İçəridən
baxış
"2005-2011-ci illərdə tərcümə
işinin vəziyyəti" barədə məruzə
"Bir çaya iki dəfə girmək
olmaz" kimi məşhur bir deyim var. Amma məndən bir az əvvəl
bəzi həmkarlarımın, indi isə mənim bu zalda və
sizin qarşınızda müxtəlif mövzular və ədəbi
janrlarla bağlı məruzə üçün yenidən
dayanmağımız və danışmağımız,
bütün başqa şeylər kimi bu deyimin də şərtiliyini
göstərir. Yaxşıdımı, pisdimi? İndiki konkret
hal üçün siz bu suala dinləməyə
hazırlaşdığınız məruzənin sonunda cavab
tapa biləcəksiz. Amma bir şeyi qabaqcadan deyim ki, mənim
eyni mövzu - "...tərcümə işinin vəziyyəti
ilə bağlı" 7 il sonra bir daha məruzə etməyimin
bir və danılmaz pozitiv tərəfi olacaq; bu, məruzəçi
kimi mənə mümkün qədər obyektiv olmaq və əvvəlki
dövrlə bağlı da məruzə etdiyimdən
dürüst müqayisə etmək imkanı verəcək.
1. Biz niyə tərcümə edirik?
Biz niyə
tərcümə edirik? Bu sualın cavabı cüzi fərqlə
elə "Biz niyə yazırıq?" sualının
cavabı demək olardı. Çünki tərcümə sənəti,
tərcüməçilik işi yazmağın başqa
adıdır, imperativlər eynidir. "Biz niyə
yazırıq?" sualının cavabı yerinə isə məruzənin
əhatə elədiyi dövrdə bizim bir çox tərcüməçilərimizin
favoriti olan böyük türk yazıçısı, ədəbiyyat
üzrə Nobel mükafatı laureatı Orxan Pamukun
"avtobioqrafik Nobel nitqi"nin öz tərcüməmdə
olan bir hissəsini təqdim edirəm: "Bildiyiniz kimi, biz
yazıçılardan ən çox soruşulan, ən
çox sevilən sual budur: nə üçün
yazırsız? İçimdən gəldiyi üçün
yazıram. Başqaları kimi normal bir iş görə bilmədiyim
üçün yazıram. Mənim yazdığım kimi
kitablar yazılsın və oxuyaq deyə yazıram.
Hamınıza, hər kəsə hirsləndiyim
üçün yazıram. Bir otaqda bütün günü
oturub yazmaq çox xoşuma gəldiyi üçün
yazıram. Onu ancaq dəyişdirəcək reallığa
qatlana bildiyim üçün yazıram. Mən, sonrakılar,
hamımız, bizlər İstanbulda, Türkiyədə necə
bir həyat yaşadıq, yaşamaqdayıq, bütün
dünya bilsin deyə yazıram. Kağızın, qələmin,
mürəkkəbin qoxusunu sevdiyim üçün yazıram.
Ədəbiyyata, roman sənətinə hər şeydən
daha çox inandığım üçün yazıram.
Öyrəncəli və asılı olduğum
üçün yazıram. Unudulmaqdan qorxduğum
üçün yazıram. Gətirdiyi şöhrət və
hörmətdən xoşlandığım üçün
yazıram. Bir dəfə başladığım bu romanı,
bu yazını, bu səhifəni artıq bitirim deyə
yazıram. Hər kəs bunu məndən gözləyir deyə
yazıram. Kitabxananın ölümsüzlüyünə və
kitabların rəflərdə duruşuna uşaq kimi
inandığım üçün yazıram. Həyat,
dünya, hər şey inanılmayacaq qədər gözəl
və ecazkar olduğu üçün yazıram. Hekayə
anlatmaq üçün deyil, hekayə qurmaq üçün
yazıram. Daim gediləcək bir yer varmış - eynən
yuxudakı kimi, heç cürə gedə bilmirmişəm
duyğusundan qurtarmaq üçün yazıram. Heç
cürə xoşbəxt olmadığım, ola bilmədiyim
üçün yazıram. Xoşbəxt olmaq
üçün yazıram..." İndi isə əziz
dostlar, eyni mətndə "yazıram" sözünü
"tərcümə edirəm" ("çevirirəm")
və ya "tərcümə edirik" kəlmələri əvəz
edin.
Yaşlı-cavan
bütün yazıçılar aşağı-yuxarı,
cüzi fərqlərlə eyni səbəbdən yazırlar və
tərcümə edirlər. Bəzən isə həmişə
yazmaq olmur deyə tərcümə edirlər. Həm də
ona görə ki, tərcümə sənəti qədər
yazıçını formada saxlayan ikinci bir peşə, məşğuliyyət
yoxdur. Bəzilərinin təcrübəsində "peşə"
və "məşğuliyyət" sözünün
yerinə "sənət" də yazmaq olar əlbəttə.
Və onların tərcüməçilik fəaliyyəti
haqqında danışanda həmin sözləri "sənətkarlıq"
sözü ilə də əvəz etmək olar.
***
Sizə 4
kitabdan danışım.
Xalq yazıçısı
Anarın çoxcildliyinin VI cildi; Çingiz Əlioğlunun
müəllifi olduğu ikicildlik "Dünya ədəbiyyatı
antologiyası"; Mahir Qarayevin, öz sözləri ilə
desək, ilk və sonuncu olan "Tənhalıq" kitabı
və Həyat Şəminin "Yazılmayan şeirlər"
kitabı.
Birinci
kitabda kitabın əsas hissəsini xalq
yazıçısı Anarın müxtəlif illərdə
elədiyi tərcümələr təşkil edir. Burada qədim
dövrlərdən günümüzə qədər uzanan,
Şumer-Akkad mətnlərindən başlayaraq İosif
Brodskiyə qədər yol gəlmiş çox geniş
yazıçı mütaliəsi, zövqü və peşəkar
tərcüməçilik fəaliyyətini görmək
olar; 30 müəllifdən və mənbədən edilmiş
prozaik, 62 müəllifdən olunmuş poetik tərcümələr
toplanıb kitaba. Anar müəllimin tərcümələrinin
çoxlu qiymətli tərəfləri var. Əvvəla, bu,
yazıçının çox uğurlu poeziya tərcüməçisi
olduğunu təsdiqləyir; kitabı diqqətlə oxuyanlar o
saat anlaya bilər ki, bir çox müəlliflər Azərbaycan
dilində ilk dəfə məhz xalq
yazıçısının tərcüməsində səslənmişdir.
Şəxsən mənim üçün, poeziya tərcüməsi
ilə məşğul olan adam kimi Anarın tərcümələrinin
dilimizə münasibətdə necə səlis və
axarlı olması ilə dəyərlidir, öyrədicidir.
Çingiz
Əlioğlunun tərcüməçiliyi və tərtibçiliyi
ilə nəşr olunmuş ikicildlik antologiya, xüsusən
birinci cildi, "poetik hissəsi" ilə adamı heyrətləndirir.
100-ə yaxın müəllifdən edilmiş poetik tərcümələr
müxtəlif və qiymətli poettexnoloji laboratoriyadır əslində.
Müxtəlif metrikalar, şeir növləri, stixiyalar,
intonasiyalar, poetik məktəbləri göstərən bu
antoloji həm də nümunələr toplusudur. Fikrimcə,
Çingiz Əlioğlunun virtuoz poeziya tərcüməçisi
olduğunu təsdiqləyən, ikinci cildinə isə prozaik
tərcümələrin toplandığı 1000 səhifəlik
bu ikicildlik, məruzənin əhatə elədiyi
dövrün ən dəyərli və təkmüəllifli
tərcümə antolojisidir, ədəbiyyatı və tərcüməçiliyi
peşə seçməyi düşünən cavanlar
üçün qiymətli örnək və vəsaitdir.
Zaman-zaman dəyərli
müəllif şərhləri ilə müşayiət
olunan, "zərgər səliqəsi ilə tərtib
olunmuş" "Tənhalıq" kitabına Mahir Qarayevin
20 müəllifdən elədiyi poetik tərcümələr
toplanıb. Kitabın bir dəyərli tərəfi də
budur ki, Mahir Qarayev çevirdiyi mətnlərin
orijinallarını da təqdim edir kitabında. Bu, bir tərəfdən
tərcüməçinin öz işindən
arxayınlığının göstəricisidirsə,
başqa tərəfdən həmin kitabı müqayisə
aparmaq istəyən mütəxəssislər
üçün də. Kitabla bağlı şifahi söhbətlərimdə
müəllifə dediyim bir fikri bir daha səsləndirmək
istəyirəm kağız üstə: Mahir Qarayevin Rilkedən
elədiyi tərcümələr, xüsusən "Orfeyə
sonetlər" silsiləsi olduqca uğurludur, yüksək
peşəkarlıqla icra olunub.
Həyat
Şəminin kitabı da orijinal şeirlərlə
yanaşı, müəllifin tərcümələrindən
ibarətdir. Oden, Axmatova, Raisa Sarbi, Svetlana Suslova və b. fərdi
yaradıcılığında orijinal dəsti-xətti olan Həyatın
tərcüməçi kimi işi uğurludur. Üstəgəl,
tərcümə üçün mətn seçimi, ona
yanaşma tərzi maraqlıdır. Məsələn, Oden kimi
maraqlı bir şairə müraciəti və ingiliscədən,
orijinaldan tərcümələri diqqət çəkir.
***
Əziz
dostlar, haqqında danışdığım 4 kitabı elə-belə
nümunə göstərmədim. Diqqət eləsəz,
görərsiz ki, bu müəlliflər azalan xətlə və
10 il fərqlə müxtəlif ədəbi nəsilləri təmsil
edirlər. Amma onları birləşdirən bir ümumi cəhət
var: tərcüməçilik bu dəyərli ədəbiyyat
adamlarının yaradıcı tərcümeyi-hallarında
ardıcıl bir iş kimi əhəmiyyətli,ciddi yer tutur.
Bu isə elə əvvəldə qoyduğum "Biz niyə tərcümə
edirik?" sualının əyani cavabıdır. Bu
kitablardakı mətnləri, müəllifləri mütaliə
və diqqətli təhlil həmin dəyərli söz
adamlarımızın mütaliə zövqünü,
yaradıcı diapazonunu, yazar kimi formalaşmalarındakı
amilləri, təsirləri, pozitiv bəhrələnmələri
və bu kimi başqa məqamları da üzə
çıxarar. Biz niyə tərcümə edirik və
yazırıq? Tərcümə (elə ədəbiyyat da) -
ölməz Hötenin sözlərini improvizə eləsək,
kainatı bütövləşdirib bir yerə yığan
işlərin ən vaciblərindən biridir. Məgər ədəbiyyat
da bu deyilmi? Məgər biz tərcümə vasitəsilə
öyrənmirikmi ki, hardasa bir ucqar rus kəndindəki goca
mujik elə Azərbaycan köyündəki əkinçi ilə
eyni cür düşünür? Məgər tərcümə
bizə anlatmırmı ki, insanların nəbzi hər yerdə
eyni cür döyünür? Və bu sualları vermədən,
cavab almadan yaşamaq çətin olmazdımı?
2. 150 cildlik: ən əhəmiyyətli ədəbiyyat
hadisəsi
Təkcə
məruzənin əhatə etdiyi dövrün deyil, ümumiyyətlə,
müstəqillik illəri tariximizin ən əhəmiyyətli
mədəniyyət və ədəbiyyat olayı kimi qiymətləndirdiyim
bir hadisə ilə davam etmək istəyirəm məruzəmə.
Bu da Azərbaycan Respublikasının Prezidenti hörmətli
İlham Əliyevin 24 avqust və 30 dekabr 2007-ci il tarixli sərəncamlarıdır.
Həmin məlum sərəncamlar "Dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin Azərbaycan dilində
150 cildliyinin nəşri"ni nəzərdə tuturdu və
dövlət büdcəsindən bu iş üçün
5.000.000 manat vəsait ayrıldı. Sonuncu sərəncamla nəşr
olunacaq əsərlərin siyahısı da təsdiqləyirdi
ki, siyahıya görə əsərlər və müəlliflər
4 bölmədə - "Klassik dünya ədəbiyyatı",
"Müasir dünya ədəbiyyatı", "Nobel
mükafatına layiq görülmüş müəlliflərin
əsərləri" və "Dünya ədəbiyyatı
üzrə antologiyalar" başlıqları altında
sıralanırdı. Bu bir tərəfdən o vaxtacan
mövcud olan tərcümələrin yeni redaktədə nəşri,
başqa tərəfdən yeni tərcümələrin ortaya
çıxması demək idi. Təbii ki, bu həm də
böyük tərcüməçi, redaktor, naşir
ordusunun, bir sözlə, mütəxəssislərin dövlət
himayəsi altında əlverişli şərtlərlə
çoxdan gözlədikləri fəaliyyətlə məşğul
olmaq imkanıydı. Düşünürəm ki, indi
dövlət başçısına tərcüməçilər,
yəni bütün həmkarlarımız adından təşəkkür
etmək artıq görünməz.
Kitabların,
mətnlərin hazırlanması Bakı Slavyan Universitetində,
universitetin rektoru Kamal Abdullanın rəhbərliyi ilə
universitetin bazasında gerçəkləşdirilir və mətnlər
üzərində əsas texniki prosesi, koordinasiyanı universitet
nəzdində fəaliyyət göstərən, dəyərli
həmkarımız Salamın rəhbərlik elədiyi
"Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi
yerinə yetirir. Artıq bədii tərtibatı "Tutu"
nəşriyyatında gerçəkləşdirilən və
nəfis şəkildə "Şərq-Qərb" mətbəəsində
çap olunan 53 kitab işıq üzü görüb,
"Kitab klubunun" uğurla həyata keçirdiyi abunə
vasitəsilə oxucularımıza çatıb.
Nəşr
olunmuş kitablar hansılardır? Baxaq: A.Çexovun
"Seçilmiş əsərləri" (27 əsər, tərcüməçilər
qrupu), Sədi Şirazinin "Bustan" (tərc.: Mirmehdi
Seyidzadə) və "Gülüstan"ı (poetik tərc.:
Məmmədağa Soltan; prozaik tərc.: Rəhim Sultanov və
İsmayil Şəms; ön söz: Məsihağa Məhəmmədi),
Homerin "Odisseya" (tərc.: Ələkbər Ziyatay) və
"İliada"dası (tərc.: Mikayıl Rzaquluzadə),
Vilyam Şekspirin "Seçilmiş əsərləri"
("Romeo və Cülyetta", "Hamlet",
"Otello", "Kral Lir", "Maqbet" - tərc.:
Sabir Mustafa; ön söz: İsmixan Rəhimov), Jül Vernin
"Seçilmiş əsərləri" ("İyirmi min
lyö su altında" - tərc.: M.Təhmasib və
M.Mustafayev; "Arxipelaq alovlanır" - tərc.: Ə.Ağayev),
Aleksandr Puşkinin "Secilmiş əsərləri" (tərtib
edən: Telman Cəfərov; "Yevgeni Onegin", "Qafqaz əsiri",
"Tunc atlı", "Kapitan qızı"- tərc.: A.Səhhət,
S.Vurğun, M.Rahim, M.Rzaquluzadə, Ə.Tələt, B.Vahabzadə,
Q.Qasımzadə, N.Rəfibəyli, Ə.Məmmədxanlı,
T.Bayram, E.Borçalı), Daniel Defonun "Robinzon Kruzo"su
(tərc.:Əkbər Ağayev), Lev Tolstoyun
"Seçilmiş əsərləri" 3 cilddə (tərc.:
Cabbar Məcnunbəyov, Qılman İlkin, Mustafa Əfəndiyev,
Məmməd Arif, Beydulla Musayev), Yunus İmrənin "Əsərləri"
(tərtib edən, ön söz və lüğətin müəllifi
Cəlal Bəydili), "İngilis ədəbiyyatı
antologiyası" (tərtib edən və ön sözün
müəllifi: Zeydulla Ağayev; tərc.: Şəhla
Nağıyeva, Sabir Mustafa, Əli Səbri, Əkbər
Ağayev, Mikayıl Rzaquluzadə, Məmməd Nəbiyev,
Şahin Xəlilov, Hamlet İsaxanlı, Sabir Mustafa, Məmməd
Aslan, Ağasəlim Hacıyev, Aydın İbrahimov, Nurəddin
Babayev, Elçin Şıxlı, Xəyalə Məmmədova),
Nazim Hikmətin "Seçilmiş əsərləri" (tərtib
edən: Aqşin Babayev; ön söz: Anar), Gi de Mopassanın
"Seçilmiş əsərləri" (tərc.:
İsmayıl Şıxlı, Hamlet Qoca, Azad Yaşar (ön
söz), Ştefan Svayqın "Seçilmiş əsərləri"
( tərc.: Vilayət Hacıyev(ön söz), Çərkəz
Qurbanlı, Zahid Məmmədov, Həmid Arzulu, Afət Nəbi),
Yohan Volfanq Hötenin "Seçilmiş əsərləri"
(tərc.: Əhməd Cəmil (Faust), Çərkəz
Qurbanlı ("Gənc verterin iztirabları") , Ələmdar
İsa, Həmid Arzulu), Çingiz Aytmatovun
"Seçilmiş əsərləri" (tərtibçi:
Asif Hacıyev; ön söz: Bəxtiyar Vahabzadə; tərc.:
İshaq İbrahimov, Əkrəm Əylisli, Xeyrulla Əliyev,
Cəmil Əlibəyov, Qılman Musayev), Knut Hamsunun
"Seçilmiş əsərləri"
("Aclıq", "Torpağın bərəkəti";
tərc. və ön söz: Nadir Qocabəyli), Conatan Sviftin
"Qulliverin səyahəti" (tərc.: Mikayıl Rzaquluzadə),
Mark Tvenin "Tom Soyyerin macəraları" və
"Heklberri Finnin macəraları" (tərc.: Şəfiqə
Ağayeva, Hamid Qasımzadə), Orxan Pamukun "Seçilmiş
əsərləri" ("Mənim adım
qırmızı", "Nobel nitqi", "Başqa rənglər"-
müsahibələr, "Pəncərədən baxmaq" -
tərc.: Nəriman Əbdülrəhmanlı (ön söz),
Mayn Ridin "Seçilmiş əsərləri"
("Başsız atlı, "Otseolla-seminolların
başçısı" - tərc.: Cabbar Məcnunbəyov,
Vidadi Rzayev), Viktor Hüqo "Səfillər" və
"Paris Notr Dam kilsəsi" (tərc.: Beydulla Musayev,
Mikayıl Rəfili), "Alman ədəbiyyatı
antologiyası" (tərc.: Sabit Rəhman, Həmid Arzulu, Əlihəsən
Nəcəfov, Vilayət Hacıyev, Ayşə Mollayeva, Aybəniz
Abbasova, Teymur Elçin, Səkinə Hüseynova), Fenimor
Kuperin "Ləpirçi" və "Sonuncu
Moqikan"ı (tərc.: Əsəd Zeynalov), Joze Saramaqonun
"İsanın incili", "Təxirə
salınmış ölüm" romanları, "İn
Nomine Dei" pyesi, "Nobel nitqi" (ön söz və tərc.:
İlqar Əlfioğlu), Somerset Moemin "Teatr" romanı,
"Sadiq arvad", "Ledi frederik" pyesləri və
novellaları (tərc.: Yaşar), Xulio Kortasarın
"Xana-xana oyunu" romanı və hekayələri (tərc.:
Nadir Qocabəyli), Frans Kafkanın "Qəsr"i,
novellaları, pritçaları (tərtibat və ön
söz: Vilayət Hacıyev, tərc.: Çərkəz
Qurbanlı,Yusif Savalan, Mahir Qarayev), "Antik ədəbiyyat
antologiyası" (tərtibçi Əli Sultanlı və tərc.qrupu),
Herman Hessenin "Yalquzaq" romanı, "Knulp" povesti,
hekayələri, esseləri, "Nobel nitqi" (tərc.: Vilayət
Hacıyev, Çərkəz Qurbanlı, Paşa Əlioğlu,
Rafiq Haşımov; tərtibçi: Asif Hacılı), Andrey
Platonovun "Seçilmiş əsərləri" (tərc.:
Nəriman Əbdülrəhmanlı), Stiven Kinqin
"Ölü zona" romanı və hekayələri (tərc.:
Etimad Başkeçid), Q.Q.Markesin "Gözlənilən qətlin
tarixçəsi" (tərc.: Ə.Əylisli),
"Küskün gözəlçələrimi
xatırlayarkən" (tərc.: Saday Budaqlı),
"Patriarxın payızı" (tərc.: Afaq Məsud),
"Polkovnikə məktub yoxdur" (tərc.: İshaq
İbrahimov), "Bizlərdə oğru yoxdur" və hekayələr
(tərc.: Mahir Qarayev, Natiq Səfərov, Arif Əmrahoğlu,
Tahir Kazımlı), Luis Sinklerin "Eorusmit" romanı və
hekayələri (tərc.: Nərgiz Cabbarlı), Corc Oruelin
"1984", "Heyvanıstan", "Kataloniyaya məhəbbətlə"
roman və povesti (ön söz və tərc.:Vilayət
Quliyev), Harold Pinterin "Cırtdanlar" romanı və pyeslər
(tərc.: İlqar Əlfioğlu), Robert Stivensonun "Dəfinələr
adası", "Sahib Ballantre" (tərc.: Ələviyyə
Babayeva, Əlişirin Şükürlü), Ernest Heminqueyin
"Əcəl zəngi", "Qoca və dəniz"
hekayələri (tərc.: Hacı Hacıyev, Manaf
Süleymanov, Mahir Qarayev, Nəriman Əbdülrəhmanlı,
Ramiz Abbas), Con Qolsuorsinin "Ölümdən
güclü", "Dözümlü adam" roman və
povesti, hekayələri (tərc.: Aslan Quliyev), F.Şillerin
"Qaçaqlar", "Genuyada fieskonun sui-qəsdi" və
"Məkr və məhəbbət"i (tərc.:Mehdi Məmmədov,
Hüseyn Şərif, Nigar Rəfibəyli), Cek Londonun
"Martin İden" romanı (tərc.: İslam
İbrahimov), Haynrix Bölün "Seçilmiş əsərləri"
(tərtibçi və tərc.: Vilayət Hacıyev, Əkrəm
Əylisli, Çərkəz Qurbanlı, Afət Nəbi),
Fyodr Dostoyevskinin "Seçilmiş əsərləri"
(3 cilddə; "Cinayət və cəza" -tərc.:
Beydulla Musayev; "İdiot" - tərc.: Hüseyn Şərif),
Erix Mariya Remarkın "Zəfər tağı",
"Lissabon gecəsi" romanları (tərc.: Vilayət
Hacıyev, Çərkəz Qurbanlı), Qoqolun
"Seçilmiş əsərləri"(tərc.: Sabit Rəhman,
İshaq İbrahimov, Mikayıl Rzaquluzadə, Əkbər
Ağayev), Selincerin "Çovdarlıqda uçurumdan
qoruyan" romanı və hekayələri (tərc.:Tehran Vəliyev),
Per Laqerkvistin "Varavva", "Cırtdan" povest və
hekayələri (tərc.:İlqar Əlfioğlu), Jorji Amadunun
"Qum dəryasının kapitanları" (tərc.:
İqar Əlfioğlu).
Bu uzun
sadalamadan sonra icazə verin bəzi ümumi qənaətlərimi
də bölüşüm sizinlə.
Səlim Babullaoğlu
(Ardı var)
Ədəbiyyat qəzeti.- 2011.- 4 noyabr.-
S.4.