Bir böyük
dostum vardı…
Təqribən
on il bundan
əvvəl görkəmli alman türkoloqu, unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin dostu H.Əhməd Şmide
redaksiyamıza göndərdiyi məktubunda yazırdı:
"Hörmətli redaksiya üzvləri,
"Ədəbiyyat qəzeti"nin 12 oktyabr
2001-ci il tarixli
nüsxəsində oxumuşam ki, böyük dostum, mərhum Abbas Zamanov haqqında xatirələr kitabı
düzəldiləsidi.
Budur ki, mən
də rəhmətlik dostum haqqında bir neçə sətir yazıb
qurtarmışam. Arzu edirsinizsə, dərc
edə bilərsiniz.
Məqaləmi
(sitatlar xaric)
bütövlükdə Türkiyə türkcəsi ilə qələmə
aldığıma görə sizdən üzr
istəyirəm. Bu ləhcədə daha sərrast yaza bilirəm...
Hörmət
və ehtiram hisslərimlə,
H.Əhməd
Şmide"
"Ədəbiyyat
qəzeti" həmin məqaləni o zaman nəşrə hazırlanan
"Müasirləri Abbas Zamanov
haqqında" kitabına (toplayanı, tərtib edəni və
müqəddimənin müəllifi AMEA-nın həqiqi üzvü İsa Həbibbəylidir.
"Çinar-Çap", 2003) təqdim
etməklə bərabər, həm də öz
səhifələrində
dərc etdi.
Unudulmaz Abbas müəllimin
bir əsrlik yubileyinin
dövlətimizin başçısının məlum sərəncamı
ilə geniş qeyd olunduğu bu günlərdə
adı çəkilən məqaləni əziz oxuculara bir daha
təqdim edib - xatırlatmağa ehtiyac duyduq.
Heç bir vaxt vaz
keçmədiyim, inşallah, son nəfəsə qədər də vaz keçməyəcəyim iki
cəhət var: birincisi,
haqq tanıdığım dinim, ikincisi, türklük sevgisidir. Zatən
mənim anlayışıma görə bu
iki cəhət tarixin
gedişatında möhkəmlənmiş, artıq bir-birindən
ayrılmaz vahid bir qavram halına gəlmişdir. Məni
tanıyanlar bilirlər ki, İslama
və türklüyə bağlılığım, öz milli mənsubiyyətimə,
yəni almanlığıma əsla zidd deyildir. Əksinə, öz
millətimi, onun tarix
və kültürünü yüksək
saydığım üçündür
ki, başda türklər
olmaq üzrə digər millətləri o dərəcədə sevə bildim. Atama borclu olduğum
bir çox dəyər
ölçülərindən biri də odur: özünü bil ki, başqasını da biləsən. Özünə düşmən
olma ki,
başqasına da düşmən olmayasan… Bu anlayış eyni zamanda, İslamın təsvirində
də ifadəsini tapır: mömin Allahla, özü özüylə
və ətrafıyla
barış içində olan adamdır.
Vurmaq, yıxmaq, öldürmək - bunlar səlamət anlamına gələn İslama, tamamilə yaddır…
Əziz
ağa qardaşım Bəxtiyar Vahabzadənin
dəvətilə 1969-cu ilin sonlarında ilk dəfə Azərbaycana gəlmişdim.
Köhnə "İnturist" otelində
yerləşər-yerləşməz odamın qapısı döyüldü, içəri, o ana qədər sırf məktublaşma
yolu ilə tanış olduğum
Bəxtiyar Vahabzadənin yanında... gülərüzlü bir şəxs girdi. Onunla da əvvəlcə bir neçə dəfə məktublaşmışdıq,
hətta mənə fotoşəklini də
yolladığı üçün həmən
tanıdım. Fotoşəkil
indi də məndə durur.
Arxasına şəfqət dolu bu sözləri yazmışdı: "Dostum Əhməd Şmide
cənablarına yadigar. A.Zamanov.
10.XII.68, Bakı".
Görüşdük.
Cibindən bir qırmızı alma çıxarıb mənə uzatdı. Türk mifologiyasından bildiyimə görə,
qızıl alma yetişmək istənilən
bir mərhələnin rəmzidir. Abbas müəllimin verdiyi
qızıl alma Vahabzadə - Zamanov - Şmide üçlü dostluğunun
ilk meyvəsi oldu. Və
bu alma sanki
qəlbimdəki bir ağacın ilk meyvələrindəndi. Bu
ağac heyranı olduğum
türk mədəniyyətinin simvoluydu. Gənc sayılırdım: 34-35
yaşlarında, yəni uşaqlıq, gənclik xəyallarının
hələ çəkilib getmədiyi bir
yaşda idim. Daha sonraları həyat bəlli bir sıra xülyalardan səni
əl çəkməyə vadar edir.
Bəxtiyar
bəy və Abbas müəllim vasitəsilə
Azərbaycanın zəngin mədəniyyəti ilə daha yaxından tanış olaraq
çox-çox dəyərli şəxsiyyətlərlə
dostluq qurmaq səadətinə
yetdim. Bu
dostluqların həyatımın gedişinə yeni-yeni yönlər verdiyini,
hətta yaşamımı əvəzsiz zənginliklərlə
ziynətləndirdiyini desəm, əsla mübaliğə etmiş olmaram.
Abbas
Zamanov mənim zehnimə
qayğıkeşlik, əzabkeşlik, cəfakeşlik
timsalı olaraq həkk olunmuşdur.
Çocuqluğunda, gəncliyində, daha sonralar çəkmiş
olduğu əzablar, dərdlər onu bir çox
başqa insanlara
qarşı əzazil etməmiş, tamamilə əksinə, bütün insanlığa, fəqət, əlbəttə,
ən başda əziz millətinə
qayğıkeşliyə sövq etmişdir. Millətin dərdini çəkərkən
oturub ağlamaqla kifayətlənməmiş,
xeyr, öz
rahatlığına əhəmiyyət vermədən, millətin
dərdlərinə çarə aramış, savaş vermişdir Abbas müəllim. Millətin xeyri üçün
yazdığı, nəşr etdirdiyi əsərlərdən,
Azərbaycanı dünyaya tanıtmaq uğrunda qatlandığı fədakarlıqlardan
və bunların nəticəsində başına gələn
dərdlər, müsibətlər bir yana: fikri-acizanəmcə, Abbas
Zamanovun bir vətəndaş
olaraq gördüyü
ən böyük iş
1960-cı illərdə Naxçıvan Muxtar
Respublikasını Azərbaycandan ayırıb Ermənistana
verməyə qalxanların hesabını pozması idi. İlahi, bu nə cəsarətdi?! Sən
qalx, Ermənistan səfəri əsnasında
əl altından, fəqət əmin yerlərdən bu fəci niyyətdən xəbərdar ol, Bakıya dön, Səməd
Vurğunu xatırlamaq üçün
Elmlər Akademiyasının böyük salonunu ağzınacan doldurmuş
olan qələbəliyin
önündə kürsüyə çıx, Səməd Vurğunun çox dəyər
verdiyi xalqlar dostluğundan bəhs edəndən sonra de ki:
"…Bu dostluğu pozmaq istəyənlər var.
Bu yaxınlarda Yerevana
getmişdim. Orada Naxçıvanın Ermənistana ilhaq
edilməsiylə əlaqədar sənədlər
hazırlanır, mitinqlər keçirilir.
Əgər Səməd sağ olsaydı,
şübhəsiz deyərdi ki,
Naxçıvanın bir
qarışını da heç
kimə verməyəcəyik…" ("Xalq
qəzeti", 6.IX.1992).
Bu
işin üstündə çəkdiyi
sıxıntılardan özündən başqa,
hər halda, çox
adamın xəbəri olmaqla bərabər,
hamımız bu təşəbbüsün
o zamanlarda nə demək
olduğunu aşağı-yuxarı təxmin
edə bilərik. Elə oldu
ki, ortalıq bu dərəcə
qarışdıqdan sonra
Naxçıvandan əl çəkildi…
Millətin
xeyrinə verdiyi hizmətlərdən biri bu idi.
Başqalarını da qədirşünas
Azərbaycan türk milləti bilir və unutmaz.
…Abbas müəllim belə idi:
milləti, yaxud bir
millət övladı sıxıntıya düşdümü,
öz dincliyinə önəm vermədən
bu dərdin çarəsini
axtarırdı.
Əslində
iki ayrı xarakterə sahib
Abbas Zamanov və Bəxtiyar
Vahabzadə bu nöqtədə birləşirdilər:
millətin dərdi və bu dərdə
çarə axtarışı! Həyatımda qazanmaqla mutlu olduğum bu iki dostumu xarakterizə etmək
istəsəniz Bəxtiyarın "Muğam"
poemasına baş vurmaq
istərdim - biri "Çargah"
digəri "Rast" olsun.
Biri:
Qəlbi
vulkan tək coşan
üsyandır,
Üsyan Çargah!
Açmış
hər zənguləsindən fikrə
Meydan Çargah…
…Bəxtiyaram,
heyranam Bərdaştda
Çılğın
səslərə,
İstərəm
od alsın əsrin atəşindən
Çargah!
Digəri:
Aqil
danışır, canlı misallar çəkir
Hərdən,
Bir taleyin ibrətli
hekayətləridir
Rast.
Öz dərdini
qışqırmaz, o
Ahəstəcə
söylər,
Lakin əzabın
son dəmi,
Sərhədləridir
Rast.
İkisi də
bir yolun yolçusu:
"Ötənlərin
dərdlərinə dola-dola…"
Bir
böyük dostum vardı. - Allah ona qəni-qəni rəhmət eləsin…
Bir dostum da
var ki, Allah onun qəlbinə güc ehsan etsin ki, o da
sözünün qüdrətilə, məhəbbətinin
nuru, ziyası ilə bizi işıqlandırsın…
Bu kimi
övladlara sahib olan Azərbaycan türk milləti nə
xoşbəxtdir!
Əhməd ŞMİDE
Ədəbiyyat qəzeti.- 2011.- 18
noyabr.- S.1.