Firidun bəy
Köçərlinin Abdulla Şaiqə məktubları
Görkəmli
ziyalılarımızın ağır, mürəkkəb
şəraitdə belə ədəbiyyatımız, mədəniyyətimiz
naminə dostluq əlaqələri
heç də görüntü
xarakteri daşımayıb. Onlar ürəklə, tam
səmimiyyətlə əllərindən gələni əsirgəməmiş,
necə deyərlər, "yoxu var etmişlər".
Ötən əsrin əvvəllərində
millətin övladlarının təhsil ala
bilmələri üçün
ilk dərsliklərin
hazırlanmasında, ədəbiyyat tariximizin
yaradılmasında qələm
dostları ilə əl-ələ verib çətin şəraitlərdə
belə mümkün olanı
etmiş, daha doğrusu, mümkün
olmayanı mümkün etmişlər.
Görkəmli ədəbiyyatşünas
alim Kamal Talıbzadənin bu gün 130 illiyi qeyd olunan böyük
ədib və pedaqoq, atası, həm də müəllimi Abdulla Şaiqin ədəbiyyat tariximizin yaradılması yolunda fədakarlıq
göstərmiş Firidun bəy Köçərli ilə birgə unudulmaz xidmətlərindən
söz açan dəyərli qeydləri
hamımıza, xüsusən də gənc nəslə çox şey demiş olur.
Azərbaycan mədəniyyətinin müxtəlif
məsələlərinin həllində məktubdan təbliğat
və təsir vasitəsi kimi istifadə etmək XIX əsrin
ortalarında geniş bir
şəkil almışdı. Bu, M.F.Axundovun fəaliyyətində
daha çox nəzərə çarpırdı. Özünün bir çox qabaqcıl, inqilabi-demokratik
ideyalarını böyük
ədib məhz məktubları vasitəsilə də
yayır və yaxşı nəticələr əldə edirdi. M.F.Axundovun bu ənənəsi
sonralar davam və inkişaf etdirilmişdi. XIX əsrin sonu,
XX əsrin əvvəllərində məktub
- artıq kütləvi təsir vasitəsinə çevrilmişdi: mədəni
əlaqələrin genişlənməsində
mühüm rol oynayır və sürətlə məişətə
daxil olurdu. Mədəniyyətin
müxtəlif sahələrində çalışan
ziyalılar açıq deyə və yaza
bilmədikləri mülahizələri,
fikirləri, arzuları çox zaman məktub vasitəsilə
bir-birinə çatdırırdılar. Odur ki,
həmin dövr ziyalılarının
dünyagörüşlərini, müasir
ictimai-siyasi hadisələrə
münasibətlərini və ümumən o
zamanın bəzi
mübahisəli və dumanlı məsələlərini
aydınlaşdırmaq üçün məktublar çox
etibarlı sənədlərdir. Bu cəhətdən məktubları
toplamaq, öyrənmək, nəşr etmək,
oxucuların istifadəsinə vermək vaxtı
çatmış mühüm mədəni tədbirlərdən
biridir.
Dövrünün qabaqcıl, mədəni ziyalısı
olan Firidun bəy Köçərlinin də
fəaliyyətində, müasirləri ilə əlaqəsində
məktublaşma mühüm yer tutur. Onun təxminən
1884-1919-cu illəri, yəni otuz beş illik bir dövrü əhatə edən məktubları Azərbaycan
mədəniyyətinin müəyyən bir
dövrünün bəzi
mühüm məsələlərini
- təkcə Köçərlinin öz
tərcümeyi-halını, ədəbi, pedaqoji
fəaliyyətini deyil,
ümumiyyətlə, həmin dövrün
ədəbiyyatını, pedaqoji fikrini, təlim-təhsil, dil,
əlifba məsələlərini öyrənmək üçün qiymətli
mənbələrdir.
F.Köçərlinin
məktublarında bəhs olunan məsələlər müxtəlif
və rəngarəngdir. Ancaq ədəbiyyat və maarif məsələləri
burada əsas və mərkəzi yer tutur.
F.Köçərli
dövrünün, demək
olar ki, bütün görkəmli
azərbaycanlı ziyalıları, maarif və mədəniyyət
xadimləri ilə yazışırdı. Bu
yolla o, həm öz fikirlərini
yayır, həm də ədəbi həyatdakı yenilikləri,
mətbuata çıxa bilməyən mətləbləri,
müasirlərinin "ürək sözlərini" öyrənirdi.
Bu isə çox mühüm bir məsələ idi. Şaiqə göndərdiyi məktublardan birində F.Köçərli aydın
yazırdı: "Bizim bu
əsrişumda ağzını
açıb iki kəlmə
söz danışmağa da
izn vermirlər…
Görək bir vaxt olar bizim də
ağzımız açılar, dərdlərimizi
açıq söyləyərik".
F.Köçərlinin
arxivində müasirlərindən aldığı məktubların
siyahısı saxlanır. 1884-1919-cu illərdə
yazılmış məktubların ümumi
sayı 900-ə yaxındır.
Siyahıdan aydın etmək olar ki, o, dövrünün
qabaqcıl ziyalılarının
təxminən hamısı ilə məktublaşırmış.
Aşağıdakı rəqəmlərə diqqət edək:
Eynalı bəy Sultanov - 20; C.Məmmədquluzadə
- 22; N.Nərimanov - 2; M.Ə.Sabir - 2; Ə.Haqverdiyev - 5; N.Vəzirov - 4; H.Cavid
- 4; H.Vəzirov - 47; Ü.Hacıbəyov - 14; Y.V.Çəmənzəminli
- 6; Ömər Faiq - 23 və i.a.
Bu rəqəmlər
F.Köçərlinin
müasirləri ilə nə qədər sıx əlaqə
saxladığını göstərməkdədir.
F.Köçərli
Azərbaycan ədəbiyyatı tarixinə aid
əldə etdiyi
materialların böyük bir hissəsini məktublarla
toplamışdı. Təkcə Sultan Məcid Qənizadə ona 78 məktub göndərmişdi.
A.Səhhətin isə onda şeir və tərcümələrlə
dolu 27 məktubu var idi. Şair
öz tənqidçi
dostuna eyni zamanda 32 səhifədən ibarət tərcümeyi-halını
göndərmişdi ki, hazırda
əldə olmayan bu qiymətli sənəddən
o, şübhəsiz, yazdığı ədəbiyyat
tarixinin üçüncü
cildində istifadə etmişdi.
F.Köçərli
məktubları vasitəsilə o zamankı ədəbiyyata,
realizmin inkişafına
çox güclü təsir göstərirdi. Onun
bir çox
müasirinə yazdığı məktubları görkəmli
ədiblərin yaradıcılıq inkişafına az kömək etməmişdi.
Məsələn, A.Səhhət 1903-cü ildə
Köçərli ilə, onun məktublarında irəli
sürdüyü fikirlərlə
tanış olmasını özünün və dostu Sabirin yaradıcılığındakı
inkişafda, epiqonçu
şeirin təsirlərindən
uzaqlaşmalarına təsir edən qüvvətli amillərdən
biri sayırdı. O, bir
məqaləsində yazırdı
ki, Sabir "şeir və şairə qiymət qoyan bir nəfəri
görməklə (söhbət F.Köçərlidən gedir - K.T.) bu tarixdən ciddən
çalışmağa başlayır".
F.Köçərlinin
çox möhkəm
əlaqə saxladığı, faydalı
tənqid və məsləhətləri ilə
yaradıcılığına təsir göstərdiyi
yazıçılardan biri də Abdulla Şaiq olmuşdur.
F.Köçərli
ilə A.Şaiq arasında
dostluq ilk dəfə qiyabi şəkildə,
təxminən 1907-ci illərdə başlamışdı. Sonralar bu dostluq get-gedə
möhkəmlənmiş, ailəvi yaxınlığa qədər
gəlib çatmışdı. A.Şaiq
1912-ci ilin yayında bacısı Ruqiyyə
və onun əri Mirzə Tağı ilə
Gürcüstanın Məngilis yaylağında F.Köçərlinin
ailəsi ilə birlikdə istirahət etmişdi.
Bu görüş hər
iki ailəni bir-birinə xeyli
yaxınlaşdırmış, F.Köçərli ilə A.Şaiq arasındakı əlaqənin daha da möhkəmlənməsinə
səbəb olmuşdu.
Məktublardan aydın etmək
olur ki, F.Köçərli ilə A.Şaiq arasında möhkəm yaradıcılıq əlaqəsi
var imiş, hər ikisi bir-birinə çox fəal yardım göstərirlərmiş.
Doğrudur, A.Şaiqin
F.Köçərliyə
göndərdiyi 24 məktubun heç biri əldə yoxdur.
Ancaq F.Köçərlinin məktublarından
hər iki tərəfin
qarşılıqlı şəkildə
gördükləri işləri müəyyən etmək olur. A.Şaiq, dostunun üç cildlik "Azərbaycan
türklərinin ədəbiyyatı" kitabının nəşri
ilə çox maraqlanır, ona bu işdə
ciddi kömək göstərirdi. F.Köçərli öz
cavan dostuna kitabın əhəmiyyətini
izah edərək
yazırdı: "Niyyətim pul qazanmaq deyil, ancaq ədəbiyyatımıza
cüzi xidmət etməkdir".
A.Şaiq bunu başa düşür, həm böyük zəhmətin
hesabına yaranmış ədəbiyyat tarixinin
zənginləşməsi üçün
yeni materiallar göndərir,
həm də "toz basa-basa
qalmış" əsərlərin
çapı üçün Bakı naşirləri ilə
əlaqə saxlayırdı.
F.Köçərli
şair dostunun ədəbiyyat tarixinə və folklora dair ona
göndərdiyi materiallardan çox razı idi və bu
materialların "Tarix" üçün əhəmiyyətini
təkrar-təkrar qeyd edirdi.
14 sentyabr 1912-ci il tarixli məktubu bu cəhətdən xüsusilə əlamətdardır.
A.Şaiq F.Köçərliyə böyük ehtiram bəsləyirdi,
onun ədəbi-tarixi mövqeyinə
yüksək qiymət verirdi. Şairin XX əsrin əvvəllərində
yazılmış şeir dəftərlərində
F.Köçərliyə
həsr olunmuş şeirlər
vardı. Bundan başqa
o, 1916-cı ildə "Doğru
söz" qəzetində
çap etdirdiyi "İki
kötük, yaxud iki familiyanın məhvi" poemasını Firidun bəyə ithaf etmişdi. Məktublarda:
"Lütf edib "Doğru söz"də dostunuzu yad edibsiniz"
- deyərkən o bunu
nəzərdə tuturdu.
Şair dərsliklərində
F.Köçərlidən
tez-tez istifadə etmiş, nəhayət, 1958-ci ildə onun haqqında kiçik bir xatirə də
yazmışdı.
A.Şaiqin arxivində F.Köçərlinin
13 məktubu vardır. A.Şaiq isə ona 24 məktub
yazmışdı.
Məktublardan
müəyyən etmək olur ki, F.Köçərli müasir ədəbiyyatı çox
diqqətlə izləyirmiş, müasirlərinə dövrün ədəbi hadisələri haqqında mülahizələrini,
tənqidi qeydlərini bildirməyi özünə borc bilirmiş. Məktubların
hamısında əsasən ədəbiyyat, dil,
maarif, ümumiyyətlə, mədəniyyət məsələlərindən
söhbət gedir. Onların heç
biri şəxsi səciyyə daşımır. İlk dəfə "Azərbaycan" jurnalında çap
olunan məktublar F.Köçərlinin
ictimai-siyasi və ədəbi görüşlərini, eləcə
də onun Abdulla Şaiqin ədəbi-pedaqoji fəaliyyətinə
münasibətini aydınlaşdırmaq üçün
qiymətli sənədlərdir.
Məktublardan
görünür ki, F.Köçərli cavan
yazıçının mətbuatda
hissə-hissə çap olunan
"Əsrimizin qəhrəmanları"
romanını, hekayələrini, pyeslərini və şeirlərini
maraqla oxuyurmuş. Bu əsərlərdə tənqidçinin diqqətini
cəlb edən cəhət onların Azərbaycana, milli həyata, xalqın güzəranına həsr
olunmaları idi. 26 may
1911-ci ildə Qoridən göndərdiyi məktubda F.Köçərli bu
cəhəti xüsusilə
qeyd edir.
Realizmin əsas xüsusiyyətlərini bir müəllim kimi öz gənc
müasirinə başa
salan tənqidçi onu ərəb, fars və
osmanlı sözlərini yerli-yersiz işlətdiyi üçün
tənqid edir, canlı
xalq dilini dərindən öyrənməyə
çağırırdı.
Başqa bir məktubunda F.Köçərli "Dağlar sultanı" şeirinin müvəffəqiyyətini şairin
realizmə sadiq
qalması ilə, şeirin "açıq
dildə yazılması" və təsvirlərin
"həqiqətə müğayir olmaması" ilə izah edir. O göstərir ki, şeirin təsirli
çıxmasına səbəb şairin
öz ilhamını
bilavasitə həyatdan alması olmuşdur:
o gördüyü, duyduğu aləmi qələmə almış, bu
isə təsvirlərin
real, təbii çıxmasına səbəb olmuşdur.
F.Köçərli A.Şaiqin
Sabirin ölümünə
və "Dəftəri-hicran" adı
ilə yenicə vəfat etmiş arvadına həsr etdiyi mənzumları həqiqi şeir nümunələri kimi,
"dəruni və pak hisslərin"
məhsulu kimi qiymətləndirirdi.
Məktublarda
A.Şaiqin uşaqlar üçün yazdığı bədii əsərlər
və dərsliklər haqqında maraqlı fikirlər
vardı. O zaman məktəb
səhnələrində müvəffəqiyyətlə
tamaşaya qoyulan
"Gözəl bahar"
məktublarda "Bahar
xanım" adı ilə getmişdir (görünür, ilk adı belə olmuşdur). "Gözəl bahar" pyesi haqqında yazırdı: "Qızlara
bir pərdədə
"Bahar xanım" ünvanında
yazdığınız mənzumə bəd deyil,
ondan yaxşı operetta əmələ gələr… Bu barədə Üzeyir
Hacıbəyovla məsləhət ediniz…
"Bahar xanım"
qızlar və uşaqlar üçün
ən xoşagələn və münasib operetta ola bilər".
Məktublardan
öyrənirik ki, A.Şaiq
hələ 1908-ci ildən 3-cü-4-cü
siniflər üçün dərsliklər tərtib
etmək fikrində imiş. F.Köçərli
cavan müəllimin yeni
təşəbbüsünü
alqışlayır, ona bu
işdə köməyini vəd edir, dərsliklər üçün yeni uşaq şeirləri yazdırmaq məqsədilə Mirzə
Ələkbər Sabirə müraciət etməyi məsləhət
görür. O yazırdı: "Onun (Sabirin - K.T.) dəxi təbi-səlim
olmağı məlumunuzdur".
Azərbaycan ədəbi
dilini əcnəbi dillərin təsirindən xilas
etmək, öz təbii yolu
ilə onun
inkişafına nail olmaq
F.Köçərlinin
tənqidçilik fəaliyyətində ayrıca yer tutur. Bir
demokrat kimi o, ədəbi dilimizi ümumxalq dili əsasında
inkişaf etdirməyə
çağırır, bu sahədə
əyintiyə yol verən yazıçıları
aramsız tənqid edir. F.Köçərli
göstərir ki, ədəbi dil ilə oxucu arasında sıx əlaqə yaratmaq
üçün onu
sadələşdirmək, xalqa yaxınlaşdırmaq lazımdır. Eyni fikirlərə onun A.Şaiqə göndərdiyi məktublarında
da geniş yer verilmişdir.
Məsələn,
F.Köçərli
A.Şaiqin 1912-ci ildə
çap olunmuş
"Gülzar"ını bir dərslik kimi bəyənirdi. O yazırdı: "Gülzar"da təlim və tədrisə
layiq məlumat çoxdur. Belə ki, ali siniflərdə oxuyan şagirdlərə ən yarar və
ən münasib
kitabdır. Xüsusən onun üçüncü hissəsi
mənə xoş gəldi…"
Ancaq bununla belə, F.Köçərli "Gülzar"da çap olunan bəzi bədii
parçaların dilini kəskin
tənqid edirdi. 10 fevral 1913-cü il tarixli məktubunda müəllifə
məsləhət görür ki, dərsliyin ikinci çapında mütləq
dil xətalarını
islah etsin.
F.Köçərlinin dil
haqqında məktublardakı mülahizələri çox səciyyəvidir: "Dünyada hər şey gündən-günə
tərəqqi tapdığı surətdə
dili bir halda saxlamaq olmaz. Dilə də lazımdır tərəqqi
vermək" (14 iyun 1911). "Ana dilini yaxşı
bilməkdən ötrü
lazımdır Qasım
bəy Zakir, Molla Pənah Vaqif, İsgəndər ağa Şakir kimi milli şairlərin əsərləri oxunsun" (26 may 1911).
Abdulla Şaiq dostunun və müəlliminin məsləhət
və tənqidlərilə əksərən
razılaşır, onların çoxuna öz yaradıcılıq
təcrübəsində əməl edirdi.
O, sonralar "Köç"
hekayəsinin dilini xeyli sadələşdirməli
olmuşdu. Bununla
yanaşı, gənc ədib başqa əsərlərini də
müntəzəm olaraq F.Köçərliyə
göndərir və ondan
lazımi göstərişlər
alırdı.
Maarif sistemində nöqsanlar, bürokratizm,
çarizmin milli dilləri
sıxışdırmaq siyasəti, müəllimlərin vəziyyəti
kimi məsələlər
də məktublarda bu
və ya başqa dərəcədə
öz əksini tapan məsələlərdəndir.
F.Köçərli
A.Şaiqin təlim-tərbiyə
işlərindəki fəaliyyətinə
çox həssas münasibət bəsləyirdi, pedaqoji görüşlərini
təqdir edirdi. O,
"Gülzar"ı bir dərslik
kimi bəyənirdi. A.Şaiqin
tərtib etdiyi yeni proqram haqda
fikri belə idi: "Proqramların cümləsindən
ziyadə siz tərtib
etdiyiniz mənə xoş
gəldi. Əgər onda yazdığınız
maddələrin cümləsinə əməl
olunursa, onda sizin şagirdlər kursu tamam etdikdə türkcə
də gərəkdir yaxşı savadlı olsunlar;
buna da mənim şəkkim
yoxdur. Hər bir peşənin və elmin
təlim və tədrisində
müəllimin vücudu böyük
şərtdir… Bizim lisan müəllimləri
şagirdlərinə heç bir şey öyrətməyib,
ana dilinin feyz və lətafətindən onları məhrum
edirlər" (6 mart 1917).
Məktublarda
"Azərbaycan türklərinin ədəbiyyatı"
kitabının illərlə yaradılması prosesi,
onun yazıldıqdan sonra necə təkmilləşdirilməsi,
neçə cilddən ibarət olması, nə üçün uzun illər çap oluna bilməməsi, alimin
keçirdiyi həyəcanları
da əks etdirilmişdi.
Məktublar F.Köçərlinin öz şəxsiyyəti
haqqında da bəzi məsələləri
aydınlaşdırmağa kömək edir.
On üç məktubu oxuyub
qurtardıqdan sonra
insanın qarşısında çox mehriban, qayğıkeş, mədəni,
çəkilən əməyə, zəhmətə qiymət
qoymağı bacaran qədirşünas
bir vətənpərvərin, bütün varlığı
ilə xalqa bağlı bir vətəndaşın
surəti canlanır.
Kamal TALIBZADƏ
Ədəbiyyat
qəzeti.- 2011.- 20 may.- S.1, 2.