Görkəmli ədəbiyyatşünas alim, tanınmış pedaqoq

  

 70 illik ömrünün 45 ilini XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı problemlərinin öyrənilməsinə, bədii nümunələrin toplanıb nəşr edilməsinə həsr edən, elmi fikirlərini ilkin mənbələr əsasında formalaşdıran, zamanın "arxiv adamı" hesab olunan, dövrün problemləri ilə bağlı bir sıra elmi mübahisələrə son qoyan prof. Xeyrulla Məmmədov müasir ədəbiyyatşünaslığımızın nüfuzlu nümayəndələrindən biri olmuşdur. "Çərxi-fələyin tərsinə dövran etdiyi" XIX əsrin sonu, XX əsrin əvvəlləri dövrü kimi xarakterizə olunan ədəbiyyat tarixi mərhələsinin öyrənilməsində o, ideologiyanın təbliğinə deyil, ədəbi-tarixi proseslərin, ədəbi şəxsiyyətlərin həyat və yaradıcılıqlarının obyektiv tədqiq və təhlilinə diqqət ayırmışdır. Professor X.Məmmədov Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında, elmi-pedaqoji kadrların hazırlanmasında böyük xidmətlər göstərmiş, özünəməxsus tədqiqatçılıq ənənəsi yaratmışdır.

…Hamı kimi, Xeyrulla müəllim də Allahın ona verdiyi ömür payını yaşadı. Nə az, nə çox... 70 illik ömür payı. Lakin onun bir çoxlarından fərqi o idi ki, həyatını, ömür payını Xeyrulla müəllim kimi yaşadı. Belə demək mümkünsə, "həyatın dibindən" başlanan ömrünü ən uca zirvələrə qaldıraraq adını şərəfli ömür yolu keçmiş insanlar kimi tarixə saldı. Bu tarix Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatşünaslıq tarixi, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan ziyalılığı tarixi, Azərbaycan mənəviyyatı tarixi və s. bir qolu olmaqla yanaşı, bütöv halda Xeyrulla Məmmədov adlı bir ömür və tədqiqatçılıq məktəbi tarixinə çevrildi.

Xeyrulla Qulam oğlu Məmmədov 1935-ci il avqustun 1-də Lerik rayonu Zuvand mahalının Hoveri kəndində anadan olmuşdur. Atası Böyük Vətən müharibəsində həlak olmuşdur. Babası Molla Məcid Məmmədqulu oğlu 1891-ci ildə Tiflisdə imtahan verərək prixod mollası attestatı almışdır. Bu attestatı şeyxülislam Molla Həsən Tahirov və görkəmli yazıçı Abdulla Şaiqin atası Axund Mustafa Talıbzadə imzalamışlar. Xeyrulla müəllimin uşaqlığı doğma Zuvand mahalının dağlar qoynunda yerləşən kəndlərində keçmişdir. Ulu Şəhriyarın təbirincə desək, "dağ göylərə yaxındır, dağ göylərə yaxın olduğu üçün peyğəmbərlər də dağlar vasitəsilə Allaha yaxınlaşmışlar". Bu mənada onun başqalarından fərqlənən fitri istedad və yaddaş keyfiyyətini sanki dağ və göy yaxınlığından Xeyrulla Məmmədova çatmış Tanrı payı kimi də qiymətləndirmək olar.

O, Lerik qəsəbə orta məktəbini bitirdikdən sonra (1952) Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxumuş (1952-1957), təyinatla Lerikdə müəllim işləmiş (1957-1960), 1960-cı ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışmışdır. Bu müddət ərzində aspirantlıqdan professorluğa qədər uzun, ağır, gərgin, əzablı, lakin şərəfli və mənalı ömur yolu keçmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmiş, dekan və kafedra müdiri vəzifələrində işləmişdir. O, 1962-ci ildə "Sultan Məcid Qənizadə" mövzusunda namizədlik, 1981-ci ildə "XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda maarifçi realist ədəbi hərəkat" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Görkəmli ədəbiyyatşünasın "XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda maarifçi realist ədəbiyyat" (1978), "Sultan Məcid Qənizadə" (1983), "Əkinçi"dən "Molla Nəsrəddin"ə qədər" (1986), "XIX əsr Azərbaycan uşaq ədəbiyyatı" (1992), "Azərbaycan ədəbi tənqidi XIX-XX əsrlərin hüdudunda" (1999), "XIX əsr Azərbaycan ədəbiyyatı" (2006) və s. dərslik və monoqrafiyaları işıq üzü görmüş, Azərbaycanda nəşr olunan müxtəlif ensiklopediyalarda alimin 130-dan, dövri mətbuatda isə 600-dən çox məqaləsi çap olunmuşdur.

Onun şərəfli və mənalı ömür yolunun istiqaməti həmişə düz, işığı gur, qətiyyəti güclü, təsiri geniş, zirvəsi ucadan-uca olmuşdur. Əslində bir insan həyatının zaman hüdudlarına, fiziki güc imkanlarına sığmayan belə zəngin ömür yolu və məhsuldar yaradıcılığı onu elmin və xeyirxahlığın emblemi kimi səciyyələndirməyə əsas vermişdir.

Xeyrulla müəllim əsl alim mövqeyi nümayiş etdirərək elmi yaradıcılığında iki istiqamətin dürüst və dolğun vəhdətini yarada bilmişdir: tədqiqatçı-alim və mətnşünas kimi. Alimin 10 illər boyu Bakı, Moskva, Sankt-Peterburq, Tbilisi, Kazan, Daşkənd, Alma-Ata şəhər arxivlərindən əldə etdiyi sənədlər elmi-tarixi fakt və sərvət kimi əsərlərinin elmi sanbalının artmasında başlıca amil olmuşdur. X.Məmmədov bütün yazılarında ilkin mənbələrdən bəhrələnmiş, vacib, gərəkli elmi həqiqətləri üzə çıxarmışdır. Bu səbəbdəndir ki, heç vaxt "o, bəzi alimlər kimi havaya baxmayıb, söz oyunbazlığı xoşlamayıbdır" (Əziz Mirəhmədov).

Görkəmli elm fədaisinin "Sultan Məcid Qənizadə" adlı namizədlik (1962) və "XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda maarifçi realist ədəbi hərəkat" mövzusunda yazdığı doktorluq (1982) dissertasiyaları Azərbaycan elmi ictimaiyyətində ən uğurlu, elmi dəyərləri yüksək, ilkin mənbələrə əsaslanan fakt bolluğu, obyektiv qənaətləri ilə seçilən əsərlər kimi böyük əks-səda doğurmuşdur.

Görkəmli alimi Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda tanıdan başlıca cəhətlərdən biri onun zəhmətkeşliyi və elmi vicdanının böyüklüyündə idi. Ədəbiyyatımızın bir sıra mühüm dövrlərinin, xüsusilə XIX və XX əsrlər ədəbiyyatı və ədəbi-tənqid problemlərinin dərindən tədqiqi və "bu sahələrdə fikir sabitliyinin yaranması" (prof. Ş.Qurbanov) heç şübhəsiz, onun adı ilə bağlıdır.

Onun "XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda maarifçi realist ədəbiyyat" (1978), "Sultan Məcid Qənizadə" (1983), "Əkinçi"dən "Molla Nəsrəddin"ə qədər" (1986), "XIX əsr Azərbaycan uşaq ədəbiyyatı" (1992), "Azərbaycan ədəbi tənqidi XIX-XX əsrlərin hüdudunda" (1999) və s. elmi-tədqiqat əsərləri Azərbaycan ədəbiyyatşünaslığının inkişaf və zənginləşməsinə layiqli töhfələrdir. Adları çəkilən tədqiqat əsərləri göstərir ki, görkəmli ədəbiyyatşünas alim ədəbi fikrin formalaşma, estetik kateqoriya qazanmasında yerli şərait, milli-mənəvi tələbin oynadığı rola haqlı olaraq xüsusi əhəmiyyət vermişdir. Şübhə yoxdur ki, tədqiqatçının maarifçi yazıçıların realizmi, sənətin müasirliyi, ədəbi növlərin və janrların inkişafı, mütərəqqi ideyaların təbliğində ədəbiyyatın rolu, əxlaqi-idraki əhəmiyyəti, ədəbi tendensiya, tipiklik, mühitin yazıçıya təsiri, ədəbi dil, klassik irsə münasibət və s. məsələlərin aparıcı roluna fikir verməsi və bunları ümumi nəzəri-estetik meyarlar daxilində, bu günün elmi nailiyyətləri səviyyəsində təhlilə cəlb etməsinin səbəbi də bununla bağlıdır. Yüksək intellekt, zəngin təcrübə və ilk dəfə işıq üzü görən çoxsaylı faktlar X.Məmmədova müxtəlif problemlərin məğzini açmaq, elmi mənalandırmaya, hər bir məsələ haqqında dəqiq fikir formalaşdırmağa imkan verirdi. XX əsr Azərbaycan ədəbiyyatı problemlərinin araşdırılmasında X.Məmmədovun arxivin ən dərin qatlarına qədər enə bilməsi o deməkdir ki, XX əsr ədəbiyyatşünaslıq, ədəbiyyat tarixi, mətbuat tarixi və s. öyrənilməsində bu tədqiqlərin əhəmiyyət dərəcəsi olduqca böyükdür və hər zamanlar üçün əhəmiyyətlidir. Bu sahədə alimin yazmış olduğu 100-ə yaxın elmi məqalələri problemi əhatə etmək baxımından monoqrafiyaları qədər əhəmiyyətlidir. "Firidun bəy Köçərli nə vaxt inspektor olmuşdur", "N.Nərimanov haqda yeni materiallar", "Bir mübahisə haqqında", "Ədibin naməlum tərcümeyi-halı", "Molla Nəsrəddinçi şair", "Əlyazmalar yanmır, ancaq taleləri qəribə olur", "Cənablar, börklərinizi çıxarın, əlahəzrət fakt gəlir" və s. məqalələrində ədəbiyyatşünaslığımız üçün vacib olan məsələlər araşdırılmışdır.

Tədqiqatlarında müəyyən mənada ədəbiyyatın dövr, mövzu məhdudiyyətindən kənarda dayanan alim heç şübhəsiz, elmi fəaliyyət enerjisini XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı problemlərinin tədqiq və təhlilinə, bədii nümunələrinin toplanıb nəşr etdirilməsinə sərf etmişdir. X.Məmmədovun XIX əsrin sonu, XX əsrin əvvəllərinin zəngin, qarışıq və ziddiyyətli ədəbi proseslərinin tədqiqi ilə bağlı istər sovet, istərsə də müstəqillik dövründə yazılmış əsərlərində milli düşüncə, milli təfəkkür amili və yanaşma tərzi aparıcı olduğundan problemin sosioloji deyil, estetik dəyərlənməsi özünə yer tapmışdır. Akademik İsa Həbibbəyli haqlı olaraq qeyd edir: "Professor Xeyrulla Məmmədov ömrünün çoxunu sovet hakimiyyəti illərində yaşayıb keçirsə də, tədqiqatlarında həmin cəmiyyətin ideologiyasının təbliğinə deyil, ədəbi-tarixi proseslərin və şəxsiyyətlərin obyektiv şəkildə dəyərləndirilməsinə üstünlük vermişdir. O, hələ sovet dövründə də azərbaycanşünas alim kimi tanınmışdır. Alimin tədqiqatlarında azərbaycanşünaslığın yeri bütün digər meyllərdən qat-qat çoxdur. Xeyrulla Məmmədov sanballı elmi əsərləri ilə sovet ideologiyasının yox, azərbaycançılıq ideyasının əsas tədqiqatçılarından biri kimi daim diqqət mərkəzində olmuşdur".

Bu səbəbdəndir ki, X.Məmmədovun bütün tədqiqatlarında "qeyb olmuş" ədəbi mərhələ geniş miqyasda araşdırılıb tədqiqata zəngin filoloji fakt əsasında cəlb edilməklə məhdudlaşmır. Onun bundan az əhəmiyyəti olmayan digər məziyyətləri də, daha doğrusu, ilk dəfə olaraq Şimali və Cənubi Azərbaycan ədəbiyyatının bir kök altında, sovet hakimiyyəti illərində "panislamist", "pantürkist", "dini klerikal", "sosial-demokrat" və s. siyasi terminlər altında müxtəlif cəbhələrə təqsim edilmiş və bir-birinə qarşı qoyulmuş yazıçılar milli mənafelər, azərbaycançılıq məfkurəsi zəminində təhlil olunur.

Alimin XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan ədəbi hərəkatının inkişaf yolları, spesifikası və başlıca istiqamətləri ilə bağlı nəzəri görüşləri bu dövr ədəbiyyatının ənənə, metod və cərəyan problemlərinin öyrənilməsində az əhəmiyyət kəsb etməmişdir. Onun ədəbi tənqidin inkişafının ədəbi hərəkatdakı mövqeyi, ədəbi hərəkatın dövrləşməsi, inkişaf mərhələləri barədə irəli sürdüyü nəzəri mülahizələrini ədəbiyyatşünaslığımızın qazandığı vacib uğurlardan biri hesab etmək olar.

Maarifçi realist ədəbiyyat və XIX əsrin sonu, XX əsrin əvvəllərində onun ictimai məfkurədə rolunun müəyyənləşməsi istiqamətində X.Məmmədovun araşdırmaları xüsusi yer tutur. "XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda maarifçi realist ədəbiyyat", "Sultan Məcid Qənizadə", "Əkinçi"dən "Molla Nəsrəddin"ə qədər" monoqrafiyaları və onlarla məqalələrində arxiv materiallarına əsaslanmaqla maarifçi ədəbiyyatın inkişaf yolları, spesifikası haqqında elmi tutumu yüksək olan nəzəri mülahizələri, əslində bu metod daxilində mövcud olan bilikləri dərinləşdirməklə yanaşı, bir sıra mübahisələrə də son qoymuşdur. Daha doğrusu, maarifçi realizmdə təbii insan konsepsiyası, sosial təhlilin zəifliyi, tendensiyaçılığa meyl, milli realist romanın, povestin, hekayənin, tarixi faciənin yaranmasında, inkişafında maarifçi yazıçıların rolu və s. məsələlərə aydınlıq gətirməklə X.Məmmədov bir metod daxilində mövcud təmayüllərin spesifikası və ədəbi təcrübədə ifadə xüsusiyyətləri barədə fikirlərini ortaya qoya bildi. Görkəmli ədəbiyyatşünas alimin tənqidi realist ədəbiyyatın yaranmasına ictimai-siyasi proseslərin təsiri, bu ədəbiyyatın ideya-estetik meyarları, həmin meyarların formalaşmasında "Molla Nəsrəddin" jurnalının rolu barədə elmi düşüncələri C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Möcüz, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi və s. kimi sənətkarların bədii yaradıcılıqlarının ideya istiqamətlərini müəyyənləşdirməkdə və düzgün nəticə çıxarmaqda mühüm rol oynayır.

Təbii olaraq alimin romantik, sosialist realizmi və digər ədəbi cərəyanlara münasibəti, bu kontekstdə nəzəri mülahizələri sənətdə metod amillərinin aparıcılığını təsdiqləmiş, hər bir əsərin ideya və məzmunu ilə bağlı düzgün nəticəni bədii əsərin metoddaxili tələblər zəminində təhlili ilə bağlamışdır.

"XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan maarifçi realist ədəbiyyatı", "Əkinçi"dən "Molla Nəsrəddin"ə qədər", "XIX əsr Azərbaycan uşaq ədəbiyyatı", "Azərbaycan ədəbi tənqidi XIX-XX əsrlərin hüdudlarında", "XIX əsr Azərbaycan ədəbiyyatı" və s. monoqrafiyalarında, "Əqidə döyüşlərində", "Molla Nəsrəddin"i zəmanə yaratdı", "Əkinçi"nin övladları", "N.Nərimanov haqqında yeni materiallar", "Bir mübahisə haqqında", "S.Ə.Şirvani" haqqında həqiqət", "Cəlal Ünsüzadə və uşaq ədəbiyyatı", "S.M.Qənizadənin bədii nəsri", "Tərcüman: Dildə, fikirdə, işdə birlik" və s. məqalələrində XIX əsrin sonu, XX əsrin əvvəlləri ədəbi proseslərinin kompleks öyrənilməsi ədəbiyyatımızın bu mühüm mərhələsinin qaranlıq səhifələrinə işıq tutmuş, bir çox məsələlərdə ilk dəfə qatı açılmış arxiv sənədlərindən istifadə tədqiqatların əhəmiyyət dərəcəsini xeyli artırmışdır.

Ədəbiyyatşünas alimin əsas tədqiqat obyekti kimi səciyyələnən XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan ədəbi tənqidinin klassik irsə yanaşmasında özünü göstərən müxtəlif fikirlərin təhlil və izahına münasibətinin özu əslində X.Məmmədovun həmin dövrün ədəbi mühit və fikir tarixinə olan möhkəm bələdçiliyi, geniş təhlil və elmi-nəzəri fikir yürütmək qabiliyyətindən xəbər verir. XIX əsrin sonu, XX əsrin ilk illərində nəzəri-estetik fikrin inkişafını M.F.Axundzadə ədəbi-tənqidi ənənələri kontekstində araşdıran alim tam haqlı olaraq həmin dövrdə milli ədəbi tənqidi fikrin formalaşma və inkişafına təsiri təkcə M.F.Axundzadə ilə məhdudlaşdırmamışdır. X.Məmmədov əsərlərində tarixi-filoloji materialların verdiyi imkan əsasında bu təsirin müxtəlifliyindən söhbət açmış, qaynaqların çoxəsrlik Azərbaycan ədəbiyyatı təcrübəsi ilə yanaşı, həm də ərəb, fars, türk, rus, Qərbi Avropa ədəbi fikir nümunələri ilə bağlandığını istisna etməmiş, əksinə, göstərilən hər iki zəmində, yəni Şərq və Qərb faktorunda həmin dövr (XIX-XX əsr) Azərbaycan tənqidi fikrinin formalaşma və inkişafına təsir göstərən cəhətlərə, onların təzahür və ifadə xüsusiyyətlərinə ayrıca diqqət yetirmişdir.

O, əsl alim, pedaqoq kimi bir sıra hallarda əvvəlki tədqiqlərində irəli sürdüyü müddəaları və tezisləri daha da dərinləşdirərək və inkişaf etdirərək araşdırdığı və yaxından bağlı olduğu dövrün tədqiq və tədrisində mövcud pərakəndəliyə son qoymuş, iki əsrin qovşağında (XIX və XX əsrlər) iyirmi beş illik zaman kəsiyini müstəqil ədəbi mərhələ kimi təsdiqləmiş, eyni bir mühitdə və tarixi şəraitdə yaşayan sənətkarların ədəbiyyat tarixlərində müxtəlif dövrlər ədəbiyyatının xadimləri kimi təqdim və tədris edilməsinin elmi məntiqə söykənmədiyini tutarlı arqumentlərlə əsaslandırmışdır.

Xeyrulla müəllimin təşəbbüsü, böyük zəhmət və əziyyəti hesabına Azərbaycan ali təhsil sistemində uzun illər "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" adı ilə tədris olunan fənnin "XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı" şəklində tərtibi, tədris proqramının nəşri bu dövr ədəbiyyatının kontur, nümayəndə, bədii nümunələrinin yeniləşmə və dürüstləşmə istiqamətində öyrənilməsində irəli atılan ilk addım idi. Onun "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycan ədəbiyyatının yaradıcılıq metodu", "Filologiya elminin tarixi və metodologiyası" tədris proqramları müasir təhlil islahatları tələblərinə cavab verməklə müstəqillik dövrü filologiya elmi sahələrinin metodoloji, nəzəri konsepsiya və metodikasının müəyyənləşdirilməsində mühüm rol oynamışdır.

Görkəmli alimin Azərbaycanda tədqiq və tədris tarixinin yeniliyi ilə seçilən türk xalqları ədəbiyyatı və türkçülük ideyalarının öyrənilməsi sahəsində uğurları böyükdür. Onun türk xalqları ədəbiyyatının tədqiqinə aid fikirləri təkcə ədəbi tənqidi fikir tarixinin öyrənilməsi baxımından deyil, həm də bu günün tələb və ehtiyaclarının ödənilməsi, mütəxəssislərə lazımi kömək göstərilməsi baxımından əhəmiyyətlidir. Müəllifin "Azərbaycan ədəbi tənqidi XIX-XX əsrlərin hüdudunda" (1999) adlı əsərində Şeyx Əhməd Hüseynzadənin "Tarixi-ədəbiyyati-türk" yazısı, S.M.Qənizadənin Nəvai və Füzuli, S.Ünsizadənin İbrahim Həqqi, R.Əfəndiyevin Nabi barədə tədqiqlərinə dair fikirləri və məlumatları ədəbi-fikir tarixində müəyyən boşluqları doldurmaq baxımından xeyli əhəmiyyətlidir.

O, eyni zamanda mətbuat tarixi problemlərinin öyrənilməsi sahəsində də böyük xidmətlər göstərmişdir. "Əkinçi", "Ziya", "Kəşkül", "Həyat", "Kaspi", "Molla Nəsrəddin", "Füyuzat" və s. mətbu orqan səhifələrindən aşkarladığı məlumatlarla Azərbaycanda mədəni hərəkat və onun ədəbiyyata təsiri məsələləri proseslərini izləyə bilmiş, faktları üzə çıxarmaqla XIX-XX əsrlər Azərbaycan ictimai-siyasi və ədəbi mənzərəsi barədə elmi təsəvvürləri xeyli genişləndirmişdir. Görkəmli tədqiqatçının dövri mətbuat səhifələrindən üzə çıxardığı materiallar XX əsr Azərbaycan xalq maarifi, milli teatr, musiqi və incəsənət, dövri mətbuat, kitab nəşri və s. haqqında tutarlı fikirlər söyləməkdə, ədəbiyyat tarixçiliyi ilə mətbuat tarixini əlaqəli şəkildə öyrənməkdə mühüm rol oynamışdır.

X.Məmmədovun Azərbaycan ədəbiyyatşünaslığı qarşısında etdiyi çoxsaylı xidmətlərdən biri də onun səriştəli mətnşünas olması idi. S.Ə.Şirvaninin, N.B.Vəzirovun, S.S.Axundovun, Ə.Haqverdiyevin seçilmiş əsərləri, S.M.Qənizadənin "Gəlinlər həmayili", "XX əsr Azərbaycan nəsri", üç cildlik "Azərbaycan uşaq ədəbiyyatı müntəxabatı" (XIX-XX əsrlər) və s. adlı tərtibləri geniş müqəddimə və şərhlərlə çap olunmuşdur. Həmin kitablar mətnşünaslığın yüksək tələbləri səviyyəsində hazırlanan nümunələr kimi qəbul olunmuş, oxucuların stolüstü kitabına çevrilmişdir.

O, geniş mütaliə qabiliyyəti ilə seçilən və fərqlənən alim idi. O, Azərbaycan, türk, rus, Qərb və Şərq ədəbiyyatı, ədəbiyyatşünaslıq problemləri, ədəbi tənqidi barədə hərtərəfli bilik və məlumata sahib idi... Ədəbiyyatşünaslıq elmimizin patriarxlarından biri olan Əziz Mirəhmədovun bu fikrini xatırlamaq yerinə düşər: "Xeyrulla Məmmədov ilə bir vətəndaş-alim kimi hansı elmi və ictimai məsələdən, xüsusilə Azərbaycanın dünəni, bu günü ilə bağlı hansı böyük hadisədən söhbət salırsan sal, bu söhbət xoş olur. Kitabdan, qəzetdən, jurnaldan, məcmuədən söz açırsan, məlum olur ki, bilir, görür, oxuyub".

Ömrü boyu yazı stolu arxasında işləməkdən savayı, bütün hərəkətlərində tələsən, sürətli yerişi ilə tanınan Xeyrulla müəllim heç nəyin yarımçıq qalmasını və başdansovdu edilməsini xoşlamazdı. Ölümündən iki gün əvvəl - 2005-ci il sentyabrın 6-da işlədiyi doğma universitetin divarları arasında (ADPU-nun binasında) ən yaxın dostlarından olan professor H.Qasımova "Bu isti yay günlərində canıma can basıb bütün yarımçıq yazılarımı tamamladım" - deməsi onu göstərir ki, o, haqq dünyasının astanasında qalmasından xəbərdar imiş. Elə ömrünün 70 yaş tamamlanma möhləti də Allah qismətindən başqa şey deyilmiş...

Professor Xeyrulla Məmmədov indi haqq dünyasındadır. Yaşadığımız dünyada isə onun yeri boşdur. Bu boşluq təkcə onun doğmaları, dostları, həmyerliləri arasında deyil, ali məktəb auditoriya elmi şuralarında, beynəlxalq konfrans zallarında, arxiv idarələrində, televiziya radio məkanında, mətbuat səhifələrində s. yerlərdə hiss olunur olunacaq. Lakin təsəlli odur ki, X.Məmmədovdan Azərbaycan elminə onu sevənlərə dünyanın ən qiymətli daş-qaşından dəyərli əsərləri, Xeyrulla müəllim şəxsiyyəti, Xeyrulla müəllim vüqarı, Xeyrulla müəllim ləyaqəti, Xeyrulla müəllim üslubu yadigar nümunə qalmışdır...

 

 

Elman QULİYEV

 

Ədəbiyyat qəzeti.- 2011.- 20 may.- S.5.