Xalq yazıçısı Mirzə
İbrahimovun anadan
olmasının 100 illiyinə həsr edilmiş
konfrans
Oktyabrın 28-də Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində (ADMİU) xalq
yazıçısı, dramaturq, ədəbiyyatşünas
və publisist, Sosialist
Əməyi Qəhrəmanı, Dövlət
mükafatları laureatı, akademik Mirzə
İbrahimovun 100 illik
yubileyinə həsr olunmuş konfrans keçirildi.
Tədbirdə universitetin
prorektoru, professor Rafiq Sadıqov Prezident İlham Əliyevin xalq
yazıçısı Mirzə İbrahimovun
100 illik yubileyinin
keçirilməsi haqqında imzaladığı 19 iyul 2011-ci il tarixli Sərəncamını xatırladaraq, bununla əlaqədar respublikada
bir sıra tədbirlərin həyata keçirildiyini bildirdi.
R.Sadıqov görkəmli
dövlət xadimi və ədəbiyyatşünas
M.İbrahimovun çoxşaxəli fəaliyyətindən,
müasir Azərbaycan ədəbiyyatının
inkişafındakı misilsiz xidmətlərindən
söz açdı, onun
ictimai, bədii və elmi
fəaliyyətinin gənc nəslə tanıdılmasının
vacibliyini vurğuladı. ADMİU-da
yazıçının yaradıcılığına həsr
olunmuş diplom
işlərinin və dissertasiyaların yazıldığını
dedi.
Sonra M.İbrahimovun həyat və fəaliyyətini
əks etdirən sənədli film nümayiş etdirildi.
Konfransda professor Aqşin Babayevin "Mirzə İbrahimov
şəxsiyyəti" mövzusunda məruzəsi
dinlənildi.
Tədbirdə
çıxış edən "Ədəbiyyat qəzeti"nin
baş redaktoru, əməkdar
incəsənət xadimi Ayaz
Vəfalı redaksiyada işlədiyi uzun illər ərzində, - Mirzə müəllim
Yazıçılar İttifaqının sədri olanda da, olmayanda
da, - onu həmişə
eyni dərəcədə səmimi, diqqətli
və ədalətli gördüyünü
yubilyarın ruhuna dərin ehtiramla
xatırladı. O dedi: “Böyük
ədib və şəxsiyyət, görkəmli ictimai xadim, akademik Mirzə İbrahimovun
zəngin həyat və sənət yolu sözün həqiqi mənasında bir məktəbdir.
Onun əlyetməz
ucalığı, necə deyərlər, hamıya yetəcək
sadəliyi və müdrikliyi ilə vəhdətdədir.
Mirzə müəllim gəncliyə
ata qayğısı ilə yanaşar, hətta bəzən özünün yazılarını ədəbiyyata
yenicə gəlmiş cavan bir qələm adamının da
çapdan əvvəl oxumasını istər
və onun rəyinə olduqca
həssaslıq göstərərdi. Çox
zəngin həyat təcrübəsi,
geniş dünyagörüşü,
həm də geniş ürək sahibi olan Mirzə müəllimə
tam etibar etmək mümkün idi. Əsas məsələ
ədəbi-elmi həqiqətin qorunmasıydı. Bəzən
haqsız irad tutan səlahiyyət
sahiblərinə ipək kimi yumşaq, ipək kimi də
möhkəm Mirzə müəllim, əlbəttə,
özünə yaxşı məlum vacib
elmi faktlarla lazımi
cavabı verirdi.
Bu məktəbdən
öyrənməyə bizim
hamımızın həmişə ehtiyacımız var."
Daha sonra yazıçı-publisist Flora Xəlilzadə
Mirzə İbrahimovun ədəbi irsinin müasirliyindən söz
açdı və pyeslərindən birinin
tamaşaya qoyulmasının ölməz ədibin
minlərlə oxucuları üçün
bir yubiley hədiyyəsi
olacağını dedi.
Daha sonra əməkdar jurnalist
Zakir Abbas və
başqaları M.İbrahimovun elmi fəaliyyətindən, natiqlik
qüdrətindən, ana dilimizin
qorunmasında xidmətlərindən bəhs etdilər.
Sonda
yazıçının qızı, xalq artisti bəstəkar Sevda İbrahimova atasının xatirəsinə
göstərilən hörmət və ehtirama
görə ailə üzvləri adından tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirdi.
Ədəbiyyat qəzeti.- 2011.- 4 noyabr.-
S.3.