"Göyçə
aşıqları və el şairləri" haqqında
Məsləhətli don gen olar.
Xalq məsəli
Xalqımızın
şifahi ədəbiyyatını, o cümlədən
aşıq və el şairlərinin yaddaşlarda yaşayan sənət
incilərini toplayıb nəşr etdirmək çox vacib və
məsuliyyətli bir işdir. Keçən əsrin əvvəllərindən
belə bir nəcib işə təşəbbüs göstərilmiş,
bu zəngin xəzinənin böyük bir hissəsi itib-batmaq
təhlükəsindən xilas edilmişdir. Adlarını çəkmədiyim kitablar
arasında Göyçə aşıq və şairlərinin
şeirlərindən nümunələr olan toplular da
vardır.
Mütəxəssislərin
daha səmərəli fəaliyyət göstərməsi
üçün sovet hakimiyyəti illərində Nizami adına Ədəbiyyat İnstitutunda folklor
şöbəsi, müstəqillik əldə edildikdən
sonra isə AMEA-nın Folklor İnstitutu
yaradılmışdır. İnstitut fəaliyyətə
başlaynadan sonra şifahi xalq ədəbiyyatı
materiallarından ibarət olan neçə-neçə kitab
oxuculara təqdim olunmuşdur. Biz bu
yazımızda yalnız Hüseyn İsmayılovun
"Göyçə aşıqları və el şairləri"
kitabının birinci cildi haqqında təəssüratımızı
bildirmək istəyirik.
Müqəddimədə
orta əsrlərdən başlayaraq bu günümüzə qədər
olan aşıq sənətinin inkişaf mərhələləri
haqqında söhbət açılmışdır. Amma burada mətləbə
dəxli olmayan, mövzu ilə yaxından səsləşməyən
məsələlərə geniş yer verilməsi
oxucuları narahat edir.
Ə.Cəfəroğlunun
"Azərbaycan ədəbiyyatı" (TDAV, 1991)
kitabından götürülmüş sitatlar çox uzun və
yorucudur.
"Ata",
"baba", "qam" sözləri haqqında doqquz səhifə
(17-26) danışmaq Göyçə aşıq sənətinə
aydınlıq gətirməmişdir. Eləcə də,
şifahi ədəbiyyatla yazılı ədəbiyyatın fərqlərindən
geniş (altı səhifə) bəhs etməyə ehtiyac yox
idi.
Burada
aşıq şeirlərindən ibarət olan kitabların
hamısının haqqında geniş söhbət
açılmış və hər kitabda verilmiş şeirlər
sadalanmışdır ki, bu da çox bezikdiricidir.
Müqəddimədə
"xalq şerinin görkəmli nümayəndəsi" (səh.9),
"nəhəng sənət bahadırı" (səh.14)
kimi göstərilən Zodlu Fatma xanım adlı bir şairənin
adı çəkilmişdir. Təəssüf ki, onun həyatı
haqqında məlumat (heç olmasa doğum və ölüm
tarixi) və yaradıcılığından bircə nümunə
verilməmişdir. Bu sətirlərin
müəllifi ömrünün çox hissəsini Zod kəndində
keçirmiş, orada ərsəyə gəlmiş olan
aşıq və el şairləri ilə bağlı tədqiqat
aparmış, amma o kənddə Fatma xanım adlı şairənin
yaşamış olduğunu heç kəsdən eşitməmişdir.
Müqəddimənin
sonunda yazılır: "Oxuculara təqdim olunan
"Göyçə aşıqları və el şairləri"
kitabı üç cilddən ibarətdir" (səh.54).
İkinci cildin hansı dövrü əhatə edəcəyəi
göstərildikdən sonra qeyd olunur:
"…üçüncü
və dördüncü kitablarda isə sovet hakimiyyəti illəri
və çağdaş dövrümüzün Göyçə
aşıqlarının yaradıcılıq örnəkləri
təqdim olunacaqdır" (səh.54).
Oxucu bu ziddiyyətli
fikirdən düzgün cavab ala bilmir; kitab üç cilddəmi,
yoxsa dörd cilddəmi olacaq?!
Kitabda
on aşıq və el şairi haqqında söhbət
açılmış, həyatları barədə məlumat
verilmiş və əsərlərindən nümunələr
təqdim olunmuşdur.
Burada
mübahisəyə səbəb olan bir dolaşıqlıq
diqqəti cəlb edir. Bizə belə gəlir ki, bu sənətkarların
bəzilərinin Göyçə şairi kimi göstərilməsi
yanlışdır.
Ozan Heydər
barədə deyilir: "Ozan Heydər XV əsrdə Dərəçiçək
mahalının Ozanlar kəndində dünyaya gəlib" (səh.55).
Ozan
İbrahim baradə yazılır: "…Dərəçiçək
mahalının Ozanlar kəndində dünyaya gəlib" (səh.58).
Dərdli Nəsib
barəsində oxuyuruq: "Göyçənin Ozanlar kəndində,
təxminən 1670-ci illərdə doğulub" (səh.117)
(Göyçədə Ozanlar kəndi yoxdur. Deməli,
Dərdli Nəsib də Dərəçiçək
mahalındandır - İ.Ə.).
Dərəçiçək
də Göyçə kimi İrəvan quberniyasına tabe
olan geniş bir mahal idi. Odur ki, adları çəkilən bu
aşıqları oxuculara göyçəli kimi təqdim eləməyə
haqqımız yoxdur.
Kitabda
geniş yer tutan şair-aşıqlardan biri Misgin Abdaldır. Bu vaxta qədər Misgin Abdal barədə
ədəbi ictimaiyyətimizə az şey
məlum idi. Göyçə aşıq
yaradıcılığının
araşdırıcılarından biri kimi, biz də bu müqəddəs
şəxsiyyətlə maraqlanmış və şeirlərindən
nümunələr əldə etməyə cəhd göstərmişdik.
Etiraf edək ki, bizim bu təşəbbüsümüz
uğursuzluqla nəticələnmiş, ona görə də
"Sazlı-sözlü Göyçə"
("Maarif" nəşriyyatı. Bakı
1999) kitabında Misgin Abdala yer verməmişdik.
"Göyçə
aşıqları və el şairləri" kitabının
tərtibçisi Misgin Abdalın həyatı barədə
maraqlı məlumatlar vermişdir.
Tərtibçinin
yazdığına görə, Misgin Abdalın beşinci
babası Yaqubla Şeyx Səfi dost olublar (səh.69).
1500-cü
ildə Misgin Abdal Şah İsmayılı Göyçədə
qarşılamış və ona saz
bağışlamışdır (səh.73).
Misgin Abdal
yayı Göyçədəki iqamətgahında,
qışı isə Ərdəbildə Şah
İsmayılla birgə keçirirmiş. Şah
İsmayıl Xətainin rəsmən səlahiyyətli vəziri,
dövlətlərarası diplomatik əlaqələr işinə
rəhbərlik edən Seyid Misgin Abdal imiş (səh.74).
Misgin Abdal
özü ilə Göyçədən seçib Ərdəbilə
- Şah Xətainin sarayına 12 aşıq gətiribmiş
(səh.75).
Misgin Abdal
Çaldıran savaşında ağır
yaralanmışdır (səh.77).
Misgin Abdal
Dağıstanda şahın ona tapşırdığı
diplomatik missiyanı yerinə yetirərkən
ata-anasının ölümündən xəbər
tutmuş və şahın icazəsi ilə ailəsini də
götürüb Göyçəyə yola
düşmüş, qış zamanı olduğuna görə
dağlarda boran onun iki oğlunu öldürmüş və o
üzünü dağlara tutub "Dağlar"
qoşmasını söyləmişdir (səh.77).
Misgin Abdal
Şah İsmayılın vəfatından sonra Göyçə
mahalının Sarıyaqub kəndinə qayıtmış və
məktəb açmışdır (səh.79-80) və sair.
Kitabın
tərtibçisi Misgin Abdalın həyatı və fəaliyyəti
ilə bağlı olan bu məlumatları "tarixi faktlara
görə" (səh.68-69) söylədiyini bildirir. Təəssüf ki,
hansı tarixi yazılı mənbədən istifadə
etdiyini göstərməmişdir.
Şah
İsmayıl Xətai, eləcə də Misgin Abdal barəsində
bu deyilənlər əhəmiyyətli məsələlərdir. Bunları yenidən
araşdırmağa ehtiyac var.
Söz yox ki,
Şah İsmayıl Xətainin də dövrünü, həyat
və fəaliyyətini əks etdirən mötəbər
tarixi kitablar var. Tərtibçinin burada dedikləri öz təsdiqini
taparsa, şübhə etmirik ki, onlar həmin kitablarda daha
geniş şəkildə yazılmış olar. Çünki Şah İsmayılın da tarix yazan
mirzələri sarayla bağlı baş vermiş hadisələri
qələmə alırdılar.
Münasibətlərimizin
normal olduğu indiki zamanda İrana getmək və bu məsələləri
araşdırmaq o qədər də çətin problem deyil. Araşdırmalar nəticə
verərsə, tariximizin və aşıq sənətinin yeni
bir səhifəsi açılmış olar. Məsələn,
Misgin Abdalın Göyçədən seçib özü
ilə Şah Xətainin sarayına 12 aşıq aparması təsdiq
edilərsə, belə bir nəticə çıxarmaq olar
ki, o zaman Göyçədə aşıq sənəti
yüksək inkişaf mərhələsində imiş və
aşıqlar sayca çox imiş ki, Misgin Abdal bunlardan 12-sini
seçib aparmışdır. Həmin
aşıqların adları və hansı kənddən
olmaları da maraqlıdır.
Araşdırmalar
ən qiymətli bir tapıntıya da səbəb ola bilər; bu da Şah Xətai şərəfinə
saysız qoşmaları, şərəfnamələri olan
Misgin Abdalın şeirləridir. "Şah
sarayında ən nüfuzlu şair" kimi göstərilən
sənətkarın əsərlərinin Divan şəklində
mühafizə olunmasına guman var. Əgər belə bir ədəbi-bədii
xəzinə ələ düşərsə, ordan-burdan,
ayrı-ayrı adamların hafizəsindən təhriflərlə
yazıya alınmış olan indiki zəif, uydurma şeirlərin
oxuculara təqdim edilməsinə ehtiyac qalmaz.
Kitabda
yer tutan şairlərdən biri də Şımpırlı
Sevgilidir. Müəllifin yazdığına görə,
"Şımpırlı Sevgili XVII yüzilliyin
ortalarında Göyçənin qədim Şımpır
elində (Babacan kəndi yaxınlığında
xarabalıqları indi də durur) dünyaya göz
açıb.
Xalq
arasında Şımpırlı Sevgilinin Qul Mahmuda bəslədiyi
eşqlə bağlı rəvayətlər
dolaşmaqdadır.
Şımpırlı
Sevgilinin əldə edilən şeirləri onun kamil bir sənətkar
olduğunu təsdiq edir" (səh.122).
Tərtibçinin
yazısında Sevgili "kamil bir sənətkar",
"böyük sənətkar", "böyük
şair", "şeirləri olduqca axıcı" kimi
ifadələrlə dönə-dönə təriflənir. Amma şeir nümunələrinə diqqət edəndə
bunu görə bilmirik.
Müəllif
Şımpırlı Sevgilinin şeirlərinin
"cilalı", "şirin" olmasından heyrətə
gəldiyini qeyd etdikdən sonra aşağıdakı bəndi
misal göstərmişdir:
Ərş
ahımdan zinhar oldu,
Yollar, qədəmli
olsan, hey!
Çək
canımı - izahlanım,
Məzar,
udumlu olsan, hey. (səh.122)
Başqa bir bəndə
diqqət edək:
Bu
günahın nədir yolu?
Olmuşam
bir cavan qulu.
Mahmud adlı
bir yad oğlu,
Sevgiliyə
əba olubdu. (səh.126)
Şeirləri
bu qəbildən olan şairə haqqında yüksək fikir
söyləyən tərtibçi onun "özündən
sonra gələn sənətkarlara böyük təsir
göstərmişdir" (səh.123) sözləri ilə
yazısını tamamlamışdır.
Kitabda
adı çəkilən aşıq şairlərdən biri
də Qul Mahmuddur. Kitabın tərtibçisi onun haqqında iki yerdə
söhbət açmışdır; bir buradakı xüsusi
bölmədə, bir də müqəddimədə.
Müqəddimədə
yazılmışdır: "Şeir örnəkləri təqdim
edilmiş sənətkarlar içərisində XVI-XVII əsrlərdə
(1605-ci ildə vəfat etmiş) yaşamış
göyçəli ustad aşıq Qul Mahmudun poetik irsindən
nümunələr verilmişdir". (səh.44)
Tərtibçi
Yerdə
qalmaz Qul Mahmudun sözləri,
Kabab
üstə yandırarlar közləri.
Həddi nədir
xanın, bəyin qızları,
Gözəllikdə
mənim Sarama gəlsin. (s.44)
- bəndinə əsasən onun Sara adlı məşuqəsi
olduğu qənaətinə gəlmişdir.
"Qul
Mahmud" adlı xüsusi bölmədə isə oxuyuruq:
"Qul Mahmud XVII yüzilliyin ortalarında Göyçənin
qədim Şımpır elində doğulmuşdur.
Xalq
arasında onun Şımpırlı Sevgili ilə
böyük eşqindən maraqlı rəvayətlər
dolaşmaqdadır" (səh.130).
Burada oxucu
fikirləşməli olur: bu Qul Mahmud müqəddimədəki
Qul Mahmuddurmu? Hər ikisi göyçəlidir.
Birinin 1605-ci ildə vəfat etdiyi, o birinin isə
XVII əsrin ortalarında doğulduğu göstərilir.
Birinin sevgilisinin adı Sara, digərininki
Sevgilidir.
"Göyçə
aşıqları və el şairləri" kitabında
Ağ Aşıq haqqında da geniş söhbət
açılmışdır. Göyçə aşıq sənətinin
inkişafında mühüm xidməti olan bu saz-söz sənətkarı
ilə bağlı yazılarda müxtəlif fikirlər,
mübahisəli məsələlər var. Bəziləri onun
Cənubi Azərbaycanda, bəziləri Naxçıvanda, bəziləri
Göyçədə, bəziləri də Qazaxda doğulub
boya-başa yetdiyini göstərirlər. Tərtibçinin
qənaətincə "…o, məhz ustad sənətkar kimi
Göyçədə doğulub və Göyçə
mühitinin övladıdır" (səh.137). Yaxşı olardı ki, tərtibçi ustad sənətkarın
Göyçənin hansı kəndində dünyaya gəldiyini
də göstərəydi.
Ağ
Aşığın yaradıcılığı zəngin
olmuşdur. Təəssüf ki, onun böyük bir qismi
unudulmuşdur. Kitaba daxil edilən şeirlərin
çoxu ustadın nəfəsinə yaddır. Onlardan
birinə diqqət edin:
Yenə yada
düşdü nakam eşqimiz,
O
közün oduna bir daha yandım.
Məhəbbət
ötəri hal da deyilmiş,
O
gözün oduna lap alovlandım.
Belə
uydurmalar ustadlara da, kitab tərtib edənlərə də
hörmət gətirmir. Əksinə, tərtibçinin qeyd etdiyi kimi, Ağ
Aşıq haqqında ilk yazılı məlumatı bu sətirlərin
müəllifi vermişdir ("Aşıq Ələsgər
və XIX əsr Göyçə aşıqları"
(namizədlik dissertasiyası, 1973). Orada
"Ayə məndəndi" rədifli bir təcnis də təqdim
eləyib və göstərmişdik ki, bu təcnisi bəziləri
Ağ Aşığın yaradıcılığı hesab
edir. Göyçənin Kiçik Məzrə
kəndindən olan Aşıq Qara Mövlayevin israrla
etirafına görə (təcnisi Aşıq Qaradan
yazmışdıq), bu təcnis Aşıq Ələsgərin
babası Allahverdinindir. Ağ
Aşığın da adının Allahverdi olması
dolaşıqlıq yaratmışdır.
Təcnis
işıq üzü gördükdən sonra bəzi tədqiqatçılar
bir qədər dəyişiklik edərək onu Ağ
Aşığın, bəziləri də Aşıq Alının
yaradıcılığı kimi təqdim etməyə
başladılar. Əfsus ki, "Göyçə aşıqları
və el şairləri" kitabının tərtibçisi
ilk məlumata məhəl qoymadan, həmin təcnisi
kitabın 168-ci səhifəsində Ağ
Aşığın, 411-ci səhifəsində isə
Aşıq Alının əsəri kimi vermişdir.
Kitabda
Göyçənin Daşkənd kəndindən olan şair
Məmmədhüseynə də geniş yer
ayrılmışdır.
1988-ci
ilə qədər çap olunmuş kitablarda onun 3-4 şeri
yarı-yarımçıq və təhriflərlə
oxuculara təqdim edilmişdi. T.Göyçəlinin
"Göyçə aşıq məktəbi" (1998) və
bu sətirlərin müəllifinin "Sazlı-sözlü
Göyçə" (1999) kitablarında şairin 15-16
şeri işıq üzü gördükdən dərhal
sonra yüzlərlə şeri əhatə edən kitabı
onun qohumları tərəfindən çap etdirildi. Əksər hissəsi uydurmalardan ibarət olan bu
"şeirlər" şairin
yaradıcılığına qatı bir kölgə
salmışdır. Təəssüf ki,
"Göyçə aşıqları və el şairləri"
kitabının tərtibçisi, saf-çürük etmədən
onların böyük bir qismini S.Şairovun tərtib etdiyi
"Yatıb, oyanmaz oyanmaz" (2005) kitabından
götürüb bu kitaba daxil etmişdir. Odur
ki, oradakı nöqsanların bir qismi burada təkrar
olunmuşdur.
Kitabda
başqa müəlliflərin əsərlərinin Məmmədhüseynin
adına getdiyinə də tez-tez rast gəlirik.
Aşıq Ələsgərin "Qabaqda" rədifli
qoşması (səh.205), "Aşıqlar qövlilə,
arifi aqil" misrası ilə başlanan meracnaməsi (səh.207),
şəmkirli Aşıq Hüseynin "Mərd" rədifli
divanisi (səh.283), Aşıq Musanın "Dilim" rədifli
qoşması (səh.198) Məmmədhüseynin
yaradıcılığı kimi təqdim olunmuşdur. Qəribədir ki, "Dilim" rədifli qoşma
bu kitabda həm də Aşıq Musanın əsəri kimi
özünə yer tapmışdır (səh.449).
"Göyçə
aşıqları və el şairləri" kitabının
tərtibçisi Məmmədhüseynin "Gəlmədi"
rədifli divanisi haqqında söhbət açarkən
yazır: "Qeyd edim ki, bu şerin rədifi "Ya Əli"
olmalıdır". Sual olunur: niyə?!
150-160 il bundan əvvəl yaradılmış
şeirə "düzəliş" aparmağa səlahiyyətimiz
çatırmı? Səlahiyyətimiz
çatmasa da, tərtibçi inad göstərərək
şeri "Ya Əli" rədifi ilə (səh.178) kitaba
daxil eləmişdir. Maraqlıdır ki,
divani 289-cu səhifədə həm də "Gəlmədi"
rədifi ilə verilmişdir.
Tərtibçi
söylədiyi fikri qüvvətləndirmək
üçün ustadın şeirlərindən gətirdiyi
sitatlarda qəribə bəndlərə, mənası
anlaşılmaz misralara da rast gəlirik:
Bütləri
Əli qırdı,
İbrahim
yanmadı nara.
Oğlunu
çaldı mərmərə,
Cəbrayıl
bir qoça gətirdi
İsmayıl
peyğəmbərə.
Ol səbəbdən
ol geyindi,
Şahi-mərdan
qırmızı. (səh.180)
Kitabı
qalınlaşdırmaq xatirinə ustadların adına
şeir uyduranlar dərk etmirlər ki, onların bu "xidməti"
mənəviyyatımıza vurulan ağır zərbədir.
Məmmədhüseynin gəraylısına baxın:
Səni
gördüm yada düşdü
Al
yanaqlı yarım, lalə.
İntizarın
üzüb məni,
Dedim elə
varım, lalə.
Ləçəklərin
qırmızıdı,
Könlümün
telli sazıdı.
Dağların
sənəm qızıdı,
Oxşarın
gül, barım, lalə.
Yazda idi xeyir
işim,
Sən
açmısan, nə təşvişim.
Məmmədsöyünəm,
tez yetişim,
Bircə
işi sarım, lalə. (səh.194)
"Aşıq
Alı" bölməsində də mübahisəli məsələlər
az deyildir. Əvvəlki
müəlliflərin Aşıq Alı barədə söyləmiş
olduğu fikirləri göstərən tərtibçi
inandırıcı olmayan məqamları təkzib etmək əvəzinə,
bəzən onları bir daha təsdiq eləmişdir. O
yazır: "M.Həkimovun yazdığına görə,
Aşıq Alının öz dəst-xətti ilə
yazdığı üç kitab əlyazması, şeirləri
və ustadı Ağ Aşıqdan yazdığı bir kitab əlyazması
1938-ci ilə kimi Kəlbəcərdə "Dilsuz və Xəzangül"
dastanının müəllifi Aşıq Nəbinin şəxsi
arxivində saxlanmışdır. Anlaşılmazlıq
üzündən həmin nadir nüsxələr bir çox əlyazmaları
kimi, 1938-ci ildə yandırılmışdır" (səh.323).
M.Həkimovun
"Xalqımızın deyimləri və duyumları"
(1986) kitabından götürülmüş bu fikir Mürsələ
də ondan əvvəl yazanlardan gəlmişdir. "Göyçə
aşıqları və el şairləri" kitabının
tərtibçisi bu yanlış fikirlə
razılaşmamalı idi.
Kəlbəcərin
Milli kəndindən olan şair Nəbi savadlı idi. "Dilsuz və Xəzangül"
dastanını öz əli ilə yazmışdı. Əgər onun arxivində elə əlyazmaları
olsaydı, heç vaxt onu yandırmazdı. Burada hansı anlaşılmazlıqdan söz gedə
bilər?! Göyçənin Kərkibaş
kədində yaşayan Ağ Aşığın və
Qızılvəng kəndində yaşayan Aşıq
Alının şeirlərinin Kəlbəcərin Milli kəndində
saxlanılması da inandırıcı deyil. Axı Aşıq Alı da Aşıq Ələsgər
kimi, yazı-pozu bilmirdi. Buradan da aydın
olur ki, bu epizod məqsədyönlü uydurmadır.
Aşıq
Alının adına 400-dən artıq təcnis
uydurub, onu "Təcnis Alı" adlandıranlar onlarla digər
şəkilli şeirlər yazıb onun əsərləri
kimi oxuculara təqdim eləmişlər. Təəssüf
ki, bunların bir qismi "Göyçə
aşıqları və el şairləri" kitabında da
özünə yer tapmışdır.
Hələ
Aşıq Alının əsəri kimi təqdim olunan bir
qoşmaya diqqət edin:
Ay ağalar,
gəlin sizə söyləyim,
Nə
cür olsa genə vətən yaxşıdı.
Qohum,
qardaş, dost, müsahib görəndə,
Şəfa
tapar yaralarım, yaxşıdı.
Beybafaynan sən
dost olma, kənar gəz,
Şam,
çırağ olmasa, əldə fənar gəz.
Başa
düşər öz hesabın qanar, gəz,
Min
qarğadan bircə qırğı yaxşıdı.
Biçarə
Alıyı gətirdin dilə,
Bülbül
də müştaqdı budaqda gülə.
Sar quşdarı şikar etsə yüz ilə,
Qoca
olsa, genə tərlan yaxşıdı. (səh.400)
"Əhsən,
bərəkallah!" şeir uyduranların sənətkarlıq
qüdrətinə!
Kitabda
başqa müəlliflərin əsərlərinin
Aşıq Alının adına getdiyini də
görürük. Məsələn, "Vermərəm
səni" (səh.363) rədifli qoşma H.Əlizadənin tərtib
elədiyi "Aşıqlar" (1935, 1936) kitablarında (səh.
233,373) Aşıq Əlinin adı ilə çap
olunmuşdur.
"Zeynalın"
rədifli qoşma (səh.399) Aşıq Ələsgərin
qardaşı Çoban Məhəmmədindir. "Yalvarıram" rədifli
divanı (səh.419) Aşıq Ələsgərindir.
Kitaba
daxil edilən şair-aşıqlardan biri də Aşıq Musadır. 1970-ci ilə qədərki
kitablarda onun haqqında olan məlumat çox qısa və
yanlış getmişdir. H.Əlizadənin
1937-ci ildə çap etdirdiyi "Aşıqlar"
kitabında deyilir: "Aşıq Musa Ermənistan Sovet
Sosialist Respublikasının Basarkeçər rayonunun
Qaraqoyunlu kəndindəndir. Anadan olduğu
və vəfat etdiyi tarix haqqında düzgün məlumat
yoxdur. Aşıqların dediyinə
görə, təxminən 1840-cı illərdə 45
yaşında vəfat etmişdir". H.Əlizadədən
sonra kitab tərtib edənlər də bu fikri təkrarlamışdır.
Amma
"Göyçə aşıqları və el şairləri"
kitabının tərtibçisi bu fikri təkzib edərək
yazır: "Yeri gəlmişkən qeyd edim ki, bu məlumat
yanlışdır. Aşıq Musa təxminən
1830-cu ildə Göyçənin Ağkilsə kəndində
anadan olmuş, 1912-ci ildə vəfat etmişdir. Qəbri doğma kəndindədir" (səh.42).
H.İsmayılov
tamamilə haqlıdır. Təəssüf ki, o,
hansı mənbəyə əsasən bu fikri söylədiyini
qeyd etməmişdir.
Bu sətirlərin
müəllifi ilk dəfə "Ulduz" jurnalının
1970-ci il birinci sayında, sonra
"Aşıq Ələsgər və XIX əsr
Göyçə aşıqları" (1973) adlı namizədlik
dissertasiyasında və "Sazlı-sözlü
Göyçə" (1999) kitabında Aşıq Musa barəsində
söhbət açmış və şeirlərindən
nümunələr vermişdir. Dissertasiyada
aşığın qəbir daşının fotoşəkli
də oxuculara göstərilmişdir. "Göyçə
aşıqları və el şairləri" kitabının
tərtibçisi istəsəydi, bunlardan birinə isnad
etdiyini yazardı.
H.İsmayılov
Aşıq Musadan danışarkən gətirdiyi bir sitat
maraqlıdır. O
yazır: "Aşıq Musa Türkiyənin Qaraxan vilayətində
neçə aşığı bəndə salır, Mələknisə
ilə deyişir və çox böyük çətinlikdən
sonra sazının, sözünün gücü ilə ona
qalib gəlir. Nəhayət, Mələknisəni
alıb vətəni Göyçəyə yola
düşür. Arazı keçərkən
Mələknisənin atı yıxılır, onu
çayın gur suları qoynuna alır. Aşıq
Musanın Araza yalvarışı, nisgili, harayı ərşə
dayanır:
Tellərində
şana, əlində həna,
Toyumu
yas edib, döndərmə qana.
And verirəm
ərşə,gürşə, asmana,
Əldən
alıb şux nigarım aparma,
Axma Araz, axma,
yarım aparma.
Mələknisə
birtəhər bir ağac kolundan yapışıb sahilə
çıxır: müsibət, fəlakət sevinclə əvəz
olunur. Aşıq Musa sevgilisi Mələknisə
ilə doğma yurdu Göyçəyə gəlir. Atası Səfər kişi onlara toy vurdurur".
(səh.443)
Tərtibçi
bu sitatı hardan götürdüyünü bildirmək
üçün səhifənin ayağında qeyd
etmişdir: ("Sazlı-sözlü Göyçə". Toplayanı və tərtib edəni İ.Ələsgər.
B.2000, s.60; S.Paşayev. XIX əsr
aşıq yaradıcılığı. B.,1989, s.53).
Qətiyyətlə
bildirirəm ki, mən heç yerdə bir fikir söyləməmişəm!
Aşıq Musanın düzgün ünvanını,
doğum və ölüm tarixini İ.Ələsgərin
yazdıqlarından götürdüyünü qeyd etmək
istəməyən tərtibçi başqa müəllifin
yazdığını onun adına vurması
da çox qəribədir!
"Göyçə
aşıqları və el şairləri" kitabını
təsadüfi bir adam deyil, filologiya elmləri
doktoru, professor, folklor İnstitutunun sabiq rəhbəri tərtib
etmişdir. Bu kitab göstərdiyimiz və
göstərmədiyimiz nöqsanlardan xali olmalı idi. İnstitutda çoxsaylı əməkdaşı
olan "Aşıq yaradıcılığı"
şöbəsi də fəaliyyət göstərir. Əgər kitab nəşrə getməzdən əvvəl
şöbədə müzakirə edilsəydi, təəssüf
doğuran qüsurlar orada özünə yer tapmazdı.
İslam ƏLƏSGƏR
Ədəbiyyat qəzeti.- 2011.- 18
noyabr.- S.3-5.