"Yad et məni,
şairanə yad et…"
Mayın
18-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu
XX əsr Azərbaycan ədəbiyyatının klassiki,
görkəmli pedaqoq, ictimai xadim Abdulla Şaiqin anadan
olmasının 130 illiyinə həsr edilən elmi sessiya
keçirdi.
Elmi sessiyada institutun direktoru, akademik Bəkir
Nəbiyev görkəmli sənətkarın çoxşaxəli
yaradıcılığı, bənzərsiz şəxsiyyəti
haqqında ətraflı danışdı. Vurğuladı ki,
Abdulla Şaiq Azərbaycan yazıçıları içərisində
yeganə şəxsiyyət olmuşdur ki, hələ
sağlığında xatirəsi əbədiləşdirilmiş,
Abdulla Şaiq adına Nümunə məktəbi fəaliyyətə
başlamışdır. "Təkcə bu faktın
özü Abdulla Şaiqin böyük ziyalı
obrazını bütöv şəkildə göz
önünə gətirir. Abdulla Şaiq
yaradıcılığı sənətsevərlərə,
ümumilikdə isə cəmiyyətə həm bədii
zövq aşılayır, həm də cəmiyyətin,
insanların gözünü həyata açırdı. O,
canlı bir körpü idi. Bu körpü dövrünün
ziyalılarını, tələbələri, görkəmli
şəxsiyyətləri birləşdirirdi. Abdulla Şaiq
bir tərəfdən görkəmli şəxsiyyətlər
haqqında xatirələrini yazır, bir tərəfdən də
klassik irsə yeni münasibət aşılayırdı.
Xalqa, onun nəcib duyğularının irəliləyişinə,
elminə və sənətinə ləyaqətlə xidmət
edən Şaiq əfəndi sovet rejiminin təsəvvüredilməz
ağrı-acılarını da yaşamışdı.
Yazıçının oğlu, görkəmli ədəbiyyatşünas
alim Kamal Talıbzadə danışardı ki, atam uzun illər
zəruri əşyalarını bir yerə toplayıb
hazır saxlayırdı ki, gözlənilmədən onu həbs
edib qara maşında gedər-gəlməzə apara bilərlər.
Heç vaxt unutmaram, bir dəfə söhbət əsnasında
mən Şaiq əfəndidən həmin illər haqqında
soruşdum. Gərək ki, 1957-ci il idi. Şaiq əfəndi tələsik
mövzunu dəyişdi. Kamal müəllim araya söz
salıb mənə dedi ki, onu qınama, o illərin xofu hələ
də atamın canında yaşayır. Aradan xeyli vaxt
keçmişdi, ancaq Şaiq əfəndi yenə də həyəcan
içində idi. Bu, səbəbsiz deyildi. Onun qardaşı
Yusif Talıbzadə Orta Asiyada azadlıq mücahidlərilə
bir sırada imperiyaya qarşı vuruşub şəhid
olmuşdu. Bu faktı heç zaman Abdulla Şaiqə
bağışlamazdılar. Hətta oğlu Kamal Talıbzadə
vaxtilə sənədlərini Beynəlxalq Diplomatiya İnstitutuna
verəndə belə bu fakt nəzərə alınaraq onun ərizəsi
qəbul edilməmişdi.
Abdulla Şaiq milli sənətkar, müstəqillik
mücahidi idi. O, uşaq ədəbiyyatımızın ən
nadir nümunələrini yaratmış və təhsilimizin
milli zəmində inkişafının əsasını
qoyanlardan biri olmuşdu…"
Elmi sessiyada filologiya elmləri doktoru,
professor Alxan Bayramoğlu "Abdulla Şaiq XX əsr Azərbaycan
ədəbi-ictimai fikrinin nadir hadisəsi kimi" mövzusunda
ətraflı məruzə ilə çıxış etdi. Məruzədə
deyilir: "Abdulla Şaiq Talıbzadə Azərbaycan ictimai ədəbi
və mədəni fikir tarixində görkəmli romantik
şair, nasir, dramaturq, ədəbiyyatşünas alim, tərcüməçi
və müəllim kimi özgün yer tutur.
Yaradıcılığının belə coxşaxəliliyi
onun əsərlərinin məzmun və ideya-bədii keyfiyyətlərinə
mənfi təsir etməmiş, əksinə, onların biri
digərini tamamlayaraq, bütövlükdə A.Şaiq
yaradıcılığının yüksək sənət
nümunəsi kimi ümumxalq məhəbbəti qazanıb əbədiyaşarlığına
səbəb olmuşdur.
Uşaqlığından Tiflisin və
Borçalı dağlarının ecazkar təbiəti
qoynunda və Azərbaycan folklorunun sirli-sehrli əfsanə və
nağıllar aləmində saf uşaq xəyallarının
nəhayətsiz qanadlarında vətəninə və
xalqına, onun təbii və mənəvi sərvətlərinə
sonsuz məhəbbət duyğusu ilə bağlanan Abdulla
Şaiq Xorasanda və Bakıda xalqın ağır,
dözülməz güzəranını gördükcə
qəlbi vətəndaşlıq kədəri ilə
sıxılırdı. Bu sıxıntı və əzabların
nəticəsi "Vətən" şeirindəki misralarda
belə ifadə olunurdu:
Ey ceşmimin önündə mücəssəm
vətən, vətən!
Qəlbim kimi ələmlərə həmdəm
vətən, vətən!
Şair vətənin gül ləçəklərinə
qonan şəbnəmi də dərddən axan göz
yaşlarına bənzədir. Dücar olduğu faciənin təsiri
ilə sanki donub qalan vətənin bu ağlar vəziyyəti
vətəndaş şairin canını üzüb, cismini əridərək
zəiflədir. Vətəni canı kimi sevən şairin
ilham pərisi "gözəl mələk" də qüssə-qəm
içindədir:
Gördükcə dərdini əriyir
cismi-natəvan.
Ney tək sızıldayır dili-pürqəm,
vətən, vətən!
Qarşımda dərd, matəmə
batmış gözəl mələk
Səslər həzin səda ilə hərdəm:
vətən, vətən!
Abdulla Şaiqin ədəbiyyata gəlişi
romantik bir məzmun və üslubda baş verir. Özü də
onun şeir rübabı daim ülviyyət, hürriyyət,
mübarizə, işıqlı, xoşbəxt gələcək
nəğmələri üstə köklənir. Bu
rübabın calıb-oxuduğu nəğmələr vətən
övladını ta cocuqluqdan başlayaraq tərəqqiyə,
fəaliyyətə, layiqli vətəndaş olmağa səsləyir
və bu ruhda da tərbiyələndirməyə
calışır. A.Şaiq zamanın tələbinə və
maarifçilik hərəkatına uyğun olaraq Azərbaycan
müəllimlərinin I və II qurultaylarında Ana dili və
əlifba dərsliklərinə (və dərslərinə)
qoyulan tələblərə qurultaylardan az sonra bir-birinin
ardınca cap etdirdiyi dərsliklərdən uzun illər Azərbaycan
gəncliyinin bir neçə nəsli istifadə etmiş,
faydalanmışdır. Bu işi A.Şaiq təkcə müəllim
və pedaqoq, metodist kimi yox, həm də klassik uşaq ədəbiyyatımızın
poeziya, nəsr və dram janrında bir çox yaddaqalan
nümunələrini yaratmaqda görmüşdür.
A.Şaiq uşaq psixologiyasına, onun maraq
dairəsi və anlaq səviyyəsinə bələd olan incə
zövqlü, həssas duyğulu sənətkar idi. Odur ki,
uşaqların nağıl və əfsanə qanadlı
fantaziyası, gördükləri, müşahidələri
qarşısında duyduğu heyrət və təəccüb
onun şeir və hekayələrində romantik bir vüsətlə
əks etdirilmişdir. Bu əsərlərdə romantizmə
xas zahiri sadəlövhlük, ilkinlikdən doğan saflıq,
heyrət və varlığı dərk etmək cəhdləri
sanki uşaq dünyasının sirli-sehrli aləmindən
güc alır. Uşağın ilkin olaraq ətraf aləmə,
təbiətə, canlılara göstərdiyi diqqət və
maraq şairin "Xoruz", "Keçi", "Uşaq və
dovşan", "Yetim cücə" və s. şeirlərində
öz əksini həyatdan doğan romantik heyrətin poetik ifadəsi
şəklində tapmışdır.
Ümumən Abdulla Şaiq
yaradıcılığında səmimiyyət, məhəbbət
və ədalətlə süslənmiş işıqlı
bir inam, qanadlı romantikadan və soydaşlarının
tarixi-mənəvi potensial qüdrətindən irəli gələn
ümid və əzəmət, nikbinlik hakimdir. Onun ilham pərisi
yaşadığı əsrin qeyri-müəyyən
gedişlərini anlamağa cətinlik cəkərkən dərin
bir vətəndaş narahatlığı ilə
"İyirminci əsrə xitab", "Hürriyyət pərisinə"
müraciət edərək öz suallarına aydın bir
cavab almağa çalışırdı. "İyirminci əsrə
xitab"da şair-vətəndaş
narahatlığının doğurduğu sualların poetik
ifadəsi , "Şikayətlərim" şeirində
üzə çıxan vətəndaş duyğuları
onun həm də millətin taleyi ücün
narahatlıqlarını və təəssübkeşliyini
ifadə edir:
Yenə hər yanda hökm edir zülmət!
Yenə söndü o nazənin ülkər!
Gecə-gündüz
tapındığım dilbər,
Yenə qaldıq vüsalına həsrət.
Bütövlükdə türk
dünyasının və Azərbaycanın
düşdüyü böhranlı vəziyyətindən dərin
təlaş keçirən Abdulla Şaiq "Vətənin
yanıq səsi" adlı poemasında vətənin dili ilə
ulu babalarımızın şöhrətli keçmişinə
nəzər salır. Qafqazın - bu ulu vətənimizin o
şən, xoşbəxt günlərini, bizim ulu nəslimizi
sevinclə öz qoynunda bəslədiyini və igid, nəcib
övladlarının timsalında özünə həm də
etibarlı mühafizlər tapıb daim əmniyyətdə
olacağı qənaəti ilə rahatlanır.
Elmi ədəbiyyatda A.Şaiq romantik bir ədib
kimi dərk və qəbul edilir. Bununla yanaşı onun
yaradıcılığında sentimentalizmin də kifayət
qədər çəkiyə malik olduğu son vaxtlar daha
sistemli şəkildə təsdiq edilməkdədir.
Doğrudan da, ədibin istər poeziyasında, istərsə də
nəsr və dramaturgiyasında romantizmlə sentimentalizm
özünü paralel şəkildə göstərir. Belə
əsərlərdən biri "İki müztərib, yaxud əzab
və vicdan" romanıdır. Bu roman A.Şaiqin ilk nəsr əsəri
olub, məktub şəklində yazılmışdır.
"İki müztərib, yaxud əzab və vicdan" bəzi
cəhətlərinə görə İ.Hötenin "Gənc
Verterin iztirabları" əsərini xatırladır. Burada
hadisələr Sitarə ilə Cavad arasında baş verir. Əhvalatı
iki nəfərin məktublarından və
baxışlarından öyrənirik.
"Abdulla Şaiqin ədəbi-bədii
düşüncələri" mövzusunda məruzə ilə
çıxış edən filologiya üzrə fəlsəfə
doktoru Arzu Hacıyeva da görkəmli ədibin
yaradıcılıq məziyyətlərini önə çəkdi.
Bu il 130 illiyini qeyd etdiyimiz Azərbaycan romantik ədəbiyyatının
görkəmli simalarından biri Abdulla Şaiq Talıbzadə
Azərbaycan ədəbi-estetik fikir tarixində özünəməxsus
yeri, xidmətləri olan böyük sənətkarlardan
biridir. O, ömrünün 50 ilini vətəninin, millətinin
tərəqqisinə, maariflənməsinə həsr
etmişdir. Poeziya, nəsr, dramaturgiya, ədəbiyyatşünaslıq,
tərcüməçilik, pedaqogika, dərslik tərtibi sahəsində
çalışmaları Şaiqin vətəndaşlıq
mövqeyinin, müəllif tendensiyasının meydana
çıxmasını təmin edən fəaliyyət sahələridir.
Abdulla Şaiq
yaradıcılığı maraqlı və uğurlu sintezlər
üzərində qurulmuşdur. Burada milliliklə bəşəriliyin,
ənənə ilə müasirliyin, şərqlə qərb
sivilizasiyasının, romantizmlə realizmin, şeirlə nəsrin
mükəmməl sintezinin şahidi oluruq. Abdulla Şaiq həm
təpədən dırnağa türklükdən,
turançılıqdan yoğrulmuş bir türk mütəfəkkiri,
həm də qlobal, bəşəri ideyaların
carçısıdır. O, milli-mənəvi dəyərlərin
yorulmaz təbliğatçısı, həm də
müasirliyin novatorluğun tərəfdarıdır.
Azərbaycan ədəbiyyatının
"Xalq ədəbiyyatı", "İxtilat dövrü ədəbiyyatı"
və "Təqlid dövrü ədəbiyyatı" kimi ədəbi
mərhələlərdən keçib gəldiyi fikrini irəli
sürən Abdulla Şaiq ədəbiyyatımızı milli
köklərindən ayırmır, bu qırılmaz tellərin
Azərbaycan xalqı və ədəbiyyatı
üçün nə qədər əhəmiyyətli
olduğunu dərk edirdi. Halbuki bu illərdə məlum
qüvvələr Azərbaycan xalqını öz
soy-kökündən ayırmağa çalışır,
onu milli mədəniyyəti, folkloru olmayan xalq kimi qələmə
verirdi. Xoşbəxtlikdən xalqımızı zəngin
keçmiş mədəniyyətindən, folklorundan təcrid
etmək istəyənlər olduğu kimi, bu mədəniyyəti
təbliğ edən, toplayıb çap etdirən və yenidən
xalqın ixtiyarına verən alimlər də var idi.
...Milli klassik irsə münasibətdə
Abdulla Şaiq yaradıcılığı 20-ci illər ədəbiyyatşünaslığına
müəyyən mənada müxalifət təşkil edir.
O, proletar mədəniyyətinin, sosioloji tənqidin birtərəfli
yanaşdığı M.Füzulinin, M.P.Vaqifin, Ə.Hüseynzadənin,
H.Cavidin, türk sənətkarları Y.İmrənin, Nəfinin,
T.Fikrətin və başqalarının bioqrafiyasını və
əsərlərindən nümunələri nəinki tərtib
etdiyi dərsliklərinə daxil edir, həm də belə sənətkarların
yaradıcılığını tədqiqata cəlb edirdi.
Dövrün, mühitin özündən qaynaqlanan subyektivlikləri
nəzərə almasaq, Abdulla Şaiqin çağdaş ədəbiyyatşünaslığın
elmi nəticələri ilə həmahəng səslənən
qənaətləri bu gün üçün də
aktualdır, maraqlıdır...
XX əsrin əvvəllərində
professional mərhələyə qədəm qoyan ədəbi
tənqid çağdaş ədəbiyyatı cilalamağa
deyil, daha çox ideoloji funksiya yerinə yetirməyə təhkim
olunmuşdu. Məlumdur ki, tənqid həmişə hakim
ideologiyanı əks etdirmişdir. Həmin dövrdə bu
tendensiya özünü ifrat dərəcədə göstərirdi.
Təhlil olunan əsər sənətkarlıq
baxımından deyil, sosioloji mövqedən, realizmin prinsiplərinə
cavab verib-verməməsindən, ideoloji mahiyyətindən
asılı olaraq qiymətləndirilirdi. Tənqidçilərin
demək olar ki, hamısı tənqidi "ədəbiyyatın
ələyi", "ayineyi-millət", "zəmanənin
ruhu" adlandırsalar da, ədəbiyyatın dəyərləndirilməsində
əsas meyar siyasi mənsubiyyət faktoru idi. Belə bir ictimai-siyasi
şəraitdə tənqidin forma və məzmun
axtarışları, klassik və çağdaş irsin dəyərləndirilməsi
kimi aparıcı mövzularına münasibət bildirən
Abdulla Şaiq proletar mədəniyyətinin, inqilabi
estetikanın təbliğatçısına çevrilmədi,
elmi obyektivliyi hər şeydən üstün tutdu.
Biz Abdulla Şaiqi mərhum akademik
K.Talıbzadənin şərti bölgüsünə
müvafiq olaraq, romantik tənqidin nümayəndəsi
adlandırsaq da, o özünü nə romantik tənqidi təmsil
edən "Füyuzat" ədəbi məktəbinə, nə
də realist-demokratik tənqidi təmsil edən "Molla Nəsrəddin"
ədəbi məktəbinə aid etmirdi. Hər iki ideya cəbhəsinə
konkret münasibətini bildirən ədib xatirələrində
yazır: "Molla Nəsrəddin" məcmuəsində
C.Məmmədquluzadə və Ömər Faiq Məhəmməd
Hadinin və Müznibin lisanına ciddi hücumlar yapır və
kəskin məqalələri ilə dili təmizləməyə,
sadələşdirməyə
çalışırdılar. Fəqət "Molla Nəsrəddin"in
dili sadə və anlayışlı olmaqla bərabər,
cümlə quruluşu cəhətindən rus və ərəb
qramerinin müəyyən təsiri vardır. Hər iki tərəfdən
nöqsanları açıq-açığına
gördüyüm üçün iqtidar və istedadım
daxilində heç bir təsirə qapılmadan əsərlərimi
sadə, anlayışlı, həm də ədəbi bir dildə
yazmağa çalışırdım".
Təbii ki, burada söhbət "Molla Nəsrəddin"
və "Füyuzat" məcmuələrinin dilindən
gedir. Lakin Abdulla Şaiqi romantik tənqidə bağlayan onun sənətə,
ədəbiyyata yanaşma tərzi, ədəbi-estetik
meyarları və ideyalarıdır. O, tarixdə yaşayacaq
ölməz sənət əsərlərindən
danışaraq belə əsərlərin timsalında Əbdülhəq
Hamid, Hüseyn Cavid kimi romantiklərin adını çəkir
və bədii əsərin təsir qüvvəsini əsl
romantik kimi şərh edirdi.
Taleyin qəribə təsadüflərindəndir
ki, Abdulla Şaiqin atası Axund Mustafa Əli bəy
Hüseynzadənin babası, Zaqafqaziya şeyxülislamı
Şeyx Əhməd Səlyaninin müavini olmuşdur. Bu mənəvi-fikri
yaxınlıq onların xələflərinə də sirayət
etmişdir. Sonradan romantizmin ideoloquna və romantik ədəbiyyatın
görkəmli nümayəndəsinə çevrilmiş bu
iki şəxsiyyətin mənsub olduğu ədəbi cərəyanın
prinsiplərindən doğan tələblər altında
onların bədii ədəbiyyata analoji tərzinin şahidi
oluruq.
…Bir tədqiqatçı kimi Abdulla
Şaiqin diqqətini əsərlərdə ilk növbədə
dünya kədəri cəlb edirdi. O, həyatın
bütün çətinliklərini dadmış, iztirab
adlı bir məktəb keçmiş insanı kamil insan
adlandırır. "Həyatda müztərib olmayan, onun
acılıqlarını dadmayan, mübarizədəki
zövqdən binəsib olan insanlar nə həyatın
zövqünü, nə də onun qayəsini anlamış
olurlar. İztirab insanları islah edir,
çalışmağa, çarpışmağa sövq
edir" - deyən Abdulla Şaiqin M.Füzuli, M.Ə.Sabir,
H.Cavid yaradıcılığına böyük sevgi və
marağının səbəbi ictimai kədər idi...
Elmi sessiyada "Abdulla Şaiqin mənzil
muzeyi" mövzusunda məruzə ilə
çıxış edən sənətşünaslıq
üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə
vurğuladı ki, Abdulla Şaiqin ev muzeyi ədəbi profilli
bir muzeyidir. "Biz Nizami adına Ədəbiyyat muzeyilə,
eləcə də folklorşünas alimlərdən Məhərrəm
Qasımlı və Vəli Osmanlı ilə sıx əlaqə
saxlayırıq. Abdulla Şaiq xoşbəxt sənətkardır
ki, hələ sağlığında istər dövlət,
istərsə də xalq tərəfindən sevilib, hələ
qırx yaşında ikən yubileyi geniş şəkildə
qeyd olunub, fəaliyyətinin 20 illiyi münasibətilə
müəllim yoldaşlarının və tələbələrinin
ürək sözlərindən ibarət kitab nəşr
edilib. O kitabın nüsxəsi muzeydə qorunur. Ədibin 75,
100, 110, 120 illiyi də dövlət səviyyəsində
layiqincə qeyd olunub. Onun 130 illiyi Mədəniyyət və
Turizm Nazirliyinin xüsusi qərarı ilə keçirildi,
nazirliyin dəstəyi ilə "Abdulla Şaiqin mənzil
muzeyi" adlı kitab nəşr olundu. Bu muzey 1990-cı ildə
yaradılıb. Lakin müəyyən səbəblər
üzündən ekspozisiyaların nümayişi düz on il
gecikdi. Muzeyin təşkili Kamal Talıbzadənin təşəbbüsü
və seçimi əsasında oldu. Atam istəyirdi ki, bu muzey
ədibin şəxsi əşyalarından daha çox
yaradıcılığını özündə əks
etdirsin. Kamal müəllim bu muzeyi elmi əsaslar prinsipilə
qurdu. Məsləhət bildi ki, mən də bu muzeydə
işləyim. Dedi ki, qızım mənim işimi ailədən
kimsə davam etdirməlidi. Elə də oldu. Biz öncə
Nizami adına Ədəbiyyat İnstitutunun fərdi iş
planları əsasında öz işimizi qurduq. Muzeyin qaydaya
düşməsində elmi işçi Əbdül Əzizovun
xüsusi xidməti olub. Yenə də deyirəm, atam muzeydə
Abdulla Şaiqin daha çox şəxsiyyətini və
yaradıcılığını ifadə edən dəyərlərin
önə çıxmasını istəyirdi. Biz bu istiqamətdə
işlədik. İndi muzeydə yeddi minə qədər
eksponat var…"
Məruzələr ətrafında
filologiya elmləri doktoru, professor Qəzənfər
Paşayev, folklorşünas alim Vəli Osmanlı, AMEA-nın
əməkdaşları Zəhra Abdullayeva, Ülkər
Köçərli və başqaları danışaraq
A.Şaiqin ədəbiyyat tariximizdəki müstəsna yeri
olmasından söz açdılar.
Professor Məhərrəm Qasımlı
dedi ki, mən vaxtilə rəhmətlik Kamal Talıbzadə ilə
Şaiq əfəndi haqqında tez-tez söhbət edərdim.
O, deyərdi ki, atam zəngin folklor boxçasıdır. Kamal
müəllim Abdulla Şaiq haqqında böyük
duyğularla danışardı. Abdulla Şaiq folklor nümunələrimizin
özü qədər gözəl şeirlər yaradıb -
istər dil, istərsə də poetik göstəricilərinə
qədər. O, bütün ruhu, düşüncəsi ilə
folklora bağlı bir sənətkar idi. "Şaiq"
sözü ilə "xalq müəllimi"
anlayışının arasında çox böyük
bağlılıq var və Şaiq əfəndi öz mənalı
ömrü boyu bu vəhdəti ləyaqətlə
qorumuşdu".
Elmi sessiyanı akademik Bəkir Nəbiyev
yekunlaşdırdı.
Hazırladı:
S.Hüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2011.- 20 may.- S.1-6.