Akademik Milli Dram Teatrında "Boy çiçəyi" tamaşasının premyerası oldu

     

  Noyabrın 2-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində xalq yazıçısı İlyas Əfəndiyevin "Boy çiçəyi" ("Sən həmişə mənimləsən") pyesi əsasında hazırlanmış iki hissəli tamaşanın premyerası olmuşdur.

Yeni quruluşda hazırlanmış tamaşanın quruluşçu rejissoru rəssamı xalq artisti Azərpaşa Nemətov, rejissor assistenti Anar Sadıqov, musiqi tərtibatçısı Azər Zəfəroğludur.

Tamaşanın təqdimatından əvvəl jurnalistlərə məlumat verən xalq yazıçısı Elçin Əfəndiyev bildirmişdir ki, görkəmli rejissorumuz Azərpaşa Nemətov bu əsərə müraciət edərək onu yenidən səhnəyə qoymuşdur. Rejissor bu dəfə əsəri ilkin adıyla - "Boy çiçəyi" adlandırmışdır. "Boy çiçəyi" Qarabağda bitən bir güldür.

Elçin Əfəndiyev demişdir ki, bu əsər "Sən həmişə mənimləsən" adıyla Akademik Milli Dram Teatrında səhnəyə qoyularkən o dövrdə həm teatr, həm dramaturgiyada böyük bir hadisəyə çevrilmişdir. Azərbaycan dramaturgiyasında teatrında bu tamaşa ilə psixoloji-lirik janrın əsası qoyulmuşdur. Bu tamaşa, eyni zamanda Azərbaycan teatrına böyük aktyorlar gətirmişdir. İlk növbədə xalq artisti Amaliya Pənahovanın adını çəkmək istəyirəm. O, zaman Amaliya xanım tələbə idi. İlk dəfə o, görkəmli rejissorumuz Tofiq Kazımovun dəvəti ilə bu əsərdə Nargilə rolunu ifa etmişdir. Tamaşanın nümayişindən sonra Amaliya xanım artıq tanınmış aktrisaya çevrilmişdir. O zaman Amaliya Pənahovanın tərəf-müqabili görkəmli aktyorumuz Əli Zeynalov idi.

Bu gün isə yeni quruluşda hazırlanmış bu tamaşa mənim üçün gözlənilməz oldu. Mən tamaşanın məşqlərində, ictimai baxışında iştirak etmişəm. Amma sevindiricidir ki, görkəmli aktyorumuz Fuad Poladov uzun fasilədən sonra yenidən bu səhnədə çıxış edir. Onun tərəf-müqabili isə gənc aktyor Məsmə Aslanqızıdır. Mənim üçün maraqlıdır ki, görüm onlar Həsənzadə Nargilə obrazlarını necə oynayacaqlar.

Tamaşada əsas rolları xalq artistləri Fuad Poladov, Şükufə Yusupova, əməkdar artistlər Məsmə Aslanqızı, Əjdər Həmidov, aktyorlar Almas Amanova, Elnar Qarayev, Fəridə Əliyeva başqaları canlandırmışlar.

Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan ülvi məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr böyük ustalıqla bu günümüzlə səsləşmişdir. Səhnədə cərəyan edən hadisələr sanki keçmişdə deyil, bu gün baş verir. Məhz bu səbəbdən də quruluşçu rejissor böyük ustalıqla hadisələrin axarına güclü təsir etmədən, əsas mətləbdən uzaq düşmədən əsəri tamaşaçıya yeni bir formada təqdim edə bilmişdir.

Yeni quruluşda hazırlanmış tamaşa böyük maraqla qarşılanmışdır.

Qeyd edək ki, İlyas Əfəndiyevin bu pyesi ilk dəfə 1964-cü ildə Akademik Milli Dram Teatrının səhnəsində rejissor Tofiq Kazımov tərəfindən hazırlanmışdır.

O zaman yuxarıda adları çəkilən aktyorlardan əlavə əsas rollarda Ətayə Əliyeva (Nəzakət), Kamil Qubuşov (Fərəc), Eldəniz Zeynalov (Fərəcov), Safurə İbrahimova (Sarısaç qız) iştirak etmişlər.

Tamaşaya görkəmli bəstəkar Fikrət Əmirov musiqi bəstələmiş, tanınmış rəssam Elçin Aslanov onun səhnə tərtibatını vermişdi. Tamaşa illərlə repertuardan düşməmişdir.

  

 

Ədəbiyyat qəzeti.- 2011.- 4 noyabr.- S.2.