Qəlbin istəyilə duyğular işığında

        

Sözü, şeirilə tanışlığımın bir qərinədən də çox tarixi var. Aradan illər keçib… Universiteti bitirib "Sovet Ermənistanı" qəzetində jurnalist kimi çalışanda imzası Azərbaycan mətbuatında da görünməyə başlayıb. Şeir yaza-yaza, jurnalist kimi də qələmini itiləyib, inadla öz üzərində işləyib, sabahların sorağı ilə yaşayıb. Bir də gözünü açanda özünü uzun illərin sükutundan sonra yenidən qanad çırpan Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsində görüb. Onda hələ çox gənc idi. Sağdan, soldan qibtə edənlər az deyildi. Bu, onun üçün böyük məsuliyyət, etimad, həm də yüksəliş meydanı idi.

Gecə-gündüz fikir-xəyal aləmində idi. Düşünürdü: axı, bu teatr 30-40-cı illərdə öz sənət sehri, cazibəsilə İrəvanın qəlbini fəth etmişdi. Bir vaxtlar burada Kazım Ziya, Əli Zeynalov, Ətayə Əliyeva, Baxşı Qələndərli kimi sənətkarlar ürəkləri titrətmişdilər. Çətinliklər, qısqanclıqlar çox olsa da, teatrın əfsanəvi şöhrətini, hörmətini qaytarmaq gənc direktorun narahat yuxularının ümid yozumu, arzularının ucalığı, qaynar qəlbinin qətiyyəti idi. Hissləri, duyğuları bu kök üstündə köklənmişdi… Həmişə də Bakının köməyini umur, bundan ilhamlanır, qanadlanırdı. Təbii ki, yanılmırdı da!

Azərbaycan dramaturgiyasının gözə çarpan nümunələri teatrın repertuarında görünməyə, möhkəmlənməyə başladı. Teatrlarımızın rejissorları da bu sənət ocağından qayğısını əsirgəmədilər. Onlar öz uğurlu quruluşları ilə tamaşaçıların ürəyini tərpətdilər, alqışlarını qazandılar.

Teatr yenidən tanınmağa, həm də sevincləri ilə düşmən gözu çıxarmağa başladı. Gənc truppanın Azərbaycana qastrol səfərləri, burada göstərilən tamaşaların alqışlanması, ayrı-ayrı aktyorların, rejissorların fəxri adlara layiq görülməsi Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının varlığından, az vaxtda qazandığı sənət uğurlarından xəbər verirdi. Əlbəttə, bunlar ilk növbədə gənc, çalışqan, həm də vətənpərvər direktorun yenilməz sənət istəyinin, dözümlü zəhmətinin, fədakarlığının təcəssümü, təntənəsi idi!

Hidayət bacarıqlı, ilhamlı bir təşkilatçı kimi teatrı ayaq üstə qaldırdı, tanıtdı, teatr da onu qanadlandırdı, ucaltdı. O, teatra gələndə şair, jurnalist kimi hələ təzə-təzə tanınır, sevilirdi. Burada poeziyadan ayrılmadan səhnə ilə də doğmalaşdı. Bir-birinin ardınca yazdığı pyeslərin tamaşaları anşlaqlara qucaq açdı, yüksək mükafatlara layiq görüldü.

Teatr onun həyatında, yaradıcılıq bioqrafiyasında solmaz-saralmaz bir səhifədir. Dramaturgiya ilə doğmalaşması, bu sahəyə könül verməsi onu indi də sənətin bu çətin sahəsindən ayırmayıb. Pyesləri uğurla tamaşaya qoyulur, alqışlanır, mətbuat səhifələrində yüksək qiymətləndirilir.

Qələm dostumun bütün yaradıcılığı demək olar ki, mənim gözlərim önündən keçib. Şeir və publisistik kitablarını dönə-dönə oxumuşam, İrəvanda, Bakıda səhnə üzü görən pyeslərinin tamaşalarına həvəslə baxmışam. Qəzetlərdə, jurnallarda imzasını görəndə, radioda, televiziyada şeirlərini dinləyəndə həmişə ürəkdən sevinmişəm. İndiyəcən çox kitabları nəşr olunub. Şeir məcmuələri, publisistika kitabları... Əksəriyyəti də gözlənilən, tutumlu, qalın. Onu deyim ki, Hidayətin poeziyası kimi publisistikası da ürəyəyatımlı, oxunaqlıdır.

Mən neçə il qabaq qələm dostumun "Buradan bir atlı keçdi" kitabı haqqında yazmışdım. İndi təkrardan qorxurdum. Müəllifin kitablarını və mətbuat səhifələrində dərc olunmuş yazılarını gözdən keçirəndə gördüm qorxu hissi əbəs imiş.

Aydın, axıcı, obrazlı dil, poetik ruh bu yazıların canı, cövhəridir. Hər yazı bir insan ömrünün, taleyinin canlı hekayətidir. Oxucu başlayır, bəzən qəlbinin dərinliyində onun sona çatmasını istəmir.

O, sözə bir sənətkar kimi zərgər dəqiqliyilə baxır, onun qədir-qiymətini, səmimiyyətini, isti-soyuqluğunu, ürəkdən gəlib-gəlmədiyini qəlbiylə hiss edir, duyur. O, hər dəfə qələm götürəndə sözlə davranmağı, özü də etiraf etdiyi kimi, sözün nazını çəkməyi, onun əziyyətinə dözməyi bacarır. Bu da ömrün, yaradıcılıq bioqrafiyasının bir töhfəsidir. Uzun illər nəşriyyatda çalışması, redaktə ilə ardıcıl məşğul olması, saysız-hesabsız kitablara "yaxşı yol" deməsi varlığında sözə məsuliyyət hissini yoğurub-yapmışdır. Ona görə də qələm götürüb kağız üzərinə əyiləndə də, başqasının yazdığını oxuyanda da sözü bu üzündən o üzünə görür, qəlbilə sözün çəkisini, məna ağırlığını ölçüb-biçir.

Mir Cəlal haqqında çox yazılıb. Bir yerə yığsan, bəlkə də onu yazıçının öz qələmindən çıxmış bədii və elmi əsərlərin həcmi ilə müqayisə etmək olar. Hidayət öz müəllimindən yazarkən qürur duyğusunu gizlətmir. Mir Cəlalın insanlığı və sənəti bir axarda birləşir: görkəmli yazıçı, ədəbiyyatşünas-alim, tələbələrin qəlbində yuva quran, mütəfəkkir pedaqoq, sevildikcə sevilən və iftixarla "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir" - deyən ata. Mən də unudulmaz müəllim haqqında "Ürəyinə ürək çatmazdı" adlı geniş xatirələrimi yazmış, həm də bu böyük şəxsiyyət haqqında "Dağlar unutmur" adlı kitab çap etdirmişəm. Ona görə də Hidayətin "Mir Cəlal dünyasından sətirlər" xatirə-essesini oxuyub başa çıxanda qəlbimin dərinliyində bir heyranlıq nidası səsləndi. Düşündüm ki, əgər bu yazı Mir Cəlalı tanımayan, indiyəcən əsərlərinin üzünü görməyən bir adamın əlinə düşsə, onu su kimi içəcək, ayrı-ayrı məqamları, epizodları dönüb-dönüb bir də oxuyacaq və özü də hiss etmədən səhifələr ürəyinə köçəcək, orada yuvalanacaq, illərlə yaddaşından silinməyəcəkdir.

Müəllifin oxucuya bələdçilik edən "dünyada belə mədəniyyət, əxlaq və ucalıq örnəkləri olmasaydı, dünya çox zalım, amansız, subyektiv və haqsız olardı" sözləri ayrı-ayrı epizodlarda öz təsdiqini tapır.

Xatirə-esseni heyranlıq və qibtə hissi ilə oxuyarkən ürəkdən keçirdiyim hisslərin emosional dalğaları bütün varlığıma hakim kəsilmişdi.

Mir Cəlal Gəncədə pedaqoji təhsilini başa vurduqdan sonra taleyini ömürlük bağladığı müəllimliyə Gədəbəydə başlamış, ilk qələm təcrübələrinin sevincini bizim dağlarda duymuşdur. O mənim qəlbən sevdiyim yazıçılar arasında ilk sıralarda dayanan sənətkarlardan biridir. Universitetdə oxuduğum illərdə ustadla aramızda yaranmış qarşılıqlı ilıq münasibət illər ötdükcə dərin hörmətə çevrilmişdir.

Müəllif xatirə-esseyə maraqlı ad vermişdir: "Mir Cəlal dünyasından sətirlər". Görün necə də sadə və səmimidir, mənası da dərindən dərin. Bu, elə bil Mir Cəlalın öz qələmindən çıxıb.

Müəllif oxucuya üz tutub deyir ki, Mir Cəlal bir aləmdir, mənim yazdığım isə olsa-olsa bu sirli-sehrli dünyadan sətirlər.

Burada ürək səmimiyyətilə yüksək təvazökarlıq baş-başa verib. Yazını oxuyub sona çatanda qəlbini xoş duyğular bürüyür. Özün-özünə deyirsən: "Bu sətirlər olmadı ki?" Doğrudan da, bu xatirə-esse yaddaşlara yazılmış canlı təəssüratlar, həyati faktlar əsasında qələmə alınmış sənədli hekayətdir. Tələbələrinin qəlbində yaşayan, tez-tez Mir Cəlal müəllimi yada salan sözləri kim unudar? "Mir Cəlal müəllim oradadırsa, imtahan düzgün keçər". Yaxud da "Mir Cəlal müəllimi qəbula salıblar ki, imtahan düzgün keçsin".

Müəllif Mir Cəlal dünyasından dərin hörmət və ilhamla söz açdıqca bu ölməz insan, böyük yazıçı, mütəfəkkir alim və sözün əsl mənasında, ziyalı şəxsiyyət bütün əzəmətilə xəyalımızda canlanır.

Mir Cəlal öz təbəssümü, gülüşü, tələbələrinə, müəllim və yazıçı dostlarına müraciəti ilə də yaddaşlarda yaşayır. Onun təkrarsız deyimləri, sözləri dildən-dilə düşüb, gələcək illərə üz tutub. O, bəzən bircə cümlə ilə bir adamın obrazını yaradır, şəxsiyyətini mənalandırırdı. Ədibin "Səməd Vurğun gəncliyində kağız korlamayıb" sözləri böyük şairin yaradıcılığına verilən dəqiq və yüksək qiymətdir. Bəzən onun sərrast bir deyimi zamanı özündə təcəssüm etdirirdi. Brejnev dönəminin səciyyəsi yazıcı qələmində belə səslənirdi: "İndikilər "xoş gəlibsən"i də üzündən oxuyurlar". Buna söykək olan başqa müdrik bir deyim: "Gedək iclasa qonaq ol".

İsti, cəlbedici təhkiyə, epizodların zənginliyi, gözlənilməz ricətlər, sadə, səmimi dil və poetik qanad "Mir Cəlal dünyasından sətirlər"i böyük yazıçı, görkəmli ədəbiyyatşünas-alim və pedaqoq haqqında indiyəcən yazılmış xatirələrin ön cərgəsinə çıxarır. Oxucu əminliklə əlini ürəyinin üstünə qoyub onu ürəkdən sevdiyini, sənətkar qələmindən çıxdığını bildirir.

Mir Cəlal yazıçı, pedaqoq-alim kimi orijinal olmaqla, həm də bənzərsiz deyimlər ustası idi. Bunlar universitet divarlarından, kitabların səhifələrindən qanadlanıb ürəklərə yol alırdı. Xalq şairi Bəxtiyar Vahabzadə "Al günəşin sağlığına" şeirinə Mir Cəlalın bu sözlərini epiqraf seçmişdi:

"- Ay oğul, badələri çatdadan, sındıran yalandır, şüşələrin nə günahı?

- Hansı yalan?

- O yalan ki, hər oturanda badələrə deyirsiniz. Ona heç polad da dözməz!"

Müəllif bu dialoqu misal gətirərkən Mir Cəlal sadəliyinə, hazırcavablığına və müdrikliyinə dərin hörmətini, heyranlığını bildirir. Bu xatirə-esse öz müəlliminə əsl ehtiramın təcəssümüdür.

Bu cildə daxil edilmiş ən iri, sanballı yazılardan biri "Əziz Əliyev, Səməd Vurğun, Rəsul Həmzətov, bir də mehriban "düşmənlərin" barışığı"dır. Müəllif "mehriban düşmənlərin" barışığını başlığa elə-belə çıxarmayıb. Çünki yazının əsas qayəsi, məqamı da birbaşa bununla bağlıdır. Bu barışığın əsas təşkilatçısı da müəllifin özü olub. O, 1997-ci ilin yanvarında ulu öndər Heydər Əliyevdən belə göstəriş almışdı: "Rəsul Həmzətovu Səməd Vurğunun yubileyinə dəvət edin və onu Bakıya gətirin".

Hidayətin boynuna çox ağır yük düşürdü. O zaman Azərbaycan Respublikasının Milli siyasət məsələləri üzrə dövlət müşaviri işləyən şairin məsuliyyəti çox böyük idi. Hidayət ürək ağrısı və kədərlə düşünürdü: Azərbaycan ictimaiyyəti bu gün də unutmayıb ki, 80-ci illərin sonunda Rəsul Həmzətov "Literaturnaya qazeta"da çap etdirdiyi məktublarda danılmaz həqiqətləri təhrif edir, özü də hiss etmədən erməni təcavüzkarlarına dolayısı ilə qahmar çıxırdı. Xalqımız ürəkdən sevdiyi, Səməd Vurğunu özünə ustad saydığı dünyaşöhrətli böyük Rəsul Həmzətovdan üz döndərmişdi. Böyük sənətkarın Bakıda Azərbaycan dilində nəşr olunmuş kitabları Mahaçqalaya, Moskvaya - şairin ünvanına göndərilmişdi. Əlbəttə, şair öz səhvini dərk etdikcə içəridən yanır, qovrulurdu. Bu, onun taleyində qara bir ləkə idi. Bu ləkə silinməliydi…

Ömür yolu elə gətirib ki, Hidayət gənclik illərindən həyatın qoynunda, cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrin qaynağında olub. Ona görə də çox zaman qələm götürüb nə barədə yazacağını düşünməyib. Mövzular izinə düşüb hey onu axtarıb. Özü də yaxşı bilir ki, hər hansı bir insan, yaxud çoxlarını düşündürən hadisə, məqam qəlbinə düşüb onu silkələyir, həyəcanlandırırsa, bax, onda yazı stoluna yaxınlaşır. Ürəyində göz vuran işıq pıçıldayır ki, yaz, intuisiyan səni aldatmayıb.

"Əziz Əliyev, Səməd Vurğun, Rəsul Həmzətov, bir də "mehriban düşmənlərin" barışığı"nı aram-aram, düşünə-düşünə oxuyub sona çatırsan, urəyin işıqla dolur, düşüncələrin xeyirxahlıq, ümid və inam duyğuları ilə dolub silələnir. Janrların qovuşduğu bu şairanə yazı müasir publisistikamızın ən mənalı, dəyərli nümunələrindən biridir. Bir vaxtlar qəzet səhifələrində oxuduğum, müəllifə təşəkkürümü bildirdiyim bu qələm nümunəsini yenidən oxuyanda daha incə çalarlar, yazıçı məharəti və sənətkar ustalığı duydum. Qələm dostumun bu şairanə hekayəti şair qəlbinin incə tellərilə sığallaya-sığallaya, əzizləyə-əzizləyə yazdığını xüsusi vurğulamaq keçdi ürəyimdən…

Bu, bəlkə də ona görə belə düşündürücü, oxunaqlı qələm nümunəsi hesab olunur ki, müəllif əvvəldən axıra kimi bütün əhvalatların iştirakçısı, daha doğrusu, həssas bələdçisidir. Böyük romanlarda olduğu kimi, burada da hadisələrin zənginliyi, gözlənilməzliyi, Bakı ilə Mahaçqala arasında silsilə telefon zənglərinin nigarançılığı, bunların zərgər dəqiqliyilə ipə-sapa düzülməsi, heç nəyi gözdən qaçırmadan şirin dil ilə novellavari keçidlərlə qələmə alınması təbii ki, yetkin publisist qələminin nəticəsidir.

Hiss olunur ki, müəllif yazıya başlayarkən qəlbinin yelkənini geniş açaraq öz xarakterindən gələn təmkinlə, dərin hörmət və ehtiramla essenin qəhrəmanlarını, eləcə də bütün iştirakçıları öz oxucularına təqdim etməyi qarşısına məqsəd qoymuşdur.

Bunu bir daha ulu öndər Heydər Əliyev, ağır müharibə illərində Dağıstan xalqlarının pasibanı, doğması olmuş, indi orada xatirə ucalığında əbədiləşən Əziz Əliyev, ustadı haqqında coşqun məhəbbətlə "Səməd Vurğun ürəklərimizi fəth etdi" - deyən böyük söz ustası Rəsul Həmzətov, xalq şairi Nəbi Xəzri, böyük şairin ömür-gün yoldaşı, nəcib kumık qızı Patimat xanım, Əziz Əliyevin oğlu, istedadlı həkim Tamerlan Əliyev, Rəsul Həmzətovun qardaşı, görkəmli alim Hacı Həmzətov və Kalmıkiyanın xalq şairi David Kuquetinov barədə hərarətlə söz açdığı təsirli səhifələrdə, sətirlərdə də aydın görmək olar.

Ayrı-ayrı epizodlarda təsvir edilən başqa şəxslər haqqında da təsirli ştrixlər, dəqiq ifadələr və təsvirlərlə yaddaşlara həkk olan lövhələr yaradılmışdır.

Hidayətin bir insan, söz adamı kimi qayğılı baxışları, səmimiyyəti, ağır təbiəti, ağsaqqalyana davranışı və poetik qələmi səhifələrdə durula-durula çağlayıb gedir.

Həyatda, televiziya ekranlarında bir yerdə görməyə adət etdiyimiz tələbəlik dostlarının - iki məşhur şairin on ildən çox küsülü qalması, yeri gəldi-gəlmədi bir-birinin kölgəsini qılınclaması Hidayəti nə qədər kədərləndirir, sarsıdırsa, onları görüşdürmək, barışdırmaq üçün keçdiyi çətinliklərin sonunda necə sevindiyini, qanadlandığını görür və qəlbən ona qoşuluruq. Hər iki sənətkarın bu umu-küsünü bir yana qoyub, səmimiyyətlə bir-birinin əlini sıxması Azərbaycan və Dağıstan xalqlarının ürəyini yerindən oynatmış, əsrlər boyu bir-birinə can deyib, can eşidən insanların gözlərini sevinc dalğaları ilə doldurmuşdu.

Səmimiyyət, mövzu genişliyi və hadisələrə müdrik baxış bu cildin əsas məziyyətidir. Hidayət tələbəlik illərindən üzü bəri qəzetdə, teatrda, nəşriyyatda və yüksək vəzifələrdə işlədiyi son 20 ildə heç vaxt qələminə dinclik verməyib. Şeir kitabları, ayrı-ayrı teatrlarda tamaşaya qoyulan pyesləri, qəzet və jurnallarda çap olunan məqalələri, resenziyaları, yol qeydləri, nostalji xatirələri və müsahibələrilə heç vədə oxuculardan aralanıb, ayrı düşməyib. Həmişə onların yanında, yaxınlığında olub. Ayrı-ayrı yazıların yazıldığı, dərc edildiyi tarixlərə göz yetirəndə buna bir daha əmin olursan.

Hidayət şairdir, müdrik söz adamıdır. Ona görə də tanıdığı, tanımadığı qələm sahiblərinin taleyini, yaradıcılığını, yeni kitablarını gözdən uzaq qoymur və yeri gəldikcə mətbuatda sözünü də deyir.

 

Sən həminki Xəlilsən,

Xəlil, dustaq deyilsən! -

 

misraları "Xəlil Rza zindanda" məqaləsinin canı-cövhəridir. Burada xalq şairinin mübariz poeziyasına, iradə dönməzliyinə, əyilməzliyinə vurğunluq və dərin hörmət təcəssüm olunub. Yerində, ustalıqla gətirilən misallar, düzənlənən müqayisələr Xəlil Rzanın portret cizgilərini zənginləşdirir, tamamlayır. Bir anlığa Lermontovu, Nazim Hikməti, Musa Cəlili xatırlayın.

"Nazim Hikmət kommunist olduğu üçün zindana atıldı, Xəlil Rza - kommunist olmadığı üçün". Bir baxın görün bu fikirdə nə qədər məna var! İstiqlal şairinin Lefortovo zindanında keçirdiyi işgəncə və məşəqqət dolu günlərinin acı mənzərəsindən söz açarkən bu misralar köməyə gəlir:

 

…Rəssam, çək bu lövhəni -

Maraqlı mənzərədir:

Qul gözətçi önündə

Azad bir dustaq gedir!

 

"Xəlil Rza zindanda" yazısı coşqun şair haqqında ürək ağrısı ilə yazılmış əsl sənətkar sözüdür. Səmimiyyətinə, hərarətinə görə oxucu ürəyinin tellərini titrədir. Yazının təsir gücü ondadır ki, şair və onun döyüşkən poeziyası qüdrətli bir obraza çevrilir və ürəklərdə yuvalanır. Yekundakı sətir müəllif fikrinin nidası kimi səslənir: "Ömrünü zindan uzadan şairlərin axır qisməti əbədiyyətdir!"

Cilddə müəllifin yaxşı tanıdığı, yaradıcılığını daim izlədiyi şairlərdən Nəriman Həsənzadə, İsa İsmayılzadə, Rüstəm Behrudi, Şota Rustavelinin məşhur "Pələng dərisi geymiş pəhləvan" poemasını orijinaldan Azərbaycan dilinə məharətlə tərcümə etmiş İmir Məmmədli haqqında yazıları da cərgələnmişdir.

"Bir şair ömrünün inciləri", "Uşaqlığın böyüdülmüş şəkilləri", "Poetik təsəvvür" və "Pələng dərisi geymiş pəhləvan" başlıqlarının özü çox söz deyir, məna ifadə edir və oxucunu bu şairlərin poetik dünyası ilə qovuşdurur.

Hidayət qələm dostu Nəriman Həsənzadənin yaradıcılığından hörmətlə yazarkən öz qənaətini bu sözlərlə ifadə edir: "Nəriman Həsənzadə həyatda nə qədər sadə, mehriban, həlim adamdırsa, hərdən kiməsə güzəştə getməyi, hansı səhvi bağışlamağı bacarırsa, sənətdə o qədər möhkəm, əqidəli, sənətinə tələbkar, ədəbi prosesdə prinsipialdır. Başqa sözlə desək, o, şəxsiyyət kimi insan-şairdir, sənətkar kimi şair-insan. Bu qoşalıq şair taleyinin ömürlük bələdçisi, yoldaşıdır".

Hidayətin bu sözlərini oxuyarkən xalq şairi Nəriman Həsənzadənin obrazı gözümüz qarşısında canlanır. Ürəyimizin dərinliyində şair haqqında dost istəyini qələmə alan müəllifə "Əhsən!" deyirik.

O, sevə-sevə oxuduğu, qəlbinə yaxın bildiyi şairlər, yazıçılar haqqında söz açanda sevinir, qələmində sözlər çiçəkləyir, oxucuların ruhunu oxşayır. Bu da təbiətindən, onun ilıq, yumşaq xarakterindən, ürək genişliyindən irəli gəlir. O, qəlbində nə varsa, nə düşünürsə, onu dilə gətirir. Qələm dostu barədə dedikləri: "İsa İsmayılzadənin poeziyası arxalı, qətiyyətli, inamlı poeziyadır". "Uşaqlığın böyüdülmüş şəkilləri" məqaləsindən gətirdiyimiz bu misal şairin öz sənət dostunun yaradıcılığı haqqında qənaətinin, düşüncələrinin yekunudur desək, məncə, səhv etmərik.

Demək olar qələm sahiblərinə həsr olunmuş yazıların hamısında bu məziyyət, dost uğuruna sevinmək, onu alqışlamaq ruhu qabarıq hiss olunur.

O, gənclik illərində teatra üz tutub. Erməni xislətindən, məkrindən gözlədiyi, gözləmədiyi çox zərbələr alsa da, quru yerdə dişi-dırnağı ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrını yaradıb. Özü də xüsusi şövqlə, ilhamla, yüksək vətəndaşlıq duyğuları ilə. Bu da şair ömrünün mənasına, qayəsinə çevrildi, onun həyatında, taleyində dərin təbəddülatlar yaratdı, izlər buraxdı.

Yadımdadır, şair kimi tanına-tanına ucalan, şöhrətlənən gənc Hidayət dramaturgiya sahəsində də qələmini sınamağa başladı və silsilə pyeslər yazdı. Şair qələmindən çıxan əsərlərin səhnə uğuru onu yaradıcılığın çətin və mürəkkəb sahəsilə ömürlük doğmalaşdırdı. Nəticədə Azərbaycan teatrları, eləcə də televiziya onun pyeslərinə müraciət etdi. Tanınmış rejissorların quruluşunda bu əsərlər tamaşaçılara, həm də müəllifə sevinc bəxş elədi. Bu da faktdır ki, onun səhnə işığı görən pyeslərinin uğurlu taleyi barədə yetərincə təqdiredici resenziyalar yazılıb.

Təbii ki, ömrün teatrla, dramaturgiya ilə bağlı illəri onu rejissorlar, aktyorlar, rəssamlar, eləcə də incəsənətin bu sahəsilə bağlı çox sənətkarlarla dostlaşdırıb. Hidayət də qələm sahibi kimi bu yaradıcı insanlar və onların sənət uğurları haqqında məqalələr, resenziyalar, xatirələr yazıb, geniş qəlblə söz açıb. Xalq artisti Muxtar Avşarovun qaçqınlığı, həbsxanaların məşəqqətini görən, lakin ürəyində ümidi, həyat eşqi heç vədə öləziməyən mübariz ömür yolundan söz açan "Dirilən adamın ölməzliyi" essesi oxucunu həyəcanlandırır, düşündürür. Yazını oxuduqca ölməz aktyorun mərd-mərdanə obrazı gözümüzdə ucaldıqca ucalır.

Müəllif sənətkar-aktyorun ziqzaqlı, keşməkeşli taleyindən yanar ürəklə yazır: "Muxtar ölümün içiylə addımladı, amma dirildi və bu dirilmə onun həbsdən çıxandan sonrakı əlli doqquz illik sənət axtarışlarının, enişli-yoxuşlu ömür yolunun başlanğıcı oldu.

İşıq gec də olsa qaranlığı əritdi. Həqiqət axır ki, yalanı, böhtanı üstələdi".

Burada hər söz sənətkar seçiminin ustalıq, məharət nişanəsi, şair-publisist qələminin yanğı vurğusudur.

Yaxşı xatırlayıram, Hidayət hər dəfə İrəvandan Bakıya gələndə teatrlara, nəşriyyatlara, qəzet, jurnal redaksiyalarına, televiziya və radioya baş vurur, bircə gününü, saatını boş ötürmürdü. Əslən İrəvanın məşhur Avşarlar nəslindən olan müqtədir aktyor, qılıqlı, şirin insan kimi tanınan Muxtar Avşarovla yaxından tanışlığı o illərdən başlanmışdı.

Səksəninci illərin ortalarından müəyyən qüvvələr Heydər Əliyevin fəaliyyətinin lazımınca işıqlandırılmasına qısqanır, hətta bunu məhdudlaşdırırdılar. Mən televiziyada baş redaktor işlədiyim o illərdə biz Hidayətin "Bu dünyanın adamları" pyesini tamaşaya hazırlamışdıq. Səs-küyə səbəb olan bu tamaşa ilə bağlı müəllifin ürəyində çox xatirələr uyuyur. Sağ olsun ki, məni də yada salır...

Tamaşada əsas rollardan birini Muxtar Avşarov oynayırdı. Müəllif "Dirilən adamın ölməzliyi" adlı geniş yazısında bir daha xatırlayır: "Tamaşa televiziya ilə göstəriləndən sonra Muxtar Avşarov mənə dedi:

- Sağ olun o epizod üçün. Mən əvvəllər demədim ki, dilə-dişə düşsün".

Əlbəttə, burada Heydər Əliyev nəzərdə tutulurdu.

Müxtəlif janrda qələmə alınmış yazılar… Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovaya həsr edilmiş "Heyrət, ey Büt…", "Uşaqlar və gənclər üçün yazmaq məsuliyyəti", "Naşirlər,… nəşrlər… problemlər", "Baba nəğməsi", "Dil xalqın qəlbinin açarıdır" və neçə-neçə başqa esselər, yazıçı düşüncələri, qeydləri, resenziyalar… Hər biri də ürəkdə iz salan, kitabdan-kitaba köçməyə haqqı olan…

Hidayətin "Müsahibələr"i də maraqla oxunur. Tanış olarkən istər-istəməz düşünürsən: Hidayət axıb gedən zamanla, dünyanın gərdişi ilə nəfəs alan sənətkar kimi hər an məsuliyyətini, dilə gətirdiyi sözün yerini, çəkisini həssascasına hiss edən müdrik söz adamı, istedadlı şair, görkəmli dramaturq və sayılıb-seçilən publisistdir.

"Ədəbiyyatımız, sənətimiz xalqımıza borcludur", "Mənəvi dayaq olaq", "Söhbət bütöv Azərbaycandan gedir", "Köhnə yazılarımda nəyisə dəyişməyi xoşlamıram", "Bu günüm uşaqlığımın böyüdülmüş şəklidir"… adını çəkdiyim və bu cilddə cərgələnən başqa müsahibələr sənətkarın xalqımız, müstəqillik sevinclərimiz, Qarabağ dərdi, yaşadığımız günlərin, zamanın düzəni haqqında müdrik sözü, fəlsəfi fikirlərinin, publisistik duyğularının söz abidəsidir. İnanıram ki, oxucu bu cildi əlinə götürəndə ondan ayrılmayacaq, müəllifin ürək söhbətlərinə, publisistik yazılarına qoşulacaq, onun tərəfində duracaq.

 

 

Nahid HACIZADƏ

 

Ədəbiyyat qəzeti.- 2011.- 4 noyabr.- S.5-6.