Əlimdə işim var - deyirdi

  

 - Ayə, qağa, necəsiniz, işləriniz necə gedir? Yaxşınızmı, qadan alım?

Hər görüşümüzdə, yaxud telefon söhbətlərimizdə belə şirin, ürəyəyatımlı sözləri tez-tez eşidirdik Vəli müəllimdən. Hər bir danışığında, davranışında Borçalı ağzının dadı, duzu, məzəsi bütün gözəlliyilə üzə çıxırdı. Neçə onillər şəhərdə yaşasa da, əsl kənd, təbiət adamı kimi, təbiilik, səmimiyyət, istiqanlılıq mücəssəməsi olaraq qalırdı.

Xəstələnib, yatağa düşənə qədər öz ağrılarına elə də əhəmiyyət verməzdi. Hər dəfə bizim işlərimizlə maraqlanar, əhvalımızı soruşar, yaydaetdiyimizi, harda olduğumuzu, nə yazıb-pozduğumuzu bilmək istəyərdi. Ancaq özünü o yerə qoymasa da, gözlərinin dərinliyində gizli bir kədər duyulurdu. Elə bil ürəyinə dammışdı ki, ağır bir səfər üstədir. Nəşriyyatda olan kitabıyla tez-tez maraqlanırdı:

- Hərdən ürəyimə qəribə şeylər gəlir. Əcəldən qorxub qaçan deyiləm. Ancaq əlimdə işlərim var, onları bir yana çıxarmağa macal istəyirəm. Ürəyimdən Səməd Vurğun haqqında bir kitab yazmaq da keçir

Biz zarafata salıb onu ürəkləndirmək üçün:

- Vəli müəllim, nə danışırsınız? Hələ biz siznən çox görüşüb, çox söhbətlər eləyəcəyik, murazında olduğumuz çox arzular, çox niyyətlər var, - dedik.

- Nə bilim, ayə, qağa, dünyanın işini bilmək olmur, - deyib gülümsəmişdi.

Bu cür ürəkli-diləkli söhbətlərimizdən barmaqla sayılası günlər keçmişdi…Vəli müəllimin qəfil ölüm xəbərini eşidəndə, doğrudan da, inanmadıq. Vallah, onun yoxluğuna bu güninanmaq olmur. Elə inanmaya-inanmaya da yas mərasiminə toplaşdıq…

…Beləcə, amansız ölüm daha bir görkəmli elm adamını əlimizdən aldı, elmi dəyərlərə bütün varlığıyla bağlı olan beş-on nəfərlik fədai alimlərin azsaylı sırasını bir az da seyrəltdi. XX yüzil Azərbaycan romantiklərinin tədqiqatçıları arasında sonuncu mogikanlardan olan filologiya elmləri doktoru, professor Vəli Osmanlının nurlu, işıqlı siması bu gözəl adamın yoxluğunu yaxın buraxması da

O, onu yaxından tanıyanların qəlbində doğrudan da belə qalacaq: son illərdə həyatımızda özünə möhkəm yer eləmiş hərislik, tamahkarlıq, saxtakarlıq kimi hallara qarşı barışmaz münasibətilə seçilən, belə xırdalıqlara heç vaxt əyilməyən təmiz qəlbli, büllur təbiətli bir vətəndaş-alim kimi.

Xəstələnib, yatağa düşənə qədər tez-tez görüşüb, hal-əhval tutduğumuz, müxtəlif mövzularda söhbətlər etdiyimiz Vəli Osmanlının öz əliylə yazdığı avtobioqrafiyasını gözdən keçirdikcə onu yaşayan şəxsiyyətin özü kimi bənzərsiz olan bir ömür tarixçəsinin hər dönüşü, hər döngəci dil açıb danışır, çox mətləblərə işıq salır: Qədim Borçalı mahalından pərvazlanan Vəli Osmanlı doğulduğu Lecbəddin kəndində ibtidai məktəbə getmiş, qonşu Böyük Muğanlı kəndində səkkizillik məktəbdə təhsilini davam etdirmiş, Marneuli Pedaqoji Texnikumunda oxumuş, sonra isə Bakıda Pedaqoji İnstitutun tarix - filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi.

"Azərbaycan gəncləri" qəzetinin redaksiyasında üç ildən artıq jurnalistlik fəaliyyətilə məşğul olmuş, sonra isə Respublika Komsomolunun Mərkəzi Komitəsində məsul təşkilatçı vəzifəsində çalışmışdı. Özününsonralar ironiya qarışıq bir zarafatla dediyi kimi, "bütün bunları atıb, elmə gəlmiş, alim adını hər şeydən üstün tutmuşdu". Beləcə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuyla taleyini ömürlük bağlayan Vəli müəllim burda aspirant olmuş, namizədlik və doktorluq dissertasiyaları müdafiə etmiş, çoxlu məqalə, resenziyamonoqrafiyalar nəşr etdirmişdi. Sadə, səmimi və mehriban ailə həyatının təməlini də elə burada qurmuş - institutun gənc və gözəl Sara xanımıyla burada tanış olub evlənmişdi. Ədəbiyyat İnstitutu sözün bütün mənalarında onun doğma evi, ailəsi idi.

Namizədlik işi "Azərbaycan sovet nəsrində üslub müxtəlifliyi" olsa da, 1980-ci illərdən XX yüzil Azərbaycan romantizm ədəbiyyatıyla ardıcıl məşğul olmuşdu. "Azərbaycan romantikləri", "Abdulla Şaiqin romantizmi", "Məhəmməd Hadinin romantizmi", "Azərbaycan romantizmi" (I cild) bu sahədəki fədakar çalışmalarının uğurlu elmi nəticələri idi. Vəli müəllim bütün varlığı ilə türkçü iditürk mədəniyyətinin vurğunuydu. İllər, onillər boyu ürəyində daşıdığı bu vurğunluğun ifadəsi kimi müstəqillik illərində qələmə aldığı "Türk xalqları ədəbiyyatlarının ortaq çağları", "Qədim Türk ədəbiyyatı" adlı sanballı əsərləri elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Demək olar ki, hər gün, hər saat onu düşündürən mövzularda elmi əsərlər yazmaqla məşğul idi. Sara xanım deyir ki, yazı-pozu işinə elə bağlanmışdı ki, yemək-içmək də yadından çıxmışdı. Bəzən günün hansı vaxtı olduğuna belə fikir vermirdi. Gündəlik məişət qayğıları onun üçün ikinci dərəcəli bir şey idi. Son günlərinədək üzərində gərgin işlədiyi "Azərbaycan romantizmi" kitabının birinci cildinin nəşrini gördü, sevincini yaşadı, ikinci cildin yolunu gözləməyə isə ömrü vəfa etmədi…

Ömrünün xeyli hissəsi sovetlər dönəminin yasaqları və məhdud imkanları içərisində keçən çox alimlərimiz kimi Vəli Osmanlı da son iyirmi ildə - müstəqillik dövründə çox işləyir, çox çalışır, sanki bir vaxtlar buraxılan o boşluğu doldurmağa can atırdı. Ömrünün axırıncı illərində nəşr olunmuş məqalələrinin adları onun tutduğu yolun məqsəd-məqamı barədə çox şey deyir: "Azərbaycan türk ədəbiyyatı tarixinin dövrləşməsində onun ilkin mərhələsi", "Yazılı ədəbiyyatımızın tarixi yenidən yazılmalı", "Türkologiya İnstitutuna böyük ehtiyac var…", "Türk ədəbiyyatlarının əlaqə və birliyi elmi istiqaməti yaradılmalıdır" və s. Son nəfəsinə qədər bu ruhda yaşadı, qürurla, şərəflə bu ruhu daşıdı.

Görkəmli alim, tanınmış ədəbiyyatşünas olan Vəli Osmanlı həm də yaxşı yoldaş, qayğıkeş ata, gözəl insan idi. Bütün söhbət və davranışlarında təbiilik, səmimilik və təvazökarlıq vardı. Yaşından və ovqatından asılı olmayaraq, səliqəli geyimi, şux görkəmi, nəzakətli rəftarı ilə həmişə seçilərdi. Ürəyinə yatan adamların, xüsusən gənclərin qolundan tutub, ərklə: "Aya, qağa, niyə görünmürsən? İşlərin necədir?" - deyə kefini soruşar, hal-əhval tutar, elmi və şəxsi işlərilə maraqlanardı. Beləcə kiminsə qoluna girib, plaşı qolunun üstündə ağır və ləngərli yerişlə institutun koridorunda əsl ziyalı işığıyla addımlamağı uzun müddət yaddaşlardan silinməyəcək.

Zahirən təkliyə, tənhalığa meylli görünən, hay-küylü yerlərə getməkdən yayınan Vəli müəllimin əslində çox açıq və səmimi qəlbi, soyuqqanlı olduğu qədər də yumşaq və həlim xasiyyəti vardı. Sadəcə, özgələri üçün bağlı və keçilməz olan o səddi-sərhədi yarıb keçmək, o həssas və duyğusal ürəyi görməyi bacarmaq lazımdı. İndi bu sözləri yazanda xalq şairi S.Tahirin çoxdan oxuduğumuz iki misrası yada düşür:

 

Cavanlar, ürəyi daşı bərk sevin,

Görün nə ürək var yoldaşlığında.

 

Son günlərədək o, əli-ayağı təmizliyini, alnı açıq-üzü ağlığını, həqiqəti qorxub çəkinmədən qarşıdakının üzünə deməyi, bir sözlə, mərdliyini, qürurunu qoruyub saxlaya bildi. Heç kəsi çətinliyə salmağı, öz rahatlığına görə başqalarına əziyyət verməyi xoşlamazdı. İş yoldaşlarının israrlı təkidlərinə baxmayaraq, xəstələnib işə çıxa bilməyəndə ona baş çəkməyə, yoluxmağa belə razı olmurdu. Özünə görə kiminsə azacıq da olsa, əziyyət çəkməsinə imkan vermirdi: elə sevə-sevə tədqiq və tərənnüm etdiyi romantik qəhrəmanları kimi...

Xəstə yatdığı vaxtlarda biz onda sakit, təmkinli və hər şeyə hazır olmaq kimi bir alicənablıq gördük. Sağalmaz xəstəliyə tutulsa da, bir neçə ay hərarəti düşməsə də, bir an da olsun təmkinini itirmədi, əsəbiləşib-həyəcanlanmadı, könülruh sakitliyini qoruyub saxladı. Görünür, dünyada gözü olmayan, dünyadan heçummayandünyadan dörd əlli yapışmayan adamlar yalnız belə sakit ruhlu, dəyanətli və dayanıqlı ola bilərlər. Ölümü belə sakit, təmkinli və mərd qarşılamaq hər kişinin işi deyil.

Bu gün biz - bu yalançı dünyadakı dostları yaxşı alim, gözəl insan, vəfalı dost olan Vəli Osmanlıya ulu Tanrıdan rəhmət diləyir, qəbri nurla dolsun, - deyirik. Çox söhbətləri, çox sözləri illər, onillər boyu ona doğma olanların dilindən, könlündən düşməyəcək. Ancaq o sözlərin içərisində elə birisi var ki, onu xatırladıqca kövrəlməmək, doluxsunmamaq olmur: "Əlimdə işim var" - deyirdi

 

 

Məhərrəm QASIMLI,

 

Zəkulla BAYRAMLI

 

Ədəbiyyat qəzeti.- 2011.- 18 noyabr.- S.6.