İlyas Əfəndiyev Fondu Beynəlxalq qeyri-hökumət təşkilatı oldu

  

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalıya

 

Hörmətli Ayaz müəllim!

Rəhbərlik etdiyiniz qəzetin Azərbaycanın sosial-mədəni həyatını obyektiv işıqlandırdığını və böyük oxucu auditoriyasına malik olmasını nəzərə alaraq sizə göndərdiyimiz məlumatı işıqlandırmağınızı xahiş edirəm.

Hörmətlə,

 

İlyas Əfəndiyev Beynəlxalq fondunun sədri Tural Əfəndiyev

 

2005-ci ildə təsis edildiyi gündən etibarən görkəmli Azərbaycan dramaturqu və xalq yazıçısı İlyas Əfəndiyevin adını daşıyan fond respublikada xeyriyyəçilik fəaliyyəti göstərir, dünyanın müxtəlif ölkələrində Azərbaycan həqiqətlərini, mədəniyyətini və incəsənətini fəal təbliğ edir. 2011-ci ilin aprelində fondun formatının genişləndirilməsi məqsədilə Avropa İttifaqı ərazisində Avropa qanunvericiliyinə müvafiq olaraq İlyas Əfəndiyev Beynəlxalq Fondu təsis edilmişdir. (www.ilyasafandiyev.com)

BMT-nin 2000-ci il Zirvəsində elan edilmiş "Minilliyin inkişaf məqsədləri"nə uyğun olaraq İlyas Əfəndiyev Beynəlxalq Fondu cəmiyyətin davamlı inkişafının təmin olunması məsələlərinin aşağıdakı istiqamətləri üzrə xüsusi diqqət yetirir: sülh, təhlükəsizlik, beynəlxalq və regional əməkdaşlıq; mədəniyyət, elm və təhsil; səhiyyə və sosial təminat; cəmiyyətin demokratikləşməsi; ədalət məhkəməsi və insan hüquqları; ölkənin iqtisadi inkişafı və infrastrukturu; marginal cəmiyyətlərdə insanların həyatının yaxşılaşdırılması və s.

Bu məqsədlərə çatmaq üçün İlyas Əfəndiyev Beynəlxalq Fondu Avropa, Asiya, Qafqaz və müsəlman dünyası ölkələrində yaşayan xalqların davamlı inkişafına yönəlmiş bir sıra məqsədli layihə həyata keçirmək, təhsil, mədəniyyət, sosial və digər sahələrdə mövcud humanitar problemlərin həllində iştirak etmək niyyətindədir.

Fondun missiyasının həyata keçirilməsinin əsas vasitələri aşağıdakılardır:

- müxtəlif ölkələrdə dövlət və ictimai xadimlərlə, biznes nümayəndələri ilə aktiv dialoq;

- beynəlxalq, regional və lokal proqramların həyata keçirilməsi üçün bir sıra ölkədə fondun nümayəndəliyinin açılması;

- həyata keçirilən layihələrin təşkilati və informasiya təminatı, onların dövlət, siyasi və sosial dəstəyinin təşkili;

- müxtəlif ölkələrdə qeyri-hökumət təşkilatları ilə sıx əlaqələrin qurulması: rəsmi görüş, konfrans, seminar və treninqlərin təşkili;

- qrantlar əsasında fondun bir sıra məqsəd proqramının, o cümlədən təhsil, mədəniyyət, sosial-humanitar, vətəndaş cəmiyyətinin inkişafı, iqtisadi modernləşmə proqramlarının həyata keçirilməsi;

- fondun layihələrinin icrasına qoşulan qeyri-hökumət təşkilatlarının beynəlxalq şəbəkəsinin yaradılması;

· müxtəlif ölkələrdə ünvanlı və təxirəsalınmaz yardımın göstərilməsi.

Fondun fəaliyyəti geniş beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Bir sıra dövlət və hökumət başçısının, ictimai xadimlərinin, o cümlədən Litva Respublikasının Prezidenti Valdas Adamkus, Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov, Sloveniya Respublikasının Prezidenti Danilo Türk, Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva, Macarıstanın "Duna TV" Teleşirkətinin prezidenti Laslo Çelenyi, ABŞ-ın Soft Computing İnstitutunun direktoru, professor Lütfi-Zadə, Moskva Humanitar Universitetinin rektoru, professor İqor İlyinski tərəfindən İlyas Əfəndiyev Beynəlxalq mükafatının qəbul olunması buna dəlalət edir.

Fond yeni formatda - bundan sonra Beynəlxalq qeyri-hökumət təşkilatı kimi, Azərbaycanın digər ölkələrlə əlaqələrinin genişləndirilməsi, ictimai xeyriyyə, humanitar yardım, xalqların davamlı inkişafı, beynəlxalq əməkdaşlıq və fəal sülhməramlı təşəbbüslər üzrə fəaliyyətlərə daha çox diqqət yetirəcəkdir.

 

 

Fondun Mətbuat xidməti

 

Ədəbiyyat qəzeti.- 2011.- 13 may.- S.2.