"Xəmsə"də türkcə sözlər

 

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illiyini geniş qeyd etdiyimiz bu günlərdə onun fars dilində yazmalı olduğu ölməz “Xəmsə”sində doğma türkcəmizi necə böyük məhəbbət və sənətkarlıqla işlətməsini - sevdirməsini də saysız faktlar əsasında elmi tədqiqata cəlb etməyimiz övladlıq borcumuzdur.

Məhəmməd Əmin Rəsulzadənin ciddi zəhmət nəticəsi olan “Azərbaycan şairi Nizami” kitabında, akademik Həmid Araslının klassik ədəbiyyatımıza dair çox qiymətli araşdırmalarında bu mühüm problem qədərincə dəyərləndirilmişdir.

Prof. dr. Cavad Heyətin “Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda” kitabında yer almış “Xəmsə”də türkcə sözlər” tədqiqatı da həmin mövzuya həsr olunmuşdur.

Adı çəkilən məqalədən bir parçanı məmnuniyyətlə oxuculara təqdim edirik

 

 Gəncəli Həkim Nizami Azərbaycan, İran və həm də bütün dünyanın ən böyük şairlərindəndir. O, Firdovsidən sonra ən böyük dastan və məsnəvi yazandır, lakin yazdığı dastanlara verdiyi lirik rəng və işlətdiyi üslubla onu da keçmişdir.

Nizami təsəvvüfə meylli ruhu, romantik üslubu birləşdirib sehrli sənətilə ölməz, əbədi əsərlər yaratmışdır. Onun əsərləri yalnız fars dili və ədəbiyyatı sahəsində yox, bəlkə bütün İslam dünyasında yayılmış, xüsusilə, türk şairləri Nizamini izləyərək ona nəzirələr və şərhlər yazmışlar. Bu böyük türk şairlərindən misal olaraq Əlişir Nəvai (cığatay), Məhəmməd Füzuli (azəri), Əhmədi və Xəyalini (Anadolu) göstərə bilərik.

Nizaminin əsərləri Avropa dillərinə (ingilis, alman, italyan, fransız, ispan və rus dillərinə) tərcümə edilərək onlara şərhlər yazılmışdır. Şairin ana yurdu olan Şimali Azərbaycanda və Türkiyədə onun şeirləri nəzm və nəsrlə türkcəyə tərcümə edilib nəşr olunmuşdur. Nizami haqqında çoxlu tədqiqat aparılmış və əsərləri barədə bir çox kitab, monoqrafiya və məqalələr yazılmışdır. Biz ixtisara riayət etmək üçün ancaq iki-üç müəllifin yazdıqlarından bəzi parçaları nəql edəcəyik.

Vəhid Dəstgirdi bu barədə deyir ki, mən Nizaminin əsərlərini yüz dəfədən artıq oxudum və hər dəfəsində Xosrovun, Leylinin ölüm tablolarını oxuyarkən ağladım (Vəhid Nizamini Sədidən yüksək görüb demişdir ki, Nizami əxlaq və paklıqda bütün dünya şairləri arasında təkdir. Onun əsərlərində bir tək çirkin söz yoxdur. Təmiz eşqin tərəfində firdovsidən də üstündür).

Məhəmmədli Tərbiyət "Daneşməndani-Azərbaycan" kitabında Nizamini İranın ən yaxşı şairi və Azərbaycanın ən fəsih yazanı (Əfsəhül-füsəha) adlandırmışdır.

Məşhur sovet şərqşünası Bertels 1941-ci ildə yazdığı monoqrafiyada "Xosrov və Şirin" mənzuməsini kamillik cəhətindən dünya ədəbiyyatında bənzərsiz saymışdır. Onun yazdığına görə, bu mənzumədə ilk dəfə Orta Şərq ədəbiyyatında insan şəxsiyyəti bütövlükdə özünü göstərmişdir. Dastandakı personaj və şəxsiyyətlər türk, fars, tacik, gürcü, özbək və digər xalq ədəbiyyatlarına girmiş və onların Şərqdə təsiri Qərbdə Homerin təsirindən artıq olmuşdur.

Nizami xalqını və vətənini sevən humanist bir insan kimi bütün insanlığın səadətini düşünmüş və bu idealın həyata keçməsi üçün sosial ədalətin icrasını lazım bilmişdir. O, sosial ədalətin də islami əxlaq təməlləri üzərində sosial yardımlaşma və həmkarlıqla bərpa olunacağına inanmışdır.

Nizami öz idealını həyata keçirmək üçün Makedoniyalı İsgəndəri müsəlman bir qəhrəman görkəmində xəyali bir sultan, hətta peyğəmbər səviyyəsinə qaldırmışdır.

Nizami xalq ədəbiyyatına təsir etdiyi kimi, özü də əsərlərində öz doğma xalqının folklorundan - ağız ədəbiyyatından faydalanmış və bunun sayəsində əsərlərini əbədiləşdirmişdir. Həqiqi bir müsəlman olan Nizaminin ana yurdu Azərbaycana, xüsusilə, Gəncəyə və öz xalqına sevgisi, bağlılığı onun öz yurdunun gözəl təbiəti və mühitindən ilham alıb xalqının folkloru ilə bərabər, dilindən türkcə sözlər işlətməsinə və atalar sözlərinin farsca tərcümələrindən faydalanmasına səbəb olmuşdur. Bu məqaləmizdə təəssübsüz (obyektiv) bir tədqiqatçı kimi onun "Xəmsə"sini bu baxımdan tədqiq etməyə çalışacağıq.

Bu mövzuda ilk dəfə Azərbaycanın talesiz rəhbəri Məhəmməd Əmin Rəsulzadə dərin axtarışların nəticəsi olaraq, "Azərbaycan şairi - Nizami" adlı ölməz əsərini 1952-ci ildə Ankarada çap etdirmişdir. Ondan sonra Həmid Araslı, Rüstəm Əliyev və Vaqif Aslanov bu barədə elmi məqalələr yazmışlar. Ancaq İranda indiyə kimi bu xüsusda heç bir əsər yazılmamış və ya çap etdirilməmişdir.

İran ədəbiyyatında "türk" sözü gözəl mənasında çox işlənmişdir. Məsələn, Hafizin qəzəlində:

(O, şirazlı türk bizim qəlbimizi ələ ala bilsə,

Səmərqənd və Buxaranı onun hindu (qara) xalına bağışlaram).

 

Burada şirazlı türkdən məqsəd şirazlı gözəldir. Bəziləri qaşqay türklərinin nəzərdə tutulduğunu da söyləmişlər. Həmçinin, Xaqani öz məmduhu Şirvanşaha belə yazmışdır:

(Ey Xosrov, sözləri bakirə (deyilməmiş) olan Xaqani sənin qulundur, Quluna gözəl bakirə (qız) bağışladın, sənə eşq olsun).

 

Bununla belə, farsca yazan şairlərin heç biri türk sözləri, məfhumlarını Nizami qədər sevgi ilə, sitayişlə işlətməmiş və atalar sözlərindən onun qədər geniş faydalanmamışdır. Nizami "türk" sözünü bəzən həqiqi mənada, lakin çox yerdə məcazi mənalarda - məsələn, paklıq, gözəllik, yüksəklik, qüvvət simvolu, adil, bilici, qorxmaz, cəngavər və qəhrəman mənasında işlətmişdir: tork-e delsetan (ürəkaçan dilbər), tork-e tənnaz (nazlı dilbər), tork-e nazənin əndam (gözəl əndamlı dilbər)…

Şair gözəl gözdən danışanda "çeşm-e torki" (türk gözü) sözünü işlədir və onu ceyran gözü ilə bərabər tutur. Bir dilbərin şirin gülüşündən danışanda "xənde-ye torki" (türk gülüşü) deyir. Türk gülüşü o qədər şirindir ki, şəkər onu qısqanır:

(şəkər, türklərin gülüşündən ürəyi xəstədir).

"Yeddi gözəl" dastanında nağıl söyləyən gözəlləri "türk" adlandırır. Gözəl Rum şahzadəsi onun gözündə Rum soyundan bir türkdür:

(rumların nəsəbindən bir türk).

 

"İsgəndərnamə"nin ikinci qismində öz ideal qəhrəmanı İsgəndərin ağıl, tədbir və müdrikliyindən danışanda onu Rum börklü türk adlandırır və belə deyir:

(İş bilənlərin sözünə qulaq asardı,

İş bilənlə işlərini görərdi.

Yoxsa, bir Rum börklü türk

Necə Hind və Çində bargah qura bilərdi).

 

Bu cəngavərin ordunun içindən savaş meydanına atılıb hücum etməyini təsvir edərkən türklər (türk kimi) sözünü işlədir:

(Ordunun içindən o iti ilanın qarşısına

Dəmir zirehli türk kimi yüyürdü).

 

Mübaliğə olmasa, deyərdik ki, Nizamidə türk və türklük bütün maddi və mənəvi yüksəkliyin simvoludur. O, Günəşdir və Çin dənizindən doğub dağları işıqlandırmışdır:

(Digər gün sultan həşmətli türk

Çin dənizindən dağa hücum etdi).

 

Başqa yerdə Çin-türk xaqanı Nizaminin sevimli qəhrəmanı İsgəndərlə müharibə üçün fərqanə, Qırğız, Çaç (Daşkənd) və Kaşğar türklərini orduya çağırır və savaşa hazırlaşır, lakin məğlub olmamış sülh təklif edərək barışır. Buna rəğmən ordunun hazırlanma xəbəri İsgəndərə çatır. İsgəndər səhvən Çin-türk xaqanını ikiüzlülük və riyakarlıqda töhmətləndirir. Xaqan ona belə cavab verir: "Sülh təklifi zəiflikdən yox, sülhsevərlikdən verilmişdir".

Nizami Çin türklərindən savayı, qıpçaq, Xarəzm türklərindən də məhəbbətlə bəhs edir. O, türkdən danışanda oğuz türklərini (Güney və Quzey Azərbaycan, Anadolu) nəzərdə tutur, çünki başqa türklərdən bəhs eləyəndə "el" adını da sifət kimi işlədir və "qıpçaq türkləri", "Çin türkləri", "Xarəzm (qırğız) türkləri", "xələc türkləri" və s. təbirlərini işlədir (Rüstəm Əliyev).

"İsgəndərnamə"də qıpçaq qadınlarının namusunu tərifləyir. Hindistan padşahının yazdığı məktubun cavabında deyir ki, sən hind gözəllərindən danışırsan, amma Xarəzmdə onlardan gözəli vardır.

Nizami əski türk mifoloji adlarını: "Ayxan", "Qaraxan" ("Oğuzxan" dastanından), "Ayxan Xuban", "Toğan şah Morğan" və b. ədəbiyyata daxil etmişdir.

(Şahların arzusu Turan xatunu,

Dünyanın vurulduğu İran banusu).

 

Burada Xatun "məlakə" mənasında işlənmişdir.

 

Zəmanədən və xalqdan şikayətlənərək belə deyir:

(Türkcəmi bu həbəşlikdə alan yox,

Dovğayı bir yemək kimi sayan yox).

 

Burada "həbəş"dən məqsəd xalqın cəhalət və təəssübüdür (fanatizm). "Türk" sözü də "yüksək həkimanə fikirlər" və ya "türk dili" mənasında olmalıdır. "Doğba" və ya "dovğa" türk şorbasıdır ki, yoğurtla hazırlanan və indi də Azərbaycanın bir çox yerində yeyilən yeməklərdən biridir.

İndi "Xəmsə"də işlənən türkcə sözlərdən nümunə olaraq bir neçəsini göstərək:

Alaçıq:

(Himmət zərbi sarayında qəlp pula nə deyim,

Türkmən alaçığı fillərin ayağı altında dayanarmı).

 

Qırmızı:

(Gecə başqa bir rəng aldı,

Qırmızılığı buraxıb qaraldı).

 

Ozan (aşıq):

(Heyranedici çalğıçı avazxanlar

Ozan sayağı oxuyurdular).

 

Şillə (tapança):

(Gözə gəldiyim üçündür ki,

Nəyim varsa, əlimdən getdi.

Bahar bağıma göz dəydi,

Yel mənim çırağıma şillə vurdu).

 

Bunlardan başqa "çabuk", "çətir", "sürmə", "yağma", "yağı" (düşmən) və bu gün də fars dilində işlənən bir çox sözlərə rast gəlinir. Nizami sözlərində türkcə şəkilçilərdən də faydalanmışdır.

Nizaminin əsərlərində türk sözləri, məfhumlarından başqa türk deyimləri və atalar sözləri də çox sayda işlənmişdir. Burada nümunə üçün bir neçəsini veririk:

(Əfsunla könül əlindən qurtarmaq olmaz,

Ev oğrusuna qapı bağlamaq olmaz).

 

Atalar sözü: Ev oğrusunu tutmaq olmaz.

(Gəl əyri oturaq, düz danışaq,

Ondan mənə nə həqarətlər olmadı).

(Söyüd gül açar, amma bar verməz).

Atalar sözü: Söyüd ağacı bar verməz.

(Hər kəs bəhanə axtarmaqda hüşludur,

Heç kəs öz ayranına turş deməz).

(Özgələrinin süfrəsində öz çörəyini yemə,

Öz çörəyini öz süfrəndə ye).

Atalar sözü: Öz çörəyini özgə süfrəsində yemə.

(Anası ölənə oxşamaq öyrətmə).

(Şirinin dilindən)

(Böyüklər ilə baş-başa qoyma).

("Xosrov və Şirin").

 

Bu atalar sözü Kaşğarlı Mahmudun 920 il qabaq yazdığı "Divani-lüğatit-türk"də Xaqani türkcəsində vardır: "Alplar birlə uruşma, bəylər birlə tutuşma". Bugünkü türkcəmizdə: "Alplar (qəhrəmanlar) ilə vuruşma, böyüklərlə duruşma".

(Məgər bu yolun fərraşından eşitmədin ki,

Hər kəs quyu qazsa, özü düşər).

Atalar sözü: Özgəsinə quyu qazan özü düşər.

Nizaminin əsərlərində türk sözləri, ifadələri, atalar sözləri çoxdur. Biz nümunə üçün burada bir qismini göstərdik. Fikrimizcə, bunlar böyük şairimizin ana dilinə və folkloruna olan bağlılığını və dərindən bələdliyini göstərməyə kifayətdir.

 

 

Cavad HEYƏT

 

Ədəbiyyat qəzeti.- 2011.- 4 noyabr.- S.1-2.