Çağdaş aşıq sənəti ilə bağlı düşüncələr

   

Aşıq sənətinin bu gün düşdüyü acınacaqlı durum, ənənədən qopma, ustad-şəyird münasibətlərinin itməsi və s. və i.a. bağlı nigarançılığa, qayğılara diqqət çəkmək istəyirəm. Düşüncələrimi, qənaətlərimi çevrələyən bu başlıq da içimdəki inamdan doğuldu. Bu ada yetişməyimə sazın günümüzə gəlib çatdığı yol tarix qədərində vaxt-zaman yaşadım. Aydın olanlar, gerçəkliklər bir daha önümdə boy verdi. Bir daha sazın tarixinə qayıdıb olanları təkrar etmədən mən də o fikirdəyəm ki, sazın tarixi türkün tarixidir, yaşı da yaşına bərabərdir, bu xalqın həyat, düşüncə tərzinin bir şəklidir...

XX yüzilin ilk onilliklərinə daha dəqiqi, sovetlər dönəminə kimi saz milli mənsubiyyətin, milli dilin, milli kimliyin, milli düşüncənin daşıyıcısı, qoruyucusu təməl daşı, təməl qatı olmuşdur.

Belə olmasaydı, indiki İran ərazisində xanlıqlar görmüş, dövlətlər qurmuş, imperiyalara sinə gərən, qırıla-qırıla, azala-azala bu gün 35 milyon qalan soydaşlarımızın sazı (əslində dili, sözü, düşüncəsi, hüququ, məktəbi, elmi, kitabı...) dar ağacından asılmazdı. Və ya şimalda "Sovet aşığı" obrazı yaratmaqla Dədə Qorqud, Koroğlu, Yunus İmrə, Aşıq Veysəl, Abbas Tufarqanlı, Xəstə Qasım, Şah İsmayıl Xətai, Aşıq Alı, Aşıq Ələsgər unutdurulmazdı. Əslində nələr-hansı dünyagörüş, hansı bədii düşüncə, hansı dini-ruhani aləmi gizlədilməyə çalışıldı?! Şüurlu şəkildə dərin keyfiyyət, mahiyyət dəyişmələrinə məruz qalındı. Zahiri şəkil dəyişmədi, mahiyyət, hal, ruh, dəyişdi: "Haqqa aşiq olanların" qibləsini dəyişdilər, qibləgah Kreml, Kommunist Partiyası, yəsəviliyə, sufizmə aşiqlik stalinizimə, leninizimə yönəldildi. Təbii ki, rejimin məqsədyönlü niyyəti nəticəsini verdi: aşıqlar birmənalı şəkildə cəmiyyətdə nüfuzlarını itirdilər. Onlar ənənəvi məna, məzmun, ideya tarixi kökündən uzaqlaşdırıldı (Yeri gəlmişkən, xatırladaq ki, həyatları bahasına, əqidəsinə, məsləkinə, tarixi köklərinə bağlı qalanlar, bu siyasətə etirazda bulunanlar repressiyalara məruz qaldılar...Ruhları bir daha şad olsun).

Günçıxandan günbatana geniş bir ərazini çevrələyən xalqın kimliyi olan möhtəşəm bir sənətə beləcə zərbə vuruldu, saz "repressiya" olundu, "sürgün" edildi. Görkəmli sənət - onun daşıyıcıları məişət səviyyəsində, çərçivə daxilində fəaliyyətə məhkum olundular...

Lakin suya, torpağa, təbiətə bitib-tükənməyən ehtiyac, sevgi tək, aşıq sənətinə vurğunluq, bağlılıq qəlblərdən, yaddaşlardan, xatirələrdən silinə bilmədi. Böyük, kiçik səhnələrə girişi qadağa olsa belə, məktəb, elm ocaqlarında tədrisi qəti yasaqlansa belə, cəmiyyətdə müxtəlif yollarla aşağılansa belə, haqqa tapınma kimi, Tanrıya dua kimi şüurlarda, qəlblərdə yaşadı. Yaşlılardan çox eşitmişik ki, Bakının küçələrində, miniklərdə aşıq görəndə digər millətdən olanlar bir yana, digər millətin dilində bülbül kimi ötən "bizimkilər" aşığı necə məzhəkə obyektinə (geyimi, papağı, çəkməsi, sazını) çevirərmişlər. Aşıq beləcə, şəhər mərkəzlərindən gen salınardı...

Humanitar elmdə belə fikir qəliblənib ki, aşıqların IV qurultayından (1984) sonra bir qədər bu sənətə münasibət dəyişilmiş, bir qədər aşıq sənətkarlar toparlanmış, saz çalmağa "ürəklənmişlər". Amma bir tarixi gerçəklik var ki, ondan vaz keçilə bilməz. O zaman - 1969-cu ildə Azərbaycan Televiziyası və Radio Komitəsi adlanan qurumda - Dövlət radiosunda gənc nasir Mövlud Süleymanlının təşəbbüsü, ideyası və qələmilə "Bulaq" verilişi ərsəyə gəldi və ilk verilişdə ustad aşıq Hüseyn Saraclının çalğısı, səsi Azərbaycan ellərinə yayıldı; Azərbaycan efiri uzun illərin tabusunu qıraraq aşıq sənətinə, aşıqlara yer, vaxt ayırdı. "Bulaq" verilişi 40 ildən çoxdur ki, xalq yaradıcılığının təbliği, xalq musiqisini, aşıq sənətini sevdirməklə məşğuldur. "Bulaq" verilişində uzun zamandır ki, tanınan-tanınmayan aşıqlardan söhbət açılır, aşıq havaları təqdim edilir, xalq danışıq dili, bədii düşüncəsi zahirən baməzə mahiyyətdə, fəqət müdrik, tərbiyəli yükü ilə seçilən lətifələr, hikmətli sözlər, əxlaq, savad təbliğ edilir. "Bulağ"ın tarixi xidmətlərinin ən ümdəsindən biri də xalq dilinin təbliği idi: Məhz dilimizin duruluğu, xalqa sadə dillə ən qəliz, fəlsəfi fikirləri çatdırmaq, dinləyici ilə onun başa düşdüyü dillə ünsiyyət yaratmağın başlanğıcını qoydu "Bulaq". Məhz onun müəllifləri "Bulaq"la dilimizin duruluğunu, sadə tərzdə böyük mətləbləri ifadə etmək gücünü çatdırdı. Efirdən eşidilən quru, rəsmi dil - qəzet dili fikrimizcə, az zaman içində anlaşıqlı, xalqa yaxın bir tərzdə səslənməyə sanki "məcbur" oldu. Onu yada salmaq istəyirəm ki, məhz həmin qadağa illərində, bu sənətin "gözümçıxdı" dövrlərində "Bulaq" verilişi, onun müəllifi, yaradıcı kollektivi böyük təəssübkeşliklə maneələrə, təzyiqlərə baxmayaraq, aşıq sənətinə üz tutdular, işıq saldılar, qorudular, günümüzə "gətirdilər"... Bu yolda mərhum Hüseyn Arifin xidmətləri də unudulmamalıdır. Aşıqların təşkilatlanması, bir cəmiyyətdə toparlanması, üz tutmağa ünvan bulmaları az-çox bəhrəsini verdi. Və ya bir neçə müddət xalq şairi Zəlimxan Yaqubun telekanallardan birində "Dastanlardan gəlmişik" layihəsi diqqəti cəlb etdi. "Aşıq Pəri" məclisləri yadda qaldı. İstər vaxtilə (1990-2010-cu illərdə) Azərbaycan Dövlət radiosunun aşıqlara həsr edilmiş çoxsaylı verilişləri: "Sarıtel", "Dastandan üzü bəri", "Dastan axşamı", "Şirvan gözəlləməsi", "Gözəlləmə", "Ustad nəfəsi", istərsə də sonrakılar əlbəttə ki, bu günün baxışından tədqiqata cəlb olunmalı, dəyərləndirilməlidir, öz tarixi qiymətini almalıdır.

Müxtəlif adlar, müxtəlif formalar, müxtəlif yanaşma və səviyyələrdə günümüzə çatan aşıq sənətinin bu günü insanı daha çox qayğılandırır. Çox yerindədir ki, bu gün dövlətimiz Aşıqlar Birliyini xalq şairi Zəlimxan Yaquba etibar edib. Bu istiqamətdə onun gördüyü işlər alqışlanmalı və dəyərləndirilməlidir. Bir neçə Beynəlxalq aşıq festivalının keçirilməsi, ayrı-ayrı aşıqların yubileyinin respublika səviyyəsində qeyd edilməsi, "Ozan dünyası" adlı jurnalın nəşrə başlaması çox diqqətəlayiqdir...

YUNESKO-nun əsas məramı abidələrin bərpası, tədqiqi dünya mədəni irsinə salınıb öyrənilməsi və gələcəyə ötürülməsi kimi tarixi və çox əhəmiyyətli missiyadır. Ölkənin birinci xanımı Mehriban Əliyevanın tarix və xalqımız qarşısında bu yoldakı xidmətləri çox dəyərlidir. Azərbaycan xalçaları, Azərbaycan mətbəxi, Azərbaycan abidələri, Azərbaycan muğamı, nəhayət, "Aşıq sənəti"nin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına məhz onun təşəbbüsü ilə salınmışdır.

Bu gün əsas məsələ aşıqların nə səviyyədə dünya səhnəsinə çıxması, qədim xalq sənətini özünə yaraşası şəkildə, mahiyyətinə, dəyərinə uyğun biçimdə təqdim etməkdir. Yuxarıda yada salındığı kimi məlum səbəblərdən ənənəsindən qopan, tarixi yaddaşından "gen" salınan, bu gün belə peşəkar aşıq təhsil-tədris sisteminin olmaması ucbatından yumşaq deməyə çalışsaq da, çox pərakəndə vəziyyətdə olan, daha doğrusu, bərbad, tarmar olan aşıq sənəti, fikrimizcə, özünün axtarış dövrünü yaşayır. Gerçək sənətə - saza doğru öyrətmə yollarında bir neçə müstəsna axtarışları, xidmətləri istisna etməklə, ciddi işlər görülməlidir... Aşıq sənəti ilə bağlı dos. dr Sənubər Bağırovanın və bir neçə dəyərli çıxışların müəlliflərinin aşıqların sonuncu qurultayındakı (2008-ci il) dəyərli fikirləri nəzərə alınmalıdır.

Etiraf etməliyik ki, XX əsrin əvvəlləri ilə müqayisədə, aşıqlar "intellektual inkişaf baxımından" öz dinləyicisi ilə bu gün bir sırada addımlaya bilmir. Avropaya, dünyaya açıq olan cəmiyyətimiz - gənclər, gələcəyin azərbaycanlıları aşıq musiqisinə niyə qulaq asmır?.. Və ya muğamdan fərqli olaraq aşıq sənəti niyə daha çox tənəzzülə uğradı, itirdi, yolunu azdı, bayağılaşdı, günümüzə bu şəkildə çatdı?!

Çox uzağa getməyək, yüz il öncə aşıqların cəmiyyətdə, həyatımızda rolu dəyərli idi, hörmətli idi. Az öncə muğam sənəti ilə bağlı bu təşvişləri yaşasaq da, Mehriban xanımın diqqəti, təəssübkeşliyi nəticəsində muğam dünyaya çıxdı, dünya muğamı alqışladı. Amma bu məqama qədər muğamın keçdiyi həmin axtarış, təşkilatlanma nəzərə alınmalıdır. Burada həm də tarixi unutmamalıyıq. Dahi Üzeyir bəyin Konservatoriyada muğam sinfi açması,muğamları nota alması və.s. xidməti də bu sənətin inkişafında əvəzsiz rol oynamışdır...

Tarix boyu türklərin - azərbaycanlıların yaşadığı məkanlar ustad aşıqları, şəyirdləri, ümumiyyətlə, o regiona xas aşıq məktəbləri, mühitləri ilə tanınmışlar, seçilmişlər. Onları yalnız bir mahiyyət birləşdirirdi: milli dil, milli düşüncə, bədahətən söz demək ustalığı. Aşıq ciddi sənətlə məşğul olmalı, çayxanalardan yığışmalıdır. Toylarda, el şənliklərində olsa belə, sənət nümayiş etdirməli, sənəti bayağılaşdırmaqdan çəkinməlidir. Dolanışıq xatirinə sənəti ucuzlaşdırmamalıdır. Əksinə, kütləvi tədbirlərdə, yığıncaqlara sazı sevdirməyə, aşığı hörmətə mindirməyə çalışmalıdır. Necə?! Aşıqlar bu gün tənəzzüldən qurtulmaq üçün müasirləşməlidilər. Müasirləşmək o demək deyildir ki, qalstuk taxıb, ciddi kostyum geyinib el şənliklərində və ya televerilişlərdə elektron alətlərin köməyi ilə və onların fonunda saz çalıb oxuyasan, yeri gəldi-gəlmədi rəqs edəsən. Yeri gəlmişkən, İTV-də xeyirxah niyyətlə yaradılan "Ozan məclisi"nin aparıcılarının səviyyəsi, verilişin bəsit şəkildə qurulması ona marağı birə-on azaltmışdır. Mövzuların qoyuluşu, eyni qonaqlar, təriflər, başgicəlləndirən və yersiz görünən əlçalmalar, hətta hərdən hamının ortaya düşüb "süzməsi" (bunlar hamısı televiziyada baş verir) bir növ bu sənətin elə tənəzzülünə - yerində saymasına xidmət edir.

"Ozan məclisi"nin muğama geniş vaxt ayırması da təəccüb doğurur. Verilişin "dili" isə ayrıca ciddi münasibət tələb edir. Aparıcıların, xüsusən xanım aparıcının ləhcə ilə danışması, ləhcə ilə ifa etməsi böyük təəssüf, narahatçılıq yaradır. Elə dəvətli aşıqların öz regionlarına xas ləhcə ilə ifaları sənətin toparlanmasına, sevilməsinə birbaşa zərbə vurur. Axı saz yalnız sizin, mənim regionuma xas deyil. Onda məmləkətimizin müxtəlif bölgələrindən olan yazıçı-şairlərimiz yazılarını öz ləhcələrində, şivələrində yazsalar, dil nələrə uğrayar, nə hala düşərsə, saz ifaçılığında da ləhcə sənətə eyni zərbəni vurar. Əksinə, hər bir aşıq ifası ilə milli dilin duruluğunun, ilkinliyinin qorunmasına çalışmalıdır. Auditoriyası geniş olan "Ozan məclisi" region səviyyəsindən çıxmalı, verilişlərini ciddi, səviyyəli tamaşaçıya uyğun qurmalı və aşıq sənətini sevdirməyə yönəltməlidir. Əsas məqam belə olmalıdır; aşıq sənətinin mənası, gözəlliyi, möcüzəsi bu günə qədər onu yaşadan amillərin səbəbi, yəni bu sənətin dürüst, lazımi şəkildə təbliğinə çalışılmalıdır...

Yeri gəlmişkən, AzTV-də prof. Məhərrəm Qasımlının Aşıq sənəti ilə bağlı verilişi sanbalı, öyrətmə, tanıtma səciyyəsi ilə seçilsə də hərdən istedadsız, ustad görməyən aşıqlar oraya da yol açır, istedadlı kimi təqdim edilir...

Bütün toxunulan problemlərə ciddi münasibəti ilə seçilən, dəyərli tədqiqatlar həsr edən, nəhayətdə, aşıq sənətinin mükəmməl bilicisi olan prof. M.Qasımlıdan aşıq sənətinin problemləri, qayğıları ilə bağlı böyük formatlı layihələr gözləməkdəyik.

Yaz günlərinin birində aşıq Nemət Qasımlı Muğam Mərkəzində yetirmələri ilə birgə bir mərasim düzənlədi. Aydın oldu ki, Bakının musiqi məktəblərindən birində saz sinfi fəaliyyət göstərir. Nemət Qasımlı da orada böyük şövqlə aşıq sənətini tədris edir. Səhnəyə sinəsində telli saz tutmuş (hər yaşdan olan) 20-25 şagird çıxdı. Hər ifadan sonra alqışlarla mükafatlandırılan gənc aşıqlar - şagirdlər səhnəyə yaraşırdı, saz da onlara. Görüşə kifayət qədər saz sənətini sevən, izləyən və bilən insanlar toplanmışdı. Akademik Bəkir Nəbiyev, xalq yazıçısı Mövlud Süleymanlı, xalq şairi İlyas Tapdıq, prof. Məhərrəm Qasımlı, millət vəkili Qənirə Paşayeva, sənətşünaslıq elmləri namizədi Sənubər Bağırova və b. Hər bir çıxışçı, azyaşlı uşaqların klassik aşıq havalarını məharətlə ifa etməsini alqışlayır, xoş duyğularını izhar edirdi. Bütün çıxışların bir ana xətti onda idi ki, uşaqlar saza qəlbən bağlanmış, böyük həvəslə havaları öyrənmiş, böyük şövqlə ifa təqdim edirdilər. Çıxışçılar çox dəyərli tövsiyələrini həm müəllim Nemət Qasımlıya, eyni zamanda yeniyetmələrə çatdırdılar. M.Süleymanlının bir tövsiyəsi diqqətimi daha çox çəkdi. O, arzuladı ki, saz havalarının adları, mənaları ifadan öncə izah edilsin. Böyük səhnələrdə ingilis və ya başqa xarici dildə onlar haqqında məlumatlar verilsin. Ümumiyyətlə, tədris sistemi müasirləşdirilsin, müasir geyimli, müasir düşüncəli, dil bilən insanın əlində saz daha çox diqqəti çəkə bilər və s. Xoşbəxtlikdən, Nemət bəy öz növbəsində qeyd etdi ki, şagirdlərin bir çoxu ingilis, rus, fransız dillərini bilir...

Aşıq sənətinin dirçəldilməsi, sevilməsi və dünyaya tanıdılmasının başlanğıc addımı, örnəyi kimi qəbul etdim bu mərasimi.

Gözəl simalı, ucaboylu, səliqəli, müasir geyimli, bir neçə dil bilən yeniyetmələrin saza bağlanması, sazı duyması, hamısının eyni anda sazı əllərində bayraq kimi tutması çox mətləblərdən xəbər verirdi və sazın gələcəyinə xoş bir müjdə idi mənim nəzərimdə. Və bu mənzərə salonda çoxlarını duyğulandırdı, gözləri yaşardı, Xətai ordusunun önündə gedən aşıqları yada saldı...

Bu səhnə, eyni zamanda, arzuladığımız ustad-şagird ənənəsi, keyfiyyətli tədrisin az-çox baş tutan bir nəticəsi kimi göründü mənə. fikirləşdim ki, atalar-oğullar arasında yanmış körpülərin bərpasına (ustad-şəyird ənənəsi), az-çox yaşayan ustad aşıqların ustad dərslərinin təşkilinə ictimaiyyət, ailə birgə səy göstərməlidir. Hər bir gəncin içi-çölü milli dəyərlərə, kökə, tarixə gerçək münasibət, təəssübkeşlik ruhunda qurulmalıdır. Belə olan halda yetişən gənclik milli dəyərlərə bağlı olub onu yaşadar. Müasir Avropanı, dünyanı Azərbaycan nəyi ilə təəccübləndirə bilər (rok, pop, caz, ən yeni estrada performansları, ifaları, daha nə bilim nələrlə...)? Biz avropalıdan daha artıq avropalı ola bilmərik, avropalıya xas olanı ondan yaxşı da ifa etməyi bacarmarıq, ən əsası isə bunların hamısı ona bəllidir. Məhz azərbaycanlı olmağımız, bizə aid olan, bizim düşüncənin məhsulu, bizim bacardığımız Avropa elitasına bir qədər ekzotik görünsə belə, onda daha çox maraq doğuracaq (Alim Qasımovun timsalında bunun şahidi olduq). Son illər Heydər Əliyev Fondunun təşəbbüsü, şəxsən Mehriban xanımın himayəsi və dəstəyi ilə keçirilən beynəlxalq muğam festivallarının dünyada doğurduğu rezonans, böyük fərəh hissi yaratmaqla, insanı düşüncəyə vadar edir. Arzu edirsən ki, Ozan aşıq sənət yarışmalarının ilkinindən başlayaraq mütəxəssislər səviyyəsində seçim, yalnız aşıq sənəti ilə məşğul olanlar deyil, kulturoloq, sənətşünas, musiqiçi və b. iştirakı ilə aparılsın. Ən başlıcası, bu gün Konservatoriya, İncəsənət və Mədəniyyət Universiteti və musiqi məktəblərində keçirilən aşıq sənətinin keyfiyyətli tədrisinə nail olunsun. Klassik aşıqlar, onların səs yazıları, ustad aşıqların açıq dərsləri təşkil olunmaqla tədrisə cəlb edilsin. Klassik aşıqlar, aşıq mühitləri və onların özəllikləri şagirdlərə öyrədilsin. Şagirdlər müasir simalı, müasir düşüncəli, kompyuter, dillər bilməklə əlində sazla böyüsünlər.

Aşıq sənətinin bu günü və sabahkı dönəmi ilə bağlı, imkan daxilində toxunduğumuz problemlər, nigarançılıq bu sənətlə ilgilənənləri, onu sevənləri ruhdan salmamalıdır. Bir daha vurğulayaq ki, aşıq sənəti dünən, bu gün yaranmayıb, onu heç bir qüvvə yolundan sapdıra bilməyib, məhv etməyə gücü çatmayıb. Günümüzə bizimlə birgə çatıb, elə xalqımızın yaşıdıdır. Çalışaq bu sənəti ilkininə qaytaraq, məktəblərini - ənənəsini, sehrini, qüdrətini bərpa edib sevdirək.

 

 

Xatirə BƏŞİRLİ

 

Ədəbiyyat qəzeti.- 2011.- 4 noyabr.- S.5-6.