Elçinin "Şekspir"
pyesinin tamaşası Moskva
teatrının səhnəsində
Moskvada fəaliyyət
göstərən "Dərviş teatrı" ("Derviş-teatr") srağagün
Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində xalq yazıçısı Elçinin
"Şekspir" komediyasının
tamaşasını göstərmişdir. Qeyri-ənənəvi
janrda yazılmış bu
komediya bir neçə
il əvvəl filologiya
elmləri doktoru, professor
Nərgiz Paşayevanın rəhbərliyi, əməkdar incəsənət
xadimi Bəhram Osmanovun
rejissorluğu ilə "ÜNS"
teatrının səhnəsində uğurla
hazırlanmışdı. O zaman rollarda tanınmış Azərbaycan aktyorları
Səyavuş Aslan, Şükufə Yusupova, Rafiq Əliyev və
başqaları çıxış etmişlər. Bu yaxınlarda isə həmin əsər
Krımda tatar dilində
tamaşaçılara təqdim olunmuşdur.
Moskvada
hazırlanan tamaşanın quruluşçu
rejissoru və səhnə tərtibatı
"Dərviş teatrı"nın bədii rəhbəri Mərdan
Feyzullayevdir. Bakıda aktyorluq, Moskvada rejissorluq təhsili
alan Mərdan Feyzullayev
vaxtilə ölkəmizdə məşhur olan
Şəki Dram Teatrında
çalışmış, onun və uzun müddət həmin teatra
rəhbərlik etmiş Hüseynağa
Atakişiyevin bu
teatrın səhnəsində hazırladığı tamaşalar o vaxtkı Sovet İttifaqının bir
çox şəhərlərində
göstərilmişdir. Son 20 ildə isə
Mərdan Feyzullayev Moskvada yaşayır və
yaradıcılıq fəaliyyəti göstərir. Səhnə
sənəti sahəsindəki fəaliyyətinə görə
o, Rusiya Federasiyası Prezidentinin
fərmanı ilə "Vətən
qarşısındakı xidmətlərinə görə"
ordeni ilə təltif olunmuşdur.
Onun quruluşunda Moskvada M.F.Axundovun "Lənkəran xanının vəziri"
tamaşası da uğur
qazanmışdır. M.Feyzullayevin bir rejissor kimi
əsərə yanaşma tərzi, üslubu vardır. Bu yanaşma "Şekspir"
əsərində də özünü
göstərir. Ən başlıcası isə o, pyesdəki yad planetdən
gələn, cəmiyyətin dəli sanaraq
xəstəxanaya saldığı "Drob-13" adlı qəhrəmanı
digər obrazlardan fərqləndirir. Bu obrazı səhnədə canlandıran Pavel Viktorovun ifasında
"Drob-13" öz ciddiliyi,
təbiiliyi, səmimiyyəti ilə seçilir.
Onun yad cəmiyyətə düşməsi,
"qəribliyi" xüsusilə inandırıcı verilmişdir. Əsərdəki digər
"dəlilər" də Stalin
(Rusiyanın xalq artisti
Nikolay Malinkin), Sara Bernar (Taşa
Romanova), Ər-arvad (İrina
Dmitriyeva) və başqalarının da hərəkətlərində bizim qəbul etdiyimiz dəlilik
əlamətləri görünmür.
Mərdan Feyzullayevin təqdimatından
belə məlum olur ki,
bu insanların dəli qəbul edilməsinin
bir səbəbi var:
onların düşüncə və fikirlərinin cəmiyyət
tərəfindən başa
düşülməməsi. Onlar əli oğru olan
Sanitarın (Şirzad Əsəd Pirallahi), təkəbbürlü, ətrafdakılara
istehzayla yanaşan Baş həkimin (Oleq Deqtyarev), "dəlilərlə"
ağıllılar arasında tərəddüd keçirən
həkimin (Yuliya Vorobyeva)
əhatəsində, onlarla konfliktdə məsum
görünürlər. "Əsl dəli kimdir"
problemini qaldırırlar. Bizcə, nümayiş zamanı alqışlar əsərdə
və tamaşada qaldırılan bu problemlərin təsdiqi idi.
Tamaşadan əvvəl
mətbuat və radio-televiziya jurnalistlərinə
müsahibə verən Elçin bildirdi ki, "Şekspir" pyesi bu il dekabrın 5-də Londonda - məşhur "Avanqard"
teatrının səhnəsində də göstəriləcək.
Tamaşanın ifaçıları da,
yaradıcı heyəti də ingilislərdir. Tezliklə ona Türkiyə tamaşaçıları da baxa biləcəklər.
İstanbul Bələdiyyə Teatrında
artıq tamaşanın məşqləri gedir.
İlk tamaşa gələn
ilin yanvarına nəzərdə tutulub.
"Jar-ptitca"nın
nəzdində fəaliyyət göstərən "Dərviş
teatrı" dünən Rus Dram Teatrında Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması əsasında eyni adlı tamaşanı da
göstərmişdir. Tamaşa Xocalı
soyqırımına həsr olunub.
A.İsmayıloğlu
Əədəbiyyat qəzeti.- 2011.- 18
noyabr.- S.2.