Mənəvi mədəniyyət işığında

         

Bu günlərdə AYB-nin Natəvan klubunda prof. doktor Cavad Heyətin "Dilimiz, ədəbiyyamız və kimliyimiz uğrunda" (Bakı, "Elm və təhsil" - 2011) və "Türk dilləri və ləhcələrinin tarixi" (I-II cildlər, Bakı, "Təhsil" - 2011) adlı kitablarının təqdimat mərasimi keçirildi.

Cərrah-alim, Beynəlxalq Cərrahlar Cəmiyyətinin Beynəlxalq Komitəsi və Paris Cərrahlar Akademiyasının üzvü, "Varlıq" dərgisinin təsisçisi və baş redaktoru, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, müxtəlif universitetlərin fəxri doktoru, o cümlədən, Türk Dil Qurumunun fəxri üzvü Cavad Heyətin təqdimat mərasimini xalq yazıçısı, AYB-nin sədri Anar giriş sözü ilə açdı. O, fundamental monoqrafiyaları, dəyərli araşdırmaları və təsis etdiyi "Varlıq" jurnalı ilə Cavad Heyətin o taylı-bu taylı Azərbaycanın fəxri olduğunu vurğuladı. Təqdim olunan yeni kitablara gəlincə AYB sədri bu nəşrlərin ümumtürk çevrəsində böyük önəm daşıdığını qeyd etdi.

Təqdimat mərasiminin aparıcısı şair, fəlsəfə doktoru Ənvər Əhməd C.Heyətin həyat və fəaliyyəti barədə yığcam məlumatdan sonra sözü professor, millət vəkili Rafael Hüseynova verdi. R.Hüseynov C.Heyətin bir ziyalı olaraq Türk dünyasına verdiklərini xatırlatdı və mülahizələrini belə yekunlaşdırdı: "Təkcə "Varlıq" jurnalı bəs edər ki, Cavad Heyətin varlığı bütün əzəməti ilə görünsün".

AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca qeyd etdi ki, Cavad Heyətlə hər görüş bizim üçün bir bayramdır. Onun bütün elmi, ədəbi fəaliyyəti bir yana, təkcə "Varlıq" jurnalı ilə sübut etdi ki, C.Heyət həm də bizim mənəviyyatımızın həkimidir - "Varlıq" isə bu yöndə ilk "cərrah bıçağıdır".

AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev isə "Varlıq" dərgisini çırağa bənzətdi. Alim qeyd etdi ki, bu dərgi bütün GüneyQuzey Azərbaycanını öz işığının ətrafına topladı. Natiq xüsusi vurğuladı ki, mənəvi mədəniyyətimizin - dilimizin, ədəbiyyatımızın inkişafında Cavad Heyətin tarixi xidmətləri böyük olmuşdurindi təqdim olunan kitablar da bunun bariz nümunəsidir.

Qırğızıstandan gəlmiş qonaq - Türkdilli Dövlətlərin Siyasətinə Dəstək fondunun prezidenti Nüsrət Məmmədov C.Heyətin gərgin əməyinin məhsulu olan bu kitabların başqa dillərə tərcümə olunmasının vacibliyini söylədi və onu da əlavə etdi ki, alimin "Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda" kitabını qırğız dilində nəşr etdirməyi öz öhdəmə götürürəm. Bu fikir iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.

Mərasimdə alim, şair və naşirlərdən f.e.d.prof. Əlizadə Əsgərli, f.e.d.prof. Təyyar Salamoğlu, Abbas Abdulla, Oqtay Rza, Bəhruz Axundovb. çıxış edərək C.Heyətin təqdim olunan yeni kitabları haqqında ürək sözlərini söylədilər.

Tədbirin sonunda prof.dr. Cavad Heyət bütün iştirakçılara, eyni zamanda AYB rəhbərliyinə öz təşəkkürünü bildirdi.

 

 

A.Savalan

 

Ədəbiyyat qəzeti.- 2011.- 4 noyabr.- S.2.