Xalq şairi
Rəsul Rzanın ad günündə
"Bu
gün Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, xalq şairi, çoxşaxəli
yaradıcılığı ilə ədəbi məktəb
yaratmış ustad Rəsul Rzanın anadan olduğu
gündür. Yenə də dostlar, onun şeirlərini sevənlər,
poeziya vurğunları, Rəsul müəllimin xatirəsini əziz
tutanlar bir araya gəlib. Əlbəttə, böyük
şairin oxucuları milyonlarladı və yəqin ki, o oxucular
elə indinin özündə də haradasa öz təkliyinə
çəkilib Rəsul Rzanı oxuyurlar. Şairin kitabı
haçan oxucu əli ilə açılırsa, həmin
şair elə bil yenidən doğulur. Şairlər sevildiyi,
oxunduğu vaxtacan yaşayır. Rəsul Rza hər vaxt oxunan və
sevilən şairdir. Hər il böyük şairin ad
günündə Rəsul Rza mükafatı bir qrup qələm
adamına təqdim edilir. Yaxın günlərdə şairin
doğulduğu torpaqda - Göyçaydakı ev muzeyində həmin
mükafatlar laureatlara təqdim olunacaq". Dünən ustad
şairin Fəxri xiyabandakı məzarı önündə
anım mərasimini açan xalq şairi, AYB-nin birinci katibi Fikrət
Qoca belə dedi.
Sonra tanınmış şair İlyas
Tapdıq ustad sənətkara həsr etdiyi şeiri oxudu,
vurğuladı ki, Rəsul Rza ədəbiyyatımızda məğrur
yaşayan şairdir.
Gənc yazar Şəfəq Sahibli
R.Rzaya həsr etdiyi kitabdan şeirlər oxudu.
Xalq şairi, millət
vəkili Sabir Rüstəmxanlı
vurğuladı ki, bu gün əslində Azərbaycan
ədəbiyyatının bayramıdır: "Min beş yüz
illik şerimizin ən əzəmətli zirvələrindən
birinin doğulduğu
gündür. Rəsul Rza
mənim ədəbi
nəslimin məktəbi olan şairdir. O zaman biz iki məktəb - Səməd
Vurğun və Rəsul Rza ədəbi məktəbi
aurasında yazıb-yaradırdıq. Tale Rəsul Rzaya imkan verdi ki,
bir dövr daxilində iki ömür yaşadı -
böyük şeir yolu ilə getdi. Rəsul Rza öz yaradıcılığı
ilə Azərbaycan ədəbiyyatının
istiqamətlərini müəyyənləşdirdi. O, öz dövrünün
əfsanəvi simalarından biri idi - təkcə şeiri
ilə yox, işi, əməli, şəxsiyyəti ilə.
Rəsul müəllim Azərbaycanın bütün
dərdlərini içində
yaşadan bir şair idi, gözlərində əbədi
bir qəm bulağı çağlayırdı - bu, millətin dərdindən doğan kədər idi. O, Azərbaycan ədəbi
düşüncəsində dərin bir iz qoydu.
Müstəqilliyə
aparan azadlıq hərəkatımız həm də Rəsul
Rza tərbiyəsindən, ədəbi məktəbindən
qaynaqlanırdı. Bu cür
insanlar olmasaydı, Azərbaycanın keçmişi, indisi və gələcəyi də olmazdı".
Sonda xalq
yazıçısı, Yazıçılar Birliyinin
sədri Anar ailəsi
adından tədbir iştirakçılarına, ustadın
dostları və yetirmələrinə təşəkkürünü
bildirdi: "Sağ olun ki, həmişə
Rəsul Rza adına hörmətlə
yanaşırsınız".
Sərvaz
Ədəbiyyat
qəzeti.- 2011.- 20 may.- S.2.