"Qürbətdə insana dünya dar gələr"
Srağagün Azərbaycan Yazıçılar
Birliyinin Natəvan klubunda Almaniyada yaşayan həmyerlimiz, tanınmış şair Simax Şeydanın anadan olmasının 75 illiyi münasibətilə tədbir
keçirilmişdir. Yığıncağı
müasir Azərbaycan poeziyasının
ağsaqqallarından şair İlyas Tapdıq
açmışdır. O, Simax Şeyda ilə uzun illər boyu davam edən
yaradıcılıq əlaqələrindən
danışmış, vaxtilə onun uşaq şeirlərinin çapa hazırlamasından,
kitablarının necə razılıqla
qarşılanmasından söhbət
açmışdır.
Məclisdə
Azərbaycan Yazıçılar Birliyinin
sədri Anar Simax Şeydanı təbrik edərək Birliyin
adından ona hədiyyə
vermişdir. Xalq şairi Nəriman Həsənzadə,
xalq yazıçısı
Gülhüseyn Hüseynoğlu,
şairin sənət
dostları Yusif Günaydın, Yusif Həsənbəy, Musa
Ələkbərli, Ağalar Bayramoğlu, Oqtay Rza, Fəxrəddin
Meydanlı, Atababa İsmayıloğlu,
İsgəndər Etibar, Hacı
Loğman, Rəhim Hüseynzadə və
başqaları Simax Şeydanı nurlu bir ziyalı, zəhmətkeş qələm sahibi, Azərbaycanı
ürəkdən, qəlbdən sevən vətəndaş kimi dəyərləndirmişlər.
Çıxışçılar bildirmişlər ki, Simax Şeyda
hələ Azərbaycanda yaşadığı illər -
1990-cı ilə kimi uşaq
şairi kimi tanınır və sevilirdi. Bu illər
onun şeirləri mərkəzi mətbuatda işıq üzü görür,
kitabları nəşr olunur, sözlərinə mahnılar
bəstələnirdi.
Onun "Təyyarə", "Mən
balaca kosmonavtam",
"Kimin belə qızı var" və s. bu
kimi kitablarının
nəşrindən on illər
keçməsinə baxmayaraq,
indi də sevilə-sevilə
oxunur. Onun uşaqlar üçün
yazdığı pyesləri
respublikanın müxtəlif teatrlarında tamaşaya
qoyulmuşdur.
Məclisdə qeyd olundu ki, səhhəti
ilə əlaqədar əvvəl İsrailə köçən
Simax Şeyda orada Azərbaycan ədəbiyyatından nümunələri
dağ yəhudilərinin dilinə çevirmiş, kitab
halında nəşr etdirmişdir. Eyni zamanda poetik
yaradıcılığından da qalmamış, yeni-yeni
şeirlər yazmışdır. Son vaxtlar isə Almaniyada
yaşayan şair orada qəzəllər yazır. Bu
sıradan onun "Qəzəllər", "Sevdalı
gözlər", "Məndən istər hər gözəl
yar gözəllər" və s. kitabları nəşr
olunmuşdur. Azərbaycan dili ilə yanaşı Simax
Şeyda dağ yəhudilərinin dilində də
yazıb-yaradır. Onun bu dildə indiyə kimi üç
kitabı işıq üzü görmüşdür.
Çıxışçılar Simax
Şeydanın Azərbaycan yanğısını, bu
torpağa bağlılığını xüsusi qeyd etdilər.
Bu yanğı onun qəzəl və rübailərində
özünü xüsusilə büruzə verir. Onlar qeyd
etdilər ki, Simax Şeydaya "Yer üzü nə qədər
geniş olsa da, qürbətdə insana dünya dar gəlir"
dedirdən də məhz Vətən nisgili, Vətən həsrətidir.
Tədbirdə Dəniz Nəqliyyatı
işçiləri Müstəqil Həmkarlar
İttifaqının Respublika Komitəsinin sədri Fərhad
Quliyev, Azərbaycan Teatr Xadimləri İttifaqının
aparıcı mütəxəssisi Kəmalə Cəfərzadə,
Dağ yəhudiləri icmasının sədri Semyon İxilov
və b. təmsil etdikləri qurumlar adından Simax
Şeydanı 75 illiyi münasibətilə təbrik etdilər.
Sonda Simax Şeyda Azərbaycan vətəndaşlığı
ilə qürur duyduğunu, bu dildə yazıb-yaratmağı
ilə fəxr etdiyini diqqətə çatdırdı. Qeyd
etdi ki, yazıb-yaratmaq olmasaydı, qürbətdə xəstəlik
çoxdan mənə güc gələr, yaşaya bilməzdim.
Tədbir iştirakçılarına
"Şur" nəşriyyatında Simax Şeydanın
yenicə çapdan çıxmış "Qızım
qızlar içində" kitabı təqdim olundu.
***
Qubanın Qırmızı qəsəbəsində
yerləşən Xanuk İsak adına məktəbdə də
Simax Şeydanın anadan olmasının 75 illiyi münasibətilə
tədbir keçirilmişdir. Yığıncağı Azərbaycan
Yazıçılar Birliyinin Quba bölməsinin sədri
Ramiz Qusarçaylı açmış, şairin qələm
dostları İlyas Tapdıq, Musa Ələkbərli, Yusif
Günaydın, Fəxrəddin Meydanlı, millət vəkili
Yevda Abramov, Dağ yəhudiləri icmasının sədri
Semyon İxilov, Qırmızı qəsəbə bələdiyyəsinin
sədri Nisim Nisimov, qəsəbənin icra nümayəndəsi
Psax İsakov və başqaları çıxış
etmişlər.
Məclisdə Quba rayonunda yaşayan və
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan qələm
sahibləri də iştirak etmiş, yeni şeirlərini
oxumuşlar.
A.İsmayıloğlu
Ədəbiyyat
qəzeti.- 2011.- 20 may.- S.3.