Bellavitsa belə demişdir
Oyanış xidməti
-
Sabahınız xeyir, mühəndis, gözəl
gündür, eləmi? - deyə, dəhlizdən
çıxmağa hazırlaşırkən Salvatore məndən
soruşur. - Heç elə bil, dekabr deyil.
- Həqiqətən
də, gözəl gündür, Salvatore, bir az da belə getsə,
paltomu çıxarıb atıram.
-
Allah-taalanın işidir, - necə deyərlər, görəndə
ki, qar yağıb, ancaq günə zərurət var, gün ələyər.
- Bəli, bəli,
elədir ki, var.
- Yeri gəlmişkən,
mühəndis, zərurət demişkən,
danışa-danışa fikrim tamam yayınmışdı,
bilmirsiz saat neçədir?
- Saat ona
işləyib beş dəqiqə.
- Hə,
vaxtdır... gərək gedib gənc baron De Filippisi oyadım.
Bəlkə siz də bir-iki dəqiqəlik mənimlə gedəsiniz?
- Hara? Gənc
baron De Filippisi oyatmağa?
- Bəli,
ancaq evlərinə yox. Keçərik imarətlərinin arxa
tərəfinə, pəncərəsinin altından
çağırarıq. O, birinci mərtəbədə
yaşayır. Sizə deməliyəm ki, bazar günlərindən
başqa hər gün düz saat doqquzda gəlib onu
oyatmağıma görə mən gənc baron De filippisdən
ayda üç min lirə alıram.
- Heç nə
anlamıram, məgər zəngli saatdan istifadə etmək
onun üçün daha əlverişli olmazdımı?
- Yoox, mühəndis,
elə deyil! Zəngli saat məqsədimizə qətiyyən
uyğun gəlməzdi.
- Axı, niyə?
- Niyəsini
bu saat başa salım, - deyə Salvatore imarətin həyətinə
tərəf üz tutaraq cavab verir. - Bilməlisiz ki, gənc
baron universitetdə oxuyur. Bəli, sinyor, - o, hüquq öyrənir
və istəyir ki, hər gün səhər saat doqquzda kimsə
gəlib onu səsləsin, çünki o, dərslərini
oxumalıdır, yoxsa diplom ala bilməz.
- Məncə,
kim olur-olsun, səhər saat doqquzda elə özü də
asanca oyana bilər. Yenə desəydi saat yeddidə, deyərdim
hə.
- Elədir,
haqlısınız, ancaq gənc baron, necə deyərlər,
bir qədər həddən artıq tədbirlidir, - bilmirəm,
aydın oldu, ya yox: iş ondadır ki, baronun qadınlardan son
dərəcə xoşu gəlir, -deyə Salvatore bic -bic
gülümsəyir. - Və məsələ onunla bitir ki, gecə
çəkir saat ikiyə, bəzən hətta üçə;
bir də ona görə ki, o, Mela diskotekasına rəqs etməyə
gedir, nə isə, uşaq korlanıb.
Söhbət
edə-edə, nəhayət, gəlib həqiqətən də
gənc baronun yatdıgı otağın pəncərəsi altına
çatırıq. Bu vaxt Salvatore lap alçaqdan, demək
olar ki, pıçıltı ilə guya
qışqırır:
- Gənc
baron... Baron De Filippis... saat doqquzdur... Cənab vəkil...
oyanın ...Saat doqquzdur.
- Bura
baxın, Salvatore, axı siz bir qədər ucadan
qışqırmasanız, o sizi eşitməyəcək.
- Bəli,
mühəndis, elə məntiq də ondadır ki, o məni
eşitməsin. Çünki mən ucadan
qışqırsam, gənc baron mütləq oyanacaq və məndən
inciyəcək.
-
Yaxşı, onda niyə gəlib dayanmısınız onun pəncərəsinin
altında?
- Eeh, mühəndis...
siz həqiqətən də heç nə anlamadınız!
- deyə Salvatore tələsmədən başa salır. - Mən
ki, sizə dedim, - hər səhər, düz saat doqquzda gənc
baronun pəncərəsi altına gəlib onu oyatmağa cəhd
etdiyimə görə mən ondan ayda üç min lirə
pul alıram və öz borcumu yerinə yetirdikdən sonra çıxıb
gedirəm. Gənc baron isə öz növbəsində, hər
səhər saat doqquzda gəlib onu oyatmaq üçün
göstəriş verməklə hamıya, bir növ,
özünün əməlisalehliyini nümayiş etdirir,
vicdanı qarşısında da təmiz qalır. Siz də
indicə buna şahidlik etdiniz. Qısası, belə deyək
ki, hamının işi öz qaydasında olur.
Qayda pozuntusu əhvalatı
- Doktor, deyəsən,
cərimə qazanmışıq, -deyə taksi
sürücüsü ümidsiz bir tərzdə mənə
söyləyir.
- Siz "cərimə
qazanmışıq" deməklə nəyə işarə
edirsiniz? Mən niyə cərimə qazanmalıyam ki?
- Mənə
elə gəlir ki, açıq-aydın
qazanmısınız.
-
Düzünə qalsa, anlamıram. Deməli, bu sizə normal
görünür ki, maşını sürən qaydanı
pozursa, arxada oturan cərimə ödəməlidir?
- Yoox, doktor,
üzr istəyirəm, ancaq səhv edirsiniz. Gəlin,
düzünü danışaq! Əvvəlcə deyirsiz
"tələsin", sonra isə, nəticəsi pis olanda cərimə
ödəmək istəmirsiniz.
- Nə
"tələsin"?! Tələsməyin bura nə dəxli
var?!
- Necə yəni
nə dəxli var? Siz dayanacaqda maşınıma oturanda mənə
nə dediniz? "Tələsin, Kapri qayıqlarına tərəf".
Belə dediniz, ya yox?
- Qulaq
asın, əslində nəzərə alsaq ki, mən ancaq
"Kapri qayıqlarına tərəf" demişəm və
onu da nəzərə alsaq ki, hətta "tələsin"
də əlavə etmişəm - halbuki, bunu təsdiq edəcək
bir kəs yoxdur, - maşına cavabdeh yalnız və
yalnız sizsiniz.
- Hə də,
mənim nəyimə gərəkdi ki, qırmızıda
keçirdim? Mən ki, bunu sizin xatirinizə eləmişəm,
sizə görə eləmişəm ki, qayıqlara
çatasınız. İndi buyurun, işləyib hazırca
qazanmaq əvəzinə, hələ bir itirməliyəm də?
- Bir də
qırmızıda keçməzsiz.
- Əslində
mən sarıda keçmişəm... Mənə belə gəlir...
Sizi bilmirəm. Hər halda, odur, polis yaxınlaşır,
görək nə oxuyacaq.
- Üzr istəyirəm,
nə oxumalıdır ki? Oxuyacaq ki, sürücü
qırmızıda keçəndə sərnişin vəsiqəsindən
məhrum olur?
- Bilmirəm,
indi görərik.
Yol müfəttişi
tələsmədən yaxınlaşır, hərbi qaydada
salam verib deyir:
- Vəsiqəniz
və texniki pasportunuz.
-
Bağışlayın, cənab polis, - deyə
sürücüm tələb olunan sənədləri
çıxara - çıxara söyləyir, - bax, siz iş
adamısınız , eləmi? Bütün günü də
burada, bu yolun ortasında, nə bilim, yagış
yağdımı, yağmadımı, nə isə...Mən də
işləyirəm, ancaq bax, bu cənab isə - Kapriyə
gedir! İndi siz özünüz deyin, cəriməni kim
ödəməlidir?
- Bir dəqiqə,
- deyə polis gülərək söyləyir. - Əgər
sinyor özü ödəniş etmək istəyirsə, mənim
etirazım yoxdur.
-Nə
"ödəniş, ödəniş"
salmısınız?! Bircə lirə də verən deyiləm!
- Əlbəttə,
- deyə taksimizi dövrəyə alan
"tamaşaçılardan" biri dilənir, - sinyor
haqlıdır. Cəriməni sürücü ödəməlidir,
ancaq sinyor da bilməlidir ki, sonra o özü də
sürücüyə eyni məbləğdə bəxşiş
verməlidir, zərəri ödəməkdən ötrü.
- Bu bədbəxt
ki, ailə başçısıdır, - deyə qoca bir
qadın başını taksinin pəncərəsindən
içəri soxaraq yazıq-yazıq əlavə edir.
Özü də yola çıxıb ki, baxsın
görsün, necə edə bilər ki, bir - iki min lirə
toplaya bilsin, indi isə onun hamısını Kapriyə getməli
olan bu cənabın cəriməsinə verməlidir.
-Cənab
polis, - deyə sürücüm yol müfəttişi ilə
dil tapmaqdan ötrü taksidən çıxır, - təsəvvür
edin ki, tək bircə müştəri tapana qədər mən
Qaribaldi meydanında düz üç saat növbədə
dayanmışam, sinyoru görəndə də elə
bilmişəm ki, gəlmədir, bilsəydim ki, bizim Napolidəndir,
özü də simicin birisidir, yaxın da buraxmazdım!
-Qulaq
asın, - deyə barmağımla saatımı göstərərək,
söyləyirəm, ya məni aparırsınız, ya da mən
çıxıb gedirəm. Mən burada dayanıb gözləməklə
qayıqlara gecikirəm.
-İndi
gördünüz ki, tələsə-tələsə
gedirsiniz? - deyə sürücüm qalibanə bir tərzdə
bildirir.
-Yaxşı,
- deyə, müfəttiş söhbətə
qarışır, -bu dəfəlik xoş ğetdiniz. Ancaq
yadınızda qalsın, gələn dəfə ilişsəz,
mənə onu da ödəyəcəksiniz, bunu da. Əgər
kimsə əylənməyə gedirsə, gərək tələsməsin,
yoxsa daha bunun nəyi əylənmək oldu?
Axırı
belə oldu ki, taksi gülüşən, razı bir
izdihamın ortasından yola düşdü.
- Doktor, Allaha
min şükür ki, hər şey belə yaxşı
qurtardı, - deyə, gəlib mənzilə yetişəndə
sürücüm söyləyir. - Ancaq, and olsun o əziz surətə,
- polis sizi cərimə ödəməyə məcbur etsəydi
bu mənə çox pis təsir edərdi, çox!
- Nə qədər?
- deyə maşından düşərkən qısaca
soruşuram.
- Baxın,
görün də, - deyə o, qısaca cavab verir.
Zorro
- Karamanna
Antonio qulluğunuzdadır. Xüsusi dəvətnamələr
qalmayıb, prezident çıxıb, nə vaxt
qayıdacağı məlum deyil...
- Təşəkkür
edirəm, - deyə cavab verirəm, -ancaq mən dəvətnamədən
ötrü gəlməmişəm. Mən Napoli azarkeşləri
barəsində məlumat toplamaqdan ötrü buradayam və
bununla əlaqədar sizin böyük təcrübəyə
malik olduğunuzu bildiyimdən, xahiş etmək istərdim,
ixtiyarınızda yarımca saat vaxt tapılardısa, mənə
bir qədər "Napoli" barəsində
danışardınız .
- Siz necə
dediniz, "böyük təcrübə"? Əziz sinyor,
bəndəniz Napoli futboluna xidmət göstərmək şərəfinə
hələ Arenaçça dövründən nail olub:
Sentimenti, Pretto və Barra, Milano, fabbro və Qramalya, Buzani,
Kappellini, Barrera, Kuario və Rozellini. Bir qədər
keçmiş, müharibə qurtarandan sonra Vomeroya, indiki
Kollana adlanan Liberazione stadionuna və nəhayət,
gördüyünüz kimi San Paoloya
köçmüşük, mən də burada biletsizlərə,
cinayətkar və xuliqan elementlərə qarşı
mübarizə dəstəsinin rəisi vəzifəsində
çalışıram.
- Burada
biletsizlər çoxdur?
- Çox
mühüm oyunlarda təxminən on bir min nəfər müəyyən
edirik ki, içəri pul ödəmədən keçir.
Sözsüz ki, mən bu rəqəmlərə istər əsl
biletsizləri, yəni içəri qeyri-qanuni girməyin
yolunu tapmış şəxsləri, istərsə də vəsiqə
və dəvətnamə sahiblərini daxil edirəm. Hər
halda, əğər bu sizinçün maraqlıdırsa,
hesab edin ki, hər oyunda dəvətnamə və müxtəlif
vəsiqələri olan dörd min tamaşaçı,
üç min saxta bilet sahibi və həmçinin dörd
min nəfər müxtəlif yerlərdən içəri
soxulanlar var. Bəndəniz Karamanna Antonio da kiçicik, ancaq cəsur
bir dəstəsinin başında, hər bazar günü bu on
bir minlik orduya qarşı amansız döyüşlər
aparır...
-Bəs, niyə
bu qədər dəvətnamə paylayırsınız?
-Çünki
Napolidə dəvətnamə nəsə bir hörmət
işarəsi, sanki ali irqə mənsubluq göstəricisidir.
Kaş ki, siz bircə dəfə də olsa girişdə
dayanıb bu dəvətnamə sahibinin həmin o sənədi
necə vacib görkəmlə nəzarətçiyə təqdim
etdiyini görəydiniz. Napolidən olan birisi sizə deyəndə
ki: "Mən oyunlara baxmaq üçün bircə dəfə
də olsun əlimi cibimə salmamışam" - elə
bilin o, eynilə sizə and içir ki: "Mənim əcdadlarım
Səlib yürüşlərində can qoyub". Nə isə,
başqa sözlə, əgər Napolidə birisi biletə pul
verməyə məcbur olursa, onda o, ya heç kimlə
tanışlığı olmayan uğursuzun birisidir, ya da onu
it yerinə qoyan da yoxdur.
-Bəs, o əsl
biletsizlər?
-Bildim, -
onları iki kateqoriyaya ayırırıq: biletsiz var ki, güc
işlətməklə içəri soxulur, biletsiz də var
ki, bicliklə. Birincilər sözsüz ki, bizə o qədər
də baş ağrısı vermirlər: polisi yaxşı
yerləşdirmək, girişlərə ikiqat maneələr
qoymaq, bölmələrin hasarlarına nəzarət etmək
kifayətdir. O bicliklə basqın eləyənlər isə,
- bax, ən təhlükəlisi onlardır; onlar yüz
ölçüb dir biçəndilər.
Qarşıdakı bazar günü oyuna gəlsəniz, sizi
onlardan biri ilə tanış edərəm, o, təkbaşına
bunların yüzünə "dəyər", - adı da
Zorro.
- Zorro?
- Bəli
sinyor, bu dələduza ona görə Zorro deyirlər ki, hər
dəfə bir qara qəpik də vermədən içəri
soxulmağı bacarır; hələ oyun qurtarandan sonra
yanıma da gəlir, sağ əli ilə sol bazusundan
yapışıb, yumruğunu qaldıraraq, ibarə ilə ədəbli
ifadələr işlədə-işlədə, mənə
Zorronun işarəsini göstərir.
- Bəs, necə
eləyir ki, içəri girə bilir? - deyə gülməkdən
uğunub gedərək soruşuram.
- Hər dəfə
müxtəlif üsullarla, doktor. Məncə, Zorro
bütün həftə yalnız bircə şeyi
düşünür, - necə etsin ki, bazar günü
içəri biletsiz girə bilsin. Deyir ki, əgər Papillon
aradan çıxmağın ustasıdırsa, o da içəri
soxulmağın sənətkarıdır.
- Bir epizod
danışaydınız.
- Zorro elə
nəsillikcə artisdir. Onun atası dramatik görüşlərdən
birindəki hadisə zamanı son dərəcə gurultulu
şəkildə Napoli camaatı arasında ad
çıxarmışdı. Təsəvvür edin:
Liberazione stadionu, "Napoli" "Bolonya" ilə
oynayır, hesab üç-üçdür. Azarkeşlər
meydançaya tökülüşür və masa
arxasında belə qərara alınır ki, sıfır iki
hesabı ilə cəzalandırılaq. İş ondadır
ki, əvvəlcə "Napoli" oyunu aparırdı, əgər
onun uduzması üçün açıq-aşkar
tapşırıq almış milanolu hakim olmasaydı. Gərək
obyektiv olduğuma inanasınız, - bütün italyan hakimləri
həmişə "Napoli"ni vurublar, o da bu səbəbdən
heç vaxt skudetto qazanmayıb, ümid edirik bəlkə gələn
il... Nə isə, sizə dediyim kimi, hakim oyunun sonuna az
qalmış "Napoli"nin qapısına onbirmetrlik təyin
edir. Montevercine hesabı bərabərləşdirir və
"Napoli" azarkeşləri meydana hücum çəkirlər,
- ölümcül dəyənək zərbələri və
yarı dağıdılmış stadion! Baş hakim və
iki yan köməkçisi tələsik aradan çıxaraq
polis və inzibati xidmətin mühafizəsi altında soyunma
otağında gizlənirlər. Azarkeşlər get-gedə
daha da azğınlaşıb, soyunma otaqlarının
qarşısında izdiham yaradaraq, hakimlər
üçlüyünə ölüm tələb edən
çagırışlar səsləndirir. Bu zaman Zorronun
atası görünür. O, inzibati xidmət qüvvələrinə
qoşulur, vəhşiləşmiş azarkeşlərin bir
neçə hücumunu dəf edir, tutarlı sözlərlə,
təkrar-təkrar sakitliyə çağırışlarla,
ən qızğın başları belə, ram etmək
bacarığı ilə hüquq -mühafizə məsullarının
inamını qazanmağa nail olur, sonra isə dinməzcə
soyunma otağına girərək baş hakimin sifətinə
yağlı bir sillə ilişdirir. Nəticədə, -
üç oyundan kənarlaşdırılma və dörd
yüz əlli min lirə cərimə!
- Bəs
Zorro, Zorro nə edir?
- Sizə nə
deyim, cənab doktor. Zorro mənim varlığıma kəsilmiş
cəzadır! Hər oyundan qabaq bütün mümkün
keçidləri, bütün girişləri şəxsən
bir-bir gəzib yoxlayır və düşünürəm:
görəsən, bu fahişə törəməsi harada gizlənə
bilər?! Bir dəfə bölmənin divarından bir
neçə tuf daşı çıxarıb, iri bir
deşik açaraq camaatdan giriş pulu yığırdı:
beş yüz lirə yaşlılardan, yüz uşaqlardan.
Sonra da, daşları yerinə oturdurdu ki, gələn
görüşlərdə fırıldağını təkrar
edə bilsin. O öz dəstəsi ilə oyuna gələndə
deyərsən, elə bil, Orta əsrlərin silahlı dəstəsi
gəlir: əl nərdivanları, kəndirlər, dəmir
hasarları aralamaq, tikanlı məftilləri kəsmək
üçün müxtəlif alətlər və qarmaqlar...
- Onu heç
tuta bilməmisiz?
- Tək bircə
dəfə tuta bilmişdik. Elə özü kimi
yoldaşı ilə birlikdə "Alcida" dondurmaları
daşıyan yük maşınının soyuducu
kamerasında gizlənərkən yaxalamışdıq. Az
qala donub öləcəkdilər. Bir yarım saat günə
verdik ki, buzları açılsın.
- O başqa
daha hansı kələklərə əl atır?
-
Hamısına, doktor, hamısına. Məsələn, bir dəfə
iflic xəstələri üçün pulsuz giriş
günü elan ediləndə, əməlli-başlı
bığ-saqqal yapışdırıb, məharətlə
qrimlənərək, əlil arabasında stadiona girmişdi.
Özü də bu dəfə, haradasa, bir iyirmi nəfər
yalançı iflic xəstəsi üçün min lirəlik
əlil arabası da kirayə etmişdi. Bir başqa dəfə
hakimin dalınca vağzala yollanıb, guya hakimlər
üçlüyünün rəsmi müşayiətçisidir
deyə, stadiona daxil olmuşdu, hələ bir özündən
də çıxmışdı ki, niyə onu fəxri
tribunaya buraxmırlar. Nə isə, doktor, hansını deyim?
Heç görmüsünüzmü təcili yardım
maşını necə səs-küy sala-sala stadionda o
baş bu başa gedib-gəlir? Elə bilirsiniz xəstə-filan
var? Xeyr sinyor, Zorrodur - ailəsini futbola baxmağa gətirib.
- Deməli,
möhtərəm cənab, əgər düzgün başa
düşmüşəmsə, siz öz məğlubiyyətinizi
boynunuza alırsınız.
- Xeyr, doktor,
bu dediyiniz - heç vaxt! Təzəliklə eşitmişəm
ki, dövlət polis xidmətindən on iki geyim forması
çırpışdırıblar. Tam əmin ola biləsiniz
ki, bu işdə Zorronun əli var. Ancaq mən onu burada
gözləyirəm! Karamanna Antonio təslim olmur! Bazar
günü oyuna baxmaga gəlin, bəlkə sizi məmnun edə
bildim. Yeri gəlmişkən, doktor, indicə yadıma
düşdü, bir dənə dəvətnaməm qalıb,
götürün, çox vacib oyun olacaq. "Fiorentina"
gəlir, ancaq biz arxayınıq, çünki bizim bu baş
məşqçimiz deyib ki, bu ilki "Napoli" İtaliyada ən
yaxşı futbol oynayır. İrəli "Napoli", irəli!
Luçano de Kreşentso
İ t a l i y a
İtalyan dilindən tərcümə edəni:
Cəmşid CƏMŞİDOV
Ədəbiyyat qəzeti.- 2011.- 18
noyabr.- S.5-6.