Hədiyyəniz
bir dəstə gül
İndiki
dövrdə insanları təəccübləndirmək asan
deyil. Eyni bir adamın səni dəfələrlə heyrətləndirməsinə
isə çox nadir hallarda təsadüf edilir. Əslində,
tanıdığın insanın o günə qədər
bilmədiyin təzə bir məziyyəti ilə tanış
olmaq həmin insanı o anda yenidən kəşf etməyə
bənzəyir. Haqqında söhbət açacağım
insan öz sadəliyi və təvazökarlığı,
xeyirxahlığı və təmənnasızlığı,
elmi fəaliyyəti və bədii
yaradıcılığı ilə sıx-sıx təəccübləndirməyi
bacaran, anadan olmasının 75 illiyi tamam olan Aqşin Babayevdir.
Aqşin
müəllim "El" jurnalına müsahibəsində
jurnalistin "Sizi oxuculara necə təqdim edək: alim, nasir,
dramaturq, şair, jurnalist, professor, tərcüməçi?"
sualına hər zamankı səmimiyyəti ilə belə
cavab vermişdi: "Başa düşürəm, yəqin
fikirləşirsiniz ki, məgər bütün bunları bir
simada birləşdirmək olarmı? Bu, bizdə genetik xasiyyətdir.
Atam da mənim kimi bir sahə ilə kifayətlənmirdi. Həm
rejissor, həm rəssam idi, həm musiqi alətləri
ustası, həm də təşkilatçı..."
A.Babayev
şəxsiyyət olaraq bütöv, yaradıcı insan
olaraq sinkretik sənətkardır. O, jurnalistin
sıraladığı "kimlik"lərin hər birinin,
türklər demişkən, haqqını artıqlaması
ilə verən, daşıdığı alim adına
yaraşan, tutduğu vəzifələrin öhdəsindən
layiqincə gələn, işlədiyi kollektivə şərəf
gətirən şəxsiyyətdir. Gözəl nasir, görkəmli
türkoloq-alim, istedadlı dramaturq, kövrək şair, dəyərli
ssenarist, mahir publisist, təcrübəli pedaqoq və
tanınmış ictimai xadimdir.
Aqşin
müəllimi şəxsən tanımayanlara onun xarici portret
cizgilərini bir neçə cümlə ilə təqdim edirəm:
Ucaboylu, enlikürək, geniş alınlı,
gümüşü saçları, üst
dodağını xəfifcə örtən çal
bığları, iri çərçivəli eynəyi
arxasından baxan qayğılı gözləri, daima səliqəli
geyimi, şax, məğrur yerişi və ağayana
oturuşu-duruşu... İndi necə təəccüblənməyəsən
ki, bu iriqamətli bədəndə son dərəcə yuxa
bir ürək döyünür, "özgə"nin ən
kiçik kədərinə kövrələn, tərəf-müqabilinin
nəşəli ovqatına anında şərik olan ürək!
Bu həssaslıq ailədən, bir az da onun musiqi duyumundan
qaynaqlanır. Bəlkə də çoxları bilmir ki,
Aqşin müəllimin gözəl tar çalmağı
var. İlk musiqi müəllimi atası olub, sonradan görkəmli
tarzənlər Əhsən Dadaşov və Məmmədağa
Muradovdan dərs alıb. Universitetin ansamblında
çıxış edib.
Aqşin
Əlisəttar oğlu Babayev 23 noyabr 1936-cı ildə
Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsini bitirib (1959). Aspiranturada təhsil
alıb və Nazim Hikmətin dramaturgiya
yaradıcılığına dair namizədlik
dissertasiyası müdafiə edib.
Haşiyə:
O zaman türk filologiyası ilə məşğul olmaq,
türk dramaturgiyasından yazmaq asan deyildi, qadağalar
vardı. Stalinin ölümündən sonra "türk"
sözünə nəzarət hələ də davam edirdi.
Bununla bərabər cəmiyyətdə müəyyən
mülayimləşmə də yox deyildi. Aqşin müəllim
Türkiyə ədəbiyyatı üzrə aspiranturaya
imtahan verir, yüksək qiymətlə daxil olub, təhsil
almağa başlayır... Davamını özündən
dinləyək: "Nazim Hikmət sağ idi. Dissertasiya
mövzum onun dramaturgiyasına həsr olunmuşdu.
Üçaylıq yaradıcılıq məzuniyyəti
götürüb Moskvaya yollandım. Burada tanınmış
nazimşünas Əkbər Babayev məni apardı şairin
Moskvadakı mənzilinə. Qapını Nazim Hikmət
açanda gözlərimə inanmadım. Yəni doğrudan
da mən bu dahi insanla üz-üzə dayanmışam?
-
Mərhaba, buyurun, - deyə Nazim bizi içəri dəvət
etdi.
Sonuncu
dəfə özündən xeyli gənc olan Vera Tulyakova ilə
evlənmişdi. Qadın bizim üçün çay gətirdi.
Oturub heyranlıqla Nazimə baxırdım. Əkbərlə
ordan-burdan bir-iki kəlmə kəsəndən sonra
üzünü mənə tərəf çevirdi:
-
Buyur, - dedi.
-
Mən sizin dramaturgiyanızdan əsər yazmaq istəyirəm.
-
Çox nahaq yerə.
Açığı,
belə söz eşidəcəyimi gözləmirdim. Pərt
halda dönüb Əkbərə baxdım. Onun üzündə
isə sakit, arxayın bir təbəssüm gördüm.
Nazim sözünə davam elədi:
-
Məndən də əvvəl Əbdülhəq Hamid var. Yaxşısı budur, ondan yaz.
- Hamiddən
yazırlar. Mən sizdən yazmaq istəyirəm.
Necə
yazacağım barədə bir az söhbət eləyəndən
sonra aramız açıldı. Moskvada qalanda iki gündən
bir onun evinə gəlirdim, söhbət edirdik..."
50-ci illərin
sonlarından başlayan Nazim Hikmət heyranlığı
Aqşin müəllimi ustadın bədii irsinin yorulmaz tədqiqatçısına
çevirir. Respublikamızın elmi ictimaiyyəti Əkbər
Babayev, Tofiq Məlikli, Anar, Qadir İsmayıl, Azər Abdulla,
Rəşid Quliyev, Aytən Babayeva kimi nazimşünasları
yaxşı tanıyır. Aqşin müəllim özü də
mötəbər elmi məclislərdə və məqalələrində
adları çəkilən nazimşünasların tədqiqatları
haqqında səxavətlə söz açır.
Türkologiya elmimiz A.Babayevi yalnız Nazim Hikmətin dram
yaradıcılığının yox, bütövlükdə
türk dramaturgiyasının ən böyük tədqiqatçısı
kimi qəbul edir. Aqşin müəllim 1996-cı ildə
müasir türk dramaturgiyasına həsr etdiyi dissertasiya
işinə görə filologiya elmləri doktoru alimlik dərəcəsi,
1998-ci ildə professor elmi adını almışdır.
Görkəmli türkşünas-alimin "Nazim Hikmətin
yaşamı", "Türk ədəbiyyatı müntəxəbatı",
"Türk dramaturgiyası", "Cümhuriyyət dövrü
türk ədəbiyyatında sosial motivlər", "Azərbaycan
və türk dünyası" kitabları son dərəcə
dəyərli elmi-nəzəri mənbə və dərs vəsaitləridir.
Aqşin
müəllimin bu il dərc olunan "Nazimi yaşadanlar"
adlı yeni informasiya və düşüncələrlə zəngin
məqaləsi ("525-ci qəzət", 21 may 2011) alimin
Nazim Hikmətin xatirəsinə əbədi ehtiramının
təzahürüdür. Təsadüfi deyildir ki, A.Babayev
şairin bacısı mərhum Samiyə Yaltırım tərəfindən
Türkiyədə 1991-ci ildə yaradılmış Nazim Hikmət
Kültür və Sənət Vəqfi adlı qurumun fəxri
üzvüdür.
Nazim Hikmətdən
başlayan elmi axtarışlar Aqşin müəllimi
bütövlükdə zəngin və qədim türk ədəbiyyatına
istiqamətləndirmiş, onu müasir türk söz sənətinin
ən nüfuzlu tədqiqatçılarından birinə
çevirmişdir. Onun 2003-cü ildən Ali Attestasiya
Komissiyasında bu sahə üzrə ekspert
şurasının üzvü olması da təsadüf
sayıla bilməz.
A.Babayev
müxtəlif ictimai vəzifələrdə
çalışmışdır. 1959-1962-ci illərdə Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri Komitəsində
türk verilişləri şöbəsində redaktor və
baş redaktor müavini, 1970-1977-ci illərdə Xarici
verilişlərin baş redaktoru, 1976-1990-cı illərdə
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri
Komitəsində sədr müavini işləmişdir.
A.Babayev
1972-1975-ci illərdə Türkiyədə
çalışmışdır. İlk dəfə 1975-ci
ilin son günlərində 5-ci kurs tələbəsi ikən
tərcüməçi kimi işləməyə getdiyim
Ankarada Aqşin müəllimin mütərcimlik istedadı,
türk dili və ədəbiyyatının incəliklərinə
dərindən bələdliyi haqqında SSRİ səfirliyinin
yüksək ranqlı diplomatlarından xeyli xoş sözlər
eşitmiş, qürur hissi keçirmişdim. O zamanlar hələ
bilmirdik ki, sonralar bu xarici ezamiyyətin dərin həyati
müşahidələri Aqşin müəllimin
yaradıcılıq təxəyyülündən
süzülərək neçə-neçə hekayə və
povestin, eləcə də "Ayrılıq" kimi gözəl
bir romanın bədii materialına çevriləcək, tərcüməçi
kimi deyilməsi mümkün olmayan mətləblər
yazıçının müxtəlif əsərlərində
öz bədii-estetik həllini tapacaqdır.
Mətbuat,
radio, televiziya, bütövlükdə kütləvi informasiya
vasitələrinin aparıcı xadimlərindən biri kimi
şöhrət qazanan A.Babayev 1977-1982-ci illərdə Azərbaycan
Jurnalistlər İttifaqının idarə heyətinin katibi
işləmiş, səmərəli yaradıcı xidmətlərinə
görə "Əməkdar jurnalist" fəxri adına
layiq görülmüşdür. İkinci dərəcəli
Dövlət müşaviri olan A.Babayev 1991-2006-cı illərdə
Azərbaycan Milli Məclisi Aparatının Mətbuat xidməti
şöbəsinə rəhbərlik etmişdir.
Kiçik bir
xatirə: 80-ci illərdə Türkiyə türkcəsində
bir radio-pyes yazmışdım. Efirə hazırlanması
üçün Aqşin müəllimin icazəsi lazım
idi. O, daha əvvəllər də mənim türkcə qələmə
aldığım xeyli ədəbi-publisistik materialın, o
cümlədən bir neçə radio-pyesimin
yayınlanmasına xeyir-dua vermişdi. Bu dəfə vəziyyət
bir az fərqli idi. Pyes Aqşin müəllimin "Dialoq"
hekayəsi əsasında yazılmışdı və o, hər
zamankı təvazökarlığı ilə
radio-tamaşanın efirə getməsinə icazə vermək
istəmirdi. Belə hesab edirdi ki, onun hekayəsi əsasında
hazırlanmış radio-pyesin efirdə getməsi, öz vəzifə
səlahiyyətlərindən sui-istifadə kimi başa
düşülə bilər. Mən isə təkidlə icazə
verməsini xahiş edirdim, çünki əsərin ideya məzmunu
sosial sifariş idi və son dərəcə aktualdı. Tam bu
əsnada məni dəstəkləyən biri
"tapıldı". Keçmiş SSRİ məkanında
Türkiyə türkcəsindən rus dilinə bir nömrəli
mütərcim Moskvada yaşayan soydaşımız Ehsan
Mustafayev hesab edilirdi. Ehsan müəllimin türkcə-rusca və
rusca-türkcə ikidilli irihəcmli məşhur lüğətlərin
tərtibçisi və redaktoru olması ilə fəxr
edirdik. Onunla 70-ci illərin sonlarında Türkiyədə
işlədiyim illərdə tanış olmuşduq (sonralar
bu tanışlıq aramızdakı böyük yaş fərqinə
baxmayaraq, səmimi dostluğa çevrilmişdi). Həmin
günlərdə Bakıda qonaq idi və o gün öz
yaxın dostu və həmkarı Aqşin Babayevi ziyarətə
gəlmişdi... Ehsan müəllim radio-pyesin efirə verilməsinə
nəinki Aqşin müəllimi razı sala bildi, hətta mənim
efirə hazırlanan Neft daşlarından bəhs edən
"Əfsanələr adası" adlı başqa bir
radio-tamaşamda baş rolu öz möhtəşəm
türkcəsi ilə səsləndirdi...
Bir haşiyə:
1983-cü ildə elmi rəhbərlərim akademik Həmid
Araslı və türkşünas-alim Allahşükür
Qurbanov namizədlik dissertasiya işimə birinci rəsmi opponent
görkəmli şərqşünas Əkrəm Cəfəri,
ikinci rəsmi opponent tanınmış türkoloq Aqşin
Babayevi məsləhət görmüşdülər.
Aqşin müəllimin dissertasiya işimə
yazdığı son dərəcə səmimi və obyektiv rəyi
bu gün də saxlayıram. Müdafiədən sonra təşkil
edilən ənənəvi banketdə Əkrəm müəllim
başda olmaqla bütün əməyi keçən həmkarlarım
iştirak etdiyi halda, Aqşin müəllim ziyafətə gəlməmişdi.
Sonralar bir vəsilə ilə öyrənmişdim ki,
dissertasiya işinin Moskvada təsdiqinin gecikdirilməsinə səbəb
ola biləcək söz-söhbətdən, çuğullamalardan
(o zamanlar bu cür anonim donoslar dəbdə idi) rəvac verməmək
üçün banketə gəlməyib.
Otuz beşə
yaxın bədii və elmi kitabın müəllifi olan
A.Babayev yaradıcılığa kiçik hekayə janrı
ilə başlamış, 1958-ci ildə "Oktyabr
işıqları" almanaxında "Azadlıq
uğrunda" ilk hekayəsi çap olunmuşdu. "Cazibəli
üfüqlər" adlı ilk hekayələr kitabı
1964-cü ildə işıq üzü
görmüşdü. Bunun ardınca "Gənclik" nəşriyyatı
onun 1967-ci ildə "Həmişəbahar", 1971-ci ildə
"Bir parça həyat", 1977-ci ildə "Ağ
ulduzlar" hekayə və povestlər kitablarını
çap etmişdir.
Ümumiyyətlə,
70-90-cı illər A.Babayevin ədəbi-bədii
yaradıcılığında və elmi
axtarışlarında ən məhsuldar dönəmdir. Bu
dövrdə onun bir-birinin ardınca "Bir ürəyin hərarəti"
(1979), "Kişilər az yaşadı" (1981),
"Ayrılıq" (1982), "Dünya vəfalıdır"
(1984), "Sünbül ətri" (1986), "Söz gülləsi"
(1989), "Dünyanın axırı" (1992),
"Başımıza gələnlər" (1994), "Azərbaycan
və türk dünyası" (1998), "Müasir türk
dramaturgiyası" (1998), "Yanan Zürafə" (1999)
kimi ədəbi-bədii əsərləri və elmi-nəzəri
monoqrafiyaları çap olunur.
Yenə bu
dövrdə onun "Kişilər az yaşadı"
romanı otuz min tirajla Moskvada (1986), "Nazim Hikmət
yaşamı" əsəri Berlində (1989) işıq
üzü görür. Povestləri, hekayələri
Türkiyə, İraq, Gürcüstan, Moldova, Belarus, Ukrayna və
başqa ölkələrdə dərc edilir.
A.Babayevin ulu
öndərimiz Heydər Əliyevə həsr edilən
"Oğul" və "Xilaskar", eləcə də
"Yaralar", "Kim nə deyər...", "Olmuş əhvalat",
"Əlin cibində olsun", "Şeytanın
yubileyi", "Bir parça həyat", "Nekroloq",
"Dəvətnamə", "Yol", "Mükafat"
kimi pyes, libretto və telefilmləri ölkəmizin məşhur
teatr səhnələrində tamaşaya qoyulmuş, televiziya
ekranlarında nümayiş etdirilmiş, geniş
tamaşaçı rəğbəti qazanmışdır.
A.Babayev
öz həmkarlarını poetik şeirlər toplusu ilə də
heyrətə düşürməyi bacarıb. Onun "Bir
içim su istədim" adlı şeirlər kitabı
2002-ci ildə görkəmli şairlərimiz fikrət Qoca və
Vaqif Bəhmənlinin "Ön söz"ü ilə
işıq üzü görmüş, şeirlərinə
mahnılar bəstələnmişdir. A.Babayevin poeziyası
haqqında tədqiqatçı Sevinc Abbasovanın "Tikdim
ki, izim qala" adlı dəyərli bir elmi məqaləsi
çap olunub ("Dil və ədəbiyyat jurnalı",
BDU, 3 (74) 2010).
A.Babayev bədii
tərcüməçilik sahəsində də fəaliyyət
göstərmişdir. İtalyan dramaturqu Terensinin
"Qardaşlar", türk yazıçı-dramaturqu Haldun
Tanerin "Keşanlı Əli dastanı" pyeslərini, Əziz
Nesinin "Hekayələr" kitabını və s. əsərləri
dilimizə çevirmişdir. Onlarla xarici ölkə filminin
Azərbaycan dilinə tərcüməsinin altında Aqşin
müəllimin imzası var. A.Babayev "Yusif Məmmədəliyev",
"Həsən bəy Zərdabi", "Humay",
"Qızıl qələm", "Açıq
söz", "Nurlu qələm ustası", "Ustad sənətkar"
kimi müxtəlif mükafatlara layiq görülmüş,
"Azərbaycan Ali Sovetinin fəxri fərmanı", "Əmək
rəşadətinə görə" və "Əmək
veteranı" medalları ilə təltif olunmuşdur.
Aqşin
müəllim dəyərli pedaqoqdur. 1967-ci ildən pedaqoji fəaliyyətlə
məşğul olan A.Babayev 70-80-ci illərdə Azərbaycan
Dövlət Universitetinin şərqşünaslıq
fakültəsində türk ədəbiyyatı kursundan
mühazirələr oxuyub. Hal-hazırda Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
professoru olaraq öz elmi-pedaqoji fəaliyyətini davam etdirir.
"Ədəbi yaradıcılıq və ekran
dramaturgiyası" kafedrasının müdiridir. Yetirmələri
müxtəlif nüfuzlu qəzet və teleradio kanallarında,
incəsənət qurumlarında çalışırlar.
Onun "Azərbaycan kino sənətində ədəbi əsərlərin
təcəssümü" (A.Kazımzadə ilə birlikdə),
"Kino...kino", "Kino sənətinin təməl
daşı" kitablarını sənətsevərlər
maraqla qarşılayıblar.
Bir müddət
əvvəl "Ədəbiyyat qəzeti"ndə (3 dekabr
2010-cu il) Aqşin müəllimin "Toy" adlı
miniatür bir hekayəsini oxumuşdum. Hekayənin ağsaqqal
qəhrəmanı xanımı ilə birlikdə öz
köhnə dostunun nəvəsi Dursunun toyunda iştirak edir.
Süfrədə israfçılıq yoxdur. Musiqi səsi
qulaq batırmır. Sağlıqlar deyiləndə hər kəs
diqqətlə qulaq asır. Gəlin bir dəfə də olsun
ortaya çıxıb atdana-atdana rəqs eləməyib. Bir
ara ağsaqqal salondan çıxır, pul salmaq
üçün "oğlan evi", "qız evi"
yazılmış qutuları axtarır, ancaq tapmır. Yerinə
qayıtmaq istərkən, dostu onu görür. Deyir ki, nə
axtardığını bilirəm, boşuna axtarma. Mənim
gözümün ağı-qarası bir nəvəmə toy
etmək imkanım var, ümumiyyətlə, "pul
yığma" məsələsinə də yaxşı
baxmır. Ağsaqqal kövrəlir, "bilsəydim, heç
olmasa gül alardım" - deyir. İçəri
keçirlər. "Tərəkəmə" sədaları
altında qol götürüb oynayırlar... və həyat
yoldaşı onu yuxudan oyadır. Arvadının "Yuxuda nə
görürdün?" sualına kişi: "Qutu" - deyir
və səhərəcən yata bilmir.
Hekayənin məzmunu
üzərində geniş dayanmağımın səbəbi
var. Mövzu məni təxminən iyirmi beş il əvvələ
qaytardı. Səksəninci illərin ortalarında Aqşin
müəllim universitetin şərqşünaslıq
fakültəsi əməkdaşlarına, o cümlədən
mənə fakültəmizin ərəb filologiyası
şöbəsini bitirmiş oğlu Gündüzün toy mərasiminə
dəvətnamə göndərmişdi. Dəvətnamənin
alt küncündə iri hərflərlə yazılan
kiçik bir qeyd hamımızı xeyli təəccübləndirmişdi:
Hədiyyəniz bir dəstə gül! Təbii ki, toy
günü mən də, həmkarlarım da "pul
yazanı" (o vaxtlar "oğlan evi", "qız
evi" qutuları dəbdə deyildi) tapmamışdıq....
Demək,
onillərdir ki, bu məsələ Aqşin müəllimə
rahatlıq vermir, onu düşündürür, hekayəsinin
bədii materialına çevrilir. Yazıçı həyatda
həlli yollarını axtardığı problemlərin
estetik həllini bədii əsərdə verməyə
çalışır. Xatırladaq ki, 2003-cü ildə
tanınmış rejissorumuz Ramiz Həsənoğlunun
Aqşin müəllimin ssenarisi əsasında çəkdiyi
"Dəvətnamə" filmində də eyni mövzu
işlənir. Beş toya dəvətnamə alan və
maaşa baxan bank işçisi Cəfərin obrazında toy və
yaslardakı lazımsız adət-ənənələrimiz tənqid
edilir.
Türkiyə
türkləri Aqşin müəllim kimi insanlar
üçün alicənab, səmimi, etibarlı mənalarına
gələn "babacan" ifadəsini işlədirlər.
Bu söz ona çox yaraşır. Üstəlik, babacan
olmaqla bərabər həm də ailəcanlıdır.
"Ovqat" proqramında güvənc və söykənc
yeri mənasında qürurla "arxa cəbhəm" dediyi
vəfalı ömür yoldaşı Müzəyyən
xanıma, övladları və nəvələrinə
çox bağlıdır.
Ümidvaram
ki, "Hədiyyəniz bir dəstə gül" cümləsinin
başlığa çıxarılma səbəbini izah edə
bildim. Məncə, bu cümlə minnətsiz və təmənnasız
həyat tərzi ilə seçilən, dəyərli elmi və
bədii əsərləri, xeyirxah əməlləri ilə
insanları təəccübləndirməyə davam edən
Aqşin Babayev şəxsiyyətinin mənəvi-əxlaqi
kamilliyini dəqiq və sərrast ifadə edir.
Əsgər RƏSULOV
Ədəbiyyat qəzeti.- 2011.- 18 noyabr.-
S.4.