Bizcə, S.Şeyda heca vəznində qəzəl yazan ilk Azərbaycan şairidir.

Bu qəzəllərdə biz şairin doğma vətənə məhəbbətini, onun füsunkar təbiətinin gözəlliklərini və bu gözəlliklər içində qəm-qüssəyə batmış Qarabağ torpağının təsvirini şair ürək ağrısı ilə verir bəzən ona elə gəlir ki, Münhen şəhərinin göylərindən qatar-qatar uçub keçən durnalar ona bu torpağın azad olduğu xəbərini verirlər. Bir şair bu qəzəllərdə ilqarı düz olmayanları, həqiqi eşqə, saf sevgiyə, dostluğa xor baxanları tənqid edir. Şair məhəbbətli, eşqli, nazlı-işvəli vəfalı gözəlləri tərənnüm etmək üçün özünü Nizami, Füzuli, Seyid ƏzimVahid nəfəsli qəzəllər yazmağa çağırır. Bu qəzəllərdən birinə diqqət edək:

 

Bir dilbərin işvəsi, nazı öldürür məni,

Çoxu zülm eyləyir, azı öldürür məni.

 

Onun qarlı-yağışlı, günlərinə dözürəm,

Ancaq güllü-çiçəkli yazı öldürür məni.

 

...Eşq, məhəbbət olmasa insan yaşaya bilməz,

Simax Şeyda, gözəllər xası öldürür məni.

 

Görürsünüzmü, bu qəzəl qədər sadə, axıcı və mənalıdır. Onun bütün qəzəlləri bu ruhda qələmə alınmışdı.

Azərbaycan və dağ yəhudiləri dilində yazıb-yaradan S.Şeyda hər iki xalqın sevimli şairidi. O bu xalqlar arasında olan dostluq tellərini möhkəmləndirən və daha da parlaq edən bir işıq parçısıdır. Şair Azərbaycanın görkəmli şairlərinin şeirlərini dağ yəhudiləri dilinə çevirib antologiya şəklində çap etdirmişdi. Bu kitabda klassik Azərbaycan şairləri ilə yanaşı hal-hazırda yazıb-yaradan şairlərin də şeirləri vardır. Əlbəttə, bu hər iki xalqın ədəbi-mədəni əlaqələrinin inkişafına layiqli bir töhfədir.

18 fevral 2011-ci ildə Nyu-York ştatının Buruklin rayonunun "Qafqaz" restoranında Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan diaspor cəmiyyəti Azərbaycanın görkəmli xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 80 illik yubileyi münasibətilə görüş keçirmişdi. Bu yubiley gecəsinin iştirakçıları azərbaycanlılar ilə dağ yəhudiləri olmuşlar. Burada N.Həsənzadənin dağ yəhudiləri ilə dostluğundan da söhbət getmişdi. Belə ki, o Gəncədə oxuduğu vaxtı hal-hazırda Almaniyada yaşayan Azərbaycanİsrail Yazarlar Birliyinin üzvü olan S.Şeyda ilə dostluq etmiş bu dostluq illər keçdikcə daha da möhkəmlənmişdi. O, şairin "Məndən istər hər gözəl yar qəzəllər" kitabına yazdığı ön sözdə oxuyuruq: "Şairlik taledir. Taleyin xoş olsun, Simax Şeyda. Mən bir daha yəqin etdim ki, o nəinki gözəl şair, yeni təravətli qəzəllər müəllifi, həssas insan nümunəvi ailə başçısı, həm də bir dar günün dirəyidir. Onun çöhrəsində əbədi nur var. Üzü ürəyi kimi işıqlıdır. Onun pak ürəyindən süzülüb gələn bulaq suyu kimi duru şeirlər Azərbaycan və yəhudi xalqlarının həmrəylik simfoniyası kimi səslənir, bundan sonra da səslənəcək, könülləri səhər mehi kimi oxşayacaq".

Şair Simax Şeyda xarici ölkələrdə Azərbaycan ədəbiyyatının təbliğində göstərdiyi xidmətlərə görə "Məmməd Araz" "Araz" mükafatlarına layiq görülmüşdür.

S.Şeydanın şeirləri, eləcə də qəzəlləri Azərbaycanın hüdudlarını aşaraq dünyaya yol tapmışdır. İndi onun əsərləri İsraildə, Moskvada, Amerikada, Kanadada, Almaniyada başqa ölkələrdə oxunur. Hörmətli bəstəkar Oqtay Zülfüqarov onun bir neçə uşaq şeirlərinə və İsraildə yaşayan bəstəkar Qod Mixayılov 30-dan artıq şeirləri və qəzəllərinə musiqi bəstələmişdi. Qod Mixayılovun təbirincə desək, S.Şeyda dağ yəhudilərinin Əlağa Vahididir.

Hal-hazırda şair qürbət şeirləri üzərində işləyir. Bu əsərlərdə ürəyi vətən həsrəti və eşqi ilə döyünən bir şairin arzu və duyğuları məhəbbətlə tərənnüm olunur. "Qürbət rübailəri"ni oxuyanda uzaq Amerikada mənim də ürəyim qövr eylədi. Dünyaya göz açdığım səfalı Quba öz gözəlliyi ilə gəlib gözlərimin önündə dayandı. Elə bil ki, şirin xəyallar əlimdən tutub məni Şah dağının zirvələrinə qaldırdı və ordan da Qudyalın sahillərinə gətirərək onun nəğməkar səsinə qulaq as dedi. Şair yazır:

 

Ay külək, bahardır məhəbbətlə əs,

Verir lalə, nərgiz ürəyə həvəs.

Gətir gəl qürbətə vətən ətrini,

Başımın üstündə iftixarla gəz.

 

Bu günlərdə Simax Şeydanın 75 yaşı tamam olur. O, Azərbaycan ədəbiyyatının vurğunu, əski şeir-sənət fədaisidir. Şairə ömrünün müdriklik çağında möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

 

Raşbil Şamayev

 

Ədəbiyyat qəzeti.- 2011.- 13 may.- S.5.