Mirzə
İbrahimov şəxsiyyəti
Azərbaycan
xalqının tarixində elə parlaq ədəbi
şəxsiyyətlər olub ki, onların haqqında cild-cild
kitablar yazılsa belə, yenə
azdır. Mirzə İbrahimov da belə unudulmaz sənətkarlardandır.
Nasir, dramaturq, tərcüməçi,
ədəbiyyatşünas, publisist, ictimai xadim, Azərbaycanın
xalq yazıçısı, Azərbaycan
Elmlər Akademiyasının akademiki,
SSRİ Dövlət mükafatları laureatı, Beynəlxalq
Nehru mükafatı laureatı, Azərbaycanın
əməkdar incəsənət xadimi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın
və SSRİ-nin xalq
deputatı... bütün bunlar
Mirzə İbrahimov titullarının natamam siyahısıdır.
Bu böyük
şəxsiyyətin keçdiyi həyat yoluna nəzər salanda, əsərlərinin
sadəcə siyahısını gözdən keçirəndə,
enişli-yoxuşlu, burulğanlı
günlər yaşamış ədibin mübarizələrlə
dolu ömrünü göz önünə gətirəndə
insanın xəyalında bu böyük sənətkarın əyilməz,
vüqarlı heykəli canlanır. Həyat yolu
1911-ci ildə Cənubi Azərbaycandan başlayan,
1918-ci ildə ailəsi ilə birlikdə Bakıya gələn,
Balaxanı və Zabrat kəndlərində
alın təri ilə çörək qazanan,
sonralar ali məktəbdə
və SSRİ Elmlər Akademiyasının Leninqraddakı
Şərqşünaslıq İnstitutunun
aspiranturasında təhsil alan, illər
ötdükcə pillə-pillə yüksələn Mirzə
İbrahimov həm xalqımızın ədəbiyyat
tarixində, həm də ictimai fikir tariximizdə əbədi yaşayacaq
bir simadır.
Mirzə
İbrahimovun ən böyük
amalı xalqına xidmət etmək idi.
"Böyük dayaq"
romanında sənətkar yazırdı: "Ey
mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndəndir, fikrim
işığını səndən alır. Həyatımın
nəşə və sevincinə səbəb sənsən.
Amansız qorxu başımın üstünü alıb məni ağır
fikirlərə saldığı zaman, xoş günün dönük dostları, zəif və qorxaq yoldaşlar məndən
üz döndərdiyi zaman
yeganə dayanacağım sən olmusan!"
Ulu öndərimiz Heydər Əliyev
Mirzə İbrahimov şəxsiyyətinə
çox yüksək qiymət verirdi. Onun bu
böyük sənətkar haqqında dediyi sözləri bir daha xatırlamaq yerinə düşər. Ümummilli liderimiz Mirzə
İbrahimovun sənətini və şəxsiyyətini
belə dəyərləndirirdi:
"Mirzə
İbrahimov təvazökar, mehriban, həssas bir insandır.
Bütün Azərbaycan xalqının sevimlisidir, xalq
yazıçısı kimi yüksək ada tamamilə layiqdir. Eyni zamanda onun
yaradıcılığı ölkəmizin bütün
respublikalarında layiqincə qiymətləndirilmişdir,
yazıçının kitabları Sovet
İttifaqının hüdudlarından uzaqlarda
oxunur və hər yerdə geniş şöhrət və rəğbət
qazanmışdır."
Ulu öndərimizin bu kəlamı Mirzə İbrahimovun
1981-ci ildə Sosialist Əməyi Qəhrəmanı
kimi yüksək ada layiq görülməsi münasibətilə
təşkil olunmuş mərasimdəki
nitqindəndir.
Mirzə
İbrahimov Azərbaycan xalq
maarif komissarı, Azərbaycan
Yazıçılar İttifaqı İdarə Heyətinin sədri,
Azərbaycan SSR Nazirlər Soveti sədrinin
müavini, Azərbaycan SSR Ali
Soveti Rəyasət heyətinin sədri və
başqa məsul vəzifələrdə
işlədiyi dövrlərdə Azərbaycan dili
uğrunda dönmədən mübarizə
aparmış və bununla bağlı
qarşısına çıxan bütün
maneələri, sədləri dəf etmiş,
öz vətəndaş qeyrəti və
cəsarəti ilə hamımızın məhəbbətini
qazanmışdır. Hamımız deyəndə, mən təkcə
Azərbaycanı yox, bütün
türk dünyasını nəzərdə
tuturam. Bu baxımdan türk jurnalisti Zəkəriyyə
Sərtəlin xatirələri bu fikrimizi bir daha
təsdiq edir.
Zəkəriyyə
Sərtəl uzun illər Bakıda
yaşamışdı, Azərbaycan radiosunda
işləmişdi. Mirzə İbrahimovla
bağlı baş verən hadisələrin
o da şahidi
olmuşdu. Sonrakı illərdə
Türkiyəyə qayıdandan sonra Z.Sərtəl
Azərbaycanla, o cümlədən Mirzə
İbrahimovla bağlı xatirələrini
çap etdirmişdi.
Həmin xatirələrdən bir
parçanı olduğu kimi,
yəni türkcə diqqətinizə çatdırmaq istəyirəm:
"Mirze İbrahim (Zəkəriyyə
Sərtəl Mirzə İbrahimova Mirzə
İbrahim deyirdi - A.B.)
resmi dairelerde türkce kullanmasını emr
etmişdi. Vay efendim, senmisin bu emri veren? Önce
Azerbaycan kommunist partisi harekete keçer, ertesi gün Moskovadan
Baküye bir parti temsilçisi gönderilir. Mirze İbrahim
suçlanaraq derhal taxtından indirilir... İşler yine
eskisi gibi rusca yürüdülür. Her tarafdan Mirze
İbrahime hücuma geçerler. Onu milliyyetçi olmaqda
suçlarlar. İnsan Sovyetler Birliyinde hiç kendi milletini
sevib öve bilermi? Kiçik milletler beynelmilelçi olmaq
zorundadırlar.
Bu olaydan sonra
Mirze İbrahim bir süre sokağa (küçəyə)
çıkamaz olur. Evine kapanır. Amma halkın içden onu
desteklediyini öyrenir. İlk sokağa
çıkdığı gün yanına sokulmaya cesaret eden
bulunmaz. Fakat yanından geçerken sessizce ellerini bir-birine
vuraraq onu alkışlarlar."
Mirzə
İbrahimov bütün şüurlu həyatı boyu Azərbaycan
dilinin keşiyində bir sərhəd əsgəri kimi
dayanmışdı. Azərbaycan dilinə həsr etdiyi məqalələrdə
o, başqa xalqları öz əsarəti altında saxlayan,
onun dilinə, mənəviyyatına qəsd edən
işğalçıları lənətləyir, sözünü
mətnaltı mənalarla, eyhamla yox, açıq-aydın,
birbaşa deyirdi. Onun Azərbaycan dilinə həsr etdiyi
bütün məqalələrində vətənini,
xalqını, dilini dərin məhəbbətlə sevən
bir şəxsiyyətin ürək yanğısı duyulur.
Mirzə
İbrahimovun çətin, ağır dəqiqələri
çox olub. Amma o, bütün sınaqlardan qorxmadan, çəkinmədən,
ləyaqətlə çıxıb. Onun qızı bəstəkar
Sevda İbrahimova müsahibələrinin birində
demişdir: "M.C.Bağırov atamı
çağıranda anam bütün gecəni yatmazdı. Atam
bizi öpüb gedərdi. Anam yatmayıb onu səhərə
qədər gözləyərdi. Biz balaca idik. Nələr
baş verdiyini anlamırdıq. Atam rəhmətə gedəndən
sonra Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı
olmuş yazıçı Yasif Nəsirli arxivdən tapıb
ki, heç demə, atamı da "xalq düşməni"
elan ediblərmiş. Bir dəfə iclasların birində atam
dil məsələsi ilə bağlı kəskin
çıxış edir. Kürsüdən düşəndən
sonra onun yanında oturanlar hamısı arxaya keçir. Hətta
çölə çıxanda başqa vaxt "Mirzə
müəllim" deyənlərin heç biri ona yaxın gəlməyib...
Atam deyirdi ki, bir də gördüm Nəsir İmanquliyev
yaxınlaşdı ki, Mirzə müəllim, gəlin mən
sizi ötürüm. Bir dəfə M.C.Bağırov
çıxışında deyir: "Mənə elə gəlir
ki, Səməd Vurğun və Üzeyir Hacıbəyov xalq
düşmənidirlər. Düzdür yoldaşlar?"
Heç kəs səsini çıxarmır. Atam dözməyib
deyir: "Mən sizinlə razı deyiləm. Üzeyir bəy
necə xalq düşməni ola bilər ki,
"Koroğlu" kimi opera yazıb. Səməd Vurğun necə
xalq düşməni ola bilər ki, "Vaqif"
dramını yazıb. Hamı qorxusundan nəfəsini udur.
M.C.Bağırov hirslənərək deyir: Otur. Elə sən
də onların sırasındasan."
Vaxtilə
Dövlət Təhlükəsizlik Komitəsində işləmiş
yazıçı Yasif Nəsirli "El" jurnalına
verdiyi müsahibəsində yazır: "Əlifba
sırası ilə "iş"lərlə tanış
olmağa başladım. Birdən gözlənilmədən
"Mirzə İbrahimov (iş ¹556) qovluğuna rast gəldim.
Əvvəl heyrətləndim. Axı Mirzə müəllim həmişə
böyük vəzifədə olmuşdu. Mən elə
bilirdim ki, o, həyatda ən xoşbəxt adamdır. Uzun zaman
xalq maarif komissarı, Azərbaycan SSR Nazirlər Sovetinin sədr
müavini, Asiya və Afrika Ölkələri ilə Sovet Həmrəylik
Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin büro üzvü və s. işləyib. Məni
dəhşət götürmüşdü. Məlum oldu ki,
Mirzə müəllimi həbs etmək üçün ona
iki dəfə iş açılmışdı. Bir dəfə
cənublu olduğu, cənubdakı fəaliyyətinə
görə, bir dəfə də "Böyük demokrat"
əsərini yazdığına görə... Mirzə
İbrahimovla bağlı gizli məlumatları DTK-ya yazanlar
ilk mərhələdə müstəntiq Petrosyan, sonra isə
bir azərbaycanlı idi. Petrosyanın
çıxardığı "həbs edilsin" qərarının
üstündə DTK-nın o vaxtkı sədri, sonralar
M.C.Bağırovla birlikdə həbs edilmiş Yemelyanovun belə
bir dərkənarı vardı: "Vətəndaş Mirzə
İbrahimovun həbs edilməsi üçün toplanan
materiallar kifayət deyildir. Yazıçı ilə Mərkəzi
Komitə səviyyəsində profilaktika keçirilsin. Yoxlama
işləri dayandırılsın və iş arxivə
verilsin. Gələcək fəaliyyəti nəzarətdə
saxlanılsın."
"El"
jurnalı yazır: "Belə, əziz oxucu! Dəfələrlə
"rəhbər"in qəzəbinə tuş gələn
Mirzə İbrahimov kimi vətənpərvər
ziyalılarımız heç şübhəsiz ki,
Tanrının şanslı bəndələrindən olub. Əks
təqdirdə, onlarla gözəl povestlər, romanlar, dram əsərləri,
ən başlıcası isə bizləri "Gələcək
gün"ə səsləyən dəyərli əsərlər
yaranmazdı. 1989-cu ildə Mirzə müəllimin ermənilərə
müraciətlə kəskin şəkildə dediyi sözləri
xatırlayıram: "Allah bir xalqı cəzalandırmaq istəyəndə
onun ağlını başından alır.
Atdığınız addımlar sizi uçuruma
aparır."
Bu sözləri
Mirzə müəllim Qarabağ hadisələrinin
qızğın çağında Moskvada, SSRİ Ali
Sovetinin tribunasından qorxmadan, cəsarətlə söyləmişdi.
Və bir də bundan çox-çox illər qabaq, repressiya
illərində çoxlarının qarşısında tir-tir
əsdiyi M.C.Bağırova qorxmadan sözünü deyirdi...
Bu bizim tariximizdir. Gəlin tariximizi unutmayaq!"
Bayaq mən
Mirzə İbrahimovun titullarını sadalayarkən
"natamam" sözünü işlətdim. Həqiqətən
də Mirzə İbrahimov ictimai həyatımızda, ədəbiyyatımızın,
mədəniyyətimizin tarixində elə bir silinməz iz
qoymuşdur ki, onun həyat və
yaradıcılığını kiçik bir məruzədə
əhatə etmək əsla mümkün deyil. Ədibin
1941-45-ci illərdə Cənubi Azərbaycandakı fəaliyyəti,
Uzaq Şərqdə, hərbi dairələrdə 416-cı
diviziyanın döyüşçüləri ilə
görüşləri, Ümumdünya Parlamentlərarası
İttifaqın Konqresində və Ümumdünya Sülh Tərəfdarları
Konqresindəki fəaliyyəti, Asiya və Afrika Ölkələri
ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə
Amerikada, İngiltərədə, Fransada, Portuqaliyada, Misirdə,
Kiprdə, Suriyada və başqa ölkələrdə səfərdə
olması, Sovet nümayəndə heyətinin
başçısı kimi ən yüksək kürsülərdən
səslənməsi, etdiyi dərin məzmunlu məruzələr
unudulmazdır. O, uzun illər Azərbaycan Elmlər
Akademiyası Nizami adına Dil və Ədəbiyyat
İnstitutunda direktorluq etmiş, ömrünün
axırınadək Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsinin müdiri olmuşdu. Bütün bunları
deyərkən bir fikri vurğulamaq istəyirəm. Mənə
elə gəlir ki, Mirzə İbrahimov nasir, dramaturq, şair
olmasaydı belə, o, təkcə ictimai fəaliyyətinə
görə Azərbaycan xalqının tarixində əbədi
yaşayacaqdı. Amma Mirzə İbrahimov ictimai fəaliyyəti
zirvəsindən də yüksək, qüdrətli qələm
sahibi idi. Onun "Həyat", "Madrid", "Məhəbbət",
"Kəndçi qızı", "Yaxşı
adam", "Közərən ocaqlar" pyesləri, bir
çox dünya dillərinə çevrilmiş "Gələcək
gün", habelə "Böyük dayaq", "Pərvanə"
romanları, povestləri, hekayələri, şeirləri Azərbaycan
ədəbiyyatı xəzinəsinin nadir inciləridir.
Dünyaca məşhur gürcü şairi Vladimir Apenidze
deyib: "Əgər mənim imkanım olsaydı, yeni kəşf
edilən səyyarələrin hamısına Mirzə
İbrahimovun əsərlərinin adını verərdim."
Mirzə İbrahimov Şekspirin "Kral Lir", "On ikinci
gecə yaxud hər nə istəsəniz", Ostrovskinin
"Quduz pullar", "Müdrik olan hər kəsə kifayətdir
sadəlik", Çexovun "Üç bacı",
Molyerin "Don Juan" pyeslərini, Çernışevskinin
"Nə etməli", Şərəf Rəşidovun
"Qaliblər" əsərlərini Azərbaycan dilinə
tərcümə etmişdir.
Mirzə
İbrahimovun ictimai fəaliyyətini və yazdığı əsərləri
nəzərdən keçirərkən insan bir şeyə təəccüblənir.
Yəni bu titanik işlər bir insanın əməyinin məhsuludur?
Mirzə İbrahimov ömrü boyu yüzlərlə əməkdaşı
olan bir elmi tədqiqat institutunun işini
görmüşdü.
Ağlasığmaz
dərəcədə geniş, çoxşaxəli fəaliyyəti
illərində bu böyük şəxsiyyət insanlara,
xüsusən gənclərə qayğı göstərməyi,
yaxşılıq etməyi də unutmurdu. Xalq
yazıçısı İsa Hüseynov öz nəslinin
yazıçılarına Mirzə İbrahimovun göstərdiyi
qayğını belə ifadə etmişdi: "Son dövrdə
ədəbiyyata gələn gəncliyimiz ona minnətdarlığını
heç zaman unutmayacaqdır... Daima bir əməl-mədəniyyətimizin
çiçəklənməsi naminə bir əməl
eşqilə yanan ürək Mirzə müəllimi nə isə
etməyə, nə isə bir tədbir görməyə
sövq edirdi. O, hal-hazırda yazıb-yaradan ədəbi gəncliyimizin
həyatında heç vaxt unudulmayacaq günlərin - "Gənclər
günləri"nin təşkilatçısı və rəhbəri
oldu."
İsa
Hüseynov nəslindən sonra gələn gənc qələm
sahibləri də Mirzə müəllimin qayğısı ilə
pərvazlanırdılar. Mən də bu qayğını
hiss etmişəm və Mirzə müəllimə həmişə
minnətdaram. Mirzə İbrahimovla ilk görüşüm
Azərbaycan radiosunda işə başladığım
vaxtlarda, yəni 1959-cu ildə olmuşdu. Mən dəfələrlə
Mirzə müəllimin evində olmuşdum, ondan müsahibələr
almışdım. Onun gülər çöhrəsi,
işıqlı gözləri, böyük ədibin
dayağı olan ömür dostu Sara xanımın
mehribanlığı, açıq süfrəsi heç vaxt
yadımdan çıxmır. Yeri gəlmişkən deyim ki,
Sara xanım Azərbaycanın ilk pianoçu
qadınlarından idi.
Bir gün
"Azərbaycan gəncləri" qəzetindən mənə
zəng vurub təbrik etdilər, dedilər ki, Mirzə
İbrahimov sənin "Bir ürəyin hərarəti"
adlı kitabın haqqında bir qəzet səhifəsi boyda məqalə
yazıb. Sevincimin həddi-hüdudu yox idi. Mirzə
İbrahimov kimi böyük sənətkarın bir cavan nasir
haqqında dediyi sözlər məni təbii ki, sevindirdi. Həm
də Mirzə İbrahimov sözü mənə sənət
aləmində yol açan parlaq bir işıq oldu. Sonralar
Mirzə müəllim "Məhəbbət dastanı"
adlı məqalələr toplusunu nəşr etdirəndə
mənim haqqımda yazdığı rəyi də bu dəyərli
kitaba daxil etmişdi. Mirzə İbrahimovun öz dəst-xətti
ilə mənə hədiyyə etdiyi həmin kitabı ən
qiymətli yadigar kimi qoruyub saxlayıram. Böyük ədib
sonralar mənim "Kişilər az yaşadı" adlı
kitabıma da ön söz yazmışdı. Mən bununla həmişə
fəxr etmişəm, indi də fəxr edirəm.
Mirzə
İbrahimov şair və yazıçıları təkcə
tərifləməklə qalmırdı. Onun məsləhətləri,
göstərdiyi nöqsanlar yazıçıları doğru
yola istiqamətləndirirdi. Bir istedadlı şair haqqında
Mirzə İbrahimov belə yazmışdı: "Bir məsləhətim
var sənə. Bilirsən ki, keçmişdən bizə
çox yaxşı şeylərlə bərabər, pis
şeylər də miras qalıb. Ədəbiyyat aləmində
onlardan biri məddahlıq idi. Şairlər olub ki, yerindən
durana bu və ya digər həris məqsədlə şeirlər
yazıblar... Yol vermə ki, bu azarın mikrobu sənin yazı
masanda özünə daima yer sala. Şeir şokolad qutusu
deyil ki, hədiyyə kimi hər xoşuna gələnə həsr
edəsən. İnan ki, ədəbiyyatımızda az da olsa
bu ruhda yazılan şeirlər, o cümlədən səninkilər
də ən zəif şeirlərdir. Və birinci məktubumda
səni sakındırdığım yersiz sözlərin
bolluğu adamı yorur. Məsləhətim budur ki, hər
tanış-bilişi, hər rastına gələni mədh
eləmə. Yadında saxla ki, şeir heç kəsin
qulluqçusu olmayıb və ola bilməz!"
Mirzə
İbrahimov sərt olduğu qədər də çox
kövrək, həssas bir şəxsiyyət idi. Jurnalistlik fəaliyyətimdə
mənə müəllifi olduğum bir proqramda Mirzə
İbrahimovdan söhbət açmaq səadəti nəsib
olub. O vaxt artıq Mirzə müəllim dünyasını dəyişmişdi.
Verilişə Mirzə müəllimin qızı, bəstəkar
Sevda İbrahimovanı da dəvət etmişdim. O atasından
gözəl xatirələr danışdı. Onun
danışdığı bir hadisəni heç zaman
unutmaram. Mirzə müəllim ailəsinə, xüsusən
ömür dostuna qırılmaz tellərlə bağlı
idi. Həyat yoldaşını itirməsi ona ömrü boyu
dəyən zərbələrin ən betəri oldu. Sevda
xanım deyirdi: "Anamın itkisindən sonra göz
yaşlarını saxlaya bilməyən atam
bağımızda bitən qızılgülləri dərir,
gülün ləçəklərini anamın
yatağına səpirdi". Sevda xanımın qəhər
dolu səslə dediyi o cümlələr həmişə
xatirimdədir, ürəyimdədir.
Mirzə
İbrahimovun dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə
həsr etdiyi "Onu düşünərkən" adlı
bir məqaləsi var. Həmin məqalədə Mirzə
İbrahimov yazırdı: "Böyük insanlar ölüb
getdikləri andan sanki daha bir əzəmətlə vətəndaşların
qəlbində yaşamağa başlayırlar. Sanki onlara
qarşı yeni bir maraq oyanır, mübarizə tarixi, fəaliyyət
və əməlləri, həyat yolu nəinki yalnız elmi məşğul
edir, hətta adi vətəndaşlar belə geriyə dönərək
bir daha bu yola nəzər salır, onu daha böyük məhəbbət
və diqqətlə öyrənirlər. Evlərdə, idarələrdə,
küçələrdə, ictimai yerlərdə və ailələrdə
onların həyat və fəaliyyətindən
danışırlar. Belə bir xadimin ölümü ilə
qüssələnənlərin də sayı çox olur. Sənət
və peşəsindən asılı olmayaraq, bütün vətəndaşlar
onların ölümünə təəssüf edir və kədərlənirlər.
Bu isə uzun illərin zəhməti nəticəsində
yaranmış, bütün məhəbbətlərdən
yüksəkdə duran və fəthi çox çətin
olan bir məhəbbətin-həqiqi - xalq məhəbbətinin
ifadəsidir.Əsl ölməzlik, əbədi həyat da
budur: xalq məhəbbəti! Xalqın ürəyində
qaldırılan heykəl əbədi və
yıxılmazdır. Xoşbəxt o adamdır ki, öz həyat
və mübarizələri ilə belə bir məhəbbəti
qazanır."
Mirzə
İbrahimovun Üzeyir Hacıbəyov haqqında dediyi bu
sözləri eynilə böyük sənətkarımızın
özünə aid etmək olar. Mirzə İbrahimov
sözün həqiqi mənasında, xalq adamı idi.
Xalqın ürəyinə yol tapan böyük şəxsiyyət
idi.
Mirzə
İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin
verdiyi sərəncamda deyildiyi kimi, XX əsr ədəbiyyatımızın
tanınmış simalarından biri olaraq onun qələmə
aldığı əsərlərdə dövrün və
zamanın dolğun mənzərəsi əks etdirilmişdir.
Azərbaycan
xalqı yaşadıqca Mirzə İbrahimov şəxsiyyəti
də həmişə var olacaqdır.
Aqşin Babayev,
Azərbaycan Dövlət Mədəniyyət
və
İncəsənət Universitetinin kafedra
müdiri, professor
Ədəbiyyat qəzeti.- 2011.- 4 noyabr.-
S.1-3.