“Aşıq Qərib” — Azərbaycan xalqının böyük məhəbbət dastanı

 

Folklorumuza qarşı yeni erməni təxribatı

 

Aprelin 11-də Azərbaycan Milli Elmlər Akademiyasının folklorşünaslıq problemi üzrə Koordinasiya Şurasının geniş iclası olmuşdur.

İclasda Koordinasiya Şurasının sədri, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü A.Nəbiyev məlumat vermişdir ki, bu günlərdə internet saytlarında və dünyanın aparıcı informasiya agentliklərində belə bir məlumat yayılmışdır ki, ermənilər məşhur "Aşıq Qərib" süjeti və onun nəğmə mətnləri əsasında çəkdikləri eyni adlı filmi YUNESKO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil etmək üçün təqdimat hazırlayırlar. Koordinasiya Şurasının sədri bildirmişdir ki, "Aşıq Qərib" Azərbaycan xalqının böyük məhəbbət dastanıdır. Tarixi həqiqətləri təhrif edib saxtalaşdırmaq yolu ilə onun dünya xalqlarına erməni mədəni dəyəri kimi təqdimi YUNESKO-nun nizamnamə tələblərinə ziddir.

İclas yol verilmiş saxtakarlıqla bağlı YUNESKO-nun Baş katibinə müraciət qəbul etmişdir. Eyni zamanda Koordinasiya Şurası folklorumuza qarşı yönəlmiş bu yeni təxribatın qarşısının alınması üçün respublikanın Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, eləcə də Müəllif Hüquqları Agentliyinə müraciət ünvanlamışdır.

 

AMEA-nın folklorşünaslıq problemləri üzrə Koordinasiya Şurası

 

Xalqımızın çoxəsrlik aşıq yaradıcılığında neçə yüz illərdən bəri özünə şərəfli yer tutan, dastançı aşıqların repertuarından düşməyən, ustad sənətkarlar tərəfindən zaman-zaman yeni-yeni variantlarda çalınıb-çağrılan böyük məhəbbət dastanlarından biri də "Aşıq Qərib"dir. Türk xalqlarının məhəbbət dastanları silsiləsində "Aşıq Qərib"in xüsusi yeri vardır.

Elm aləminə dastanın iki - Azərbaycan-Anadolu və Türküstan versiyaları məlumdur. Birinci versiya Azərbaycan və Anadoluda (Türkiyə) yaranıb yayılan otuz variantı əhatə edib Azərbaycan variantı ətrafında versiyalaşır. Türküstan versiyası isə türkmən variantı əsasında yaranıb yeddi variantı əhatə edir.

"Aşıq Qərib"in aşıq repertuarından dinlənilməsi barədə məlumat XIX əsrin 20-ci illərinə təsadüf edir. Mənbələrdə verilən bilgilərə görə dastan ilk dəfə 1813-cü ildə Aşıq Nüsrəddin adlı peşəkar bir sənətkar tərəfindən Gülüstan kəndində rus və İran diplomatları tərəfindən Azərbaycanın iki yerə parçalanması barədə tarixi faciəvi sazişin imzalanması şərəfinə təşkil edilmiş ziyafət məclisində "Qəriblə Şahsənəmin hekayəti" adı ilə söylənmişdir. Bu variantın rus və Azərbaycan mətbuatında nəşri barədə əldə məlumat yoxdur. Ancaq çar Rusiyası tərəfindən sazişin imzalanma mərasimində iştirak edən hərbi müşavir A.Lazeryev 1825-ci ildə nəşr edilən məşhur rus ədəbi məcmuələrinin birində yazırdı: "Gülüstanda imzalanmış sazişə həsr olunan, İran diplomatları tərəfindən təşkil edilmiş məclisdə Nüsrəddin adlı bir dağlı sənətkarın (bu təbrizli aşıq da ola bilərdi - A.N.) öz balalaykasında çalıb-çağırdığı "Qəriblə Şahsənəmin hekayəti" adlı bir rəvayət bütün məclisdəkiləri heyran elədi. Ürəyimdən belə bir istək keçdi ki, kaş çarizmin Qafqaza islaha göndərdiyi rus yaradıcılarından biri imperiyanı sarsıtmağa çağıran ideyalardan əl çəkib belə təsirli rəvayətləri qələmə alıb bizlərin ruhunu oxşayaydı".

Bu rəvayət barədə A.Lazeryevin təfərrüatlı məlumatını həmin dövrlərdə Qafqazda sürgün həyatı yaşayan rus şairi M.Y.Lermontova da məlum olması və onun həmin məlumatın izi ilə "Aşıq Qərib"i söyləyən aşıqlardan birinə rast olub hekayəti dinləməsi və bu süjet əsasında özünün eyni adlı məşhur poemasını yazma ehtimalı bizcə, həqiqətə daha yaxın görünür. Bunu təsdiqləməyə əsas verən başqa bir fakt isə poema ilə aşıq söyləmələri arasındakı süjet yaxınlığı, mövzu və məzmun oxşarlığıdır. Süjetin sonrakı illərdə başqa bir variantı isə yenə Azərbaycan aşıqlarından M.Mahmudbəyov tərəfindən yazıya alınıb 1882-ci ildə SMOMPK - "Qafqaz əraziləri və xalqlarının təsviri üçün materiallar toplusu"nda nəşr edilmişdir. Bundan sonra isə 1916-cı ildən başlayaraq Orucov qardaşları mətbəəsi tərəfindən litoqrafiya üsulu ilə dastan Azərbaycan və türk dillərində bir neçə dəfə nəşr edilib yayılmışdır. Həmin nəşrlər içərisində öz məzmun dolğunluğu və sənətkarlıq baxımından kamilliyi ilə seçilən Gəncə variantı Azərbaycan və Anadoluda geniş şöhrət tapmışdır. Təsadüfi deyildir, həmin variant əsasında Anadolu aşıqları onun Anadolu variantını formalaşdırmışlar. 1930-cu illərdən başlayaraq Azərbaycanda dastanın müxtəlif aşıqlardan yazıya alınmış daha bir neçə variantı Ə.Tahirov, Ə.Axundov və başqaları tərəfindən çap edilib araşdırmalara cəlb olunmuşdur.

Süjetin Türküstan versiyası nisbətən sonralar Azərbaycan aşıqlarının repertuarından süzülüb gələn məzmun çevrəsində formalaşmışdır. Bu versiyada məlum süjet əsasən qorunub saxlanmış, türkmən xalqının milli həyat, məişət, adət-ənənə detalları ilə yanaşı, türkmən toponimləri və şəxs adları ilə zənginləşdirib peşəkar ifaçıların sənətkarlıq üslubları ilə cilalanmışlar.

Hazırda dastanın Azərbaycanda 10, Anadoluda 7, türkmənlərdə 5 variantı qeydə alınmışdır. Hər iki versiya və variantlar barədə kifayət qədər tədqiqat işləri aparılmış, indiyədək heç bir araşdırıcı erməni variantının mövcudluğu barədə ötəri bir məlumatla belə rastlaşmamışdır.

Azərbaycanda dastan haqqında akademik H.Araslı, professorlardan M.H.Təhmasib, P.Əfəndiyev, A.Nəbiyev və başqaları bu barədə dəyərli tədqiqat işləri aparmışlar. Folklor araşdırıcısı Səfurə Yaqubovanın dastan üzərində səmərəli tədqiqatı bu gün də folklorşünaslıq üçün uğurlu axtarışlardan hesab edilir. Akademik H.Araslı və filologiya üzrə fəlsəfə doktoru S.Yaqubovaya görə Aşıq Qərib tarixi şəxsiyyətdir XVI əsrdə yaşayıb-yaratmış və Təbriz aşıq məktəbinə məxsus olmuşdur. M.H.Təhmasib isə yazırdı: "… bu dastan XVI əsrin əvvəllərindən hələ çox qabaqlar" yaranmışdır. A.Nəbiyevə görə isə "Aşıq Qərib" süjeti XV əsrin ikinci yarısından başlayaraq Şirvan aşıqlarının repertuarında "Şəhriyar", "Seyfəlmülk", "Əsli-Kərəm" hekayətləri ilə birlikdə şöhrətli repertuar həyatı yaşamışdır."

Görkəmli türk folklorşünası professor Fikrət Türkmən isə dastan süjetinin coğrafiyasını Şərq və Qərb kontekstində götürərək onun bütün məlum variantlarını təhlilə cəlb edərək süjetin yarandığı bütün qaynaqları, nağıl variantı mətnlərini, eləcə də Misir, Azərbaycan və Türkiyədən kənarda yaranan və yayılan variantlarını maraqlı müqayisələrə cəlb edərək süjetin genezisinin Azərbaycan həyatı ilə bağlayır, hətta Misirdə nəşr edilmiş "Aşıq Qərib"in Azərbaycan mənşəliyi mülahizələrini irəli sürür, tədqiqatında dəfələrlə onun erməni, yaxud hansısa başqa bir xristian xalqının folklor yaradıcılığında mövcud olmadığını xüsusi vurğulayır. Professor Fikrət Türkmən hekayətdəki "Nişanlının öz toyuna gəlib çıxması"nı türk eposundakı Bamsı Beyrəklə süjetdən deyil, daha mühüm bir qaynaqdan süzülüb gəldiyinə işarə vurur. Təbii ki, bu qaynaq türk xalqları üçün ənənəvi süjet cəbbəxanasını formalaşdıran tarixi gen qaynağıdır ki, o qardaş xalqların folklor yaradıcılığında silsilə oxşarlıqların ana qaynağı kimi hələ yeni-yeni tədqiqat obyektinə çevrilməkdədir.

Türk dünyasının başqa böyük bir folklorşünası olan professor Xalıq Koroğlu da özünün Moskvada rus dilində nəşr etdirdiyi "Şahsənəm və Qərib" adlı iri həcmli tədqiqatında bu süjetin bütün versiya və variantları barədə geniş məlumat verir. İstinad etdiyi zəngin mənbələr içərisində süjetin ermənilərə məxsusluğu barədə heç bir məlumata rast gəlinmir. Xalıq Koroğlu "Şahsənəm və Qərib"in hər iki versiyasının bütün variantlarını dünya epik süjetləri kontekstində müqayisəli təhlilə cəlb edib onu qədim və zəngin süjet cəbbəxanasına məxsus dəyərli məhəbbət dastanı kimi dəyərləndirir və onun Azərbaycan aşıq repertuarından türk xalqlarının dastan yaradıcılığına səpələndiyini göstərir.

Həqiqətən "Aşıq Qərib" milli dastan yaradıcılığının ən erkən süjetlərini əhatə etdiyi kimi, xalqımızın erkən orta əsr məişət həyatını və yaşam tərzini, adət-ənənələrini, sosial durumunu, cəmiyyətdaxili ziddiyyətlərini geniş şəkildə özündə ehtiva edən qeyri-maddi mədəni dəyərlərimizin böyük şifahi abidəsidir. Nişanlının öz toyuna gəlib çıxması ilə bağlı dünyəvi süjeti ustad aşıqlarımız xalqımıza məxsus elə mükəmməl bədii detallar, motivlər, süjetlər, dövrünün tipikləşdirilmiş əhvalını özündə əks etdirən obrazlarla bəzəmişdir ki, onların hər hansı başqa bir xalqa məxsus olduğunu iddia etmək, onları saxtalaşdırıb özünküləşdirmək heç cür mümkün deyildir. Bu özünəməxsusluğun süjetdəki bir neçə aydın görüntüsünü xatırlatmaq və onları milli dəyərlərimizə göz dikənlərin diqqətinə cəlb etmək istəyirəm.

Birincisi, "Aşıq Qərib"in süjeti Azərbaycan aşıqlarının yaradıcılığında yeni məhəbbət dastanı tipi kimi butalanma, yaxud buta arxasınca getmə ənənəsi üzərində qurulmasıdır. Məlumdur ki, bu ənənə islam görüşləri ilə bağlı olub aşiq və məşuqun yuxuda bir-birinə buta edilməsi, - əgər belə demək olarsa, bir-birinin qismətinə yazılması, biri-birindən xəbərsiz olaraq ilahi varlıq tərəfindən bəxş edilən nikah aktı, ilahi vergisi ilə bağlıdır. Bu akt bütün variantlarda və məzmunda, müxtəlif zaman və məkan daxilində mütləq və pozulmazdır. Azərbaycan dastan yaradıcılığının bu tipli bütün süjetlərdə aşiq və məşuqlar bir çox çətinliklərlə üzləşsələr də, ya fiziki, ya da mənəvi cəhətdən bir-birinə qovuşma hökmü altındadır. Bu, xalqımızın heç bir yaxın və uzaq qonşularına ötürmədiyi dastan yaradıcılığı metodu və ənənəsidir.

İkincisi, bu tipli süjetlərdə butalanmış qəhrəmanlara dara düşərkən kömək edən qüvvələr - Xızır, Həzrət Cəbrayıl, Qırxlar və başqaları islam düşüncəsi ilə bağlı fövqəlbəşər qüvvələrdir, onlar ancaq müsəlmanlığa məxsusdur, onları sehirli dərvişlər və mifoloji ünsürlərlə eyniləşdirmək təbii ki, olmaz. Çünki bütün bunların dastanın özünəməxsus sabit modelinin ümumi süjet xətti ilə möhkəm vəhdəti mövcuddur. Onları saxtalaşdırıb dəyişdirəndə, özününküləşdirəndə anlaşmazlıqlar, təhriflər meydana çıxır ki, onlar da yol verilmiş saxtakarlıqların bütün görünən bucaqlarını əks etdirir.

Yeni mərhələdə "Aşıq Qərib"i saxtalaşdıran erməni ssenaristi və rejissorları təəssüf ki, özlərinə məxsus tarixi saxtakarlıq ənənələrindən nəinki uzaqlaşmış, əksinə, onları daha dərinləşdirmişlər. Təqdim edilən üzdəniraq süjetin mətni ilə "Aşıq Qərib"in mükəmməl dastan mətninin müqayisəsi təşriflər və saxtakarlıqlar silsiləsini aydın əks etdirir.

"Aşıq Qərib" dastanında əhvalat sadə bir süjet üzərində qurulur: Məhəmməd sövdəgarın Rəsul və Heydər adlı iki oğlu və bir qızı vardı. O, bir gün arvadını çağırıb vəsiyyət edir ki, varlı yerdən oğlanlarına qız alma və qızı da varlı yerə ərə vermə. Bunu deyib sövdəgar ömrünü balalarına bağışlayır. Məhəmməd sövdəgarı dəfn edirlər. İsfahan lotuları gəlib məclisə çıxır, özlərini sövdəgarın dostu kimi qələmə verir, Rəsulla qumar oynayıb onun bütün var-yoxunu əlindən alıb aradan çıxırlar. Rəsul bir papaqçıya şəgird dayanır. Bir gün atasının qəbri üstə gedib onu ziyarət edir, o qədər ağlayır ki, yorulub əldən düşür, elə qəbrin üstündə yuxuya gedir.

Yuxuda Tiflisdə Xoca Sənanın qızı Şahsənəm ona buta verilir. Rəsul öz butasının arxasınca getməli olur. Başqa məhəbbət dastanlarında olduğundan fərqli Rəsul anasını, bacısını və kiçik qardaşı Heydəri də özü ilə götürür. Gəlib Tiflisə çatır və bir qarıya rast olur. Qarı görəndə ki, Rəsul Sənəmin adını çəkdi, dedi ki, siz qalın burada, mən gedib Şahsənəmi muştuluqlayım. Elə buradaca qarı Rəsulu "Qərib" deyə çağırır və Rəsula "Aşıq Qərib" adı xoş gəlir, o bu adı üzərinə götürür. Tiflis meydanında özünə kirayə ev axtarmağa çıxır. Ancaq mənzil sövdəsinin baş tutmadığını görən Aşıq Qərib anası, bacısı və Heydəri məscidin həyətində qoyub Xoca Əhməd adlı karvanbaşının yanına gedir. Amma Xoca ona mənzil vermir. Rəsul bir qəhvəxanaya girir, burada onu Dəli Mahmudla qarşılaşır. Qəhvəxanada Aşıq Qərib Güloğlan adlı aşıqla deyişir, onu məğlub edir. Aşıq Qərib burada Təbrizdən butasının arxasınca gəldiyini, düşdüyü vəziyyəti əvvəlcə sözlə, sonra da sazla söyləyir. Hadisələr açılır, Şahsənəm Aşıq Qəribin gəlişindən xəbər tutur, onunla görüşür. Ancaq Şahsənəmin əmisi oğlu Şahvələdə nişanlandığını qarı Aşıq Qəribə xəbər verir. Qarının bu sözü Aşıq Qəribi sarsıdır. Ağca qızın köməyilə görüşür. Şahsənəm əmisi oğluna xəbər göndərir ki, məni yeddi il gözləsin.

Vədə tamamında məclisə gələn Aşıq Qəribi əvvəlcə qəbul etmək istəmirlər. Ancaq onun uzaq yolu Xızırın köməyilə başa vurduğunu, dəlil kimi atının ayağının altından götürdüyü torpağın kor olmuş gözü açması və onun həqiqətən həmin torpağı anasının gözünə çəkməklə onun gözünün açılması Aşıq Qəribə olan etimadı artırır. Bütün bu epizodlar Beyrəyin öz toyuna gəlib çıxmasına bənzəsə də, dünya eposunda ənənəvi süjetlərin sıra düzümü çərçivəsində davam edir. Onlarda nəzərə çarpan xüsusiyyətləri Şahsənəmin Qəribi görməsi və onu tanımasından sonra konflikt açılmağa doğru inkişaf edir, bütün həqiqətlərin üzə çıxmasında - Aşıq Qəriblə Şahsənəmin bir-birini tanıması süjetin əsas mərhələsinin başlanmasına səbəb olur. Aşıq Qərib Şahsənəmə qovuşmaq üçün bütün əzablara dözür. Axıra qədər ona sadiq qalır, bir sıra başqa dastanlarımızda gördüyümüz kimi, "butadan yayınmalara" yol vermir. Aşıq Qəribin həyatının elə bir mərhələsi təsvir olunur ki, o həm çətinlik və ağır güzarandan çıxma, həm buta arxasınca getmə, həm də böyük çətinliklərə qalib gəlib toy gününə qovuşma, yeni həyata çıxma ilə əlamətdardır. Süjetin əvvəlində atasının varidatı aldadılıb əlindən alınan Rəsulla sonda Xızırın başına sığal çəkib çətinliklərdən qurtardığı Aşıq Qərib arasındakı təkamül fərqi də böyükdür.

Dastanın əvvəlində butasına qovuşacağına nagüman olan Rəsul dastanın sonunda artıq muradına yetişən haqq aşığı kimi diqqəti cəlb edir.

Bu süjetdə də kamillik mərhələsi, insan həyatında yeni dövrün başlanğıcıdır. Aşiqin öz məşuquna qovuşması burada yeni ailənin başlanğıcı kimi verilir. Aşıq Qərib isə məhəbbəti uğrunda bütün çətinliklərə dözən bədii obraz kimi diqqəti cəlb edir.

Ənənəvi süjetlər əsasında yaranan dastanlarda dünyəvi süjetlər hadisələrin əsasında dayansa da, aşıqlar onları milli həyata məxsus bədii boyalar, rənglərlə cilalanmış, müxtəlif adət-ənənə və deyimlərlə zənginləşdirərək məhəbbət dastanlarının yeni bir tipi kimi xalqın yaddaşına həkk edə bilmişlər. Elə buna görə də "Aşıq Qərib" uzun tarixi zaman müddətində milli repertuarı bəzəmiş, onun müxtəlif versiya və variantları yaranmışdır. "Aşıq Qərib"in librettosu əsasında Z.Hacıbəyov "Aşıq Qərib", C.Cabbarlının librettosu əsasında görkəmli rus bəstəkarı Qliyer "Şahsənəm" operalarını yazmışdır. "Aşıq Qərib"in türkmən variantı əsasında K.Brunovun bir libretto mətni hazırlanmış və sonralar A.Şapoşnikov və D.Ozerov həmin mətn əsasında opera yaratmışlar.

"Aşıq Qərib" dastan yaradıcılığının şah süjetlərindən biri kimi uzun yüzillikləri aşıb gələrək özünü milli yaddaşa bu şəkildə əbədilik həkk etmişdir. Bütün bu kimi tarixi faktları təhrif edib "Aşıq Qərib"i öz adlarına çıxmaq istəyən üzdəniraq qonşuların bütün cəhdləri əbəsdir. Çünki "Aşıq Qərib" xalqımızın dastan yaradıcılığı silsiləsində özünə əbədiyaşar bir yer tutan şifahi düşüncə dəyəridir.

 

 

Azad NƏBİYEV

 

Ədəbiyyat qəzeti.- 2011.- 13 may.- S.1, 3.