"Teleskop"dan görünən dünyamız
Hörmətli Elçin müəllim!
Neçə gündür "Teleskop"
əsərinin ictimai baxışından aldığım
təəssüratla yaşayıram. Hiss-həyəcanım, sevincim məni vadar edir ki,
teatrşünas olmasam
da, cürət edib bu məktubu yazım.
Sevinirəm ona görə
ki, beynəlxalq arenaya
çıxacağına şübhə
etmədiyim gözəl bir əsər yazmısınız. Mən ruhlar haqqında film də görmüşəm, kitab da oxumuşam.
"Teleskop" başqa
aləmdir, sözün həqiqi
mənasında tapıntıdır.
Mən əksər
qüdrətli aktyorlarımızı səhnədə
görmüşəm. Sizin əsərləriniz də
daxil olmaqla, bütün əsərlərə tamaşa etmişəm. Hətta şair Əliağa Kürçaylının "Futbol Şekspiri üstələyibdir" - deyə həyəcan
təbili çaldığı vaxt belə tamaşalardan
qalmazdım. Maraqlıdır ki, filmlərdən fərqli olaraq teatrda aktyorlarla canlı təmasda olduğundan,
tamaşa insanı
mühakimələr yürütməyə, düşünməyə,
müqayisələr aparmağa sövq edir.
Mənə ABŞ-da ikiaylıq ixtisasartırma kurslarında olarkən (1983) Nyu-Yorkun məşhur Brodvey (Broadway) küçəsindəki teatrlarda
maraqlı tamaşalar görmək
qismət olub. "Mənim yeganə məhəbbətim"
musiqili komediyası göstəriləndə səhnəyə kiçik, lakin həqiqi təyyarə çıxardılar.
Mən İngiltərədə bir aylıq ixtisasartırma
kurslarında olanda (1988) və
sovet quruluşu dağıldıqdan sonra dəfələrlə Şekspirin
ata yurdu Stratfordda, London və Oksfordda bir-birindən
maraqlı tamaşalar görmüşəm.
Bunları saymaqda məqsədim
odur ki, gördüklərimi müqayisə
etmək imkanım yaranıb. Dram teatrında təkcə pərdənin
cırhacırla açılıb-bağlanması, yalan olmasın, iki-üç
dəqiqə çəkirdi. Hələ mən dekorasiyaların
dəyişdirilməsini demirəm. Xalq arasında
"şeytan əməli"
adlandırılan televiziya da
öz işini görürdü. Teatra həvəs
xeyli azalmışdı. Şükürlər
olsun ki, başqa sahələr kimi,
Milli teatrımız da möhtərəm Prezidentimiz İlham Əliyevin nəzərindən
yayınmadı. Milli dram
teatrımız dünya
standartlarına artıqlaması
ilə cavab verən şəkildə təmir edildi.
Əcnəbi mütəxəssislərin
iştirakı ilə işıq sistemi, səhnə və s. tamam dəyişdirilirdi.
İndi bir anda səhnədə dekorasiyanı dəyişmək
olur.
Elçin müəllim, Prezidentimizin
töhfəsinə siz
də öz layiqli töhfənizi verdiniz.
"Teleskop" əsəriniz
dünya bina olandan bəşər övladını
düşündürən bir məsələ ilə
bağlıdır. "Ruh varmı, ruh yaşayırmı?" əzəli-əbədi,
bəşəri mövzudur. Siz bunun fərqinə varmadan (buna ehtiyac da duyulmur)
tamaşaçını haldan-hala
salan maraqlı bir əsər
yazıbsınız. Doğrudur, mən şah əsər
məsələsini nisbi hesab
edirəm. Üzeyir bəyin
hansı əsərini götürürsən-götür,
şah əsərdir. Bu
baxımdan, mən sizin "Teleskop" əsərinizi
şah əsər
sayıram. Həqiqətən də "Teleskop"
şedevrdir. Əsər bütün
tamaşa boyu
insanı intizarda, gərginlikdə
saxlayır. İki hissədən
ibarət, iki saata yaxın davam edən tamaşa sanki bir an
çəkir. Tamaşa ərzində adam
nə qədər haldan-hala düşərmiş… Bir
yandan qəm, qüssə, kədər, bir yandan acı
sarkazm, təəssüf,
düşüncələr, ibrət dərsi, başqa
bir yandan da personajların danışığından və hərəkətlərindən
alınan ləzzət, ürəkdən gələn gülüş. Bütün
bunlar yazıçı qələminin və
təfəkkürünün gücünə dəlalət edir.
Elçin müəllim, sizi
əmin edirəm ki, beynəlxalq səviyyəli bu əsəriniz bəşəri, bəşəri
olduğu qədər
də milli olduğundan dünya səhnələrinin
bəzəyinə çevriləcək. Əsəriniz əsasında
film çəkiləcək. Məlumdur ki, səhnənin özünəməxsus spesifik
xüsusiyyətləri olduğuna
görə, müəllif müəyyən məhdudiyyətlərlə
qarşılaşır. İnanıram ki,
gələcəkdə "Teleskop" əsərinizin roman
variantını da
görəcəyik.
Hörmətli Elçin müəllim, teatrşünas
olmadığımdan əsər barədə dərin təhlillər
aparmaq fikrində deyiləm.
Bununla
belə, deməliyəm ki, quruluşçu rejissorun
(Kamran Şahmərdan), quruluşçu
rəssam (Eduard Koçergin),
geyim rəssamı (Anna
Koçergina), musiqi tərtibatı
(Həmid Kazımzadə), rəqslərin quruluşu
(Zakir Ağayev, Yelena Ağayeva) işləri əladır, gözəldir.
Aktyorların seçimi də
əladır. Mən kiminsə oyununu fərqləndirməkdə həqiqətən
də çətinlik çəkirəm. Koma vəziyyətində
olan və ruhu bədənindən çıxaraq
səmaya yüksələn (dünya alimləri ruhun bədəndən
çıxmasını və sonra bədənə qayıtmasını
təsdiq edirlər. Bu baxımdan "Teleskop"
inandırıcı təsir bağışlayır) alim (Füzuli Hüseynov) və
onun keçmiş həyat yoldaşının (İlahə Həsənova)
rollarının ifaçıları səhnədə xariqələr
yaradırlar. Əsərə xüsusi rövnəq verən Cənab
Cəbrayıl (xalq artisti
Ramiz Novruz), Cənab Mikayıl
(Kazım Abdullayev), Cənab
İsrayıl (xalq artisti Hacı
İsmayılov), Cənab Əzrayıl (əməkdar artist Əjdər Həmidov) obrazları öz
geyimləri, maraqlı danışıqları,
davranışları ilə tamaşaçının qəlbini
fəth edirlər. Alimin dostu (əməkdar
artist Sabir Məmmədov) və onun xanımı (Şəlalə
Şahvələdqızı), Həkim (əməkdar artist Elxan Quliyev),
Şəfqət bacısı (Almaz Amanova), eləcə də epizodik
olsa da Arvad
(əməkdar artist
Münəvvər Əliyeva) və Qayınana (xalq artisti Şükufə
Yusupova) rollarının
ifaçıları çox
təbii və inandırıcı oynayırlar.
Hörmətli Elçin müəllim, bir-iki
arzu, istək və qənaətimi də bildirmək istərdim.
Siz möhtəşəm
"Dədə Qorqud
aliliyi" kitabının
müəllifi olduğunuzdan, yaxşı bilirsiniz ki, "Kitabi-Dədə Qorqud"dan bu yana Əzrayıl
həmişə çox vahiməli, qorxunc və bədheybət təsvir edilir. "Duxa qoca oğlu Dəli Domrul" boyunda aləmi lərzəyə salan, qan-qan deyən Dəli Domrul Əzrayılı döyüşə dəvət edir. Lakin Əzrayıl
gözünə görünən kimi dili tutulur, qorxudan
bədəni titrəyir. Demək istədiyim
odur ki, xalqın təsəvvüründə
Əzrayılın imici vahiməli, qorxunc kimi
formalaşıb. "Teleskop"da isə
cənab Əzrayıl
çox mülayim və xeyirxah təsiri bağışlayır. Aktyorun boyu da
Əzrayıl imicinə uyğun gəlmir.
Əzrayıl roluna Rövşən
Kərimduxt daha münasib olardı. Başqa
bir məsələ. Teleskopla
yer üzündə baş verənləri müşahidə edəndə ürəkaçan
bir şey görünmür. Yaxşı olardı ki, insanın yaxşı əməllərindən də əsərə
bir epizod
salasınız. Yoxsa belə
çıxır ki, çiy süd əmmiş
insanın əlindən pislikdən başqa
bir iş gəlmir.
Elçin müəllim, mən də sizin kimi teatrımızın
gələcəyinə nikbinliklə baxıram. Bu inamım ondan
qaynaqlanır ki, Milli dram teatrımıza sənətini
yaxşı bilən, səriştəli, peşəkar
mütəxəssislər cələb olunub,
bu baş məbədə
dövlət qayğısı çox-çox
artıb. İnanıram ki, tamaşaçılar əvvəllərdə
olduğu kimi, teatra tez-tez gələcəklər.
Ona da inanıram
ki, "Teleskop" əsəri Milli dram teatrımızda tamaşaçı bolluğunu
təmin edəcək.
Elçin müəllim, bu
gün anadan olan gününüzdür.
Nə xoş təsadüfdür.
Fürsətdən
istifadə edərək sizi ad gününüz və
bu qeyri-adi, ibrətamiz
əsəriniz münasibətilə ürəkdən təbrik
edir, sizə möhkəm cansağlığı, "Teleskop" kimi yeni-yeni əsərlər, uğurlar
diləyirəm.
Yaradıcılığınıza
və şəxsiyyətinizə dərin hörmət bəsləyən
Qəzənfər Paşayev
Ədəbiyyat
qəzeti.- 2011.- 13 may.- S.4.