Belarus Dövlət Akademik Musiqili Teatrında "Arşın mal alan" operettasının premyerası olmuşdur

     

Mayın 18-də Minskdə Belarus Dövlət Akademik Musiqili Teatrı kollektivinin ifasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaşöhrətli "Arşın mal alan" operettasının premyerası olmuşdur.

Teatrın rəhbərliyi tamaşanı idarə etmək üçün beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevi dəvət etmişdir. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev (Azərbaycan), quruluşçu rəssamı Lyubov Sidelnikova (Belarus), bədii tərtibatçı Yusif Toker (Türkiyə), quruluşçu baletmeyster xalq artisti Mədinə Əliyeva (Azərbaycan), quruluşçu xormeyster Svetlana Petrovadır.

Layihənin əsas təşkilatçıları Azərbaycanın Belarusdakı səfirliyi, ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi, Belarus Dövlət Akademik Musiqili Teatrıdır.

Tamaşada əsas rolları Yevgeni Yermakov (Əsgər), beynəlxalq müsabiqələr laureatı Marqarita Aleksandroviç (Gülçohrə), Anton Zayançkovski (Süleyman), Belarusun xalq artisti Natalya Qayda (Cahan), Aleksandr Krakovski (Soltan bəy), Lidiya Kuzmitskaya (Asya) və beynəlxalq müsabiqənin diplomantı Anna Belyayeva (Telli) oynamışlar.

Tamaşadan əvvəl dirijor Əyyub Quliyev və teatrın rəhbərliyinin Belarus KİV-lərinin nümayəndələri ilə görüşü keçirilmişdir. Görüşdə Əyyub Quliyev bu layihənin xüsusi əhəmiyyətini qeyd edərək, tamaşanın Azərbaycan ilə Belarus arasında mədəni əlaqələrin inkişafı istiqamətində atılan vacib bir addım olduğunu vurğulamışdır. Ə.Quliyev, eyni zamanda, "Arşın mal alan" tamaşasının bir neçə gün əvvəl Belarus Milli Teatr Mükafatına təqdim edilməsi ilə bağlı məlumatı eşidərkən bir azərbaycanlı olaraq qürur hissi keçirdiyini bildirmişdir.

Əyyub Quliyev AzərTAc-a bildirmişdir ki, tamaşanın premyerası gözlənildiyi kimi, böyük musiqi bayramına çevrilmişdir. Uğurlu ifadan sonra tamaşaçılar aktyorları və dirijoru dəfələrlə səhnəyə dəvət etmişlər.

Teatrın rəhbərliyi Əyyub Quliyevi bu ilin sentyabrında Üzeyir Hacıbəylinin anadan olmasının ildönümünə həsr olunmuş tamaşaya dirijorluq etmək üçün yenidən Minskə dəvət etmişdir.

 

 

Ədəbiyyat qəzeti.- 2011.- 20 may.- S.1.