Mirzə İbrahimov şəxsiyyəti   

     

Azərbaycan xalqının tarixində elə parlaq ədəbi şəxsiyyətlər olub ki, onların haqqında cild-cild kitablar yazılsa belə, yenə azdır. Mirzə İbrahimov da belə unudulmaz sənətkarlardandır. Nasir, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, publisist, ictimai xadim, Azərbaycanın xalq yazıçısı, Azərbaycan Elmlər Akademiyasının akademiki, SSRİ Dövlət mükafatları laureatı, Beynəlxalq Nehru mükafatı laureatı, Azərbaycanın əməkdar incəsənət xadimi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın və SSRİ-nin xalq deputatı... bütün bunlar Mirzə İbrahimov titullarının natamam siyahısıdır.

Bu böyük şəxsiyyətin keçdiyi həyat yoluna nəzər salanda, əsərlərinin sadəcə siyahısını gözdən keçirəndə, enişli-yoxuşlu, burulğanlı günlər yaşamış ədibin mübarizələrlə dolu ömrünü göz önünə gətirəndə insanın xəyalında bu böyük sənətkarın əyilməz, vüqarlı heykəli canlanır. Həyat yolu 1911-ci ildə Cənubi Azərbaycandan başlayan, 1918-ci ildə ailəsi ilə birlikdə Bakıya gələn, Balaxanı və Zabrat kəndlərində alın təri ilə çörək qazanan, sonralar ali məktəbdə və SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan, illər ötdükcə pillə-pillə yüksələn Mirzə İbrahimov həm xalqımızın ədəbiyyat tarixində, həm də ictimai fikir tariximizdə əbədi yaşayacaq bir simadır.

Mirzə İbrahimovun ən böyük amalı xalqına xidmət etmək idi. "Böyük dayaq" romanında sənətkar yazırdı: "Ey mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndəndir, fikrim işığını səndən alır. Həyatımın nəşə və sevincinə səbəb sənsən. Amansız qorxu başımın üstünü alıb məni ağır fikirlərə saldığı zaman, xoş günün dönük dostları, zəif və qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə dayanacağım sən olmusan!"

Ulu öndərimiz Heydər Əliyev Mirzə İbrahimov şəxsiyyətinə çox yüksək qiymət verirdi. Onun bu böyük sənətkar haqqında dediyi sözləri bir daha xatırlamaq yerinə düşər. Ümummilli liderimiz Mirzə İbrahimovun sənətini və şəxsiyyətini belə dəyərləndirirdi:

"Mirzə İbrahimov təvazökar, mehriban, həssas bir insandır. Bütün Azərbaycan xalqının sevimlisidir, xalq yazıçısı kimi yüksək ada tamamilə layiqdir. Eyni zamanda onun yaradıcılığı ölkəmizin bütün respublikalarında layiqincə qiymətləndirilmişdir, yazıçının kitabları Sovet İttifaqının hüdudlarından uzaqlarda oxunur və hər yerdə geniş şöhrət və rəğbət qazanmışdır."

Ulu öndərimizin bu kəlamı Mirzə İbrahimovun 1981-ci ildə Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülməsi münasibətilə təşkil olunmuş mərasimdəki nitqindəndir.

Mirzə İbrahimov Azərbaycan xalq maarif komissarı, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri və başqa məsul vəzifələrdə işlədiyi dövrlərdə Azərbaycan dili uğrunda dönmədən mübarizə aparmış və bununla bağlı qarşısına çıxan bütün maneələri, sədləri dəf etmiş, öz vətəndaş qeyrəti və cəsarəti ilə hamımızın məhəbbətini qazanmışdır. Hamımız deyəndə, mən təkcə Azərbaycanı yox, bütün türk dünyasını nəzərdə tuturam. Bu baxımdan türk jurnalisti Zəkəriyyə Sərtəlin xatirələri bu fikrimizi bir daha təsdiq edir.

Zəkəriyyə Sərtəl uzun illər Bakıda yaşamışdı, Azərbaycan radiosunda işləmişdi. Mirzə İbrahimovla bağlı baş verən hadisələrin o da şahidi olmuşdu. Sonrakı illərdə Türkiyəyə qayıdandan sonra Z.Sərtəl Azərbaycanla, o cümlədən Mirzə İbrahimovla bağlı xatirələrini çap etdirmişdi. Həmin xatirələrdən bir parçanı olduğu kimi, yəni türkcə diqqətinizə çatdırmaq istəyirəm:

"Mirze İbrahim (Zəkəriyyə Sərtəl Mirzə İbrahimova Mirzə İbrahim deyirdi - A.B.) resmi dairelerde türkce kullanmasını emr etmişdi. Vay efendim, senmisin bu emri veren? Önce Azerbaycan kommunist partisi harekete keçer, ertesi gün Moskovadan Baküye bir parti temsilçisi gönderilir. Mirze İbrahim suçlanaraq derhal taxtından indirilir... İşler yine eskisi gibi rusca yürüdülür. Her tarafdan Mirze İbrahime hücuma geçerler. Onu milliyyetçi olmaqda suçlarlar. İnsan Sovyetler Birliyinde hiç kendi milletini sevib öve bilermi? Kiçik milletler beynelmilelçi olmaq zorundadırlar.

Bu olaydan sonra Mirze İbrahim bir süre sokağa (küçəyə) çıkamaz olur. Evine kapanır. Amma halkın içden onu desteklediyini öyrenir. İlk sokağa çıkdığı gün yanına sokulmaya cesaret eden bulunmaz. Fakat yanından geçerken sessizce ellerini bir-birine vuraraq onu alkışlarlar."

Mirzə İbrahimov bütün şüurlu həyatı boyu Azərbaycan dilinin keşiyində bir sərhəd əsgəri kimi dayanmışdı. Azərbaycan dilinə həsr etdiyi məqalələrdə o, başqa xalqları öz əsarəti altında saxlayan, onun dilinə, mənəviyyatına qəsd edən işğalçıları lənətləyir, sözünü mətnaltı mənalarla, eyhamla yox, açıq-aydın, birbaşa deyirdi. Onun Azərbaycan dilinə həsr etdiyi bütün məqalələrində vətənini, xalqını, dilini dərin məhəbbətlə sevən bir şəxsiyyətin ürək yanğısı duyulur.

Mirzə İbrahimovun çətin, ağır dəqiqələri çox olub. Amma o, bütün sınaqlardan qorxmadan, çəkinmədən, ləyaqətlə çıxıb. Onun qızı bəstəkar Sevda İbrahimova müsahibələrinin birində demişdir: "M.C.Bağırov atamı çağıranda anam bütün gecəni yatmazdı. Atam bizi öpüb gedərdi. Anam yatmayıb onu səhərə qədər gözləyərdi. Biz balaca idik. Nələr baş verdiyini anlamırdıq. Atam rəhmətə gedəndən sonra Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olmuş yazıçı Yasif Nəsirli arxivdən tapıb ki, heç demə, atamı da "xalq düşməni" elan ediblərmiş. Bir dəfə iclasların birində atam dil məsələsi ilə bağlı kəskin çıxış edir. Kürsüdən düşəndən sonra onun yanında oturanlar hamısı arxaya keçir. Hətta çölə çıxanda başqa vaxt "Mirzə müəllim" deyənlərin heç biri ona yaxın gəlməyib... Atam deyirdi ki, bir də gördüm Nəsir İmanquliyev yaxınlaşdı ki, Mirzə müəllim, gəlin mən sizi ötürüm. Bir dəfə M.C.Bağırov çıxışında deyir: "Mənə elə gəlir ki, Səməd Vurğun və Üzeyir Hacıbəyov xalq düşmənidirlər. Düzdür yoldaşlar?" Heç kəs səsini çıxarmır. Atam dözməyib deyir: "Mən sizinlə razı deyiləm. Üzeyir bəy necə xalq düşməni ola bilər ki, "Koroğlu" kimi opera yazıb. Səməd Vurğun necə xalq düşməni ola bilər ki, "Vaqif" dramını yazıb. Hamı qorxusundan nəfəsini udur. M.C.Bağırov hirslənərək deyir: Otur. Elə sən də onların sırasındasan."

Vaxtilə Dövlət Təhlükəsizlik Komitəsində işləmiş yazıçı Yasif Nəsirli "El" jurnalına verdiyi müsahibəsində yazır: "Əlifba sırası ilə "iş"lərlə tanış olmağa başladım. Birdən gözlənilmədən "Mirzə İbrahimov (iş ¹556) qovluğuna rast gəldim. Əvvəl heyrətləndim. Axı Mirzə müəllim həmişə böyük vəzifədə olmuşdu. Mən elə bilirdim ki, o, həyatda ən xoşbəxt adamdır. Uzun zaman xalq maarif komissarı, Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Asiya və Afrika Ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin büro üzvü və s. işləyib. Məni dəhşət götürmüşdü. Məlum oldu ki, Mirzə müəllimi həbs etmək üçün ona iki dəfə iş açılmışdı. Bir dəfə cənublu olduğu, cənubdakı fəaliyyətinə görə, bir dəfə də "Böyük demokrat" əsərini yazdığına görə... Mirzə İbrahimovla bağlı gizli məlumatları DTK-ya yazanlar ilk mərhələdə müstəntiq Petrosyan, sonra isə bir azərbaycanlı idi. Petrosyanın çıxardığı "həbs edilsin" qərarının üstündə DTK-nın o vaxtkı sədri, sonralar M.C.Bağırovla birlikdə həbs edilmiş Yemelyanovun belə bir dərkənarı vardı: "Vətəndaş Mirzə İbrahimovun həbs edilməsi üçün toplanan materiallar kifayət deyildir. Yazıçı ilə Mərkəzi Komitə səviyyəsində profilaktika keçirilsin. Yoxlama işləri dayandırılsın və iş arxivə verilsin. Gələcək fəaliyyəti nəzarətdə saxlanılsın."

"El" jurnalı yazır: "Belə, əziz oxucu! Dəfələrlə "rəhbər"in qəzəbinə tuş gələn Mirzə İbrahimov kimi vətənpərvər ziyalılarımız heç şübhəsiz ki, Tanrının şanslı bəndələrindən olub. Əks təqdirdə, onlarla gözəl povestlər, romanlar, dram əsərləri, ən başlıcası isə bizləri "Gələcək gün"ə səsləyən dəyərli əsərlər yaranmazdı. 1989-cu ildə Mirzə müəllimin ermənilərə müraciətlə kəskin şəkildə dediyi sözləri xatırlayıram: "Allah bir xalqı cəzalandırmaq istəyəndə onun ağlını başından alır. Atdığınız addımlar sizi uçuruma aparır."

Bu sözləri Mirzə müəllim Qarabağ hadisələrinin qızğın çağında Moskvada, SSRİ Ali Sovetinin tribunasından qorxmadan, cəsarətlə söyləmişdi. Və bir də bundan çox-çox illər qabaq, repressiya illərində çoxlarının qarşısında tir-tir əsdiyi M.C.Bağırova qorxmadan sözünü deyirdi... Bu bizim tariximizdir. Gəlin tariximizi unutmayaq!"

Bayaq mən Mirzə İbrahimovun titullarını sadalayarkən "natamam" sözünü işlətdim. Həqiqətən də Mirzə İbrahimov ictimai həyatımızda, ədəbiyyatımızın, mədəniyyətimizin tarixində elə bir silinməz iz qoymuşdur ki, onun həyat və yaradıcılığını kiçik bir məruzədə əhatə etmək əsla mümkün deyil. Ədibin 1941-45-ci illərdə Cənubi Azərbaycandakı fəaliyyəti, Uzaq Şərqdə, hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşləri, Ümumdünya Parlamentlərarası İttifaqın Konqresində və Ümumdünya Sülh Tərəfdarları Konqresindəki fəaliyyəti, Asiya və Afrika Ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerikada, İngiltərədə, fransada, Portuqaliyada, Misirdə, Kiprdə, Suriyada və başqa ölkələrdə səfərdə olması, Sovet nümayəndə heyətinin başçısı kimi ən yüksək kürsülərdən səslənməsi, etdiyi dərin məzmunlu məruzələr unudulmazdır. O, uzun illər Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etmiş, ömrünün axırınadək Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri olmuşdu. Bütün bunları deyərkən bir fikri vurğulamaq istəyirəm. Mənə elə gəlir ki, Mirzə İbrahimov nasir, dramaturq, şair olmasaydı belə, o, təkcə ictimai fəaliyyətinə görə Azərbaycan xalqının tarixində əbədi yaşayacaqdı. Amma Mirzə İbrahimov ictimai fəaliyyəti zirvəsindən də yüksək, qüdrətli qələm sahibi idi. Onun "Həyat", "Madrid", "Məhəbbət", "Kəndçi qızı", "Yaxşı adam", "Közərən ocaqlar" pyesləri, bir çox dünya dillərinə çevrilmiş "Gələcək gün", habelə "Böyük dayaq", "Pərvanə" romanları, povestləri, hekayələri, şeirləri Azərbaycan ədəbiyyatı xəzinəsinin nadir inciləridir. Dünyaca məşhur gürcü şairi Vladimir Apenidze deyib: "Əgər mənim imkanım olsaydı, yeni kəşf edilən səyyarələrin hamısına Mirzə İbrahimovun əsərlərinin adını verərdim." Mirzə İbrahimov Şekspirin "Kral Lir", "On ikinci gecə yaxud hər nə istəsəniz", Ostrovskinin "Quduz pullar", "Müdrik olan hər kəsə kifayətdir sadəlik", Çexovun "Üç bacı", Molyerin "Don Juan" pyeslərini, Çernışevskinin "Nə etməli", Şərəf Rəşidovun "Qaliblər" əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.

Mirzə İbrahimovun ictimai fəaliyyətini və yazdığı əsərləri nəzərdən keçirərkən insan bir şeyə təəccüblənir. Yəni bu titanik işlər bir insanın əməyinin məhsuludur? Mirzə İbrahimov ömrü boyu yüzlərlə əməkdaşı olan bir elmi tədqiqat institutunun işini görmüşdü.

Ağlasığmaz dərəcədə geniş, çoxşaxəli fəaliyyəti illərində bu böyük şəxsiyyət insanlara, xüsusən gənclərə qayğı göstərməyi, yaxşılıq etməyi də unutmurdu. Xalq yazıçısı İsa Hüseynov öz nəslinin yazıçılarına Mirzə İbrahimovun göstərdiyi qayğını belə ifadə etmişdi: "Son dövrdə ədəbiyyata gələn gəncliyimiz ona minnətdarlığını heç zaman unutmayacaqdır... Daima bir əməl-mədəniyyətimizin çiçəklənməsi naminə bir əməl eşqilə yanan ürək Mirzə müəllimi nə isə etməyə, nə isə bir tədbir görməyə sövq edirdi. O, hal-hazırda yazıb-yaradan ədəbi gəncliyimizin həyatında heç vaxt unudulmayacaq günlərin - "Gənclər günləri"nin təşkilatçısı və rəhbəri oldu."

İsa Hüseynov nəslindən sonra gələn gənc qələm sahibləri də Mirzə müəllimin qayğısı ilə pərvazlanırdılar. Mən də bu qayğını hiss etmişəm və Mirzə müəllimə həmişə minnətdaram. Mirzə İbrahimovla ilk görüşüm Azərbaycan radiosunda işə başladığım vaxtlarda, yəni 1959-cu ildə olmuşdu. Mən dəfələrlə Mirzə müəllimin evində olmuşdum, ondan müsahibələr almışdım. Onun gülər çöhrəsi, işıqlı gözləri, böyük ədibin dayağı olan ömür dostu Sara xanımın mehribanlığı, açıq süfrəsi heç vaxt yadımdan çıxmır. Yeri gəlmişkən deyim ki, Sara xanım Azərbaycanın ilk pianoçu qadınlarından idi.

Bir gün "Azərbaycan gəncləri" qəzetindən mənə zəng vurub təbrik etdilər, dedilər ki, Mirzə İbrahimov sənin "Bir ürəyin hərarəti" adlı kitabın haqqında bir qəzet səhifəsi boyda məqalə yazıb. Sevincimin həddi-hüdudu yox idi. Mirzə İbrahimov kimi böyük sənətkarın bir cavan nasir haqqında dediyi sözlər məni təbii ki, sevindirdi. Həm də Mirzə İbrahimov sözü mənə sənət aləmində yol açan parlaq bir işıq oldu. Sonralar Mirzə müəllim "Məhəbbət dastanı" adlı məqalələr toplusunu nəşr etdirəndə mənim haqqımda yazdığı rəyi də bu dəyərli kitaba daxil etmişdi. Mirzə İbrahimovun öz dəst-xətti ilə mənə hədiyyə etdiyi həmin kitabı ən qiymətli yadigar kimi qoruyub saxlayıram. Böyük ədib sonralar mənim "Kişilər az yaşadı" adlı kitabıma da ön söz yazmışdı. Mən bununla həmişə fəxr etmişəm, indi də fəxr edirəm.

Mirzə İbrahimov şair və yazıçıları təkcə tərifləməklə qalmırdı. Onun məsləhətləri, göstərdiyi nöqsanlar yazıçıları doğru yola istiqamətləndirirdi. Bir istedadlı şair haqqında Mirzə İbrahimov belə yazmışdı: "Bir məsləhətim var sənə. Bilirsən ki, keçmişdən bizə çox yaxşı şeylərlə bərabər, pis şeylər də miras qalıb. Ədəbiyyat aləmində onlardan biri məddahlıq idi. Şairlər olub ki, yerindən durana bu və ya digər həris məqsədlə şeirlər yazıblar... Yol vermə ki, bu azarın mikrobu sənin yazı masanda özünə daima yer sala. Şeir şokolad qutusu deyil ki, hədiyyə kimi hər xoşuna gələnə həsr edəsən. İnan ki, ədəbiyyatımızda az da olsa bu ruhda yazılan şeirlər, o cümlədən səninkilər də ən zəif şeirlərdir. Və birinci məktubumda səni sakındırdığım yersiz sözlərin bolluğu adamı yorur. Məsləhətim budur ki, hər tanış-bilişi, hər rastına gələni mədh eləmə. Yadında saxla ki, şeir heç kəsin qulluqçusu olmayıb və ola bilməz!"

Mirzə İbrahimov sərt olduğu qədər də çox kövrək, həssas bir şəxsiyyət idi. Jurnalistlik fəaliyyətimdə mənə müəllifi olduğum bir proqramda Mirzə İbrahimovdan söhbət açmaq səadəti nəsib olub. O vaxt artıq Mirzə müəllim dünyasını dəyişmişdi. Verilişə Mirzə müəllimin qızı, bəstəkar Sevda İbrahimovanı da dəvət etmişdim. O atasından gözəl xatirələr danışdı. Onun danışdığı bir hadisəni heç zaman unutmaram. Mirzə müəllim ailəsinə, xüsusən ömür dostuna qırılmaz tellərlə bağlı idi. Həyat yoldaşını itirməsi ona ömrü boyu dəyən zərbələrin ən betəri oldu. Sevda xanım deyirdi: "Anamın itkisindən sonra göz yaşlarını saxlaya bilməyən atam bağımızda bitən qızılgülləri dərir, gülün ləçəklərini anamın yatağına səpirdi". Sevda xanımın qəhər dolu səslə dediyi o cümlələr həmişə xatirimdədir, ürəyimdədir.

Mirzə İbrahimovun dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə həsr etdiyi "Onu düşünərkən" adlı bir məqaləsi var. Həmin məqalədə Mirzə İbrahimov yazırdı: "Böyük insanlar ölüb getdikləri andan sanki daha bir əzəmətlə vətəndaşların qəlbində yaşamağa başlayırlar. Sanki onlara qarşı yeni bir maraq oyanır, mübarizə tarixi, fəaliyyət və əməlləri, həyat yolu nəinki yalnız elmi məşğul edir, hətta adi vətəndaşlar belə geriyə dönərək bir daha bu yola nəzər salır, onu daha böyük məhəbbət və diqqətlə öyrənirlər. Evlərdə, idarələrdə, küçələrdə, ictimai yerlərdə və ailələrdə onların həyat və fəaliyyətindən danışırlar. Belə bir xadimin ölümü ilə qüssələnənlərin də sayı çox olur. Sənət və peşəsindən asılı olmayaraq, bütün vətəndaşlar onların ölümünə təəssüf edir və kədərlənirlər. Bu isə uzun illərin zəhməti nəticəsində yaranmış, bütün məhəbbətlərdən yüksəkdə duran və fəthi çox çətin olan bir məhəbbətin-həqiqi - xalq məhəbbətinin ifadəsidir.Əsl ölməzlik, əbədi həyat da budur: xalq məhəbbəti! Xalqın ürəyində qaldırılan heykəl əbədi və yıxılmazdır. Xoşbəxt o adamdır ki, öz həyat və mübarizələri ilə belə bir məhəbbəti qazanır."

Mirzə İbrahimovun Üzeyir Hacıbəyov haqqında dediyi bu sözləri eynilə böyük sənətkarımızın özünə aid etmək olar. Mirzə İbrahimov sözün həqiqi mənasında, xalq adamı idi. Xalqın ürəyinə yol tapan böyük şəxsiyyət idi.

Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin verdiyi sərəncamda deyildiyi kimi, XX əsr ədəbiyyatımızın tanınmış simalarından biri olaraq onun qələmə aldığı əsərlərdə dövrün və zamanın dolğun mənzərəsi əks etdirilmişdir.

Azərbaycan xalqı yaşadıqca Mirzə İbrahimov şəxsiyyəti də həmişə var olacaqdır.

 

Aqşin Babayev

Azərbaycan Dövlət Mədəniyyət və

İncəsənət Universitetinin kafedra

müdiri, professor.

Ədəbiyyat qəzeti.- 2011.- 4 noyabr.- S.1-3.