Böyük sənətin
sərhədsizliyi
Mayın 7-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunda böyük hind ədibi, ictimai xadim, dahi şəxsiyyət Rabindranat Taqorun anadan olmasının 150 illiyinə həsr olunmuş elmi sessiya keçirildi.
Tədbiri sözü gedən institutun direktoru, akademik Bəkir Nəbiyev açaraq R.Taqorun çoxşaxəli yaradıcılığı haqqında ətraflı məlumat verdi:
- Bu il fevralın 17-də Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Debnat Şou AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuna işgüzar görüşə gəlmişdi. Elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli, Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr şöbəsinin müdiri, prof. Vaqif Arzumanlı və mənimlə söhbət əsnasında cənab səfir dahi Hindistan şairi, Nobel mükafatı laureatı Rabindranat Taqorun 150 illik yubileyinin Azərbaycanda keçirilməsi ilə bağlı tədbirlər planını müzakirə etdi. Belə qərara gəldik ki, bu münasibətlə Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə "Rabindranat Taqor və Azərbaycan" mövzusunda müştərək elmi sessiya keçirilsin. Bir müddət sonra həmin tədbirin proqramı da hazırlanıb razılaşdırıldı.
Beləliklə də, bu gün biz AMEA-nın qocaman elm ocaqlarından biri olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna çox unikal bir məqsədlə - dahi hind ədibi Rabindranat Taqorun 150 illiyini qeyd etmək üçün toplaşmışıq. Tədbirimizin unikallığı ondadır ki, Azərbaycan alimləri bu hadisəni özlərinin hindistanlı qonaqları ilə birlikdə, onlarla ürəyə yatan iş birliyi şəraitində keçirirlər. Məmnuniyyətlə qeyd edirəm ki, elmi sessiyamızın bu formatda bərqərar olmasının səbəbkarı Hindistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Debnat Şoudur.
İcazə verin bugünkü tədbirimizdə Hindistan tərəfi təmsil edən görkəmli filoloq, professor Abihicit Seni, dost ölkənin Bakıdakı müvəqqəti işlər vəkili cənab Minanı və Səfarətin digər təmsilçisi Səbinə xanımı sizə təqdim edim.
Yada salıram ki, foyedə R.Toqorun 150 illiyi münasibətilə AMEA-nın Mərkəzi elmi kitabxanası tərəfindən gözəl bir sərgi təşkil olunmuşdur. Sərgidə Hindistan tərəfin təqdim etdiyi portret və mənzərələr də geniş təmsil edilir.
Rabindranat
Taqor 7 may 1861-ci ildə Kəlkətədə anadan
olmuşdur. İngilis müstəmləkəçilərinin
ölkədəki ağalığına qarşı
mübarizə ruhu heç vaxt mürgüləməyən
varlı zəmindar atası oğluna Hindistanın
köklü və sayca böyük xalqlarından olan
benqalların, ümumiyyətlə, hind xalqının
azadlığı və istiqlaliyyəti uğrunda mütləqiyyətə
qarşı mübarizə ruhu aşılaya bilmişdi.
Heç də təsadüfi deyil ki, bəzi xarici dilləri,
özəlliklə də ingiliscəni ana dili qədər
gözəl bildiyinə baxmayaraq ədib bütün bədii əsərlərini
doğma benqal dilində qələmə almışdır.
Taqor ilk şeirlərini
yeniyetmə ikən yazmış, 14 yaşında mətbuata
ayaq açmışdı. 20 yaşlarında olanda bir-birinin
ardınca çox zərif şeirlərindən ibarət iki
kitabçasını nəşr etdirmişdi. Gənc
şair qəlbinin incə intibahlarını əks etdirən
"Səhər mahnıları" və "Axşam
mahnıları" adlı bu şeir topluları ilə Taqor
böyük müvəffəqiyyətlə özünün
orijinal poetik istedad sahibi olduğunu sübut etdi.
Allah bir qələm
sahibi kimi Taqora çoxcəhətli istedad əhatə
etmişdi. O, 23 yaşında ikən "Təbiətin
intiqamı" adlı gərgin dramatik konflikti ilə
tamaşaçıları mütəəssir edən pyesini
yazmış, 24 yaşında isə məşhur
"Müdrik Raca" tarixi romanını nəşr
etdirmişdi. İlk epik əsərlərinin də
aparıcı motivlərindən biri mütləqiyyətə
qarşı ümumxalq mübarizəsi olmuşdur.
Taqor
öz yaradıcılığının ilk illərindən
etibarən çox qızğın ictimai fəaliyyətlə
məşğul olmağa başlamış və 25 il, fasilə
vermədən "Brahma Saraca" adlı populyar Dini islahat və
maarif cəmiyyətinin katibi vəzifəsində
çalışmış, "Şadxona"
jurnalının dəyişməz baş redaktoru olmuşdur.
Şeirlərində
vətənini, onun ecazkar təbiətini, zəhmətkeş,
nəcib və xeyirxah insanlarını tərənnüm edən
Taqor povest və romanlarında həmvətənlərini
ictimai zülmə qarşı mübarizəyə, ölkədə
ədalətin bərpası uğrunda fəaliyyətə
çağırırdı.
1911-ci ildə
nəşr etdirdiyi ən populyar əsərlərindən olan
"Canaqanamana" ("Xalqın ruhu") şeiri
Hindistanın milli himninə çevrilmişdi.
Yaradıcılığının
və ictimai fəaliyyətinin mahiyyəti etibarı ilə
maarifçi olan Taqor milli azadlıq meyllərinin silahlı
üsyana çevrildiyini görəndə ondan
uzaqlaşmışdı. Müharibələri hind xalqı və
bütün bəşəriyyət üçün
böyük təhlükə hesab edən Taqor Birinci Dünya
müharibəsinin əleyhinə özünün məşhur
"Durna qatarı" şeirlər silsiləsini yazmağa
başlamış və bir neçə il həmin silsiləni
davam etdirmişdi.
Hind
xalqları arasında çox geniş yayılmış
poeziya, nəsr və dram əsərləri ilə Taqor ölkədə
tənqidi realizmin inkişafında və Benqal ədəbi
dilinin təşəkkülündə çox əhəmiyyətli
rol oynamışdır.
Taqor
öz şeirlərində incə ruhlu bir lirikdir. Onların
bir çoxunda müstəmləkəçilərin
zülmü altında əzab çəkən doğma
xalqının iniltiləri eşidilir, bəzilərində
insan qəlbini riqqətə gətirən məhəbbət
duyğuları, həssas insanlara min bir hekayətlər
pıçıldayan vətən mənzərələri, təbiətin
azad övladları olan quşların sərbəstliyi tərənnüm
edilir, bu azadlıq və sərbəstlik insanlara nümunə
göstərilir. Bu baxımdan böyük sənətkarın
"Durnalar" şeiri xüsusilə diqqətimi çəkdi.
Vidadi, Vaqif, Zakir kimi Azərbaycan klassiklərindən
başlamış Dağıstan şairi Rəsul Həmzətova,
onun məşhur "Letyat juravli" əsərinə qədər
təbiətin bu gözəl qanadlı səyyahlarına
onlarca gözəl, təkrarsız şeirlər həsr
olunmuşdur.
Taqor əsərləri
dünya xalqlarının dillərinə ən çox tərcümə
olunun sənətkarlardan biridir. Ana dilimizdə ilk kitabı
1960-cı illərin əvvəllərində nəşr
olunmuşdur. 1963-1967-ci illərdə "Seçilmiş əsərləri"nin
8 cildliyi Azərbaycan dilində buraxılıb geniş
yayılmışdır. Sonralar da hind ədibinin bəzi əsərləri
ana dilimizdə nəşr olunmuşdur. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 12
yanvar 2004-cü il tarixli sərəncamına əsasən
Taqorun "Fəlakət" romanı Qori
Seminariyasının məzunu, tanınmış
yazıçı Əli Səbrinin tərcüməsində
25.000 nüsxədə nəşr edilib ölkəmizin
kitabxanalarına hədiyyə olunmuşdur.
Diqqətlə
oxuduqda görmək olur ki, Hindistan dahisi R.Taqorun ən populyar əsərlərindən
olan romanının mövzu və müəllif məqsədi
ilə Azərbaycan dahisi Üzeyir Hacıbəylinin
"Arşın mal alan" komediyasının mövzu və
müəllif məqsədi arasında çox maraqlı bir səsləşmə
var. Hər iki əsərdə əsas problem gənclərin
evlənməzdən əvvəl bir-biri ilə
görüşüb tanış olması və ondan
doğan taleyüklü mürəkkəbliklərdir.
Romanın qəhrəmanları köhnə hind adətincə,
valideynlərinin iradəsilə görməzə-bilməzə
adaxlanıblar. Toy günü, təsadüfən qopan
güclü fırtına nəticəsində dəryada
böyük fəlakət baş verir və toy
adamlarının bir çoxu suda həlak olur. Adaxlılar
bir-birini şəxsən tanımadıqları
üçün onların ətrafındakı yaxın
adamlar həlli müşgül anlaşılmazlıq
qarşısında qalırlar. "Bu gənclərin
hansı digərinin namizədidir?" problemi meydana
çıxır və onlara çox baha başa gəlir. Sadə,
səmimi kəndli qızı Kəmalənin faciəsi
xüsusilə dəhşətlidir. O, uzun müddət yad
kişi ilə bir evdə qaldığına baxmayaraq onunla
yaşamır və çox müsibətlərdən sonra nəhayət,
öz qanuni adaxlısına qovuşur…"
Taqor bu
dünyanın ən xoşbəxt sənətkarlarından
biri olub. Təkcə ona görə yox ki, Allah ona uzun və
sağlam bir ömür, həddi-hüdudu bilinməyən bir
yazıçılıq istedadı əta etmişdir. Ədib
həm də gözəl musiqiçi və rəssam idi. Onun
fırçasından süzülmüş bir sıra təsviri
sənət nümunələri bu gün də nüfuzlu
muzeylərin bəzəyidir. Taqor bir də ona görə
çox xoşbəxt sənətkar idi ki, təkcə Kəlkətədə,
yaxud Benqaliyada yox, bütün o zamankı Hindistanda
sayılıb-seçilən, varlı-dövlətli,
savadlı, mədəni, alicənablıq təcəssümü
olan, hər cəhətdən sağlam və salamat bir
mülkədar ailəsində dünyaya gəlmiş, əla
tərbiyə və təhsil görmüş, həmişə
ətrafına işıq saçan, ehtiyacı olanlara maddi və
mənəvi köməyini əsirgəməyən nəcib
və xeyirxah bir ziyalı kimi yetişmişdi. O, öz ana
dilini, Benqal və Hindistan tarixini, ədəbiyyat və incəsənətini,
ingilis dilini və ədəbiyyatını mükəmməl
öyrənmişdi.
Taqor
bütün varlığı ilə, necə deyərlər,
anadangəlmə maarifçi idi. Ədib indi ədəbiyyat
tarixlərində, ümumiyyətlə, ictimai tarix
kitablarında geniş yer alan maarifçilik cərəyanının
dünyada məşhur, ən görkəmli nümayəndələrindən
biri olmuşdur. Lakin yazıçı bu məsələdə
təkcə öz nəzəri müddəaları ilə
seçilmirdi. O bütün şüurlu həyatı boyu
maarifi xalqın geniş dairələri arasında yaymaq
üçün bütün maddi və fiziki
imkanlarını səfərbərliyə alaraq
çalışırdı. O, əvvəlcə öz dədə-baba
mülklərinin yanında o zamanın ən qabaqcıl məktəblərindən
biri olan "şantiniketan" (Sakit guşə) məktəbini
təsis etmiş, həmin məktəbdə təhsilə cəlb
olunan uşaqların bütün xərclərini müntəzəm
olaraq ödəmiş, 20 ildən sonra isə onun əsasında
gözəl bir universitet yaratmışdı. Taqor insanlara təmənnasız
xidmət edən xəstəxana da açmış, burada
müalicəyə gələn azarlılar o zamanın hər
cür dərmanları ilə təmənnasız təmin
olunmuşdu.
Taqor alicənablığının
ən parlaq təzahürlərindən biri kimi bunu da yada
salmaq vacibdir ki, o, atasından qalma böyük, gəlirli bir
malikanəsini, 1913-cü ildə layiq görüldüyü
Nobel mükafatının qonorarını, nəhayət,
doğma dilində nəşr olunan bütün əsərlərindən
hasil olan gəlirləri özünün yaratdığı həmin
milli universitetə bağışlamışdı.
Rabindranat
Taqorun insanlara nümunə olan həyatı, ədəbi
yaradıcılığın bütün sahələrində
yaratdığı yüksək fikri - bədii səviyyəli
əsərləri, bu gün də öz əhəmiyyətini
qoruyub saxlayan yüksək bəşəri qənaətləri
haqqında saatlarla danışmaq mümkündür. Bunu
möhtərəm qonaqlarımızın və Nizami
İnstitutu alimlərinin çıxış və məruzələrindən
də görəcəksiniz...
Sonra
Hindistan Respublikasının Azərbaycandakı müvəqqəti
işlər vəkili cənab C.P.Minin tədbir
iştirakçılarını salamlayaraq bildirdi ki, bu tədbirin
keçirilməsi bir il bundan əvvəl
planlaşdırılıb. Yubileyi öz ölkəsində də
geniş şəkildə qeyd edilən R.Taqor həqiqətən
beynəlxalq miqyasda yaxşı tanınan bir sənətkar,
görkəmli şəxsiyyətdir. Onun əsərləri
rus və Azərbaycan dillərində Azərbaycanda da
geniş yayılıb, dərin maraqla qarşılanıb. Bu
cür tədbirlər isə tanışlıq işinin
miqyasını daha da genişləndirir.
Filologiya
elmləri doktoru, professor, institutun Xarici ölkələr ədəbiyyatı
və ədəbi əlaqələr şöbəsinin
müdiri Vaqif Arzumanlı "Rabindranat Taqor və Azərbaycan"
mövzusunda geniş məruzə ilə
çıxış etdi: "Səksən il ömür
sürmüş bu nəhəng şəxsiyyətin ədəbi
və ictimai fəaliyyəti olduqca geniş və hərtərəflidir.
R.Taqorun
ictimai-pedaqoji, elmi, fəlsəfi, dini və publisistik fəaliyyəti
və bu sahələrdə yazdığı əsərlər
nəzərə alınmasa, bu böyük və nəhəng
şəxsiyyətin bədii yaradıcılıq sahəsində
qazandığı uğurları belə ümumiləşdirmək
olar: Əllidən artıq şeir kitabı, on iki roman və
povest, yüzdən artıq xatirə və məqalə
müəllifi.
Akademik Məmməd
Arif yazır ki, Taqorun hər bir əsərində hind
xalqının ürəyi çırpınır, köləlikdən,
dini mövhumatdan, müstəmləkə zəncirindən
xilas olmaq istəyən insanların hiss və arzuları
oxunur. Bu böyük vətənpərvərin əsərləri
hind xalqının bir əsrlik zəngin tarixinin
güzgüsüdür.
R.Taqor
1919-cu ilin aprel ayında ingilislərin Amritsar şəhərində
zəhmətkeşlərin mitinqi zamanı 1000 nəfərədək
silahsız, günahsız adamları öldürdüyünə
görə 1915-ci ildə İngiltərə hökuməti tərəfindən
ona verilmiş baronet (zadəgan rütbəsi) titulundan imtina
etmişdir. Onun bu aktla bağlı İngiltərənin
vitse-kralına yazdığı məktubda deyilirdi: "Həmvətənlərimlə
insafsızcasına rəftar edilən bir zamanda imtiyazdan istifadə
etmək mənə ar gəlir".
Böyük
milli duyğularla, vətənpərvər ideyalarla nəfəs
alan R.Taqor 1901-ci ildə öz şəxsi vəsaiti
hesabına Bolpur şəhərində məktəb
açır və orada dərs deyir.
20 il sonra
- 1921-ci ildə isə R.Taqor Hindistanda ilk milli universitet
açır. Bu universitetin fəaliyyəti üçün
R.Taqor bütün gəlirlərini və Nobel
mükafatını yaratdığı universitetə
bağışlayır.
R.Taqorun
1912-ci ildə "Qitancali" (Qurban mahnıları) adlı
şeirlər kitabı ingilis dilində nəşr
olunmuşdur. 1913-cü ildə R.Taqorun bu kitabı Nobel
mükafatına layiq görülür. Onun
"Canaqanamana" ("Xalqın ruhu") adlı məşhur
mahnı-şeiri 1911-ci ildən Hindistanın rəsmi himni kimi
qəbul olunmuşdur.
Böyük
hind ədibi səksən yaşında (1941-ci il avqustun 7-də)
dünyasını dəyişmişdir. Vətənpərvər
yazıçı, şair, ictimai-siyasi xadim həyatının
son gününə qədər yazıb-yaratmışdı.
Ölümündən
bir neçə gün əvvəl yazdığı "Mədəniyyətin
böhranı" adlı məqaləsində R.Taqor
İngiltərənin işğalçılıq siyasətini
belə damğalayırdı: "Fələyin çərxi
tərsinə dönüb, bu yaxınlarda ingilisləri
Hindistandan çıxmağa məcbur edəcəklər.
Amma onlar özlərindən sonra Hindistanda nə qoyub gedəcəklər?
Onların iki yüz illik hakimiyyətinin seli axıb getdikdən
sonra yerdə nə qədər üfunətli çirkab və
palçıq qalacaqdır".
R.Taqor
1920-1930-cu illər arasında bir sıra ölkələrə
səyahətə çıxmış, ABŞ, Fransa,
Almaniya, Danimarka, İsveç, Avstriya, Çexoslovakiya,
İtaliya, Misir, İndoneziya, Tayland, Kanada, İngiltərə,
Çin və SSRİ-də olmuşdur.
R.Taqor
1925-ci ildə SSRİ Elmlər Akademiyasının 200 illiyinə
dəvət alsa da, səhhəti imkan vermədiyi
üçün o vaxt gələ bilmir. O, yalnız 5 ildən
sonra SSRİ-yə gəlir, bir il sonra "Rusiya haqqında məktublar"
kitabını nəşr etdirir. "Rusiya haqqında məktublar"
əsərində R.Taqor Azərbaycan Respublikası haqqında
da bəzi qeydlər etmişdir. Azərbaycanın Rusiya tərəfindən
işğalından bəhs edən R.Taqor yazmışdır:
"Azərbaycanı istila etdikdən sonra çar
generallarının imperialist siyasəti, müsəlmanların
yaşadıqları rayonları Rusiyanın əsas
bazalarını xammalla təchiz edən müstəmləkəyə
çevirməkdən ibarət idi".
Çar
Rusiyasında müsəlman millətlərinə münasibətə
toxunan R.Taqor olduqca obyektiv mülahizələr irəli
sürür: "Çar hökumətinin agentləri
"Parçala və hökmranlıq et" prinsipini
amansızlıqla həyata keçirir və müxtəlif
millətlər arasında kin, ədavət toxumu səpmək
üçün əlindən gələni edirdilər. Milli ədavət
hökumət tərəfindən təşviq olunur, müsəlmanlar
və ermənilər müntəzəm surətdə
bir-birinin üzərinə qaldırılırdı. Bu iki
millətin ardı-arası kəsilməyən
toqquşmaları bəzən kütləvi şəkildə
alırdı. Daha sonra R.Taqor Azərbaycanla bağlı qeydlərini
belə yekunlaşdırır: "Son səkkiz il ərzində
Azərbaycanda yaşayan millətlərin arasında sülh və
asayış heç vaxt pozulmamışdır. Bu fakt
şübhəsizdir və bunu sovetlərin ən qəddar
düşmənləri belə inkar edə bilmir".
R.Taqor
yaradıcılığa şair kimi
başlamışdır. İlk şeirlər kitabı -
"Axşam mahnıları" 1884-cü ildə
işıq üzü görmüşdür. Sonralar onun
"Səhər mahnıları", "Qızıl
qayıq", "Çıtra",
"Qaçqın", "Yol ayrıcında",
"Son", "İntibah", "Sağalma",
"Bağban", "Köçən quşlar",
"Durna qatarı" adlı poeziya kitabları nəşr
edilmişdir.
Dramaturgiya
sahəsində R.Taqor "Qurban", "Raca",
"Roçta", "Açılmış bənd",
"Zahid", "Rəqqasənin məhəbbəti",
"Payız bayramı", "Çandalika",
"Subaylar klubu" və digər pyesləri ilə məşhurlaşmışdır.
R.Taqor daha çox hekayə, povest və roman ustası kimi
tanınmışdır. Onun məşhur romanları
bunlardır: "Fəlakət", "Fora", "Ev və
dünya", "Sözdə qum", "Son poema",
"Üç nəsil", "Dörd hissə".
Hindistanın ən tanınmış nasirləri belə
R.Taqoru yaradıcılıq sahəsində öz müəllimi
kimi qəbul etmiş və edirlər.
Öz əsərlərində,
çoxsaylı hekayə və romanlarında R.Taqor
Hindistanın sadə adamlarının həyatını qələmə
almış, onların kədəri və sevinci barədə
yazmış, benqal ədəbiyyatında nəsr
janrının inkişafına təkan vermiş, bir sıra məşhur
lirik şeir və poemaları ilə siyasi lirikanın qiymətli
incilərini yaratmışdır.
R.Taqor
sülh, dostluq və xalqlar arasında qarşılıqlı
ünsiyyətin mahir və mübariz tərənnümçüsü
olmuşdur. R.Taqor yaradıcılığı
bütünlükdə hind ədəbiyyatının
inkişafında çox mühüm rol oynamış,
Hindistanda bir sıra görkəmli yazıçı və
şairlərin yetişməsində, təkmilləşməsində
mühüm rol oynamışdır…"
Hindistanlı
professor Abhicit Sen öz məruzəsində əsasən
R.Taqorun teatr sahəsindəki işindən söz
açdı. Vurğuladı ki, vaxtilə həm Qərb, həm
də Şərqdə olan millətçi birləşmələrdən
uzaqlaşan R.Taqor get-gedə beynəlmiləlçilik
ideyalarının təbliğinə daha çox önəm
vermiş, Hindistanda teatr yaradıcılığının
inkişafı üçün əlindən gələn
köməyi əsirgəməmişdir. Teatra Qərb ənənələrini
yamsılamaqla başlasa da, get-gedə mümkün qədər
realizmə üstünlük verirdi. O, tamaşaların və
dərslərin açıq havada
reallaşdırılmasına daha çox önəm verir, səhnəyə
canlı təbiəti gətirirdi. Taqor hind səhnəsinə
rəqs elementlərinin geniş gətirilməsində əvəzsiz
xidmət göstərmişdir.
Elmi
sessiyanı akademik Bəkir Nəbiyev yekunlaşdırdı.
Hazırladı: Sərvaz
Ədəbiyyat qəzeti.- 2011.- 13
may.- S.3, 5.