Simax Şeyda - 75

         

Hörmətli Simax Şeyda!

Sizi - istedadlı şairimizi 75 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz ədəbi yaradıcılığa ötən əsrin əllinci illərindən başlamısınız. Hələ orta məktəbdə oxuyarkən şeirlərinizlə mətbuatda çıxış etmisiniz. "Ədəbiyyat incəsənət", "Azərbaycan pioneri" qəzetlərində, "Göyərçin" jurnalında şeirləriniz və mənzum nağıllarınız dərc olunmuşdur. 1964-cü ildə "Təyyarə" adlı ilk kitabınız işıq üzü görmüşdür. "Mən balaca kosmonavtam", "Yaxşı qız", "Kimin belə qızı var", "Tülkü, tülkü, tünbəki", "Yoxdur belə nənədən", "Qızım qızlar içində" kimi kitablarınızda balaca oxucuların çox sevdikləri şeirlər toplanmışdır. Son illər qəzəl janrında da qələminizi sınamısınız. "Qəzəllər", "Sevdalı gözlər", "Məndən istər hər gözəl qəzəllər" adlı kitablarınız poeziyasevərlərə təqdim olunmuşdur. Dağ yəhudilərinin dilində "Moskinin yolları", "Sevgi qəzəlləri" adlı kitablarınız maraqla qarşılanmışdır.

Siz 1965-ci ildə indiki Bakı Dövlət Universitetini bitirib Gəncə şəhərində Xalq yaradıcılığı evində teatr incəsənət üzrə metodist kimi əmək fəaliyyətinə başlamısınız. Sonra baş metodist, direktor vəzifələrində işləmisiniz. Sonralar Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri, "Azərteatr" yaradıcılıq istehsalat birliyində direktor, Xalq yaradıcılığı işi üzrə elmi-metodiki mərkəzdə aparıcı metodist vəzifələrində çalışmısınız.

Hazırda siz Almaniyada yaşayırsınız. Amma doğma Azərbaycanı unutmur, tez-tez Bakıya gəlirsiniz. Ədəbiyyatımızın yorulmaz təbliğatçısı kimi xaricdə fəaliyyətinizi davam etdirir, ədəbi əlaqələrimizin genişləndirilməsinə xidmət edirsiniz. "Azərbaycan poeziyası" antologiyasını dağ yəhudilərinin dilinə çevirib nəşr etdirmisiniz.

Hörmətli qələm dostumuz!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2011.- 13 may.- S.5.